Məhkəmə qərarları › İş №2(103)-4995/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4995/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4995/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya tələbinin təmin edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(011)-176/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Fiat Doblo” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 725 manat sığorta ödənişi məbləği və 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 755.40 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 01.09.2018-ci il tarixdə idarə etdiyi Cavabdeh2 məxsus “BMW 325İ markalı, ** ER *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səməd Vurğun küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi törədərək, hərəkət edən “Fiat Doblo” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi və Cavabdeh2 avtomobili idarəetmə hüququ olmadan Cavabdeh1 verdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması DYPİ-nin TP ******* saylı X2 haqqında Qərarında öz əksini tapmışdır. “X3” MMC-nin təqdim etdiyi 04 sentyabr 2018-ci il tarixli preskuranta uyğun olaraq, “Fiat Doblo” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 1025 manat ziyan vurulmuşdur. “Fiat Doblo” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Sığorta Şirkəti ASC-də avtomobillərin kompleks sığortası üzrə sığortalı olduğundan "xxxx" Sığorta Şirkəti ASC 300 manat azadolma məbləği çıxılmaqla 725 manat sığorta ödənişi həyata keçirmişdir. PAT********** saylı sığorta müqaviləsinin 063778 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 725 manat sığorta ödənişi həyata keçirmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(011)-176/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 300 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi, ödənilmiş 30.40 manat dövlət rüsumunun 50%, yəni 15.20 manatının cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, qalan 50 %, yəni 15.20 manatının iddiaçıya aid edilməsi, 50 manat ekspertiza xərcinin 50%, yəni 25 manatının cavabdehlərdən, 50%, yəni 25 manatının iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə X1 Motors şirkətinin 12.09.2018-ci il tarixli zərərin qiymətləndirilməsi barədə sənədi və ödəniş tapşırığını nəzərə almamışdır. Bundan başqa 300 manat azadolma məbləği nəzərə alınmamışdır. Ekspertin rəyində 1025 manat olan ziyan məbləği 3 dəfədən də çox azaldılaraq 300 manat göstərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən Cavabdeh1 01.09.2018-ci il tarixdə etibarnamə olmadan idarə etdiyi Cavabdeh2 məxsus “BMW 325İ markalı, ** ER *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səməd Vurğun küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi törədərək hərəkət edən “Fiat Doblo” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə nəticəsində “Fiat Doblo” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Həmin hadisənin törədilməsində onun təqsirli olması TP ******* nömrəli İnzibati xəta haqqında qərarla təsdiq edilmişdir. İXP seriyalı, ******* nömrəli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh1 01.09.2018-ci il tarixdə, “BMW 325İ markalı, ** ER *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və müvafiq qaydada inzibati məsuliyyətə cəlb edilmişdir. 063778 nömrəli Sığorta aktından görünür ki, “Fiat Doblo” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. Sığortanın növü “avtomobillərin kompleks sığortası”, sığorta məbləği 55000 manat müəyyən edilmişdir. Bunun nəticəsində "xxxx" Sığorta Şirkəti ASC tərəfindən 1025 manat məbləğində zərər müəyyən edilmiş və 300 manat azadolma məbləği çıxılmaqla faktiki zərərçəkənə 725 manat ödəniş edilmişdir. “X3” MMC-nin təqdim etdiyi 04 sentyabr 2018-ci il tarixli preskuranta uyğun olaraq məlum olur ki, “Fiat Doblo” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 1025 manat ziyan vurulması müəyyən edilmişdir. İş materiallarında olan A-073/18 saylı Sığorta aktının surətindən görünür ki, “Fiat Doblo” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Sığorta Şirkəti ASC-si tərəfindən sığortalanmış, "xxxx" Sığorta Şirkəti ASC-si tərəfindən 1025 manat məbləğində zərər müəyyən edilmiş və 300 manat azadolma məbləği çıxılmaqla faktiki zərərçəkənə 725 manat ödəniş edilmişdir. Birinci instansiya məhkəməsinin 16.09.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMCyə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 10 noyabr 2020-ci il tarixli, 54 nömrəli hesabatdan görünür ki, “Fiat Doblo” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilə qəza zamanı dəymiş ziyan 300 manat təşkil edir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsaslanaraq, cavabdehlərdən müştərək qaydada 300 manat məbləğində pul vəsaiti tutaraq iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində göstərilmişdir ki, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Həmin Qanunun 25.1.3-cü maddəsində isə göstərilmişdir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilirsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1108.2-ci maddəsinin yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuluyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İddiaçı apelyasiya şikayətində, həmçinin apelyasiya baxışı zamanı avtomobilə dəymiş ziyanın məbləğini mübahisələndirmiş, Bakı Apelyasiya Məhkəməsinin 07.06.2021ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.09.2021-ci il tarixli 9/4236 saylı ekspert rəyinə əsasən "xxxx" MMC-nin 10 noyabr 2020ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Fiat Doblo” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 310 manat müəyyən edilir. Göründüyü kimi ekspert rəyi ilə müəyyən edilmiş məbləğ ilə "xxxx" MMC-nin hesabatı ilə müəyyən edilmiş məbləğlər arasında kəskin fərq yoxdur və müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə avtomobilə dəymiş ziyanı həmin hesabata əsasən müəyyən edilmiş məbləğdə müəyyən edilməsini ağlabatan və ədalətli hesab etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-176/2021 saylı iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti İddiaçı Sığorta Şirkəti ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar