Məhkəmə qərarları › İş №2(103)-4996/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4996/2024

23.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4996/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(006)-1662/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müxətlif vaxtlarıda ümumilikdə 12500 manat borc pul verdiyini, lakin cavabdehlərin həmin pulu qaytarmadığını bildirərək hazırki tələblə məhkəməyə mütraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 oğundan və Cavabdeh1 müştərək qaydada 12.500 (on iki min) manat pulun 2016-cı ildən başlayaraq 2024-cü ildək Bank uçot dərəcəsini əsas götürməklə hesablayıb xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ildən tanıdığı Cavabdeh2 ona bildirmişdi ki, Abşeron rayonu, Digah qəsəbəsində özünə məxsus sahəsi 75 kvm.olan yeni tikilən evdəki mənzilini 11.500 manata satır və bir neçə günə mənzili adına sanədləşdirə bilər. İddiaçı onun dediklərinə inanıb, razılaşıb 11.500 manatı Eləşən Əhmədova vermişdi. 2018-ci ildə mənzili adına sənədləşdirə bilmədiyə görə əlavə olaraq onun atası-digər Cavabdeh1la görüşdükdə ona bildirmişdi ki, evi sənədləşdirmək üçün əlavə 5500 manat məbləğində pul lazımdır. Ona görədə senyarbır ayında "Azadlıq" metrosu yadında görüşdük və o, Cavabdeh1 mənzili adına sanədləşdirməsi üçün 5500 manat vermişdir. Lakin hər iki cavabdeh dələduzluq edərək, ümumilikdə onun 17500 manat pulunu ələ keçirmiş və qaytarmaqdan imtina etmişdirlər. Sonda onu aldadıb pulunu ələ keçiriklərini başa düşmüş və hüquq mühafizə orqanlara şikayət edəcəyini bildirmişdi. Cavabdehlər pulunu qaytarmadıqlarına görə məcbur olub DİN-in 102 xidmətinə şikayətlər etmişdir. Binəqədi RPİ-in 4-cü Polis Bölməsi xeyli müddət araşdırma aprdıqdan sonra,xx.xx.2021-ci il tarixdə HK-1/1817nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmiş, işin mülki xarakteri olduğunu bildirərək məhkəməyə müraciət etməyimi tövsiyyə etmişdir. 4-Polis Bölməsinin cinayət işinin başlanmsının rədd edilməsi barədə qərarını xx.xx.2021-ci ildə almışdır. Cavabdeh-Cavabdeh1 barəsində cinayət işinin başlayacağından ehtiyat edib xx.xx.2018-ci il tarixdə onunla Bakı şəhəri 11 saylı Notariat Kontorunda Kredit Müqaviləsi bağlamışdı. Kredit müqaviləsinin 2-ci bəndinə görə pulun 5024 manatı xx.xx.2019-cu il tarixdək qatarmalı idi. Lakin həmin Kredit müqaviləsi üzrə də borcu qaytarmadıqlarına görə Bakı şəhəri, 11 saylı Notariat Ofisi xx.xx.2022-ci ildə borc alan - Cavabdeh1 bildiriş göndərilmişdir. Cavabadeh müəyyən edildiyi tarixdə borcu qaytarmadığna görə xx.xx.2022-ci il tarixdə 11 saylı Notariat Ofisi İcra Qeydi qəbul edərək Nəsimi rayon İcra Şöbəsinə göndərmişdir. Nəsimi rayon İcra şöbəsi cavadehin əmlakı olmadığna görə tələbi Cavabdeh1 aylıq təqaüdünün 50%-nə yönəltmişdir. Hazırda cavabdehin ona həmin icra qeydi üzrə 407 manat borcu vardır. Hazırda digər cavabdeh-Cavabdeh2 ona 12500 manat borcu var, cavabdeh qanunsuz yolla ələ keçirdiyi pulu qaytarmır, qaytarmaqdan imtina edib, özündə saxlayır, pulundan faydalanmağa davam edir. 4.xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 500 manat əlbəəl, 5000 manat isə notarius vasitəsilə aldığını, sonra isə borcunu ödədiyini və icra məmurununda bunu təsdiq edəcəyini bildirdi. Digər cavabdeh onun oğludur, 2 ildir ki onu görmür. İddianın ona aid olan hissədə rədd olunmasını xahiş etmişdir. 5.xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən icra məmuru Rövşən Əhmədov Cavabdeh1 izahatı ilə razılaşaraq, onun borcu ödədiyini, lakin 7% faiz qaldığı üçün icra işinə hələ xitam verə bilmədiyini, 5500 manat pulun ödəndiyini, 12500 məbləğində pulun nə dəmək olduğunu bilmədiyini bildirmişdi. 6.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 07 iyun 2024-cü il tarixli, 2(006)-1662/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Əfsanə Heydərova) iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan: 7.11 saylı notariat kontorunda təsdiq edilmiş 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 5024 manat məbləğində borc pul vermişdir. 8.10 oktyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd olunması qərara alınmışdır. 9.Azərbaycan Respublikasının DİN Binəqədi Rayon Polis İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, qəbul edimiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan AR CPM-nin 122-ci maddəsinin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. 10.İş materiallarında olan 16 iyun 2022-ci il tarixli icra qeydinə əsasən İddiaçı xeyrinə Cavabdeh1 vaxtında ödənilməmiş 5024 manat (2955,29 ABŞ dolları ekvivaletində) tutulması göstərilmişdir. 11.İş materiallarında olan 25 aprel 2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 iddiaçı qarşısında olan gecikdirilmiş öhdəliyinin dərhal yerinə yetirilməsi tələb olunmuşdur. 12.Məhkəmə Cavabdeh2 qarşı yönəlmiş 5500 manat borcun tutulması tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçının bildirdiyinə görə Cavabdeh2 5500 manat məbləğində borc pul vermiş, həmin borc Nəsimi rayon İcra şöbəsi cavadehin əmlakı olmadığna görə tələbi Cavabdeh1 aylıq təqaüdünün 50%-nə yönəltmişdir. Hazırda cavabdehin ona həmin icra qeydi üzrə 407 manat borcunun qaldığını bildirmişdir.Lakin məhkəmə iclasında iştirak edən icra məmuru Rövşən Əhmədovun izahatından da görünür ki, Cavabdeh1 tərəfindən 5500 manat məbləğində borc tam şəkildə ödənilmiş, lakin icra şöbəsinə ödənilməli olan 7% faiz borc qaldığı üçün icra işinə tam şəkildə xitam verilməmişdir. 13.Cavabdeh2 qarşı yönəlmiş 11500 manat məbləğində borcun tutulması ilə bağlı iddia tələbinə münasibətdə məhkəmənin mövqeyi belə olmuşdur ki, iddiaçı həmin borcu cavabdehə verdiyini bildirsə də, bu xüsusatlarla bağlı məhkəməyə onun tərəfindən sübut təqdim olunmamışdır.Məhkəmə əlavə etmişdir ki, İddiaçı Cavabdeh2 11.500 manat məbləğində borcun verilməsi barədə məhkəməyə CD-disk təqdim etsə də, həmin video yazıda şəxsin və pulun məbləği müəyyən edilmədiyindən, həmin video yazı məhkəmə tərəfindən sübut növü kimi qiymətləndirilə bilməz. 14.Məhkəmə iddia tələbinin borc məbləğinin 2016-cı ildən başlayaraq 2024-cü ildək Bank uçot dərəcəsini əsas götürməklə hesablayıb iddiaçının xeyrinə tutulması ilə bağlı hissəsi də əsassız hesab edərək qeyd etmişdir ki, həmin tələb borc tələbi ilə birbaşa bağlı olduğuna görə rədd edilməlidir. 15.Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki,iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. 16.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 385.1, 442, 449.1, 449.2-ci: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 217.3, 217.4, 80, 218.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 17.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12.000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, qətnamə qüvvədə olan Azərbaycan Respublikası qanunverciliyin mahiyyət və tələblərinə ziddir, məhkəmə işin faktiki hallarına qiymət verməmiş və işin bütün faktiki hallarını aydınlaşdırmamışdır. Məhkəmə heç bir maddi və prossesual hüquq normasını tətbiq etməmiş, tətbiq edilmiş hüquq normaları həmin münasibətləri tənzimləmir, maddi hüquq normalarının təfsirində səhvə yol verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş,iş üçün əhəmiyyətli olan hallar subut edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 19.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 20.Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, iddia ərizəsində və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq bildirdir ki, o, Elşənə 11500 manat, atasına isə 5500 manat vermişdir, atası 5500 manatı qaytarmışdır. Onun hazırki apellyasiya şikayəti Cavabdeh2 11500 manat tutulması ilə bağlıdır. O, qətnaməni iddianın Cavabdeh2 aid təmin edilməyən hissəsində qanuniliyini və əsaslılığını mübahisələndirir. 21.Məhkəmə kollegiyasının əvvəlki iclasında həbsdə olan Cavabdeh2 izahatında qeyd etdi ki, iddianı qismən qəbul edir, 2014-cü il tarixdə Faiq adlı şəxslə 200-ə yaxın ev, 3 bina tikmişlər. Rəhbər Faiq idi. Daha sonra bankdan 1 milyon pul götürdülər, sonra devalvasiya oldu, biznesləri batdı. Tək Məlakət deyildi, 9 adamdan pul almışdır. Sonra Faiq ondan şikayət elədi, onu CM-nin 178.2-ci maddəsi ilə tutdular. Məlakət xanımdan aldığı pulları banka vermişdir. Dəftərdəki imza ona aiddir, imzaya qədər (2017-ci ilin iyun ayına qədər) olan 10300 manat pulu Məlakət xanımdan almışdır, bununla bağlı ərizə təqdim edərək etiraf edir və qaytarmağına söz verir. 22.İddiaçı və digər Cavabdeh1 növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 23.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 24.Maddə 14.1.Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 25.Maddə 1091.1.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 26.Maddə 1091.2.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 27.Maddə1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 28.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 29.Maddə 106.1.İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 30.Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 31.Maddələr 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 32.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 33.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh2 11500 manat məbləğində pulun və həmin pulun gecikdirilməsinə görə Bank uçot dərəcəsi ilə faizlərin tutulması ilə bağlı təmin edilməyən hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı digər Cavabdeh1 tərəfindən ona 5500 manatın ödənilməsini və ona qarşı tələbinin olmadığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 34.Məhkəmə kollegiyası apellyasiya şikayətin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qeyd olunan hissədə qismən təmin edilməlidir. 35.Belə ki, məhkəmə mübahisələndirilən hissədə iddianı rədd edərkən iddiaçının cavabdehə 11500 manat borc verməsinin hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmamasına istinad etsə də, məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında Cavabdeh2 özü etiraf etmişdir ki, iddiaçı Məlakət xanımdan cəmi 10300 manat pul almışdır. Həmin iclasda cavabdeh ərizə yazaraq bildirmişdir ki, ona təqdim olunan qəbzdə olan imza ona məxsusdur, imzaya qədər (2017-ci ilin iyun ayına qədər) olan 10300 manatı İddiaçı aldığını etiraf edir və qaytarmağa söz verir. 36.İş materiallarına əlavə edilmiş, iddiaçı tərəfindən Cavabdeh2 2017-ci ilin müxətlif aylarında (xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, 06.2017-ci il tarixlər) verilmiş pul məbləğlərinin əks olunduğu əlyazmadan görünür ki, imzaya qədər olan hissədə (2017-ci ilin iyun ayınadək) iddiaçı cavabdehə 2017-ci ilin müxtəlif tarixlərində 3940+100+850+3800+100+400+100+500+500=10290 manat pul vermişdir. 37.Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 38.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. 39.Hazırki halda işin faktiki halları, iddia tələbinin hüquqi əsası olan əsassız varlanmanın dispozisiya şərtlərinə uyğunluq təşkil edir. 40.Belə ki, Cavabdeh2 ev satmaq adı ilə iddiaçıdan heç bir qanuni əsas və ya müqavilə əsası olmadan 10300 manat məbləğində pulunu almaqla əsassız olaraq varlanmışdır. 41.Buna görə də, iddia tələbi Cavabdeh2 11500 manat məbləğində pulun tutulması hissəsində qismən təmin edilməli, 10300 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 42.Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddia tələbi rədd edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun olmamışdır. 43.Kollegiya iddia tələbinin borc məbləğinin 2016-cı ildən başlayaraq 2024-cü ildək Bank uçot dərəcəsini əsas götürməklə hesablayıb iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının pul vəsaitinin qanunsuz saxlanılması, onun qaytarmaqdan boyun qaçırması, digər vasitələrlə gecikdirməsi, gecikdirməyə görə təqsirinin olması və həmin vəsaitdən faydalanması ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi qeyd olunan hissədə əsassız hesab edilərək təmin edilməməlidir. 44.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. 45.Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilmiş faizlərin və dəbbə pulunun hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmaması məsələsinə dair Konstitusiya Məhkəməsinin mövqeyi də xüsusi əhəmiyyət kəsb edir. 46.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır....Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. 47.Göründüyü kimi, Mülki Məcəllənin 449.1-ci maddəsinin aşağıdakı zəruri əlamətləri müəyyən edilmişdir. Bunlar: 1) özgəsinin pul vəsaitini qanunsuz saxlamaq, 2) onu qaytarmaqdan boyun qaçırmaq, 3) onun ödənilməsini digər şəkildə gecikdirmək, 4) başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmaq. 48.Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. 49.Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. 50.İş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının pul vəsaitinin qanunsuz saxlanılması, onun qaytarmaqdan boyun qaçırması, digər vasitələrlə gecikdirməsi, gecikdirməyə görə təqsirinin olması və həmin vəsaitdən faydalanması ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. 51.Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. 52.Beləliklə qeyd olunan xüsusatları ümumiləşdirərək, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(006)-1662/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək, Cavabdeh2 10300 (on min üç yüz) manat pul İddiaçı xeyrinə tutulmalı, iddia mübahisələndirilən qalan hissədə təmin edilməməlidir. 53.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(006)-1662/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh2 10300 (on min üç yüz) manat pul İddiaçı xeyrinə tutulsun. İddia mübahisələndirilən qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar