Məhkəmə qərarları › İş №2(103)-5013/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5013/2023

20.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5013/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5013/2023 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair ilk və Cavabdeh2 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2001/2023 saylı 05 iyun 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 25 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, 18 saylı mənzilin mülkiyyətçisidir. Onunla İddiaçı arasında həmin mənzilin kirayə verilməsinə dair hər hansı müqavilə olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(001)-6203/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh2 məxsus sözügedən mənzildən çıxarılması, həmin mənzilin Cavabdeh2 qaytarılması qət edilmiş, həmin qətnamə qanuni qüvvəyə minərək icra edilməsi üçün icra şöbəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə icra edilərək İddiaçı sözügedən mənzildən çıxarılması təmin olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

2. İlk İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ödəmiş olduğu 16.500 manat məbləğində pulun qalıq məbləği olan 6600 manat pulu və 3000 manat mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123 məhəllə, ev 63F, mənzil 18 ünvanda yerləşən mənzilin mülkiyyətçisidir. Onunla cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli mənzil kirayə müqaviləsinə əsasən cavabdeh mülkiyyətində olan mənzili aylıq kirayə haqqı 450 manat olmaqla müddətsiz ona kirayə vermişdir. Bu barədə tərəflər arasında yazılı kirayə müqaviləsi bağlanmışdır. Həmin müqavilə bir nüsxədə tərtib edilmişdir və həmin müqaviləni cavabdeh özündə saxlamışdır. Cavabdeh vergi ödənişlərindən yayındığı üçün ona kirayə müqaviləsinin nüsxəsini verməkdən ehtiyat etmişdir. Bağlanılmış müqavilə üzrə onunla Cavabdeh1 arasında olan razılığa əsasən 2021-ci ilin oktyabr ayına qədər 16500 manat ödəmişdir. 2020-cı ilin oktyabr ayında “Covid-19” pandemiya xəstəliyi ilə bağlı aralarında olan razılığa əsasən kirayə haqqının məbləğini müvəqqəti olaraq 350 manata endirmişlər və o, kirayə haqqını ödəməyi davam etdirmişdir. 2021-ci il aylarında cavabdeh bildirmişdir ki, müqaviləni birtərəfli qaydada ləğv edir, evi boşaldılmasını ondan tələb etmişdir. Bildirmişdir ki, müqaviləni birtərəfli qaydada ləğvi qanunda və müqavilənin şərtlərinə görə qadağan edilmişdir, cavabdeh, ona bildirmişdir ki guya aralarında heç bir müqavilə yoxdur, yazılı müqaviləni isə üzə çıxarmaqdan imtina etmişdir. Cavabdeh yazılı müqaviləni gizlətsə də, tərəflər arasında müqavilənin mövcud olması işin bütün halları ilə təsdiq edilmişdir. Cavabdeh evi ona faktiki təhvil vermiş, tərəfindən uzun müddət kirayə haqqı ödənilmişdir. Bundan sonra cavabdeh ona heç bir məlumat vermədən xx.xx.2021-ci il tarixdə onun mənzildən məcburi qaydada çıxarılmağı barədə Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi vermişdir. Uzun sürən məhkəmə çəkişmələrindən sonra cavabdehin iddia tələbi təmin edilmişdir. Digər cavabdeh olan Məmmədov X1 Aygün Kamil qızının yaxın qohumdur və tərəfindən ödənilmiş icarə haqqını cavabdeh Elşada şəxsən vermişdir. X2 mənzillə bağlı işlərini Bakıda Elşad aparırdı. İşlərin aparılması ilə bağlı Cavabdeh1 ilə Cavabdeh2 arasında notarial ehtibamamədə mövcuddur. Mənzilin 2021-ci ilin noyabr ayınadək kirayə haqqını cavabdeh Elşada əvvəlcədən ödəniş etmişdir. Bu barədə əvvəlki məhkəmə iclasında Cavabdeh1 izahatında da öz təsdiqini tapmışdır. Cavabdeh müqavilənin şərtlərini birtərəfli qaydada pozduğuna görə məhkəməyə ərizə verib və həm məhkəmə iclaslarında, həm də çıxarılmış məhkəmə qətnaməsində Cavabdeh1 Cavabdeh2 məxsus burada yerləşən və onun icarədar olduğu mənzillə bağlı məsul şəxs olması öz təsdiqini tapır. Göstərilənlərə əsasən evsiz qalmağı və bu şəraitdə ev tapmağı çətinləşdiyindən, habelə ona öncədən xəbərdarlıq edilmədən yeni bir icarəyə ev tapmaq müddəti düşünülmədən cavabdehlər tərəfindən edilmiş bu hərəkət ona mənəvi zərər vurmuşdur.

4. Cavabdeh2 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15377 manat pulun, əvvəli 1 avqust 2020-ci il tarixindən hesablanmaqla illik 10% olmaqla 3000 manat əldən çıxmış fayda qismində zərərin, dövlət rüsumuna görə ödənilən 147 manat pulun, cəmi 18524 manat pulun cavabdehdən onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, mənzil 18, giriş 1 ünvanında yerləşən 72,7 kv.metr sahəli mənzil onun mülkiyyətindədir. O, Şəki şəhərində yaşayır və həmin mənzili agentlik vasitəsilə İddiaçı kirayə vermişdir. Belə ki, İddiaçı həmin mənzili 2019-cu ilin dekabr ayından kirayə götürmüş, həmin vaxt o, Şəki şəhərində yaşadığından və sonradan pandemiya şəraiti olduğundan onlar arasında kirayə müqaviləsi bağlanmamışdır. İddiaçı ilk 5 ay hər ayı 450 manata, sonradan 4 ay pandemiya dövründə hər ayı 350 manata evdə yaşamış, 2020-ci ilin avqust ayından isə heç bir ödəniş etməmişdir. Buna əsasən onun tərəfindən əvvəlcə hüquq mühafizə orqanlarına, daha sonra xx.xx.2021-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(001)- 6203/2021 nömrəli qətnaməsi ilə onun İddiaçı qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilərək, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, mənzil 18, giriş 1 ünvanında yerləşən ona məxsus mənzildən çıxarılması, həmin mənzilin ona qaytarılması, dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq ona ödənilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6203/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və onun iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 1223/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Binəqədi Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(001)-6203/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən cavabdeh İddiaçı və vəkili kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, qətnaməsindən iş üzrə cavabdeh İddiaçı vəkili tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi elektron kabinetə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, yəni tərəflərə, o cümlədən cavabdehə məhkəmənin qətnaməsi elektron kabinet vasitəsi ilə təqdim edilmiş, lakin cavabdeh tərəf kassasiya şikayətini xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə vermişdir və beləliklə də, mülki prosessual məcəllədə (MPM-393-cü maddə) kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş iki ay müddəti ötürmüşdür. Bu səbəbdən də, kassasiya şikayəti geri qaytarılmalıdır. Qərardaddan cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-3521/2022 saylı qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən yenidən kassasiya şikayəti verərək, apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş, əlavə olaraq kassasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə ərizə ilə də müraciət etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh İddiaçı kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi, kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardaddan cavabdeh İddiaçı (vəkili X5) kassasiya şikayəti verərək qərardadının ləğv edilməsini və prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-469/2023 saylı qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Qətnamə və qərarlardan görünür ki, İddiaçı Cavabdeh2 evində uzun müddət qanunsuz yaşamaq üçün prosessual hüquqlarından sui-istifadə edərək məhkəmə proseslərini uzatmış və bugünədək evi boşaltmamışdır. Binəqədi Rayon Məhkəməsinin e2(001)-6203/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnamənin 2-ci səhifəsinin birinci abzasında göstərilmişdir ki, məhkəmə iclasında cavabdeh İddiaçı iddianı qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, o, mənzilin 2021-ci ilin noyabr ayınadək kirayə haqqını Elşad adlı şəxsə əvvəlcədən ödəniş etmiş, iddiaçını ümumiyyətlə tanımamışdır. Elşad adlı şəxslə aralarında kirayə müqaviləsi də vardır, mənzilin kirayə haqqını 2021-ci ilin noyabr ayınadək ödəməsini təsdiq edəcək şahidləri də vardır. Yalnız həmin tarixdə evi tərk edə bilər. Qeyd etmək istəyir ki, İddiaçı tərəfindən mənzilin kirayə haqqını 2021-ci ilin noyabr ayınadək ödəməsi həqiqəti əks etdirmir, bununla əlaqədar hər hansı bir sübut təqdim edilməmiş, hətta hal-hazırda da mənzili boşaltmamışdır. xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə İddiaçı pretenziya məktubu göndərilərək 11700 manat kirayə ödənişi tələb edilmiş, lakin ödənilməmişdir. İnterekonomservis MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 06\23 saylı arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, mənzil 18, giriş 1 ünvanında yerləşən mənzilin görə 527 manat kommunal borcu vardır. İddiaçı Cavabdeh2 məhkəməyə müraicət etmək məcburiyyətdə qoyduğu üçün dövlət rüsumuna görə ödənilən 147 manat da İddiaçı tutularaq ona ödənilməsi zərurəti yaranmışdır.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli 2(001)- 2001/2023 saylı qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair ilk iddia ərizəsinin rədd edilməsi, ilk iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 14.477 manat məbləğində pul tutularaq Cavabdeh2 ödənilməsi, qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 116 manatı İddiaçı tutularaq Cavabdeh2 ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 157.5, 1091.1, 1092.1.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən ilkin iddia üzrə iddiaçı, qarşılqılı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətini ilkin iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və əlavə olaraq göstərilmişdir ki, qarşılıqlı iddianı təmin edən məhkəmənin mövqeyinə görə, tərəflər əvvəlcədən müəyyən etmişlər ki kirayə haqqı 450 manat olmalıdır,həmin məbləği əsas götürən məhkəmə belə qərara gəlmişdi ki, iddiaçı mənzildə qaldığı ümumi müddət aylar üzrə həmin məbləğə vurulmalıdır. Göründüyü kimi məhkəmə özü-öz mövqeyinə qarşı çıxaraq tamamilə qanusuz qərar qəbul etmişdir. Bir tərəfdən məhkəmə belə nəticəyə gəlmişdir ki,tərəflər arasında hər hansı müqavilə mövcud deyil, digər tərəfdən müqavilənin mövcüd olmasını etiraf edir və müqavilə üzrə aylıq kiraya haqqının 450 manat olmasını əsas götürmüşdür. Göründüyü kimi, məhkəmədə işin faktiki hallarına düzgün qiymət verilməmiş, faktiki hallara münasibətdə isə maddi hüquq normalar düzgün tədbiq edilməmişdir. Əslində tərəflər arasında faktiki müqavilə mövcüd olmuşdur və bu hal işin halları ilə və tərəflərin izahatları ilə tam təstiq olunur: əgər müqavilə olmamışdırsa və o cavabdehə kirayə haqqı ödəməmişəmsə, nə üçün o mənzil ona faktiki surətdə təqdim edilmişdir, həm də cavabdeh (qarşılıqlı iddiaçı) etiraf etmişdir ki müqavilənin kirayə haqqı şərti üzrə tərəflər razılığa gəlmişlər ki (hər 450 manat) ödənilməlidir. Əslində faktki olaraq tərəflər arasında kirayə müqaviləsi bağlanmışdır, lakin həmin müqavilə qanunun tələblərinə zidd bağlandığı üçün əhəmiyyətsiz əqd kimi ehtibarsız sayılmalı idi və məhkəmə tərəfindən etibarsız əqdin hüquqi nəticələrinə görə maddi hüquq norması tədbiq edilməli idi. Məhkmənin ikinci kobud səhvi ondan ibarət olmuşdur ki, mübahisənin məhkəmədə davam etməsi müddətinin hamısını qarşlıqlı iddiaçının xeyrinə təsvir etmişdir və etibarsız müqavilə üzrə həmin müddət üçün də faktiki kirayə haqqı hesablamışdır. Cavabdeh (qarşılıqlı iddiaçı) ona maddi ziyanın vurulmasını əsasınadıra bilməmiş və öz tələbinin əsaslandırmaq üçün sübutlar təqdim edə bilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə baxışında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi-vəkili apellysiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər proses iştirakçıları məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın

14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

17. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

18. Maddə 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

19. Maddə 1092.1.1. Xarlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Hazırda qətnamənin ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın təmin olunan hissəsinin qanuniliyi və əsaslılığı yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, mənzil 18, giriş 1 xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir.

29. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(001)- 6203/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 İddiaçı qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiasının təmin olunması, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, mənzil 18, giriş 1 ünvanında yerləşən Cavabdeh2 məxsus mənzildən çıxarılması, həmin mənzilin Cavabdeh2 qaytarılması qət edilmişdir.

30. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 1223/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

31. Həmin qətnamədə göstərilmişdir ki, “cavabdeh İddiaçı iddia ərizəsində göstərilən mənzillə bağlı Elşad adlı şəxslə aralarında kirayə müqaviləsi bağlandığını, habelə, mənzildə kirayə qalması ilə bağlı 2021-ci ilin noyabr ayınadək kirayə haqqını ödədiyini bildirsə də, növbəti məhkəmə iclasında iştirak etməmiş, iştirak etdiyi məhkəmə iclaslarında isə izahatında göstərilənlərlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İşin müəyyən edilən hallarına görə, iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə olmamış, iddiaçı cavabdeh qarşısında heç bir öhdəlik götürməmişdir”. Bu halda Kollegiya xüsusi olaraq onu da qeyd etmişdir ki, cavabdeh iddiaya etirazının, həmçinin apellyasiya şikayətinin dəlillərini təsdiq edəcək sübutları nə birinci instansiya, nə də apellyasiya instansiyasına təqdim etməmiş, onun dəlilləri formal mülahizələrdən ibarət olmuşdur. Həmçinin, Kollegiya onu da qeyd etmişdir ki, avabdeh etirazında və izahatında 2021-ci ilin 20 noyabrına kimi mənzilin pulunu əvvəlcədən ödəmiş olduğunu və həmin tarixdən sonra evdən çıxa biləcəyini bildirmiş olsa da, hətta 2021-ci ilin 20 noyabrından 3 ay müddət ötmüş, cavabdeh yenə kirayə haqqı ödəmədən iddiaçının mülkiyyətində olan mənzilidən istifadə etməkdədir. Bu isə iddiaçının mülkiyyət hüquqlarının kobud pozulmasıdır”.

32. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, mənzil 18-ə 2021-ci ilin yanvar ayından 2023-cü ilin mart ayı daxil olmaqla 527 manat kommunal borcu var. Pretenziya məktubu 2022-ci ildə göndərildiyindən, 11700 manat məbləğində ödəniş edilməsi tələb edilmişdir.

33. Binəqədi rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarının və tələbin könüllü icrası haqqında bildirişin surətlərindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(001)-6203/2021 saylı icra sənədi üzrə icraata başlanılmış, borcluya icra sənədində göstərilən tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Borclu sözügedən qərardan Binəqədi Rayon Məhkəməsinə şikayət vermişdir.

34. Binəqədi rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli bildirişinin surətindən görünür ki, Yusifov X7 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(001)-6203/2021 saylı icra sənədini könüllü icra etmədiyindən, həmin icra vərəqəsinin məcburi icrası xx.xx.2023-cü il tarixə təyin edilmişdir.

35. xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(001)-6203/2021 saylı icra sənədinin icrası xx.xx.2023-cü il tarixə saat 10:00-a təyin edilmişdir. İcra sənədində göstərilən mənzil - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, mənzil 18 iş üzrə tələbkarın nümayəndəsinə təhvil verilmişdir.

36. İlkin növbədə ilkin iddia üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə qiymət verən kollegiya hesab edir ki, ilkin iddianı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

37. Belə ki, ilk iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

38. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında kirayə müqaviləsinin olmaması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə öz təsdiqini tapdığından, mövcud olmayan həmin müqavilə şərtlərinin cavabdehlər tərəfindən pozulması səbəbi ilə cavabdehlərin ilk iddiaçıya maddi və mənəvi zərər vurmaları da əsassız olur.

39. Digər tərəfdən ilk iddiaçı mübahisəli mənzilin 2021-ci ilin oktyabr ayına qədər istifadəsinə görə, Cavabdeh1 16500 manat ödəmiş etmiş olduğu bildirsə də, buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, işin birinci instansiya məhkəməsində araşdırılması zamanı ilk iddia üzrə iddiaçının mübahisəli mənzili xx.xx.2023-cü il tarixdə boşaltdığı (mənzildən çıxarıldığı) müəyyən edilmişdir ki, işin qeyd edilən halı da ilk iddia tələbinin əsassız olduğunu təstiqləyir.

40. Qarşılıqlı iddia üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə qiymət verən kollegiya hesab edir ki, qarşılıqlı iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

41. Belə ki, iş materiallarından göründüyü kimi, mübahisəli mənzilin xx.xx.2023-cü il tarixə qədər İddiaçı sahibliyində olması, onun ailə üzvləri birlikdə həmin mənzildə yaşaması işin mübahisəsiz halıdır. Qarşılıqlı iddiaçı onun (İddiaçı) mənzildən istifadəyə görə əvvəlki müddət üzrə ödənişlər etməsinə rəğmən, 2020-ci ilin avqust ayından hər hansı məbləğdə ödəniş etmədiyini bildirmişdir.

42. Mübahisəli mənzilin 2020-ci ilin avqust ayından xx.xx.2023-cü il tarixə qədər İddiaçı qanunsuz sahibliyində olmasına baxmayaraq, qarşılıqlı iddia üzrə iddiaçı pulun tutulması ilə bağlı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Ona görə kollegiya hesab edir ki, tutulmalı olan məbləğ hesablanarkən MPM-in 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla və tutulmalı olan məbləğ məhz 2020-ci ilin avqust ayından xx.xx.2023-cü il tarixə qədər hesablanmaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

43. Digər tərəfdən müəyyən edilmişdir ki, tərəflərin mübahisəli mənzildən istifadəyə görə əvvəlcədən müəyyənləşdirilmiş məbləğ 450 manat olmuş və həmin məbləği tərəflər mübahisələndirmir. Həmçinin müəyyən edilmişdir ki, ilk iddia üzrə iddiaçı həmin mənzildə xx.xx.2023-cü il tarixə qədər yaşamağa davam etmişdir. Bu hal öz-özlüyündə onu göstərir ki, o, həmin ərazidə oxşar şəraitli mənzildə yaşasaydı, həmin məbləğdə kirayə ödənişi etməli olacaqdı. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin prosessual qənaət prinsipinə uyğun olaraq həmin ərazidə oxşar şəraitli mənzilin kirayə dəyərinin müəyyən edilməsi məqsədi ilə qiymətləndirmə ekspertizasının təyin edilməsinin zəruri hesab etməməsi barədə mövqeyi ilə razılaşır.

44. Məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi, qarşılıqlı iddia üzrə cavabdeh iddiaçıya məxsus mənzildən istifadəyə görə ödəniş etmədən orada xx.xx.2023cü il tarixə qədər yaşamaqla onun hesabına əsassız olaraq varlanmış, iddiaçı isə öz əmlakından götürməli olduğu gəlirlərdən məhrum olmuşdur. Bu baxımdan da, kollegiyanın qənaətinə görə qarşılıqlı iddianın qismən təmin edilməsi və mənzildən qanunsuz istifadə və orada qaldığı müddət üçün kommunal xidmət haqqı olaraq cəmi 14.477 (13.950 + 527) manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh2 ödənilməli olması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

43. Kollegiya, apellyasiya şikayətinin “mübahisənin məhkəmədə davam etməsi müddətinin hamısını qarşılıqlı iddiaçının xeyrinə təsvir etmişdir və etibarsız müqavilə üzrə həmin müddət üçün də faktiki kirayə haqqı hesablamışdır” barədə dəlilini də əsassız olduğu qənaətindədir. Çünki, yuxarıda qeyd olunduğu kimi, məhkəmə qarşılıqlı iddia üzrə cavabdehdən tutulmalı olan pul məbləğinin qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxta qədər tutulmalı olması barədə qənaətə gəlmişdir.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “bir tərəfdən məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında hər hansı müqavilə mövcud deyil, digər tərəfdən müqavilənin mövcüd olmasını etiraf edir” barədə dəlilini də əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında kirayə müqaviləsinin olmaması halı iş materiallarında göstərilmiş qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. İşə baxan məhkəmə qətnamədə tərəflər arasında kirayə müqaviləsi olmasını qeyd etməmişdir və tutulan pul məbləği məhz “əsassız varlanma” əsası ilə tutulmuşdur .

45. Qeyd olunanlar kontekstdə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qətnaməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

47. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

48. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

49. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2001/2023 saylı iş üzrə 05 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar