Məhkəmə qərarları › İş №2(103)-502/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-502/2021

06.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-502/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehlərin vəkili X1 iştirakları, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.03.2020-ci il tarixli, 2(006)-674/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zərərin əvəzi olaraq 25800 manat, mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınıb ona ödənilməsi və ümumi zərərin cavabdehlər arasında ½ hissəyə bölünərək Cavabdeh2 ümumilikdə 17900 manat, Cavabdeh1 ümumilikdə 17900 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, “Face” gözəllik salonunda yandırılmış saçlarının müalicəsinə və bərpasına çəkməli olduğu xərclər 21980 manat real zərər, 10000 manat mənəvi zərərin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, saçlarının rənglənib formaya salınması üçün 15 iyul 2019-ci il tarixində ünvan 1 ünvanında yerləşən “Face” gözəllik salonuna getmişdir. Salonda usta işləyən Cavabdeh2 saçlarını rəngləyib və formaya salarkən saçlarını yandırmışdır. 17.07.2019-ci il tarixində “Face” gözəllik salonuna usta Cavabdeh2 yanına getmiş və saçlarını yandırdığını, saçlarının qopduğunu bildirmişdir. Cavabdeh2 xahis etmişdir ki, yandırdığı saçlarını müalicə etməyə kömək etsin. Elvin əvvəlcə onunla böyük mübahisəyə girərək saçlarının yanmadığını iddia etməyə başlamışdır. Daha sonrasaçlarının yanmasını gördükdə o, üzərinə hücuma keçərək saçlarını müalicə etməyəcəyini, hara istəyirsən get, saçlarını orda düzəltdir deyərək onunla çox kobud və alçaldıcı rəftar edərək salondan qovmağa çalışmışdır.Salonun rəhbəri kimi təqdim edilən Rüfət adlı şəxs də saçlarının müalicə edilməsində ona heç bir kömək etməmişdir. “Face” gözəllik salonunun rəhbəri Cavabdeh1, usta Cavabdeh2 ona qarşı qanunsuz hərəkətlərinindən Nərimanov Rayonu Polis İdarəsinin 18-ci Polis Şöbəsinə şikayət etmişdir. Nərimanov rayonu Polis idarəsinin 18 iyul 2019 il tarixli qərarı ilə saçlarının kimyəvi maddələrlə yandırılması faktının müyyən edilməsi məqsədi ilə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. 25.07.2019-ci il tarixli, T229/2019 saylı ekspert rəyi ilə 15.07.2019-ci tarixində kimyəvi maddələrin təsirindən saçlarının yanması, tökülməsi, ənsə hissələrdə tökülmə, dəridə və saçlarda dəyişikliklərin yaranması faktı təsdiq edilmişdir. Yanmanın təsirindən 40 sm uzunluqda olan saçlarının yarısını kəsdirmək məcburiyyətində qalmışdır. Başının dərisi, saç kökləri zədələnmiş, saçlarının 70 faizi qopmuşdur və saçlarında dazlaşma yaranmışdır. Müalicə edilmədən qopan saçlar bərpa edilə bilmir. Yanmadan 5 ay sonra saçların və saç dibinin mikroskopik müayinəsi zamanı bəlli olmuşdur ki, başının dərisində yaranmış yanma hələ də sağalmamışdır və başının diblərində qızartı və ağrılar hələ də qalmaqdadır. Əgər təcilli müalicə olunmazsa qalan saçları da qopacaq və saçları bərpa edilə bilməyəcək. X9 özünü salonun rəhbəri kimi təqdim etmişdir. Həmçinin salonda işləyən işçilər də onu salonun əsl sahibi olduğunu bildirmişlər. Sonradan məlum olmuşdur ki, Face gözəllik salonunun rəsmi sahibi Cavabdeh3dur. Bağırov Rüfət salonun qanuni sahibinin Cavabdeh3 olması faktını qəsdən gizlətmişdir. Face gözəllik salonunda saç ustası Cavabdeh2, salonun rəhbərləri X4, Cavabdeh3 təqsiri üzündən saçları yandırılmış, bu səbəbdən saçlarının müalicəsinə böyük xərc çəkməyə məcbur olmuş və onlar tərəfindən ona böyük zərər vurulmuşdur. Mütəxəssiz rəyindən məlum olmuşdur ki, saçlarında 1-ci dərəcə yanma yaranmışdır. Saçlar islandıqda yapışqan kimidir, quruduqda isə çox coddur. Saçlar qopur, yanmanın təsirindən saçlarda qopma davam edir. Saçların yanmasına səbəb saçlara sürülən boyanın keyfiyyətsiz olması və boyanın düzgün istifadə olunmamasıdır. Bu zaman keyfiyyətsiz və yüksək dozalı boyalar saçların içindəki keratinı və suyu yox edir, saçların pulcuqlarını zədələyir, saçları nazikləşdirir. Saçlar müalicə olunmazsa sarı rənglərin başladığı yerdən qopmalar zamanla da davam edəcək. Yanmanın təsirindən qırılan qurumuş və cod saçlara keratin və su yüklənməsi gərəkir. Bunun üçün Keratin Botoks istifadə edilməlidir. Saçlarda 1-ci dərəcə yanma olduğu üçün Keratin botoks 2 həftədən bir 2 il ərzində yapılması gərəkir. Keratin Botoks müalicəsi zamanı saçlar müntəzəm olaraq tərkibində sulfat və paraben olmayan xüsusi Keratin sampunu və keratin maskası ilə yuyulmalıdır. Qiyməti: Saçlara 1 fəfə Keratin botoks çəkilməsinin qiyməti-100 manat, keratin şampunun 1 litri 60-100 manat, PRO HARMONY markalı keratin maskasının 1 litri100 manatdır. İstifadədən asılı olaraq 1 litr şampun 3-4 ay, 1 litr maska 5-6 ay müddətində istifadə oluna bilər. 1 il ərzində 3-4 şampun, 2- 2,4 maska, 2 il ərzində 6-8 şampun, 4-5 maskanın alınması, Keratin Botoks 2 həftədən bir 1 ayda 2 dəfə olmaqla 1 il ərzində 24 dəfə, 2 il ərzində 48 dəfə yapılması gərəkir. Ümumilikdə 2 il ərzində 48 dəfə Keratin Botoks üçün 4800 manat, 8 şampun 800 manat, maska 500 manat toplam 6580 manat pulun xərclənməsi gərəkir. Kimyəvi boyaların yandırıcı təsirindən saç kökləri və saç soğanaqları zədələndiyi üçün dibdən qopan saçlar müalicə olunmadan bərpa oluna bilmir. Bunun üçün saçların uzanmasını sürətləndirmək və saç köklərini qidalandırmaq məqsədi ilə saçlara “Kerastase Densifıque” seti istifadə olunmalıdır. Setə 90 ampul, şampun və maska daxildir. 3 ay müddətində hər gün saç diblərinə 1 ampul çəkilir, saçlar “KerastaseDensifıque” şampunu və maskası ilə yuyulur. 1 ildə 1 dəfə olmaqla 2 il ərzində 2 dəfə istifadəsi məsləhətdir. Qiyməti: “Kerastase Densifıque” setinin qiyməti - 1700 manatdır. Ümumilikdə 2 il ərzində 2 dəfə istifadə olunmaqla “Kerastase Densifıque” setinə toplam 3 400 manat pulun xərclənməsi lazımdır. 2-ci qulluq ürünləri saç tellərini bəsləyəcək, saçları ətraf mühütün zərərli təsirlərindən və istidən qoruyacaq. 2-ci qulluq ürünləri olan Loreal Kerastase məhsulunun xüsusi şampunu, maskası və yağından isifadə olunmalıdır. Qiyməti: Kerastase sampunu 250 qram olmaqla 1 ədədinin qiyməti -85 manat, Kerastase maska 500 qram olmaqla 1 ədədinin qiyməti -140 manat, Kerastase yağı 200 qram olmaqla 1 ədədinin qiyməti - 200 manatdır. Yanıq saçlar kəsilib təmizlənənə qədər, saçlar əvvəlki uzunluğunu bərpa edənə qədər 2-3 il müddətində s:fadə olunması zəruridir. 250 qram şampun 1 ay, 500 qram maska 6 ay, 200 qram yağ 1 i müddətində istifadə oluna bilər. Ümumilikdə 1 il ərzində ayda 12 şampun üçün-1020 manat, 2 maska-280 manat, 1 ədəd yağ-200 manat, toplam 1500 manat, 2 il ərzində isə 3000 manat pulun xərclənməsi gərəkir. Saçlar müalicə edilməyə başladıqdan bir qədər sonra saçlara qaynaq yapıla bilər. Qaynaqlar saçlara dibdən 1 sm aralıda yapıldığı üçün 3 aydan sonra qaynaqların altında qalan saçlarin uzunluğu 3 sm qədər uzanır. Bu zaman saçlar dibdən dolaşmağa başlayır. Odur ki, qaynaqlar 3 aydan bir sökülməli və saç diblərinə təkrar yapılmalıdır. Sokap qaynaqları keyfiyyətlidir, saçları zədələmir, istifadəsi məsləhətdir. Qiyməti: Saçlar daxil olmaqla Sokap qaynaqlarının 1-ci etapının qiyməti 2000 manat, 2-ci və 3-cü etaplarının hər birinin qiyməti 450-500 manatdır. 1 il ərzində 3 dəfə yapılması gərəkir. Bunun üçün 3000 manat pulun xərclənməsi tələb olunur. Saçlar əvvəkli uzunluğunu bərpa edənə qədər 3 il müddətinə qaynaqlara toplam 9 000 manat pulun xərclənməsi tələb olunur. Saçlarının müalicə olunması və bərpası üçün ümumilikdə Keratin Botoks setinə - 6580 manat, ’’Kerastase Densifıque” setinə toplam 3400 manat, 2-ci qulluq olan Kerastase ürünlərinə 3000 manat, Sokap qaynaqlarına 9000 manat, toplam 21980 manat real zərər dəymişdir. Odur ki, “Face" gözəllik salonun rəhbəri Cavabdeh1 Çinğiz oğlu, Cavabdeh3 və işçisi olan Cavabdeh2 ona vurduğu zərər üçün məsuliyyət daşıyırlar. Saçlarının yandırılması ilə bağlı o, agır mənəvi iztirablar və sarsıntılar keçirmiş, sağlam, gözəl, uzun saçlarından məhrum olmuşdur. Təqsirkarlar tərəfindən onamənəvi zərər yetirilmişdir. “Face” gözəllik salonunda saçlarının yandırılması onaağır mənəvi zərbə vurmuş, stress yaratmış, mənəvi iztirab və sarsıntılar keçirtdiyi üçün işləyə bilməmiş, fəal əmək və ictimai həyat tərzindən məhrum olmuş və nəticədə böyük qazanc itirmişdir. “Face” gözəllik salonu ictimai iaşə obyekti olduğundan mənəvi zərər vuran şəxslərin usta Cavabdeh2 və salonun rəhbərləri Cavabdeh1, Cavabdeh3 əlbir olması, onu keyfiyyətli xidmət adı ilə aldadaraq, ucuz və keyfiyyətsiz kimyəvi maddələrlə saçlarını tamah məqsədi ilə yandırmasını, əməlin qanunu pozmaqla, qadına qarşı, təqsirli olaraq törədilməsini, peşəsini, cəmiyyətdə mövqeyini, keçirtdiyi mənəvi sarsıntı və iztirabları, bunun nəticəsində onadəyən zərəri, zərər vuran şəxslərin sayını və diğər diqqətəlayiq halları nəzərə alaraq “Face” gözəllik salonun saç ustası Cavabdeh2 və gözəllik salonun rəhbərləri Cavabdeh1, Cavabdeh3 onların onavurduqları 10000 manat məbləğində mənəvi zərəri, 21980 manat məbləğində çəkməli olduğu zərəri ödəməsini tələb edir. Face gözəllik salonunda qeyri-peşəkər xidmət göstərilməklə həmçinin mənşəyi məlum olmayan keyfiyyətsiz kimyəvi boylarla saçları yandırılmış, sağlamlığına və saçlarına zərər vurulmuş, istehkalçı hüquqları qəsdən və təqsirli olaraq pozulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.03.2020-ci il tarixli, 2(006)-674/2020 nömrəli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, mənəvi zərərin əvəzi olaraq 1000 (min) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddia digər hissədə təmin olunmaması qət olunmuşdur. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin 2 (006)-674/2020 saylı,19.03.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ’Face” gözəllik salonunda yandırılmış saçlarının müalicəsinə və bərpasına çəkməli olduğu xərclər 21.980,0 manat real zərər, 10.000,0 manat mənəvi zərər cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 alınıb ona ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırır ki, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi aşağıda qeyd edilənlərə əsasən qanunsuz, ədalətsiz və qərəzlidir.Məhkəmə iddia tələbinin maddi zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd edir sübutetmə yükü üzərinə düşən iddaçı ona 21980 manat maddi zərər vurulduğunu - bildirsə də həmin zərərin nədə ifadə olunduğunu göstərən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddaçı maddi zərərin nədən ibarət olmasını əsaslandıra bilmədiyindən, məhkəmə hesab eir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. 1. Məhkəmə real zərər olan tələbini təhrif etmiş onu maddi zərər kimi göstərmiş və real zərərlə bağlı təqdim etdiyi sübutları qəsdən və qərəzli olaraq gizlətmişdir. Belə ki, onun istehlakçı hüqquqları pozulmuş, təqsirli şəxslər tərəfindən yüksək keyfiyyətli xidmət göstərəcəkləri adı ilə aldadılmış, saçalrının rənglənməsi zamanı insan həyat və sağlamlığı üçün zərərli olan keyfiyyətsiz kimyəvi boyalardan istifadə olunaraq saçları və baş dərisi yandırılmışdır. Bu səbəbdən məhkəmədən saçlarını müalicə etmək üçün çəkdiyi və çəkməli olduğu xərcin ödənilməsini tələb etmişdir. 2. Məhkəmənin 19 fevral 2020-ci il tarixli iclasında saçlarını müalicə edən saç ustası mütəxəsisi olan Alkan Karakaya şəxsən iclasda iştirak etmiş, ifadə vermiş, zərərin nədə ifadə olunduğunu göstərmiş, saçlarının yanma dərəcəsini, göstərilən müalicə üsullarını, müddətlərini, müalicə üçün istifadə edilən məhsulları və onların qiymətlərini bildirmiş, çəkdiyi və çəkməli olduğu xərcləri dəqiqliklə göstərmiş, həmçinin hazırladığı yazılı rəyini məhkəməyə təqdim etmiş, proses iştirakçılarının suallarını cablandırmışdır.Saç ustası mütəxəsisi həm yazılı rəyində həm də ifadəsində göstərmişdir ki, saçlar birinci dərəcədə yanmış, baş dərisi zədələnmiş, saçlar dibdən qopmuş, qopmaqda davam edir.Baş dərisi yandığı üçün saç kökləri zədələnmiş, qopan saçların yerinə yeni saçlar çıxmır, dazlaşma yaranmışdır.Alkan Karakaya bildirmişdir ki, hazırda onun saçları müalicəsinə başlayıb, saçlar dibdən yandığı və qopduğu üçün saçlar əvvəliki uzunluğunu bərpa edənə qədər müalicə 3 il müddətində mərhələli olaraq davam etdirilməlidir və saçlarının müalicəsinə və xüsusi qulluq göstərilməsinə toplam 2 980 manat xərc tələb olunur. Mütəxəsis rəyində tələb olunan müalicə və qulluq xərcləri, müalicədə istifadə olunan məhsulların, şampunların, maskalarının hər birinin qiymətləri, çəkiləri, istifadə müddətləri göstərilmişdir.Mütəxəsisin ifadəsi və rəyini təqdim etməklə yanaşı saçlarının müalicəsinə çəkdiyi və çəkməli olduğu xərcin (zərərin) qiymətləndirilməsi üçün əlavə olaraq məhkəmənin ekspertiza təyin etməsi üçün vəsatət vermişdir.Lakin məhkəmə mütəxəsis rəyinin və ifadəsinin kifayət etdiyini, ekspertizanın keçirilməsinə elıtiyaç olmadığını bildirərək həmin vəsatəti təmin etməmişdir. Əgər məhkəmə mütəxəssis rəyi ilə razı deyildirsə zərərin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi barədə verdiyi vəsatəti təmin etməli və ekspertiza təyin etməli idi. Qeyd edir ki, Alkan Karakaya ölkəmizdə tanınmış və təcrübəli saç ustası mütəxəssisidir, saç ustası peşəsinə dair yerli saç ustalarının peşə hazırliğının artırılması nəqsədi ilə onlara təlimlər, seminarlar keçirir.Saç ustası mütəxəssisi Alkan Karakayanın məhkəmədə şəxsən iştirakı 19 fevral 2020-ci il tarixli məhkəmənin iclas potokoluna daxil edilmiş, mütəxəssis rəyi rəsmi qaydada məhkəməyə təqdim olunmuşdur.Zərərin qiymətləndirilməsi barədə mütəxəssis rəyini və mütəxəssisin ifadəsini məhkəmə digər sübutlarla birlikdə qiymətləndirməmiş və qarşı tərəfin xeyrinə iddia tələbini bu hissəsə təmin etməmək üçün sübut hesab edilən bu halları qətnamədə qəsdən və qərəzli olaraq göstərməmişdir. Zərərlə bağlı mütətəxəsis rəyinin təqdim edildiyi, mütəxəssis şəxsən məhkəmə iclasında ifadə verdiyi halda hakim bu faktı görməzdən gəlmiş, bu faktları qətnaməyə qəsdən daxil etməmiş və onu sübut tədim etməməkdə ittiham etmişdir, məhkəmənin bu hərəkəti hakimin iddiaçıya şər, böhtan atması, prosessual qanunları kobud şəkildə pozmasıdır.3.Məhkəmənin 19 fevral 2020-ci il tarixli iclasında iddiaçı tərəfindən mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinın hüquq departamentinin rəisi X10 şəxsən iştirak etmiş, Məhkəmədə ifadə vermiş, iddianı müdafiə etmiş və bildirmişdir ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun tələblərinə görə onun istehlakçı hüquqları pozulmuş, bu işdə cavabdehlər təqsirlidir və sözü gedən qanunun tələblərinə görə iddia tələbi əsaslıdır, məhkəmə iddianı təmin etməli, ona vurulan zərər qiymətləndirilməli və zərərin əvəzi tam ödənilməlidir.X6 çıxışı məhkəmənin 19 fevral 2020-ci il tarixli iclas protokolina daxil edilmiş, lakin hakim bu faktı da qətnamədə göstərməmişdir.Hakimin bu hərəkətləri deməyə əsas verir ki, o, iddiaçının tələbinin və istehlakçı hüquqlarının dövlətin tərəfindən qorunduğunu, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti vasitəsi ilə müdafiə edildiyini gizlətməyə çalışmışdır. 4. Saçlarının və baş dərisinin yandırılmasının səbəblərindən biri də “Face studio” gözəllik salonun istifadə etdiyi məhsulların keyfiyyətsiz və insanın həyat və sağlamlığı üçün təhlükəli olmasıdır. Obyektiv və hərtərəfli araşdırma aparmaq üçün hakim Cavabdeh2 həmçinin “Face studio” gözəllik salonun istifadə etdiyi boyaların və gigər kimyəvi pereparatların istifadəyə yararlığını, həyat və sağlamlıq üçün təhlükəli olub-olmamasını, həmin malların müvafiq sertifikatını, əldə edilmə mənbəyini, ölkəmizdə istifadəsinə icazə verilməsini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsini qarşı tərəfdən tələb etməli və yoxlamalı idi. Məhkəmə bu işi öz təşəbbüsü ilə etməli olduğu halda həmin sənədlərin məhkəməyə təqdim edilməsi barədə verdiyi vəsatəti heç bir əsas gətirmədən təmin etməmişdir. Məhkəmə Cavabdeh1 münasibətdə bildirir ki, onun “Face studio” ilə rəsmi bağlılığı müəyyən edilmədiyindən tələb bu hissədə əsassızdır. 5. Bu halla bağlı bildirmək istəyir ki, iş materialında olan Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə ilkin izahatında Cavabdeh1 bildirib ki, “Face studio” gözəllik salonu ona məxsusdur, o, həmin salonun qanuni sahibidir və Cavabdeh2 onun rəsmi işçisidir. Sonradan “Face studio” nun rəsmi sahibinin Cavabdeh3 olduğu müəyyən edilmişdir. Bu fakt Cavabdeh1 məhkəməyə yalan ifadə verdiyini və əməllərində cinayətin əlamətlərinin olmasına əsaslı şübhələr yaratmışdır. Cavabdehlərin əməllərində Cinayət Məcəlləsinin 192-ci maddəsinin (Qanunsuz sahibkarlıq), 193-ci maddəsinin (Yalançı sahibkarlıq), 200-ci maddəsinin (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul tehsal etmə və satma), həmçinin istehlakçıların hüquqlarının pozulmasına görə İnzibati xətalar Məcəlləsinin 442, 447-ci maddələrinin əlamətləri məhkəmədə müəyyən edilmişdir. Cavabdehlər barəsində xüsusi qərardadın qəbul edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir.Lakin məhkəmə xüsusi qərardad barədə ərizəni təmin etməmiş, çıxardığı qətnamədə də xüsusi qərardadın çıxarılmasına münasibət bildirməmişdir. Məhkəmənin 19 mart 2020-ci il tarixli iclas protokolunda isə qeyd edilir ki, məhkəmə qətnaməni və qəradadı elan etmişdir. Lakin məhkəmə yalnız qətnamənin nəticə hissəsini elan etmişdir. Sonradan şifahi və yazılı ərizə ilə müraciət etsə də hakim bu günə qədər həmin qərardadı ona verməmiş və iş materialları ilə də tanış edilməyinə şərait yaratmamışdır.Sonda məhkəmə özünün gəldiyi nəticədə cavabdehlər tərəfindən saçlarının təqsirli olaraq yandırilması faktını təsdiq edir və bu səbəbdən 1000 manat məbləğində mənəvi zərərin ödənilməsi qənaətinə gəlir, lakin real zərərin əvəzinin ödənilməsi üçün yəni iddiaçının çəkdiyi və çəkməli olduğu xərclər barədə təqdim etdiyi sübutları, mütəxəsis rəyini mütəxəsisin ifadəsini qətnaməyə daxil etməyərək iddia tələbini bu hissədə cavadehlərin xeyrinə təmin etmir.Hakim istehlakçı hüquqlarının dövlət adından İqtisadiyyat Nazirliyi tərəfindən müdafiə edildiyi faktını da qətnaməyə gizlətməyə çalışmış, cavabdehlərin qanunzuz və cinayət hesab edilən əməllərinə göz yumaraq barələrində xüsusi qəradad qəbul etməmiş və xüsusu qərdadın qəbul edilməməsi barədə qərardad qəbul etməmiş, və xüsusi qərardada qətnamədə də münasibət bildirməmişdir, “Face studio” gözəllik salonunda istifadə edilən boyaların müvafiq sertifikatlarını, istifadəsinə icazə verilməsini təsdiq edən sənədləri cavabdehlərdən tələb edilməsi barədə vəsatətini təmin etməmişdir. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdehlərin vəkili apellyasiya şikayətinə etiraz edərək , birinci instansiya məhkəməsində bildirdiyi mövqeyini müdafiə etdiyini qeyd edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. İş üzrə digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası tərəfləri dinləyərək, iş üzrə materialları, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan işəgötürənin səlahiyyətlərini həyata keçirən Cavabdeh3 (VÖEN **********) ilə Cavabdeh2 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, işçi Cavabdeh2 “FACE studio” gözəllik salonuna saç ustası vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin T 229/2019 №-li, 25.07.2019-cu il tarixli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı hər iki gicgah nahiyəsində saçların tökülməsi, dəridə və saçlarda aşkar edilmiş dəyişikliklər saçlarına qoyulmuş hər hansı bir kimyəvi rəngin təsiri nəticəsində əmələ gəlmiş, müddəti özünün müayinəsindən 3-5 gün əvvələ uyğun gəlir, qərarda göstərilən tarixdə, yəni 15.07.2019-cu ildə əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan cinayət işinin rədd edilməsi haqqında 18 sentyabr 2019-cu il tarixli qərarın surətindən görünür ki, İddiaçı “FACE studia” gözəllik salonunda Cavabdeh2 tərəfindən saçlarına düzgün qulluq edilməməsi nəticəsində saçlarının və saç dərisinin yanması barədə ərizəsi əsasında toplanmış 385-C19 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli, 6(005)-136/2019 saylı qərarının surətindən görünür ki, İddiaçı cinayət işinin rədd edilməsi haqqında 18 sentyabr 2019-cu il tarixli qərardan verdiyi şikayət təmin edilmiş, qərarın ləğv edilməsi və material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır. Apellyasiya baxışı zamanı təyin olunmuş Ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 21.01.2021-ci il tarixli, 9/3726-9/3727 saylı ekspert rəyindən görünür ki, tədqiqatın nəticəsinə əsasən birinci və ikinci suallar üzrə İş materiallarında olan “X15 by Hüseynova” gözəllik salonunun 18.12.2019-cu il tarixli mütəxəssis rəyindəki məlumatlardan istifadə edilməklə iddia ərizəsində göstərilən qulluq vasitələrinin orta bazar qiyməti ilə dəyəri və 13 ay ərzində çəkilməli ümumi xərc təxminən 10125,0 manat müəyyən olunur.Ümumilikdə 3 il ərzində saçların müalicəsinə və saçlarına qulluq göstərilməsi üçün Keratin Botoks setinə-6580 manat, “Kerastase Densifique” setinə toplam 3400 manat, 2-ci qulluq olan Kerastase ürünlərinə 3000 manat, Sokap qaynaqlarına 9000 manat, toplam 21980 manat xərc tələb olunur. Üçüncü sual üzrə Məhkəmə tərəfindən təyin edilmiş qərardadda ekspert qarşısında “Saçların əvvəlki uzunluğunun və sağlamlığının bərpa olunması üçün nə qədər müddət lazım olduğu, yuxarıda qeyd edilən müalicə vasitələrinin istifadəsinə çəkilən xərclər və onlardan əlavə olaraq digər müalicə vasitələrinə zərurətin olması və bunun üçün çəkilən xərclər müəyyən edilsin” sualı qoyulmuşdur. Qeyd edilir ki, ekspert qarşısında qoyulmuş sual məhkəmə mühasibat ekspertizası predmetinə aid deyildir. Bu səbəbdəndə ekspert qarşısında qoyulmuş sual üzrə tədqiqat aparılmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsi, istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması, malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə, malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək, qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsi, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüququna malikdirlər. Həmin Qanunun 9-cu maddəsinin 10-cu bəndinə əsasən iş görülməsində və xidmət göstərilməsində, istehlakçının həyatını, sağlamlığını və ya əmlakının təhlükəsizliyini təmin etməyən materialların, avadanlıqların cihazların, alətlərin, qurğuların və başqa vasitələrin tətbiqi nəticəsində vətəndaşın həyatına, sağlamlığına və ya əmlakına zərər dəyərsə, icraçı onlar xassələrini bilib-bilmədiyindən asılı olmayaraq məsuliyyət daşıyır. Eyni Qanunun 11-ci maddəsinə əsasən malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir. Eyni Qanunun 12-ci maddəsinə əsasən istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı15 iyul 2019-ci il tarixində qanuni mülkiyyətçisi fərdi sahibkar Cavabdeh3 olan “FACE Studio” adı altında fəaliyyət göstərən gözəllik salonunda saçlarını rənglətmək üçün həmin salonda əmək müqaviləsi əsasında saç ustası vəzifəsində çalışan Cavabdeh2 müraciət etmişdir. Hazırda iddiaçı Cavabdeh2 mənşəyi məlum olmayan keyfiyyətsiz kimyəvi boyalardan istifadə etməklə saçlarına düzgün qulluq edilməməsi nəticəsində saçlarını və saç dərisini yandırdığını, sağlamlığına və saçlarına zərər vurduğunu bildirərək ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, İddiaçı hər iki gicgah nahiyəsində saçların tökülməsi, dəridə və saçlarda aşkar edilmiş dəyişikliklər saçlarına qoyulmuş hər hansı bir kimyəvi rəngin təsiri nəticəsində əmələ gəldiyi, müddəti özünün müayinəsindən 3-5 gün əvvələ uyğun gəldiyi və 15.07.2019-cu ildə əmələ gəlməsinin inkar edilmədiyi, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcəsinin təyin edilmədiyi ekspert rəyi əsasında təsdiqini tapmışdır. Məhkəmə Kollegiyası iddia tələbinin maddi zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, Apellyasiya baxışı zamanı təyin olunmuş Ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 21.01.2021-ci il tarixli, 9/3726-9/3727 saylı ekspert rəyindən görünür ki, tədqiqatın nəticəsinə əsasən birinci və ikinci suallar üzrə iş materiallarında olan “X15 by Hüseynova” gözəllik salonunun 18.12.2019-cu il tarixli mütəxəssis rəyindəki məlumatlardan istifadə edilməklə iddia ərizəsində göstərilən qulluq vasitələrinin orta bazar qiyməti ilə dəyəri və 13 ay ərzində çəkilməli ümumi xərc təxminən 10125,0 manat müəyyən olunur.Ümumilikdə 3 il ərzində saçların müalicəsinə və saçlarına qulluq göstərilməsi üçün Keratin Botoks setinə-6580 manat, “Kerastase Densifique” setinə toplam 3400 manat, 2-ci qulluq olan Kerastase ürünlərinə 3000 manat, Sokap qaynaqlarına 9000 manat, toplam 21980 manat xərc tələb olunur. Lakin Kollegiya dəyəri 9000 manat müəyyən olunmuş Sokap qaynaqlarından iddiaçının istifadə etməsi barədə sübut təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçının maddi zərər tələbi 12.980,0 manat həcmində əsaslı sayılaraq təmin olunmalıdır. İddiaçı gələcəkdə Sokap qaynaqlarından istifadə etməsi barədə sübutlar təqdim edərək məhkəmədə yenidən iddia qaldıra bilər. Məhkəmə Kollegiyası iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002- ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər.Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X5 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə Kollegiyası yuxarıda göstərilən hüquq normalarının tələbləri baxımından belə nəticəyə gəlir ki, iddiaçının saçlarının yanması aparılmış məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Bunun nəticəsi olaraq iddiaçıya maddi zərər dəyməsi, həmçinin, iddiaçının əsəb və mənəvi sarsıntı keçirməsi qaçılmazdır. Ona görə məhkəmə hesab edir ki, zərər bilavasitə Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində vurulduğundan və qanunvericilikdə hüquqi və ya fiziki şəxsin öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıması nəzərdə tutulduğundan iddia tələbi 12.980,0 manat həcmində maddi zərər və 1000 manat məbləğində mənəvi zərərin tutulması hissəsində əsaslı sayılaraq təmin olunmalı, 12.980,0 manat həcmində maddi zərərə görə və 1000 manat məbləğində mənəvi zərərə görə, cəmi 13.980,0 manat pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir Məhkəmə Kollegiyası iddia tələbinin Cavabdeh1 aid hissəsinə münasibətdə bildirir ki, “FACE studia” ilə Cavabdeh1 arasında hər hansı əmək-hüquq münasibətlərinin mövcudluğu, eləcə də sonuncunun həmin obyektlə hər hansı rəsmi bağlılığı müəyyən edilmədiyindən tələb bu hissədə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə Kollegiyası göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, maddi zərərin əvəzi olaraq 12.980,0 manat, mənəvi zərərin əvəzi olaraq 1000 manat, cəmi 13.980,0 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli, 6(005)-136/2019 saylı qərarının surətindən göründüyü kimi, İddiaçı “Face” gözəllik salonunun rəhbəri Cavabdeh1, usta Cavabdeh2 ona qarşı qanunsuz hərəkətlərinindən şikayəti üzrə cinayət işinin rədd edilməsi haqqında 18 sentyabr 2019-cu il tarixli qərardan iddiaçının verdiyi şikayət təmin edilmiş, qərarın ləğv edilməsi və material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır.Odur ki, iddiaçının cavabdehlər və digər təqsirkar şəxslər barədə cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılmasına dair vəsatət baxılmadan saxlanmışdır. Həmçinin, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100,0 (bir yüz) manatın 50(əlli) manatı iddiaçıdan, 50(əlli ) manatı isə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülməlidir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.03.2020-ci il tarixli, 2(006)-674/2020 nömrəli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. Maddi zərərin əvəzi olaraq 12.980,0 manat, mənəvi zərərin əvəzi olaraq 1000,0 manat, cəmi 13.980,0 (on üç min doqquz yüz səksən) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd olunsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100,0 (bir yüz) manatın 50(əlli) manatı iddiaçıdan, 50(əlli ) manatı isə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar