Məhkəmə qərarları › İş №2(103)-5014/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5014/2022

20.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5014/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Vəkil2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Məmmədov Lazım Məsim oğlunun, Qətnamə ilə maraqlarına toxunulan şəxs "xxxx" MMC-nin nümayəndələri Vəkil1 və X3 iştirakı ilə, İlk iddiaçı "xxxx" MTK-nın cavabdeh Məmmədov Lazım Məsim oğluna qarşı müqavilələrin etibarsız hesab edilməsi barədə ilk iddiası və Məmmədov Lazım Məsim oğlunun cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli 2(007)-1527/2018 saylı qətnaməsindən qətnamə ilə maraqlarına toxunulan şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" MTK ilə Məmmədov Lazım Məsim oğlu arasında bağlanmış 19 sentyabr 2016-cı il tarixli müqaviləyə əsasən MTK Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti, 31 ünvanında inşa etdiyi binada ümumi sahəsi 100,17 kv.m olan 2 otaqlı 62 №-li mənzili Lazım Məmmədova verməyi, Lazım Məmmədov isə həmin mənzili qəbul etməyi və mənzil haqqını bu müqavilə ilə müəyyən edilmiş vaxtlarda ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə mənzilin dəyəri 65111 manat müəyyən edilmişdir.

2. 19 sentyabr 2016-cı il tarixli 4/78 saylı maliyyə arayışının əslindən görünür ki, həmin mənzilin dəyəri olan 65111 manat pul payçı Məmmədov Lazım Məsim oğlu tərəfindən ödənilmişdir, onun "xxxx" MTK-ya borcu yoxdur.

3. 19 sentyabr 2016-cı il tarixli digər müqavilədən görünür ki, tərəflər eyni şərtlərlə (tərəflərin hüquq və vəzifələri daha geniş formada müəyyən olunmaqla) qeyd olunan müqaviləni bağlamışlar. Razılaşma barədə müqavilənin 6-cı bəndində, əsas müqavilənin isə 3.4-cü bəndində göstərilir ki, “Alıcı”(“Payçı”) tərəfindən mənzilin dəyəri tam ödənilib. Razılaşma barədə müqavilə cavabdeh tərəfindən imzalansa da, digər müqavilədə onun imzası yoxdur. Lakin hər iki müqavilə iddiaçı tərəfindən imzalanmış və kooperativin möhürü ilə möhürlənmişdir.

4. "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanmış 21 iyul 2016-cı il tarixli 23 saylı müqaviləyə əsasən "xxxx" MMC "xxxx" MTK üçün 1 komplekt 1000 kq-lıq 16 dayanacaqlı, 1 komplekt 450 kq-lıq 16 dayanacaqlı liftlərin quraşdırılıb təhvil verilməsini, "xxxx" MTK isə görülən işə görə "xxxx" MMC-yə muzd ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə görülən işlərin dəyəri 90000 manat müəyyən edilmişdir.

5. "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanmış 21 iyul 2016-cı il tarixli 23 saylı müqaviləyə əlavə şəklində razılaşma protokoluna əsasən "xxxx" MTK müqavilənin ümumi dəyərinin 29898 manat hissəsini əvvəlcədən "xxxx" MMC-yə ödəməyi, müqavilənin ümumi dəyərinin qalan hissəsini Xırdalan şəhərində inşa etdiyi binanın 1-ci giriş, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100,17 kv.m olan 2 otaqlı 62 №-li mənzili "xxxx" MMC-yə rəsmiləşdirməklə ödəməyi öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı "xxxx" MTK cavabdeh Məmmədov Lazım Məsim oğluna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının 1-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 100,17 kv.m olan 2 otaqlı 62 saylı mənzilin müqavilə əsasında Məmmədov Lazım Məsim oğluna verilməsi barədə bağlanmış 19 sentyabr 2016-cı il tarixli “Mənzil tikintisi haqqında müqavilə”nin və 19 sentyabr 2016-cı il tarixli “Müqavilə”nin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məmmədov Lazım Məsim oğlu isə "xxxx" MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək "xxxx" MTK-dan ona məxsus olan 65111 manat pulun, əldən çıxmış faydaya görə 10000 manat pulun və ona vurulmuş mənəvi zərərə görə 5000 manat pulun, cəmi 80111 manat pul vəsaitinin, dövlət rüsumuna görə ödənilmiş 30 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli 2(007)-1527/2018 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının 1-ci giriş 12-ci mərtəbəsində, ümumi sahəsi 100,17 kv.m olan 2 otaqlı 62 saylı mənzilinin Məmmədov Lazım Məsim oğluna verilməsi barədə bağlanmış 19 sentyabr 2016-cı il tarixli “Mənzil tikintisi haqqında müqavilə”nin və 19 sentyabr 2016-cı il tarixli “Müqavilə”nin etibarsız hesab edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, "xxxx" MTK-dan 65111 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun alınıb Məmmədov Lazım Məsim oğluna verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. (hakim X2)

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, müqavilələrin etibarsız olmasını cavabdeh tərəf etiraf etdiyindən, müqavilələr etibarsız hesab edilməli, həmin müqavilələr üzrə Məmmədov Lazım Məsim oğlu tərəfindən "xxxx" MTK-ya 65111 manat məbləğində pul ödənilməsi həmin MTK-nın verdiyi maliyyə arayışı ilə təsdiq olunduğundan, müqavilə üzrə ödənilmiş pul "xxxx" MTK-dan alınıb Məmmədov Lazım Məsim oğluna verilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 337.5, Mülki Prosessual Məcəllənin 52.2, 191.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

10. "xxxx" MTK həmin qətnamədən apellyasiya şikayəti və buraxılmış müddətin bərpa olunması barədə ərizə vermiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli 2(007)-1527/2018 saylı qərardadı ilə müddətin bərpa olunmasından imtina edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin 13 fevral 2019-cu il tarixli 2(103)-2908/2019 saylı qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. 09 iyul 2019-cu il tarixdə qətnamədən maraqlarına toxunulan şəxs kimi X6 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli 2(007)-1527/2018 saylı qətnaməsinin "xxxx" MTK-dan 65111 manat pulun alınıb Məmmədov Lazım Məsim oğluna verilməsi hissəsində ləğv edilməsi və həmin hissədə qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. X6 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli 2(007)-1527/2018 saylı qətnaməsi qüvvədə saxlanılarsa və gələcəkdə icra edilərsə, onun direktoru olduğu "xxxx" MMC ilə "xxxx" MTK arasında liftlərin quraşdırılmasına dair 21 iyul 2016-cı il tarixli 23 saylı müqaviləyə əsasən görülən işlərin dəyərinin bir hissəsi kimi "xxxx" MTK tərəfindən mübahisəli mənzilin satış üçün icraçıya ayrılması onda X6 liftlərin dəyərinin bir hissəsinin əvəzi olaraq ona ayrılmış mübahisəli mənzildən və həmin mənzilin satışından əldə etməli olduğu vəsaitdən məhrum ola bilər.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 13278/2019 saylı qətnaməsi ilə X3 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1527/2018 saylı mülki iş üzrə 04 iyul 2022-ci il tarixli qətnaməsi qismən (qarşılıqlı iddianın təmin edildiyi hissədə) ləğv edilmiş, qarşılıqlı iddia təmin olunmamışdır.

Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2020ci il tarixli 2(102)-2730/2020 saylı qərarı ilə Məmmədov Lazım Məsim oğlunun kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-13278/2019 saylı qətnaməsi ləğv edilmiş, işə apellyasiya qaydasında yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 673/2021 saylı qətnaməsi ilə X3 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1527/2018 saylı mülki iş üzrə 04 iyul 2022-ci il tarixli qətnaməsi qismən (qarşılıqlı iddianın təmin edildiyi hissədə) ləğv edilmiş, qarşılıqlı iddia təmin olunmamışdır.

Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2021ci il tarixli 2(102)-3504/2020 saylı qərarı ilə Məmmədov Lazım Məsim oğlunun kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-673/2021 saylı qətnaməsi ləğv edilmiş, işə apellyasiya qaydasında yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 10373/2021 saylı qərardadı ilə apellyasiyanın mümkünlüyü barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2019-cu il tarixli 2(103)-12034/2019 saylı qərardadı ləğv edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli 2(007)-1527/2018 saylı qətnaməsindən X3 apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilmiş və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyası belə hesab etmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli 2(007)-1527/2018 saylı qətnaməsindən X3 apellyasiya şikayəti üzrə apellyasiya mümkün hesab edilərkən, qətnamənin X3 maraqlarına (hüquq və vəzifələrinə) toxunmaması, liftlərin quraşdırılmasına dair 21 iyul 2016-cı il tarixli 23 saylı müqavilənin fiziki şəxs X6 ilə yox, "xxxx" MMC ilə "xxxx" MTK arasında bağlanması nəzərə alınmamışdır.

"xxxx" MMC-nin apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

19. "xxxx" MMC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin olunmasına dair hissədə ləğv edilməsini və həmin hissədə iddianın təmin olunmamasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli 2(007)-1527/2018 saylı qətnaməsi qüvvədə saxlanılarsa və gələcəkdə icra edilərsə, "xxxx" MMC ilə "xxxx" MTK arasında liftlərin quraşdırılmasına dair 21 iyul 2016-cı il tarixli 23 saylı müqaviləyə əsasən "xxxx" MMC liftlərin dəyərinin bir hissəsinin əvəzi olaraq ona ayrılmış mübahisəli mənzildən və həmin mənzilin satışından əldə etməli olduğu vəsaitdən məhrum ola bilər. Apellyator hesab edir ki, cavabdeh Məmmədov Lazım Məsim oğlunun həmin mənzilə görə "xxxx" MTK-ya pul ödəməməsi iş materialları ilə sübut olunduğu halda, məhkəmə əsassız olaraq 65111 manat pulun "xxxx" MTK-dan alınıb Lazım Məmmədova ödənilməsini qət etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında iştirak edən apellyatorun nümayəndələri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Vəkil2 da şikayətin əsaslı olduğunu bildirərək təmin olunmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Məmmədov Lazım Məsim oğlu izahatında bildirdi ki, şikayət əsassızdır və təmin olunmamalıdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;... 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırkı apellyasiya şikayətində qətnamənin qismən (qarşılıqlı iddianın təmin olunduğu hissədə) ləğv olunub qarşılıqlı iddianın təmin olunmaması xahiş olunduğundan, qətnamə yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. İş materiallarından görünür ki, "xxxx" MTK ilə Məmmədov Lazım Məsim oğlu arasında bağlanmış 19 sentyabr 2016-cı il tarixli müqaviləyə əsasən MTK Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti, 31 ünvanında inşa etdiyi binada ümumi sahəsi 100,17 kv.m olan 2 otaqlı 62 №-li mənzili Lazım Məmmədova verməyi, Cavabdeh isə həmin mənzili qəbul etməyi və mənzil haqqını bu müqavilə ilə müəyyən edilmiş vaxtlarda ödəməyi öhdəsinə götürsə də, Məmmədov Lazım Məsim oğlu müqavilədə nəzərdə tutulmuş mənzilin dəyəri olan 65111 manat pulu "xxxx" MTK-ya ödəməmişdir. Belə ki, Lazım Məmmədov iş yoldaşının vasitəsilə tanıdığı X1 İran İslam Respublikasından mərmər materiallarının gətirilməsi ilə bağlı 2014-cü ilin mart ayında 1 il müddətinə qaytarmaq şərtilə 40000 manat borc vermiş, Maşallah Xəlilov borcunu qaytara bilmədiyinə görə ona olan 40000 manat borcunun əvəzində Xırdalan şəhəri H.Əliyev prospekti, 31 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş binada sahəsi 100,17 kv.metr olan 62 saylı mənzilə dair onun adına bağlanmış müqaviləni bir nüsxədə və xx.xx.2016-cı il tarixli maliyyə arayışını vermişdir. Lazım Məmmədov izahatında bildirmişdir ki, Maşallaha verdiyi 40000 manatdan əlavə, qalan 25000 manat pulu X4 çatdırması üçün Qulu adlı şəxsə versə də, həmin 25000 manat pulun Alış Vəliyevə çatdırılmasından məlumatı yoxdur. Məhkəmə araşdırması zamanı Məmmədov Lazım Məsim oğlu özü də etiraf etmişdir ki, müqavilədə olan imza ona məxsus deyil, müqavilədəki imzanı onun əvəzindən Ədalət adlı tanışı çəkmişdir. Bundan əlavə, o, "xxxx" MTK-ya 62 saylı mənzilə görə pul ödəməmiş, həmin mənzil Maşallah adlı şəxsin ona olan 40000 manat məbləğində borcun müqabilində əvəzləşdirilmiş, qalan 25000 manat pulu isə mənzilin onun adına sənədləşdirilməsi üçün müvafiq sənədləri qəbul etmiş Alış Vəliyevə çatdırması üçün Qulu adlı şəxsə vermişdir. Beləliklə, 19 sentyabr 2016-cı il tarixli müqavilələr üzrə 62 saylı mənzilə görə Məmmədov Lazım Məsim oğlu tərəfindən "xxxx" MTK-ya pul vəsaiti ödənilməməsi Lazım Məmmədovun etirafedici izahatları ilə yanaşı, iş materiallarında olan sənədlərlə sübuta yetirilmişdir. Mülki Məcəllənin 337.5-ci maddəsində əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göründüyü kimi, "xxxx" MTK etibarsız hesab edilmiş 19 sentyabr 2016-cı il tarixli müqavilələr üzrə Məmmədov Lazım Məsim oğlundan pul vəsaiti və ya sair əmlak almadığına görə mənzilin dəyəri olan 65111 manat pul həmin MTK-dan alınıb Lazım Məmmədova verilə bilməz.

26. Məhkəmə kollegiyası hesab edir ki, birinc instansiya məhkəməsi qarşılıqlı iddianı təmin edərkən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş maddi hüquq normalarını pozmuşdur.

27. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin olunması, yəni "xxxx" MTKdan 65111 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun alınıb Məmmədov Lazım Məsim oğluna verilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir.

28. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Qətnamə ilə maraqlarına toxunulan şəxs "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1527/2018 saylı mülki iş üzrə 04 iyul 2018-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın qismən təmin olunması, yəni "xxxx" MTKdan 65111 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun alınıb Məmmədov Lazım Məsim oğluna verilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu Məmmədov Lazım Məsim oğlundan alınıb "xxxx" MMC-yə ödənilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” sistemində yaradılan elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar