Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-501/2023 13.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı «pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(006)-2708/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh X2 (bundan sonra, cavabdeh) qarşı «pul tələbi” barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 25000 ABŞ dollarının ödəniş günü məzənnə üzrə manatla, 1000 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi əvvəldən tanımış, sonuncu ona özünün geniş əlaqələrə malik olduğunu bildirərək, ali məktəbə tələbə qəbul etdirə biləcəyinə inandırmışdır. Ona qohumluq və tanışlıq münasibətlərində olduğu bir neçə şəxs müraciət edərək, övladlarının ali məktəbə qəbul edilmələrinə köməklik göstərməsini xahiş etmişlər. O, bu barədə cavabdehə məlumat vermiş, sonuncu ona qeyd edilən məsələni həll edə biləcəyini və bu iş üçün lazım olan pulun məbləğini demişdir. Odur ki, ona müraciət edən şəxslərdən ümumilikdə 25.000 ABŞ dolları və 1.000 manat pul alaraq cavabdehə vermişdir. Müəyyən müddət keçdikdən sonra məlum olmuşdur ki, cavabdeh verdiyi vədə əməl etməyib. Belə olan halda ona müraciət edən ayrı-ayrı şəxslər verdikləri pulun qaytarılmasını tələb etmişlər. O, məcbur oub pul aldığı şəxslərin pullarını öz vəsaiti hesabına qaytarmışdır. Eyni zamanda, cavabdehdən verdiyi pulların geri qaytarılmasını tələb etmiş, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulları qaytarmaqdan imta etmişdir. Bir neçə il belə davam etdikdən və cavabdehin pulu qaytarmaq istəmədiyindən əmin olduqdan sonra onun barəsində polis orqanlarına müraciət etmişdir. 24 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi İstintaq Şöbəsinin baş müstəntiqi Famil Məsimov tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən cinayət işi başlanılmışdır. 18 aprel 2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi İstintaq Şöbəsinin baş müstəntiqi Famil Məsimov tərəfindən «sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında» qərar qəbul edilmişdir. Bakı şəhəri Nəsimi rayon prokuroru vəzifəsini icra edən Salman Məmmədlinin 27 may 2019-cu il tarixli rəyinə əsasən ********* saylı cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2, 39.1.3 və 39.2-ci maddələrinə əsasən xitam verilməsinə dair Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi İstintaq Şöbəsinin baş müstəntiqi Famil Məsimovun 18 aprel 2019-cu il tarixli qərarı əsaslı hesab edilmişdir. İşin faktiki halları və iş üzrə toplanmış sübutlarla təsdiq edilir ki, iş üzrə cavabdeh 2008-ci ildən etibarən ondan bir neçə şəxsin ali məktəbə qəbul edilməsini təşkil etmək adı altında ümumilikdə 25.000 ABŞ dolları və 1.000 manat pul almışdır. Lakin cavabdeh öhdəsinə götürdüyü işləri yerinə yetirməmiş və aldığı pulları qaytarmaqdan imtina etmişdir. Bununla əlaqədar olaraq hüquq-mühafizə orqanlarına müraciət etmiş, əvvəlcə cavabdehin barəsində cinayət işi başlanılsa da, sonradan «cinayət işinin icraatına xilam verilməsi haqqında» qərar qəbul edilmişdir. İbtidai istintaq zamanı cavabdeh ondan 11.000 ABŞ dolları və 1.000 manat pul aldığını və həmin pulları geri qaytarmasını bildirmişdir. İbtidai istintaq zamanı cavabdeh ondan 25.000 ABŞ dolları və 1.000 manat pul almasına dair yazılmış iltizamın özü tərəfindən yazılmasını inkar etmişdir. Belə olan halda iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 06 iyul 2017-ci il tarixli 14833 saylı rəyinə əsasən qeyd edilən yazı cavabdeh X3 tərəfindən icra edilmişdir. Bundan sonra cavabdeh qeyd edilən yazılı etirafı ondan məcburi almağına dair yalan ifadə vermişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(006)- 2708/2022 saylı qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia rədd olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: Apellyasiya şikayəti, iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddia müddətinin keçməməsi, cavabdehin ondan pulu borc almaması, pulun hansı tarixdə qaytarılmalı olması barədə öhdəlik götürməməsi, aralarında hər hansı əqd bağlanmaması, məhkəmənin nəyə görə iddia müddətinin axımının məhz 2008-ci ildən hesablanmalı olmasını əsaslandırmaması, məhkəmənin qənaətinə görə cavabdehin pulu 2008-ci ildə alıb, elə həmin ildə də qaytarmalı olması, lakin qaytarmaması, reallıqda isə cavabdehin pulu qaytarmaq üçün almaması, aldığı pulun müqabilində tanışlarının uşaqlarını ali təhsil müəssisəsinə düzəltməli olması, lakin onu aldadaraq pulu mənimsəməsi, ona zərər vurması, eyni zamanda cavabdeh tərəfindən sonuncu dəfə pulun 2012-ci ildə alınması, bu barədə cinayət işinin ibtidai istintaqı zamanı zərər çəkmiş şəxs qismində X9 tərəfindən ifadənin verilməsi, həmin vaxtdan sonra, yəni 10 sentyabr 2012-ci il tarixdə cavabdehin yazılı qəbz verərək, ondan 25000 ABŞ dolları və 1000 manat pul almasını etiraf etməsi, cavabdeh tərəfindən aldadılmasını bildikdən sonra 2017-ci ildə hüquq mühafizə orqanına müraciət etməsinin, uzun müddət cinayət təqibi üzrə araşdırmanın aparılmasının, 2019-cu ildə cinayət işi üzrə icraata xitam verilməsinin, həmin qərarların ona çoxsaylı şikayətlərindən sonra 2021-ci ildə təqdim olunmasının və s. bu kimi halların məhkəmə tərəfindən nəzərə alınmaması, beləliklə iddia müddətinin keçməməsi və s. göstərilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş əlavə olaraq göstərmişdir ki, o, cavabdehə pulları 2008 və 2012-ci illərdə vermişdir. Həmin pul vəsaitləri yaxınları olan şəxslərin övladlarının xaricdə ali təhsil müəssisəsinə qəbulu ilə bağlı olmuşdur. Cavabdeh onu inandırmışdır ki, bu məsələni həll edə bilər. Cavabdeh pulları aldıqdan sonra uşaqların təhsil müəssisəsinə qəbulu ilə bağlı müəyyən sənədləri təqdim etmişdir. Bu səbəbdən də onlarda uzun müddət hər hansı şübhə olmamışdır. Təqribən 2014-2015-ci illər ərzində cavabdeh tərəfindən aldadıldıqlarını, uşaqların təhsil müəssisəsində rəsmi qaydada oxumaması, təqdim olunmuş sənədlər saxta olmasını bilmişlər. Bundan sonra aralarında mübahisələr yaranmış, şəxslər pullarını tələb etməyə başlamış, cavabdeh isə bir müddət məsələni həll edəcəyini, pulları qaytaracağını bildirmişdir. Lakin, cavabdeh hər dəfə onu aldatmış, vədinə əməl etməmiş, o da məcbur olub mənzilini sataraq şəxslərin pullarını qaytarmışdır. Sonradan da cavabdeh pulların qaytarılmasından yayındığından polisə müraciət etmişdir. Polisdə uzun müddət araşdırma aparılmış, izahatlar verilmiş, cavabdeh əvvəl uşaqları təhsil müəssisəsinə qəbul etdirmək üçün pul almasını etiraf etmiş, lakin sonrakı mərhələlərdə bunları danmış, hətta ona pul alması barədə yazılı qəbz verməməsini bildirmiş, lakin məhkəmə xəttşünaslıq ekspertizası ilə müəyyən olunmuşdur ki, qəbzi cavabdeh yazıb. İstintaq zamanı çoxlu sayda izahat yazmış, ilkin izahatlarda pulun 2012-ci ildə verilməsini qeyd etsə də, sonrakı izahatlarında dəqiqləşmə apararaq münasibətlərin 2008-ci ildə yaranmasını, pulların 2008-ci və 2012-ci ildə verilməsini bildirmişdir. Həmçinin, izahatlarında göstərmişdir ki, cavabdeh borc aldığı 1000 manat pulu ona qaytarmışdır. Lakin, hazırki iddia ərizəsi yazılan zamanı yanlışlıqla 1000 manat pulu da tələb etmişdir. Eyni zamanda, cavabdehlə razılığa əsasən pulun bir hissəsindən imtina etmiş (güzəştə getmiş), bu səbəbdən də istintaq zamanı izahatlarında cavabdehdən yalnız 15000 ABŞ dolları tələb etmişdir. Hazırda da məhkəmə kollegiyasına ərizə təqdim edərək iddianın 15000 ABŞ dolları həddində təmin olunmasına etiraz etmir. Cavabdehin ondan ümumilikdə 25000 ABŞ dolları və 1000 manat pul alması istər cinayət işinin materialları, istərsə də hazırki iddia tələbi üzrə məhkəmə araşdırmaları zamanı tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi də bu halı təsdiq etmiş, lakin iddia müddətinin keçməsi əsası ilə iddianı rədd etmişdir. Ona aydın deyildir ki, hansı iddia müddəti keçmişdir. Məhkəmə hüququnun pozulmasının əvvəlini düzgün müəyyən etməmiş, işin digər hallarını təhlil etməmiş, qətnaməni bu istiqamətdə əsaslandırmamışdır. Həmçinin bildirir ki, cinayət işi üzrə icraata 2019-cu ilin aprel ayında xitam verilsə də, onun bundan məlumatı olmamış, qərar ona təqdim olunmamışdır. Çoxsaylı şikayətlərindən sonra yalnız 2021-ci ilin ortaları qərar ona göndərilmiş, o da dərhal məhkəmədə hazırki iddianı qaldırmışdır. Cavabdeh onu aldadaraq, ona ziyan vurmuşdur. Hesab edir ki, iddia müddəti keçməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından qətnamənin ləğv olunmasını, ədalətli qərar qəbul edilməsini xahiş edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə bir neçə dəfə rəsmi qaydada (istər elektron kabinet vasitəsilə, istər SMS məlumatlandırma, istərsə də, yaşadığı ünvana bildiriş göndərilməklə) məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası hazırki mübahisə ilə bağlı apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Konstitusiyanın, mülki qanunvericiliyinin və beynəlxalq müqavilələrin müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. «L.İ.Binnətovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmşdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmaq vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı, həmçinin apellyasiya instansiyası məhkəməsinin araşdırmalı olduğu məsələdir. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunmuş ilk iki halla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları, həmçinin başqa şəxsə zərər vurulmasından, fiziki və hüquqi şəxslərin digər hərəkətlərindən əmələ gəlir. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-nin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-nin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. İşin müəyyən olunmuş hallarına əsasən - cavabdeh hər hansı hüquqi və qanuni əsas olmadan iddiaçının tanışları olan şəxslərin Rusiya Federasiyasında təhsil müəssisəsinə qəbul olunması adı ilə iddiaçı vasitəsilə 2008 və 2012-ci illərdə müvafiq pul vəsaitləri almış, bununla bağlı 10 sentyabr 2012-ci ildə sadə yazılı formada qəbz yazaraq («Mən fərhaddan 25 min dollar və 1000 manat almışam Burzu 10.09.12») iddiaçıdan 25000 ABŞ dolları və 1000 manat pul almasını etiraf etmiş, lakin iddiaçı (eləcə də həmin şəxslər) təqribən 2014-2015-ci illərdə aldadıldıqlarını bilmiş, iddiaçıdan pulları tələb etmişlər. İddiaçı bir müddət məsələni həll edəcəyini, pulları qaytaracağını bildirsə də, bundan yayınmış, nəticədə iddiaçı şəxsi vəsaiti hesabına həmin şəxslərin pullarını qaytarmışdır. Bundan sonra iddiaçı cavabdehdən pulları ala bilməyəcəyini anlamış, şikayət ərizəsi ilə 2016-cı ilin sonları (16 dekabr 2016-cı il) Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının qeyd edilən şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanmış cinayət işində olan bəzi sənədlər (izahatlar, ekspertiza rəyi, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar və s.) əlavə olunmuş, apellyasiya icraatı zamanı isə baxış keçirilməsi üçün həmin cinayət işi tələb olunmuşdur. İşdə olan sübutlardan, eləcə də cinayət işinin materiallarından açıq-aşkar görünür ki, həqiqətən cavabdeh tərəfindən iddiaçı vasitəsilə yuxarıda qeyd edilən məqsədlə müvafiq pul vəsaitləri alınmışdır. Bu hallar həm tərəflərin izahatları, həm zərər çəkmiş şəxslər qismində cəlb olunmuş şəxslərin (X9, X4 və X5) ifadələri, eləcə də ibtiadai araşdırma zamanı keçirilmiş məhkəmə xəttşünaslıq ekspertizasının rəyi və s. digər sənədlərlə tam sübuta yetirilmişdir. Cinayət işinə əlavə edilmiş sadə yazılı formada tərtib edilmiş qəbzdən və məhkəmə-xətşünaslıq ekspertizasının 06 iyul 2017-ci il tarixli 14833 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş materialın 4-cü vərəqəsində yerləşən qəbzin üstndəki «Mən fərhaddan 25 min dollar və 1000 manat almışam Burzu 10.09.12» Bərxudar oğlu tərəfindən icra edilmişdir. Cavabdeh cinayət təqibi zamanı (eləcə də birinci instansiya məhkəməsində icraat zamanı) müxtəlif formada ziddiyyətli izahatlar vermiş, ilk izahatlarında həqiqədən iddiaçıdan sonuncunun tanışlarının uşaqlarını ali təhsil müəssisəsinə qəbulu üçün pul vəsaiti almasını bildirsə də, son izahatlarında bu halları təkzib etmiş, buna baxmayaraq iddiaçıdan aldığı 11000 ABŞ dolları və 1000 manat pulu iddiaçıya qaytarmasını göstərmişdir. Belə ki, cavabdeh Nəsimi rayon Pİ-nin 20-ci PB-də yazdığı 16 fevral 2017-ci il tarixli izahatında – iddiaçını 15-20 ildir tanımasını, qazanc əldə etmək məqsədilə şəxsləri ali təhsil müəssisələrinə düzəlmək qərarına gəlməsini, bunu iddiaçıya da bildirməsini, bu məqsədlə sonuncudan üç nəfər yaxın tanışının övladlarının ali təhsil müəssisəsinə qəbulu üçün 10000 ABŞ dolları və 1000 manat pul almasını və həmin uşaqların Rusiya Federasiyasından ali məktəbə daxil olmaları barədə sənədləri iddiaçıya təqdim etməsini, lakin bir müddət sonra həmin sənədlərin saxta olmasının müəyyən edilməsini, aldığı pulları xərcləməsini, bir müddət sonra isə pulları iddiaçıya qaytarmasını, ona borcunun qalmamasını göstərmişdir. Cavabdeh Nəsimi rayon Pİ-nin İŞ-də yazdığı 09 iyun 2017-ci il tarixli izahatında isə göstərmişdir ki, iddiaçı ilə aralarında uşaqların ali təhsil müəssisələrinə düzəlmək barədə söhbətləri olmuş, razılığa gəlmişlər. lakin, sonradan iddiaçı ona uşaqların sənədləri və pulları verilməmişdir. Əksinə, tərəfindən iddiaçıya 10000 ABŞ dolları və 1000 manat borc pul vermişdir. İddiaçının təqdim etdiyi qəbz (iddiaçıdan 25000 ABŞ dolları və 1000 manat pul alması barədə) onun tərəfindən yazılmamış və imzalanmamışdır. Cavabdehin qeyd edilən izahatından sonra istintaq orqanı tərəfindən iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin olunmuş, yuxarıda da qeyd edildiyi kimi ekspertiza rəyi ilə qəbzin («Mən fərhaddan 25 min dollar və 1000 manat almışam Burzu 10.09.12») cavabdeh tərəfindən icra edilməsi müəyyən olunmuşdur. Cavabdeh Nəsimi rayon Pİ-nin İŞ-də şahid qismində verdiyi 15 yanvar 2018-ci il tarixli ifadəsində bir tərəfdən iddiaçıdan qeyd edilən məqsədlə pul almamasını göstərsə də, müstəntiqin sularına cavabında iddiaçıdan həqiqətən 3 nəfəq tanışının uşağının ali təhsil müəssisələrinə düzəlməsi üçün sənədləri, həmçinin pul almasını təkrarən etiraf etmişdir. Eyni zamanda, araşdırma zamanı X9, X4 və X5 (uşaqların valideynləri) zərər çəkmiş şəxs qismində cəlb olunmuşlar və onlar ifadələrində iddiaçının bildirdiyi xüsusatları təsdiq etmiş, cavabdehin onları aldatmasını, pullarını ələ keçirməsini, onun məsuliyyətə cəlb olunmalı olmasını bildirmişlər. İşdən həmçinin görünür ki, zərər çəkmiş şəxslər ifadələrində iddiaçı tərəifndən pullarının onlara qaytarılmasını bildirmişlər. Göründüyü kimi, iddiaçı cavabdehə qarşı hazırkı tələbi irəli sürməkdə müvafiq subeyktiv (tələb) hüquqlara malikdir. Eyni zamanda birinci instansiya məhkəməsi də iddiaçının cavabdehə qarşı müvafiq subyektiv hüquqlarının mövcudluğunu, cavabdehin bu pozuntunu etməsini təsdiq etmişdir. Belə olan halda isə, məhkəmə tərəfindən yoxlanılmalı olan növbəti hal iddianın əsaslı olması (yəni, cavabdehin iddiaçıya məhz 25000 ABŞ dolları və 1000 manat pul vəsaiti qaytarmalı olması), iddia müddətinin keçib-keçməməsi məsələsidir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində həmçinin bu halı iddianın rədd olunması üçün etirazının əsası kimi göstərmişdir. Birinci instansiya məhkəməsi, iddianı rədd edərkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, iddiaçı 2008-ci ildə cavabdehə verdiyini qeyd etdiyi pul məbləğləri ilə bağlı keçən müddət ərzində (13 il) vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə yalnız 27 sentyabr 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası, rayon məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, ilk növbədə bildirir ki, məhkəmə qətnamədə tərəflər arasında hansı münasibətlərin yaranmasını, buna müvafiq olaraq mübahisəyə hansı iddia müddətinin tətbiq olunmalı olmasını, pul vəsaitinin hansı tarixdə qaytarılmalı olmasını (bu barədə tərəflər arasında əvvəldən hər hansı razılaşmanın olub-olmamasını), iddia müddətinin əvvəlinin hansı tarixdən hesablanmalı olmasını, yəni iddiaçının hüquqlarının pozulmasının hansı tarixdən müəyyən olunmasını və s. bu kimi zəruri halları aydınlaşdırmamış, onlara işin faktiki halları baxımından hüquqi qiymət verməmişdir. Məhkəmənin sadəcə - pul vəsaitinin 2008-ci ildə verilməsini (halbuki, cavabdeh tərəfindən 2012-ci ildə də pul alınmış, eləcə də sonradan etiraf barədə qəbz yazılmışdır) və onun üzərindən 13 il keçdikdən sonra məhkəməyə müraciət olunmasını qeyd etməklə kifayətlənməsi iddia müddətinin yoxlanılması üçün yetərli olmamaqla, qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnmişdir. Belə olan halda isə qətnamə qanuni və əsaslı sayıla bilməz. Qeyd edilməlidir ki, MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. MM-nin 373.1 və 373.2-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-in 377.1-ci, 377.2-ci maddələrinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İşin hallarından göründüyü kimi, cavabdehin hərəkətləri (uşaqların ali təhsil müəssisəsinə qəbulu və s. bu istiqamətdə) qanuni əsaslara söykənməmişdir. Yəni, qanunverici şəxslərin ali təhsil müəssisəsinə qəbulu ilə bağlı prosedur qaydaları müəyyən etmişdir ki, cavabdehin də müəyyən pul müqabilində, hər hansı qanuni prosedurdan kənar qaydada hərəkəti əsassız və qanunsuz olmaqla, sonda iddiaçıya ziyan vurulması ilə nəticələnmişdir (tərəflər arasında hər hansı qanuni müqavilə münasibətləri olmamışdır). Eyni zamanda, cavabdehin cinayət təqibi qaydasında məsuliyyətə cəlb olunmaması faktı (cinayət təqibi orqanın qərarı da birmənalı olmamışdır. Çünki, cinayət işi üzrə icraata həm cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə, həm də əməldə dələduzluq cinayətinin tərkibinin olmaması əsası ilə xitam verilmişdir) şəxsin mülki məsuliyyətini istisna etməməklə, əməlinin (hərəkətinin) aldatma yolu ilə pul alaraq iddiaçıya ziyan vurması (delikt törətməsi), nəticəsinə gəlməyi istisna etmir. Eyni zamanda, işin hallarından görünür ki, iddiaçı cavabdehin niyyətini əvvəlcədən (ilk dəfə pulun verildiyi 2008-ci ildə) bilməmiş, ona inanmış, uşaqların həqiqətən ali təhsil müəssisəsində oxumalarını zənn etmiş, hətta 2012-ci il tarixdə sonuncu uşağın da təhsili ilə bağlı pul alındıqdan sonra, cavabdeh aldığı pullarla bağlı etirafedici qəbz yazmışdır. MM-nin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Göründüyü kimi, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Bununla yanaşı, işin hallarından görünür ki, cavabdeh qəbzdə pulun hansı tarixdə qaytarılmalı olmasını göstərməmişdir. MM-nin 377.3-cü maddəsinə görə, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. MM-in 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. İşin hallarından həmçinin müəyyən olunur ki, təqribən 2014-2015-ci illər ərzində tərəflər arasında mübahisə başlamış, iddiaçı cavabdehin onu aldatmasını anlayaraq, verilmiş pulları tələb etmiş, danışıqlar müəyyən müddət ərzində nəticə verməmiş, bu səbəbdən də iddiaçı hüquqlarının müdafiəsi üçün ilkin olaraq hüquq mühafizə orqanına müraciət etmiş, orada uzun müddət (2 ildən çox) ərzində araşdırma aparılmış, sonda 18 aperl 2019-cu il tarixli qərarla cinayət işi üzrə icraata xitam verilmişdir. Bununla yanaşı, həmin qərar iddiaçının çoxsaylı şikayətlərindən (Daxili İşlər Nazirliyinə, İnsan Hüquqları üzrə Müvəkkilin aparatına və s.) sonra Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinin 25 iyun 2021-ci il tarixli məktubu vasitəsilə iddiaçıya göndərilmişdir (işdə həmçinin, qərarın iddiaçıya gec verilməsini təsdiq edən digər məktublar da vardır). Göründüyü kimi, iddiaçı cinayət təqibi orqanının son qərarından yalnız 2021-ci ilin ikinci yarısından sonra məlumatlı olmuş, bu səbəbdən də hüquqlarının mülki məhkəmə icraatı qaydasında müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Beləliklə, işin hallarından göründüyü kimi, iddia müddətinin əvvəlinin məhz 2008-ci ildən başlanmalı olması barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmamışdır. İddiaçı hüquqlarının pozulmasını ilk dəfə ən azı 2014-2015-ci il tarixlərində bilmiş, cavabdehlə danışıqlar nəticə vermədiyindən polisə müraciət etmiş, istintaq orqanın qərarı ona 2021-ci ildə təqdim olunduqdan sonra, qısa müddət ərzində (2021-ci ilin sentyabr ayı) məhkəmədə hazırki iddianı irəli sürmüşdür. Bununla yanaşı, cavabdehin hərəkətləri hər hansı qanuni əsasa söykənmədiyindən, öhdəlik bilavasitə ziyanvurmadan irəli gəldiyindən mübahisəyə ümumi iddia müddəti (10 il) şamil olunmalıdır. Belə olan halda isə iddia müddəti ümumiyyətlə keçmiş hesab oluna bilməz (ən azı cavabdehin 2012-ci ildə borcu etiraf etməsi kifayətdir). Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir”. Lakin, məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçının və cavabdehin ibtidai istintaq vaxtı verdikləri izahatlarından, həmçinin iddiaçının apellyasiya baxışı zamanı verdiyi izahatından və təqdim etdiyi ərizəsindən açıq aşkar müəyyən olunur ki, cavabdeh 1000 manat pulu daha əvvəldən iddiaçıya qaytarmışdır. Belə olan halda isə iddia həmin hissədə təmin oluna bilməz. Bununla yanaşı, iddiaçının istər cinayət işinin materiallarından olan izahatlarından, istərsə də apellyasiya baxışı zamanı verdiyi izahatından və təqdim etdiyi ərizəsindən görünür ki, o, 25000 ABŞ dolları hissədə tələbini qismən, yəni 15000 ABŞ dolları həddində müdafiə etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası iddianın həmin hissədə qismən təmin olunması qənaətinə gəlir. Cavabdeh isə həmin pul vəsaiti iddiaçıya qaytarması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yəni, cavabdeh cinayət işində olan izahat və ifadələrində iddiaçıdan aldığı pul vəsaitlərinin tam olaraq qaytarmasını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İşdən görünür ki, cavabdeh birinci instansiya məhkəməsində iştirak etmiş və sübutlarını təqdim etmək imkanında olmuşdur. Cavabdehin birinci instansiya məhkəməsində etirazıları həmçinin ekspertiza rəyinin düzgün olmaması, müvafiq qəbzin onun tərəfindən yazılmaması istiqamətində olmuşdur ki, məhkəmə kollegiyası həmin etirazları əsassız sayır. Çünki, yuxarıda da qeyd edildiyi kimi, cavabdehin qanunsuz hərəkətləri və bu istiqamətdə müvafiq pul vəsaitlərini iddiaçıdan alması işdə olan digər sübutlarla da müəyyən olunur. Həmçinin, cavabdeh ekspertiza rəyi ilə nəyə görə razılaşmamasını, onun əsassızlığının nədə ifadə olunmasını da göstərməmiş, formal mülahizələrdən çıxış etmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalı, cavabdehdən iddiaçının xeyrinə 15000 (on beş min) ABŞ dolları (icra olunan vaxt ABŞ dollarının manata olan məzənnəsi nəzərə alınmaqla, manatla) pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı hazırki iddia ilə bağlı 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin məhkəmə xərci cavabdehə aid edilməli, ondan tutularaq iddiaçının xeyrinə verilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh X2 qarşı «pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(006)-2708/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(006)- 2708/2022 saylı qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia qismən təmin olunsun. Cavabdeh X1 İddiaçı xeyrinə 15000 (on beş min) ABŞ dolları (icra olunan vaxt ABŞ dollarının manata olan məzənnəsi nəzərə alınmaqla, manatla) pul vəsaiti, həmçinin ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutulsun, iddia qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-501/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-501/2023
13.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver