Məhkəmə qərarları › İş №2(103)-4993/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4993/2022

20.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4993/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, katib Aytən Kərimovanın, tərcüməçi Nərgiz Qasımovanın, İddiaçı, Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, reyestr qeydinin və reyestr çıxarışının ləğv edilməsi, pul vəsaitinə vərəsəlik hüququnun tanınması və həmin vəsaitin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə 2 əşya ilə bağlıdır: 1) Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev № 1-də yerləşən 19 №-li mənzil: 2) 29.000 manat əmanət. 1-ci əşya, yəni mənzil (bundan sonra – mənzil) X1 miras qalıb. O, xx.xx.2020-ci il tarixdə ölüb. İddiaçı miras qoyanın övladıdır. Cavabdeh miras qoyanın qohumu deyil, lakin vəsiyyətnamə üzrə vərəsədir. Belə ki, miras qoyan xx.xx.2019-cu il tarixdə vəsiyyətnamə verib. Vəsiyyətnamə 12 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 2V-01-17 nömrə ilə reyestrdə qeydə alınıb. Miras qoyan vəsiyyətnamədə qeyd edib ki, özünə məxsus olan bütün əmlakın, o cümlədən mənzilin ¼ hissəsini iddiaçıya, ¾ hissəsini isə cavabdehə vəsiyyət edir. Həmin vəsiyyətnamənin əsasında 12 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2021-ci il tarixli, 2V-15 reyestr nömrəli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilib. Vəsiyyətnamədə qeyd olunub ki, cavabdeh mənzilin ¾ hissəsindən irs almalıdır, mənzilin ¼ hissəsi isə iddiaçıya münasibətdə açıq saxlanılır. Mənzilin ¾ hissəsi xx.xx.2021-ci il tarixdə cavabdehin mülkiyyəti kimi dövlət reyestrində qeydə alınıb, ¼ hissəsi isə açıq qalıb. Bu barədə reyestr çıxarışı verilib. 2-ci əşya, yəni "xxxx" ASC-də olan 28.868,47 manat miras qoyanın özü tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul edilib, bu barədə olan TT******************** nömrəli kassa məxaric orderinə onun özü şəxsən imza edib. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub: 1) X2 tərəfindən yazılmış vəsiyyətnamə etibarsız hesab edilsin; 2) həmin vəsiyyətnamənin əsasında mənzilə dair cavabdehin mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış qeyd və verilmiş reyestr çıxarışı ləğv edilsin; 3) mənzilə iddiaçının vərəsəlik hüququ tanınsın və mənzilə üzərində onun mülkiyyət hüququnun qeydə alınması DƏDRX-nə həvalə edilsin; 4) miras qoyanın 29.000 manat əmanətinə iddiaçının vərəsəlik hüququ tanınsın və həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, miras qoyan tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2V-01-17 reyestr nömrəli vəsiyyətnamə etibarsız hesab edilsin, mənzilə dair cavabdehin mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış qeyd ləğv edilsin, mənzilə iddiaçının vərəsəlik hüququ tanınsın, iddianın qalan hissəsi təmin edilməsin. Şikayət və izahatlar: İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə 29.000 manat əmanətə dair tələbin rədd edilməsi hissəsində ləğv edilsin və həmin tələb təmin olunsun. Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən şəxslərin hər biri - İddiaçı, Cavabdeh və onun vəkili Vəkil1 özünün apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: Birinci instansiya məhkəməsində icraat zamanı “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 tərəfindən keçirilmiş məhkəmə-psixiatrik ekspertizanın xx.xx.2021-ci il tarixli, 2167 nömrəli rəyinə görə, vəsiyyətnamənin verildiyi zamanı miras qoyan involyusion paranoid psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarında olmamışdır. Apellyasiya icraatı zamanı iş üzrə təkrar məhkəməpsixiatrik ekspertizası təyin olunmuş, ekspert eyni məzmunlu rəy vermişdir. Mülki Məcəllənin 346.1-ci maddəsinə görə, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq vəsiyyətnamənin etibarsız hesab edilməsini və onun nəticələrinin ləğv edilməsini qət edib. Mənzilə iddiaçının (qanun üzrə vərəsənin) vərəsəlik hüququnun tanınmasını isə cavabdeh (vəsiyyətnamə üzrə vərəsə) mübahisələndirmək hüququna malik deyil. Çünki vəsiyyətnamə etibarsız hesab edildikdən sonra cavabdeh vərəsə sayılmır. Bankdakı əmanətə münasibətdə iddia tələbi düzgün olaraq təmin edilməyib. Belə ki, bankda əmanətin olması müəyyən edilmir. "xxxx" ASC-də olan 28.868,47 manat miras qoyanın özü tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul edilib, bu barədə olan TT******************** nömrəli kassa məxaric orderinə onun özü şəxsən imza edib. Miras qoyanın həmin pulu (məxaric etdiyi pulu) sağlığında cavabdehə verməsi barədə sübut yoxdur. Ona görə də məhkəmə Mülki Məcəllənin 1133 və 1091-ci maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, həmin tələb əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar