Məhkəmə qərarları › İş №2(103)-5002/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5002/2021

06.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5002/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə (birinci instansiya məhkəməsi) müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus olan 1981-ci il buraxılışlı “VAZ-2103” markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsinə cavabdeh tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması və avtomobilin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 18 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçının iddianı təmin etmə tədbirinə dair ərizəsi təmin olunmuş, 1981-ci il buraxılışlı, “VAZ 2103” markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Həmin qərardaddan cavabdehin verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbini pozmuş, mübahisəsi gedən avtomobilin iddiaçının mülkiyyətində olmadığını nəzərə almamışdır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin 18 mart 2021-ci il tarixli qərardadı ləğv edilməli və iddianı təmin tədbirinin tətbiqinə dair iddiaçının ərizəsi təmin olunmamalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, iddianı təmin tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. İş materiallarından aydın olur ki, “VAZ-2103” markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil hazırkı mübahisə üzrə icraatın başlanmasından əvvəl – 16 may 2020-ci il tarixdə - cavabdehin mülkiyyətinə keçirilmişdir və iddiaçı müvafiq alqı-satqı müqaviləsini mübahisələndirməyərək avtomobilin öz mülkiyyətində olduğunu iddia etməkdədir. Bu isə o deməkdir ki, həmin əmlaka münasibətdə iddiaçının iddia tələbinin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157-ci maddəsinin dispozitiv şərtləri mövcud deyildir. Nəzərə alınmalıdır ki, iddianı təmin tədbirlərinin tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac olmasa da, bu tədbirlərin görülməsi üçün ilkin zəruri sübutların verilməsi və ilkin əsaslandırılmanın aparılaraq bununla bağlı dəlillərin təqdim edilməsi zəruridir. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hər bir halda iddianı təmin tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, iddianı təmin tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini MPM-in 157.1-ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, iddianı təmin etmə tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi mümkün deyildir. Bu baxımdan nəzərə almaq lazımdır ki, iddiaçının ərizəsində görülməsi xahiş edilən iddianı təmin tədbirinin zərurilik meyarları da kifayət qədər əsaslandırılmamışdır. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1696/2021 saylı iş üzrə 18 mart 2021-ci il tarixli qərardadı ləğv olunsun. “VAZ 2103” markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair İddiaçı ərizəsi təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar