Məhkəmə qərarları › İş №2(103)-5005/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5005/2021

01.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5005/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(007)-482/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı MMC borclu Cavabdeh qarşı məhkəmə əmrinin çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 06 avqust 1977-ci ildə ünvan 1 ünvanında pasport qeydiyyatında olan borclu Cavabdeh 08 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 1260 (min iki yüz altmış) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1280 (min iki yüz səksən) manat məbləğində pul vəsaitinin alınaraq kreditor İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə əmrin çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(007)- 2602/2020 nömrəli məhkəmə əmrinə əsasən, cəmi 1260 manat borc və ödənilmiş 20,0 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması qərara alınmışdır. Cavabdeh etiraz ərizəsi ilə müraciət edərək məhkəmə əmrin ləğv edilməsini və işə iddia icraatında baxılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(007)- 2602/2020 nömrəli qərardadına əsasən, borclu Cavabdeh etirazı təmin olunmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(007)-2602/2020 nömrəli məhkəmə əmri ləğv edilməsi, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(007)-482/2021 nömrəli qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh "İddiaçı" MMC-nin xeyrinə 702 (yeddi yüz iki) manat məbləğində əsas borc və dövlət rüsumuna görə ödənilmiş 20 manat məbləğinin əvəzi tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə razı deyildir, belə ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir, bu səbəbdən də ləğv edilməlidir. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin olunmuş hissəsində yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan, mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08 sentyabr 2019-cu il tarixli malın nisiyə satılması haqqında müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 1 ədəd dəyəri 1360 manat olan Samsung GALAXY A50 128 GB SİLVER mobil telefon almışdır. Cavabdeh qeyd olunan müqavilə üzrə müəyyən olunmuş müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı MMC-nin 18 avqust 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 08 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 1260 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 08 sentyabr 2019-cu il tarixli, FSK 3149 saylı ödəniş cədvəlindən görünür ki, kreditin məbləği 802 manat, ilkin ödəniş 100 manat, qalıq məbləğ 802 manat, aylıq ödəniş 117 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı MMC cavabdehdən 08 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 1260 manat borc tələb etsə də, məhkəməyə tələbinin əsasını təşkil edən mötəbər sübut növü təqdim etməmişdir. Əksinə olaraq, Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 08 sentyabr 2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 100 manat ilkin ödəniş etmiş, qalan borcu ümumilikdə 6 ay olmaqla hissələrə bölünmüşdür. 6 ay üzrə ümumilikdə 702 manat təşkil etmişdir. Göründüyü kimi Cavabdeh 08 sentyabr 2019-cu il tarixli müqavilə üzrə İddiaçı MMC-yə 702 manat borcu qalmışdır. Belə oln halda məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İşdən göründüyü kimi, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən əmlakları cavabdehə vermiş, cavabdeh isə üzərinə götürdüyü öhdəliyin icrasından yayınaraq borcu olmuş, Cavabdeh 100 manat ilkin ödəniş edərək, qalan borcu ümumilikdə 6 ay olmaqla hissələrə bölünmüşdür və borcu qalmışdır. İlk əvvəl iddia tələbinin borcun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də alğı-satqı müqaviləsidir və həmin müqaviləyə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (MM 567-ci maddəsi). Malların pərakəndə nisyə alğı-satqısı müqavilələrinə, o cümlədən alıcı tərəfindən malların hissə-hissə ödənilməsi şərti ilə bağlanmış müqavilələrə bu Məcəllənin 600.5-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilməməlidir (MM 622.3-cü maddəsi). Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər (MM 600.5-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehə nisyə-alqı satqı müqaviləsi ilə 6 ay müddətinə dəyərini hissə-hissə ödəmək şərti ilə mal verməsini nəzərə alaraq, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər yerinə yetirilmədiyinə görə, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə borcun qismən tutulması hissəsində düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək kollegiya hesab edir ki, həmin dəlillər formal mülahizələrə əsaslanır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(007)-482/2021 nömrəli qətnaməsi təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar