Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-501/2021 05.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı «xxxx» açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-6756/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» ASC tərəfindən ödənilmiş 1600 manat sığorta ödənişinin və 30 manat dövlət rüsumunun, cəmi 1630 manatın Cavabdeh tutularaq, «xxxx» ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-6756/2016 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh 1600 (min altı yüz) manat və ödənilən 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx”ASC ilə “xxxx” MMC arasında olan xx.xx.2018-ci il tarixli Sazişdə azadolma məbləği ilə bağlı 1-ci bəndində göstərilmişdir ki, avtomobil “xxxx”ASC tərəfindən təmirə yönləndirilməyəcəksə hadisə ilə əlaqədar zərər məbləğindən azadolma məbləği çıxılır və sığorta ödənişi sığorta müqaviləsi üzrə faydalanan şəxsə ödənilir. Hər halda zərərin qiymətləndirilməsi “xxxx” ASC-nin təyin etdiyi təmir müəssisəsində aparılır. Lakin mülki işin materiallarından görünür ki, “Wolkswagen Polo” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil öz seçiminə görə, həmin avtomobilin məxsus oduğu şəxsin seçiminə görə onun müəyyən etdiyi avtoservisdə təmir edilmişdir ki, bu da Sazişlə müəyyən olunmuş şəsrtlərin pozuntusu kimi qiymətləndirilməlidir. Mülki işin materiallarında olan yol nəqliyyat hadisəsi zamanı çəkilmiş fotoşəkillərdən görünür ki, ona məxsus “Mitsubishi L200” minik markalı, 90-MV368 dövlət qeyiyyat nişanlı avtomobil “Wolkswagen Polo” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol, digər “Hyundai Equis” minik markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə qabaq sol qapısı əzilmişdir. İş materiallarında olan Euro Style LTD-yə məxsus 00003934-1 təmir aktı və xx.xx.2019-cu il tarixli qüsur aktından göründüyü kimi avtomobilin təmiri zamanı düzəlməsi mümkün olan detallar yenisi ilə əvəzləşdirilmiş və bununla da, təmir xərcləri süni surətdə şişirdilmişdir. Birinci instansiya mümkün sübutları qiymətləndirib tutulmalı məbləği müəyyən edən zamanı Euro Style LTD-yə məxsus 00003934-1 təmir aktı və xx.xx.2019-cu il tarixli qüsur aktını əsas götürmüş, ağlabatmayan məbləğlərin həqiqiliyinə yaranmış şübhələri aradan qaldırmaq üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etməli olduğu halda bunu etməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, ekspertiza rəyi ilə razılaşır və şikayətin təmin olunmasını xahiş edir. Məkəmə iclasında iddiaçının nümayəndəsi X3 bildirdi ki, ekspert rəyi ilə razı deyillər. Onlar sığorta ödənişini tələb edirlər. Ona görə də məhkəmədən xahiş edirlər, rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, hazırkı iş üzrə xx.xx.2019-cu il tarixdə Cavabdeh mülkiyyətində olan “Mitsubishi L200” minik markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Bakıxanov qəsəbəsində hərəkət edən zaman “Volkswagen Polo” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Zərbənin təsirindən sonuncu qarşısında hərəkət edən “Hyundai Equis” minik markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2ci maddəsi ilə təqsirli bilinmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Volkswagen Polo” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulması ilə əlaqədar xx.xx.2019-cu il tarixli sığorta ödəniş tapşırığı aktına əsasən 5310 manat sığorta ödənişi edilmişdir. Cavabdeh tərəfindən idarə edilən “Mitsubishi L200” minik markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobil “AXA MBASK” Sığorta şirkətində sığorta olunduğuna görə “AXA MBASK” Sığorta şirkəti digər zərərçəkən “Hyundai Equis” minik markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərə uyğun olaraq, iddiaçının hesabına 3710 manat ödəmişdir. Odur ki, iddia tələbi təmin edilərək cavabdehdən geri qalan 1600 (min altı yüz) manat pul məbləği tutularaq iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməlidir. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 4265 saylı xx xxxxxx 2021-ci il tarixli rəyinə əsasən nəzəri hesablamalar yolu ilə, ““Euro Style” LTD tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Volkswagen Polo” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4695,0 manat müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin dəyişdirilməsi üçün əsasdır. Belə ki, hazırki iddia tələbinin faktiki əsası(faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, zərərin məbləği istisna olmaqla, ümumilikdə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla ona görə ki, Cavabdeh mülkiyyətində olan “Mitsubishi L200” minik markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Bakıxanov qəsəbəsində hərəkət edən zaman “Volkswagen Polo” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh təqsirli bilinmişdir. İkincisi cavabdehin apellyasiya şikayətlərində göstərdikləri dəlillərin bəzi hissəsi əsaslı olduğundan şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən maddi zərərin məbləği hissəsində - 1600 manatdan 985 manatadək azaldılmalıdır. Belə ki, apellyasiya baxışı zamanı 2018-ci il buraxılışlı “Volkswagen Polo” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4695,0 manat müəyyən edildi(4695-3710=985). Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməsi dəyişdirə bilər. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə zərərin məbləği hissəsində dəyişdirilməli, qətnamə onun şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.4, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-6756/2016 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi zərərin məbləği hissəsində dəyişdirilsin və Cavabdeh oğlundan alınmalı olan məbləğ azaldılaraq 985 (doqquz yüz səksən beş) manat müəyyən edilsin. Qətnamə Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 100(bir yüz) manatdan, 60 (altmış) manatı Cavabdeh, 40 (qırx) manatı «xxxx» açıq səhmdar cəmiyyətindən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-501/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-501/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver