Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5006/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5006/2023 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-313/2023 saylı 12 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 20 sentyabr 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 64 A saylı evin 91 saylı mənzildə İddiaçı ailə üzvləri ilə yaşayır. Mənzil xüsusi mülkiyyət hüququ ilə onun özünə məxsusdur. Cavabdehlərin mənzili iddiaçının sağ qonşusunun üstündə yerləşməklə 94 saylı mənzildir. Mənzilin mülkiyyətçisi Cavabdeh1dur, Cavabdeh2 isə onun oğludur və mənzilin paylı mülkiyyətçisi deyildir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 vurduqları 4000 manat maddi, 1000 manat mənəvi zərər, 73 manat ödənilmiş dövlət rüsumu, vəkilə ödənilmiş 201 manat xərc olmaqla, ümumilikdə 5274 manat pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
3. Daha sonra iddiaçı iddia tələbini artıraraq, Cavabdeh1 və Cavabdeh2 vurduqları 4000 manat maddi, 1000 manat mənəvi zərər, 73 manat ödənilmiş dövlət rüsumu, vəkilə ödənilmiş 201 manat xərc olmaqla, ümumilikdə 5274 manat pulun tutulub ona verilməsi cavabdehlərə məxsus mənzildəki kanalizasiya xətlərinin təmir edilməsi və çirkab suların axıdılmasının dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 91 saylı mənzilin mülkiyyətçisidir. Mülkiyyətində olan mənzildə öz ailəsi ilə birlikdə yaşayır. Cavabdehlər o yaşadığı mənzilin bir mərtəbə yuxarıda yerləşən 94 saylı mənzildə yaşayırlar. Bir müddət əvvəl cavabdehlərə məxsus olan 94 saylı mənzildən onun mənzilinə və mənzilinin giriş hissəsinə (blok tərəfindən) kanalizasiya xəttinin nasazlığı nəticəsində çirkab su axıdılmışdır. Bunun nəticəsində mənzilinə maddi ziyan vurulmuşdur. Dəfələrlə cavabdehlərə həmin nasazlığı aradan qaldırılması və dəyən maddi ziyanın ödənilməsinə dair müraciətlər etmiş, lakin buna baxmayaraq cavabdehlər tərəfindən heç bir hərəkət edilməmişdir. Nəticədə ona maddi ziyan ilə birlikdə mənəvi ziyanda vurulmuşdur. Belə ki, cavabdehlərə ünvanladığı müraciətlər cavabsız qaldıqda və həmin nasazlıqlar aradan cavabdehlər tərəfindən qaldırılmadıqda o, əsəb,stress, iztirab, mənəvi sarsıntı keçirmişdir. Hal- hazıradək cavabdehlər tərəfindən heç bir hərəkət edilmir. Bununla bağlı o, Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. 5-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli məktubu ilə ona cavab verilərək mülki qaydada məhkəməyə müraciət etməli olduğu tövsiyyə edilmişdir. xx.xx.2022-ci il tarixdə o, onların binasına baxan 102 saylı Mənzil-Kommunal İstismar Sahəsinə müraciət etmişdir. Mənzilinə baxış keçirildi və müəyyən olundu ki, bir mərtəbə yuxarıda yerləşən və cavabdehlərə məxsus olan 94 saylı mənzildən onun mənzilinə və mənzilinin giriş hissəsinə kanalizasiya xəttinin nasazlığı nəticəsində cirkab su axıdılır. Həmin tarixdə 102 saylı MKİS-nin mühəndisi, sahə nəzarətçisi və çilingəri tərəfindən bununla bağlı akt tərtib edildi. Akta əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh öz mənzilində hamamın yerini dəyişmişdir. Bundan sonrada o, həmin nasazlığın aradan qaldırılması üçün və dəyən maddi ziyanın ödənilməsi ilə bağlı cavabdehlərə bir daha müraciət etmişdir. Lakin cavabdehlər bir daha onun müraciətini cavabsız qoydular. Beləliklə dəyən maddi və mənəvi ziyanın cavabdehlərdən tutulub ona ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-313/2023 saylı, 12 may 2023cü il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddianın qismən təmin edilməsi, Cavabdeh1 2507 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Vəkilə göstərdiyi yardıma görə çəkilmiş xərcin əvəzi qismində 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasibətdə 35 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət etmişdir.
6. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1111.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi xahiş etmişdir.
8. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 26 dekabr 2022 tarixli 10/78 saylı məhkəmə ekspertiza rəyi əsassız və qeyri obyektiv olduğu üçün təkrar ekspertiza təyin edilməsi haqqında və onun keçirilməsi başqa ekspertə tapşırılması haqqında cavabdehin vəsatəti təmin edilməmiş və bu haqda məhkəmə MPMnin 102.3-cü maddəsinin tələbini pozaraq əsaslandırılmış qərardad qəbul etməmişdir. Ekspert məhkəmənin onun qarşısında qoyduğu suallardan 2-ci suala qeyri müəyyən cavab vermişdir. Belə ki, ekspert konkret səbəb göstərmək əvəzinə fərziyələr irəli sürmüşdür ki, səbəb ya boru xəttində yaranan qəza, ya sanitar-texniki avadanlıqda yaranan qəza, ya kanalizasiya borusunun çatlamasından, ya birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsindən, ya tıxaclanmadan, ya yarasız sanitar texniki avabdanlıqlardan istifadə edilməsindən, ya sudan nəzarətsiz istifadə edilməsindən, yaxud da su kanalizasiya boru xətlərinin istismar müddətinin bitməsi ola bilər. Yəni məhkəmənin baş vermiş hadisənin səbəbinə aydınlıq tələb etdiyi suala ekspert 8 fərziyyə irəli sürmüş və bunların hansının baş vermiş hadisənin səbəbi olmasını konkret göstərməmişdir. Bi isə ekspert rəyinin elmi-texniki nailiyyətlər əsasında deyil, yalnız ekspertin fərziyyəsi əsasında tərtib edildiyini sübut edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatı
10. Apellyasiya baxışında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
11. Apellyasiya baxışında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
12. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir.
18. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsinin qanunliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən olan RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2018-ci il tarixində 218 nörməli reyestr kitabının 22156 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
28. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, onun xx.xx.2022-ci il tarixində 5-ci PB-nə ütdiyi müraciəti qeydiyyata alınmışdır. Məsələ ilə bağlı mütəmadi olaraq mənzilinə su axıdaraq, əşyalarına zərər vuran 94 saylı mənzildə yaşayan qonşusu 01.040.1989-cu il təvəllüdlü X4 barəsində mülki qaydada məhkəməyə müraciət etməsi məqsədə müvafiqdir.
29. xx.xx.2022-ci il tarixli 102 saylı MKİS-in mühəndisi Elnur Nəsirov, Sahə nəzarətçisi Məhəmmədəli Məhərrəmov və çilingər Səfiyar Namazov tərəfindən tərtib edilən aktdan görünür ki, Ə.Naxçıvanı küçəsin 64 a saylı binanın 91 saylı mənzilinin sahibi X2 şikayəti ilə əlaqədar olaraq həmin mənzilə texniki baxış keçirilmişdir. Texniki baxış nəticəsində məlum oldu ki, Cavabdeh1 məxsus olan 94-cü mənzildən 91-ci mənzilə və bloka kanalizasiya xəttinin nasazlığı nəticəsində çikab su axıdılır. Bunun nəticəsində 91 saylı mənzilə və bloka maddi ziyan dəymişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, axıntının qarşısı alınmamışdır. Həmçinin Cavabdeh1 mənzil daxilində dəyişiklik etmiş, hamam hissənin yerini dəyişdirmişdir.
30. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti Binəqədi rayon Sukanal İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, onun yaşadığı mənzilin şaxtası ilə qalxan binadaxili dik dayaq kanalizasiya xəttində axıntı halının olması barədə Z-280 saylı, xx.xx.2022-ci il tarixli qeydiyyatla Binəqədi rayon Sukanal idarəsinə daxil olmuş müraciətinə baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, Ə.ünvan 4 ünvanında kanalizasiya xəttinə əməkdaşlar tərəfindən texniki baxış keçirilmişdir. Baxış zamanı 91 saylı mənzilin üst mərtəbəsində yerləşən mənzillərdən birində zirzəmidən şaxta ilə mənzillərə qalxan dik dayaq kanalizasiya xəttində axıntı olduğu müşahidə edilmişdir. Buna baxmayaraq, mənzil sahibi tərəfindən şərait yaradılmadığına görə axıntının qarşısının alınması mümkün olmamışdır. Üst mərtəbədəki mənzil sahibi tərəfindən müvafiq şərait yaradıldıqdan sonra (daşla hörülmüş şaxtanın sökülməsi) cari təmir işləri aparılaraq, axıntının qarşısı alınacaqdır.
31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2022-ci il tarixli, 10/7028 saylı ekspert rəyindən görünür ki, mülki iş materiallarına əlavə edilmiş aktda göstərilənləri, o cümlədən rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 64 A saylı evin 91 saylı mənzilinə həmin evin 94 saylı mənzilinə su axıldıldığını, bunun səbəbinin 94 saylı mənzilin kanalizasiya xəttində qüsurların (mərtəbəarası hissəsində) olması müəyyən edildi. Həmin kanalizasiya xətti (ümumi kanalizasiya xətti) yenisi ilə əvəz olunduqdan sonra su sızma hadisəsi sonlana bilər. Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 64 A saylı evin 91 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 2507 manat məbləğində olduğu müəyyən edildi.
32. Mülki Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
40. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
41. Həm birinci instansiyada, həm də apellyasiya instansiya məhkəməsində araşdırma zamanı iş materiallarında olan sübutların tədqiqi nəticəsində iddiaçının mənzilinə 94 saylı mənzildən su axıdılması nəticəsində zərər vurulduğu müəyyən olunmuşdur. Bu səbəbdən də kollegiyanın qənaətinə görə mənzilin mülkiyyətçisi Cavabdeh1 məsuliyyət daşımalıdır.
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq vurulmuş zərərin məbləğini ekspert rəyini əsas götürərək 2507 manat olduğu müəyyən etmişdir.
43. Apellyasiya şikayətinin dəlilinə qiymət verərək kollegiya hesab edir ki, iş üzrə verilmiş ekspert rəyi tam əsaslıdır. İş üzrə təkrar ekspertizanın keçirilməsi üçün hər hansı əsas yoxdur. Cavabdehdə təkrar ekspertizanın keçirilməsini zəruri edən halları göstərə bilməmişdir.
44. Beləliklə, məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-313/2023 saylı iş üzrə 12 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova