Məhkəmə qərarları › İş №2(103)-4991/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4991/2024

26.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4991/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1nə qarşı ("xxxx" QSC və Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) iş üzrə (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1nə qarşı ("xxxx" QSC və Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2688/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-26/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər İddiaçı, X8 və X5 müştərək qaydada 06R000010735 nömrəli kredit razılaşması üzrə 11.337,50 ABŞ dolları əsas, 1.948,79 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə olmaqla, cəmi 13.296,29 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə, 06RQQ0019495 nömrəli kredit razılaşması üzrə 54.132,60 ABŞ dolları əsas, 9.304,75 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə, cəmi 63.447,35 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsı üzrə, 006R********** nömrəli kredit razılaşması üzrə 5.917,64 ABŞ dolları əsas, 1.014,38 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə olmaqla, cəmi 6.942,02 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə, ödənilmiş 30 manat dövlət rüsumunun, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 21 manat xidmət haqqının "xxxx" QSC-yə ödənilməsi; tutmanın öhdəliyinin təmini kimi ipoteka ilə yüklü edilmiş paylı mülkiyyət hüququ üzrə İddiaçı və X10 məxsus Gəncə şəhəri Nizami küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə və 0,0714 ha torpaq sahəsinə yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılması; ilkin satış qiymətinin 220.000 manat dəyərində qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, Nizajrıi küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin və 0,0714 ha torpaq sahəsinin satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsinin təmin edilməsi; Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə və 0,0714 ha torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra boşaldılması və "xxxx" QSC-yə təhvil verilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi; iş üzrə məhkəmə ekspertiza xərci 165 manatın İddiaçı, X8 və X5 müştərək qaydada tutularaq X3 ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-37/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-26/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi “ipoteka predmetinin ilkin satış qiymətinin 220.000 manat dəyərində qiymətləndirilməsi” hissəsində dəyişdirilmiş, həmin hissədə ipoteka predmetinin likvid satış qiyməti 274.100 manat müəyyən olunmuş, ekspertiza tədqiqatının dəyəri 100 manatın cavabdeh İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2681/2023 saylı, 28 avqust 2023-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-37/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almışdır. Hərracın keçirilməsi Cavabdeh1 A.C № e262084/23 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubu ilə Cavabdeh2 MMC-yə həvalə edilmişdir. Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin və 0,0714 ha torpaq sahəsinin satışı ilə bağlı xx.xx.2024-cü il tarixdə, saat 10:00-da ilkin hərrac, xx.xx.2024-cü il tarixdə, saat 10:00-da satılmaq üçün təkrarən açıq hərraca çıxarılacağı barədə iddiaçı məlumatlandırılmış, bu barədə sonuncuya 2383/23 saylı, xx.xx.2023-cü il tarixli və 31/24 saylı, xx.xx.2024-cü il tarixli bildirişlər rəsmi qaydada poçt vəsitəsi ilə göndərilmişdir. Bununla yanaşı hərrac barədə “Birjanyus” X4 (Portalında) (www.birjanews.az) elan verilmişdir. Həmin hərraclar iştirakçısı olmaması səbəbindən baş tutmamış və bununla bağlı müvafiq olaraq xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə protokollar tərtib edilmişdir. Bundan sonra Cavabdeh2 MMC “ipoteka predmetinin əldə edilməsi barədə” ipoteka saxlayan "xxxx" QSC-yə təklif göndərmiş, xx.xx.2024-cü il tarixli məktubla sonuncu təkliflə razı olduğunu və müvafiq sənədləşmə prosesinə başlanmasını bildirmişdir. Nəticədə, sözügedən fərdi yaşayış evi və torpaq sahəsinin tələbkar "xxxx" QSC-yə 174.738,75 manata satılmasına dair Cavabdeh2 MMC ilə "xxxx" QSC arasında hərracın nəticələrinə dair protokol tərtib olunmuşdur. Daha sonra mübahisəli əmlaka dair "xxxx" QSC-nin mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1nə qarşı ("xxxx" QSC və Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Nizami küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə və 0,0714 ha torpaq sahəsinə dair Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin, hərracın yekunlarına dair xx.xx.2024-cü il tarixli, 24/24 saylı protokolun və həmin əmlaka dair daşınmaz əmlakın reyestri xidməti tərəfindən "xxxx" QSC-nin adına verilmiş **********97-10301 nömrəli reyestr və xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, hərracın yenidən təşkil olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, Cavabdeh1 açıq hərracın keçirilməsi ilə bağlı Cavabdeh2 MMC-yə verdiyi sifarişdən, həmçinin hərrac təşkilatı tərəfindən keçirilmiş hərraclardan onun xəbəri olmamışdır. Belə ki, hərracların keçirilmə yeri və vaxtı barədə ona bildirişlər göndərilməmiş, hərrac onun iştirakı olmadan keçirilmişdir. Bununla da, həm Cavabdeh1, həm də hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi qaydaları ilə bağlı “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun bir sıra tələbləri pozulmuşdur. Belə ki, icra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığı olmadan hərracın keçirilməsini Cavabdeh2 MMC-yə həvalə etmişdir. Bununla bağlı Gəncə İcra İdarəsindən, həmçinin hərrac təşkilatı tərəfindən ona hər hansı müraciət edilməmiş və onun belə bir razılığı alınmamışdır.

4. Cavabdeh2 MMC iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, etirazda işin faktiki hallarına istinad edərək göstərmişdir ki, hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borclulara müvafiq bildirişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Hərracın etibarsız sayılmasına hər hansı hüquqi əsas yoxdur. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edimişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 2688/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim X9)

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, o, qanunvericiliklə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, bu barədə iddiaçının qeydiyyatda olduğu ünvan üzrə rəsmi qaydada bildirişlər göndərmiş, hərrac barədə “Birjanyus” X4 (Portalında) (www.birjanews.az) elan verilmişdir. Bu səbəbdən, İddiaçı cavabdehlər Cavabdeh2 MMCyə və Cavabdeh1nə qarşı “hərracın nəticələrinin etibarsız etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci, 43-cü, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü, 61-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, əlavə olaraq onu da bildirmişdir ki, birinci instansiya məhkəməsi icra məmuru tərəfindən hərracın keçirilməsi barədə sifariş verilərkən, ipoteka qoyanın razılığının alınmaması faktını araşdırmamış və bu hala qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İştirak etdiyi məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməmiş və iddiaçı tərəfindən mübahisələndirilən hərracın həmin sahəni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun olaraq keçirildiyini bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. İddiaçı, cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1nə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdehlər və üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə iştirak etməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 319.5-ci maddəsinə əsasən hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

14. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun: 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir; 43.1-ci maddəsinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə və ya hərracın iştirakçısı olmadıqda hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir; 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir; 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir; 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

16. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarişli poçt göndərişi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir.

17. Məhkəmə kollegiyası F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Yalnız “İpoteka haqqında” xx.xx.2005-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamənin çıxarılması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə cavabdeh "xxxx" QSC arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq iddiaçının paylı mülkiyyətində olan Gəncə şəhəri, Nizami küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evi və 0,0714 ha torpaq sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada yerinə yetirilməmiş və bununla bağlı tərəflər arasında məhkəmə mübahisəsi yaranmışdır. Həmin mübahisənin nəticəsi olaraq, məhkəmə qaydasında iddiaçıdan "xxxx" QSC-nin xeyrinə kredit borcu tutulmuş və tutma ipoteka predmetinə yönəldilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun əsasında verilmiş icra sənədinin icrası qaydasında müvafiq icra şöbəsi tərəfindən verilmiş sifariş üzrə Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərrac (ilkin və təkrar) baş tutmamış və bunun nəticəsi olaraq, həmin əmlak sonuncunun təklifinə əsasən "xxxx" QSC tərəfindən əldə edilmişdir. Bununla bağlı onların arasında xx.xx.2024-cü il tarixdə, 24/24 saylı “X12 barədə” protokol imzalanmış və əmlak "xxxx" QSC-nin mülkiyyətinə keçmişdir.

23. Hazırda iddiaçı hərracın keçirilməsinin yeri və vaxtı barədə xəbərdar olunmadığını, hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyini iddia edir və bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi yeri və vaxtı barədə xəbərdar olunmaması və bunun nəticəsi olaraq hərracda iştirak etməməsi səbəbindən “X12 barədə” xx.xx.2024-cü il tarixli protokolun və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsini tələb edir.

24. Məhkəmə kollegiyası iddiaçının mövqeyinə və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanununun yuxarıda sadalanan və digər aidiyyət müddəalarında hərracın təşkili və keçirilmə qaydası dəqiq müəyyən edilmiş, habelə Konstitusiya məhkəməsinin plenum qərarında bununla bağlı aidiyyəti məsələlərə aydınlıq gətirilmişdir. Bu sahəni tənzimləyən qanunvericilkdə mediada və hərrac təşkilatının rəsmi internet saytında məlumatın dərc edilməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildirişin göndərilməsi, hərracın sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilməsi, birinci elan və bildirişin hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilməsi, birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərracın keçirilməsi, habelə elanda və bildirişdə hərrac barədə əks olunmalı məlumatların dairəsi imperativ qaydada müəyyən edilmişdir.

25. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair mediada və internet saytda elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərməklə, habelə media və internet saytda elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Başqa sözlə, həmin bildirişlərin ipoteka qoyanın faktiki ünvanı və ya həmin vaxt olduğu yer üzrə göndərilməsi, elanların yerləşdirildiyi internet saytlardan çıxarıları ona təqdim edilməsi, habelə bildirişlərin hər hansı səbəbdən çatdırılması mümkün olmadıqda hərracın təxirə salınması istisna edilir.

26. Belə ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, bununla bağlı müddətlərin müəyyən edilməsini və bununla da onları, xüsusilə də ipoteka qoyanı (hazırki vəziyyətdə iddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməklə müəyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət və imkan verir. Bununla da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər məhz bu şəxsin özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd ipoteka predmetinin mülkiyyətiçinin keçirilmiş hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil. Əksinə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır. Bu barədə məlumatlandırmanın müxtəlif üsullarının (media və internet saytda məlumatın dərc edilməsi, bildirişin göndərilməsi) təsbit edilməsi də həmin prosedurun onun iştirakçıları, o cümlədən ipoteka qoyan üçün mümkün qədər əlçatımlı edilməsi məqsədini daşıyır. Müəyyən edilmiş məlumatlandırma üsullarına uyğun olaraq da hərrac təşkilatı tərəfindən zəruri tədbirlərin görülməsi, o cümlədən məlumatlandırmanın həyata keçirilməsi bu əsasla hərracın etibarsız hesab edilməsini istisna edir.

27. Hazırki iş üzrə də qanunvericiliklə müəyyən edilmiş müddətlərə riayət edilməklə hərrac təşkilatı (cavabdeh) tərəfindən həm xx.xx.2024-cü il tarixdə keçirilmiş ilkin, həm də xx.xx.2024-cü il tarixdə keçirilmiş təkrar hərrac barədə iddiaçıya müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmiş, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə “Birjanews” X4 (www.birjanews.az) ilkin və təkrar hərracın keçirilməsi ilə bağlı elanlar dərc etdirilmişdir. Həmçinin, ilkin və təkrar hərracla bağlı bildirişin olduğu zərf “bağlıdır” qeydi ilə iddiaçıya təqdim edilmədən geri qaytarılmışdır (zərflər üzərində olan qeydlər də bildirişin həqiqətən də göndərilməsini təsdiq edir). Bundan başqa, ilkin və təkrar hərracın baş tutmaması barədə protokollar tərtib edilmiş və bu barədə də “Birjanews” X4 (www.birjanews.az) elanlar dərc edilmişdir.

28. Bununla belə, Cavabdeh2 MMC hərracın təşkili və keçirilməsi ilə bağlı qanunvericiliklə onun üzərinə qoyulmuş bütün vəzifələrini lazımi qaydada yerinə yetirmiş, qanunvericiliklə müəyyən edilmiş üsullara uyğun olaraq məlumatlandırmanı həyata keçirmişdir. Göndərilən bildirişlərdə əks olunmuş məlumatlar tamlığı baxımından da qanunvericiliyin tələblərinə tam uyğundur. Belə olan halda, həmin bildirişlərin hər hansı səbəbdən iddiaçı tərəfindən qəbul edilməsinin mümkün olmaması, habelə onun “Birjanews” internet informasiya ehtiyatı barədə məlumatlı olmaması və ya orada yerləşdirilmiş məlumatları izləməməsi apellyasiya şikayətinin dəlillərinin əsaslı olmasına dəlalət etmir və iddiaçının istinad etdiyi əsaslarla hərracın etibarsız hesab edilməsini birmənalı şəkildə istisna edir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə istinadən onu da qeyd edir ki, icra məmuru tərəfindən mübahisəli əmlakla bağlı hərracın keçirilməsi barədə sifariş verilərkən “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinin tələbləri pozulmamışdır. Bu məsələ ilə bağlı ipoteka qoyanın və ipoteka saxlayanın qarşılıqlı razılığını əks etdirən hər hansı müraciətin İcra şöbəsinə təqdim edildiyi müəyyən edilmir.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi öz qənaətində haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 2688/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar