Məhkəmə qərarları › İş №2(103)-5020/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5020/2022

05.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5020/2022 05.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti maraqlı şəxslər qismində cəlb edilməklə) «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1769/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi və maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ayrı-ayrılıqda apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti maraqlı şəxslər qismində cəlb edilməklə) «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəyən maddi zərərin əvəzi olaraq 40.000 manat iş fəaliyyətindən məhrum edilməsi ilə bağlı, həkim qəbulları, müayinə və müalicələrin əvəzi olaraq 5.000 manat, satılmış daşınmaz əmlakın dəyəri olan 50.000 manat, mənəvi zərərin əvəzi olaraq isə 50.000 manat, ümumilikdə 145.000 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində ********* nömrəli cinayət işi başlanılaraq aidiyyəti üzrə Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Bundan sonra 25 oktyabr 2018-ci il tarixində o, təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona müvafiq maddələrlə ittiham elan edilmiş və daha sonra onun təqsirləndirildiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsinə tövsif edilərək ittiham aktı tərtib edilmiş və iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. 23 oktyabr 2018-ci il tarixində şübhəli şəxs kimi tutularaq, xx.xx.2018-ci il tartixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş və Abşeron Rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın xx.xx.2018-ci il tarixli qərarı ilə barəsində 3 ay müddətinə yəni 23 yanvar 2019-cu il tarixinə kimi həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra barəsində seçilmiş həbs qətimkan tədbiri Abşeron Rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın 30 oktyabr 2018-ci il tarixli qərarı ilə ev dustağlığı ilə əvəz edilmişdir. Abşeron Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 1(012)-15/2020 saylı hökmü ilə ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmışdır. Həmin hökmdən Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya protesti verilmiş və hökmün ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cinayət işinə 11 fevral 2021-ci il tarixində Sumqayıt Apelyasiya Məhkəməsinin icraatında baxılaraq hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iş üzrə yeni qərarın qəbul edilməsi xahiş edilmişdir. Cinayət işinə 30 may 2021-ci il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında baxılaraq hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd edir ki, ona qarşı sözügedən ittiham irəli sürüldükdən sonra işlədiyi iş yerində ondan tələb edildi ki, 14 iyun 2018-ci il tarixində “öz xahişi əsasında işdən çıxarılmağı barədə” ərizə yazaraq işdən çıxsın. Onların təkidi ilə işdən çıxdığı tarixdən etibarən işsiz qalmışdır. Halbuki, aylıq 270 manat əmək haqqı, 100 manat həvəsləndirmə (iki aydan bir 200 manat köçürülürdü), yarışlardan 500 manat orta hesabla ( dəfələrlə 1-ci yer tutmuş, 1-ci yerə 500 manat, 2-ci yerə 350 manat, 3-cü yerə isə 250 manat mükafat verilirdi. Bundan əlavə olaraq yarışın şərt və digər meyarlarına əsasən mükafat fondları dəyişilirdi) aylıq ümumilikdə 1.000 manat civarında gəliri olurdu. Barəsində cinayət işinin başlanıldığı 14 iyun 2018-ci il tarixindən bu günədək (14 iyun 2018-ci il - 01 dekabr 2021-ci il tarixinədək) 41 ay müddətində gəliri orta hesabla 41.000 manat olmalı idi. Nəzərə alınsa ki, iş faliyyəti davam etsəydi həmin 4 ilə yaxın müddət ərzində onun vəzifəsinin artması səbəbilə gəliri dəfələrlə artıma doğru gedə bilərdi. Beləliklə də, ümumilikdə iş fəaliyyəti ilə əlaqədar olaraq ona dəyən zərər 40.000 manat məbləği ötmüşdür. İş fəaliyyətindən məhrum olunduğu üçün və ailədə ondan başqa gəlir əldə edən şəxs olmadığına görə məcbur qalıb yaşadıqları evi də sataraq həm ailəsinin ehtiyaclarına, həm də bu işlə bağlı olan müddət ərzində məhkəmə iclaslarında iştirak üçün yol pullarına, hüquqi yardım xərclərinə və sair bu kimi xərcləri qarşılamaq üçün həmin pulu istifadə etmişlər. Bundan başqa bank və digər fiziki şəxslər qarşısında onların aylıq ödəməli olduqları öhdəliklər olduğuna görə ailəsi bu problemdən dolayı ciddi şəkildə maddi zərər görmüşdür. Həmçinin istintaq və məhkəmə araşdırması müddətində o, ailə üzvləri ciddi şəkildə mənəvi iztirablar çəkdikləri üçün psixoloq və digər həkim qəbullarında olmuş və müalicələr almışlar. Bundan əlavə olaraq isə ətrafındakı bir çox şəxslər onun cinayətkar olduğunu zənn edərək onunla münasibətləri kəsmişlər. Beləliklə də, o, ciddi şəkildə mənəvi zərər almışdır. İlkin araşdırma zamanı həbs edilməyi, ibtidai istintaqda gedən araşdırmalar, məhkəmə prosesləri onu həm maddi, həm də mənəvi zərərə uğradırdı. Həmin müddətlər ərzində o, dəfələrlə həkim qəbullarına yazılaraq, psixoloji yardım və zərurət olduğu halda da əlavə müalicələr almışdır. Beləliklə də, ona bu ittiham üzrə açılan cinayət işi üzrə 40.000 manat iş fəaliyyəti ilə bağlı, həkim qəbulları, müayinə və müalicələr üçün 5.000 manat, maddi çətinliyə uğradıqları üçün məcbur qalıb əmlaklarını satdıqlarına görə əmlakın dəyəri olan 50.000 manat, mənəvi və digər növ zərərin əvəzi olaraq isə 50.000 manat, ümumilikdə 145.000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi zəruridir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1769/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı vurulmuş mənəvi zərərə görə 5.000 (beş min) manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Ceyhun Tağıyev).

4. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir.

5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

6. Qətnamədən maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri:

7. İddiaçı iddia tələbinin məzmununa uyğun verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, atlar öldüyü tarixdən yəni 02 iyun 2018-ci il tarixindən sonra işlədiyi iş yerindən tələb edildi ki, 14 iyun 2018-ci il tarixində “öz xahişi əsasında işdən çıxarılmağı barədə” ərizə yazaraq işdən çıxsın, iddiaçı ərizəni yazdmış və beləliklə işdən çıxarılmışdır. Sonradan isə barəsində ittiham edilən əməllərə hüquqi qiymət verilməsi üçün cinayət işi başlaılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi tərəfindən iddiaya dair verilən etirazda isə qeyd edilmişdir ki, iddiaçı cinayət işi başlanıldığı tarixdən əvvəl işdən çıxdığı üçün işdən çıxmağının cinayət işi ilə səbəbli əlaqəsi mövcud deyildir. Halbuki nəzərə alınmalı idi ki, atlar öldükdən sonra iddiaçıya qarşı çoxsaylıq təziqlər olmuş və o məcbur edilərək öz xahişi ilə ərizə yazaraq işdən çıxarılmışdır. Göründüyü kimi ərizə imzalanaraq “öz xahişi ilə” olsa da aparılmış araşdırma ilə sübuta yetirilmişdir ki, iddiaçıya qarşı təzyiqlər olmuş və məcburi qaydada işdən çıxarılmışdır. İddia ərizəsində də qeyd edildiyi kimi aylıq 270 manat əmək haqqı, 100 manat həvəsləndirmə (iki aydan bir 200 manat köçürülürdü), yarışlardan 500 manat orta hesabla ( dəfələrlə 1-ci yer tutmuş 1-ci yerə 500 manat, 2-ci yerə 350 manat, 3-cü yerə isə 250 manat mükafat verilirdi. Bundan əlavə olaraq yarışın şərt və digər meyarlarına əsasən mükafat fondları dəyişilirdi) aylıq ümumilikdə 1000 manat civarında gəliri olurdu. İddiaçı barədində cinayət işinin başlanıldığı 14 iyun 2018-ci il tarixindən (14 iyun 2018-ci il - 01 dekabr 2021-ci il tarixinədək) 41 ay müddətində gəliri orta hesabla 41.000 manat olmalı idi. İş faliyyəti davam etsəydi həmin 4 ilə yaxın müddət ərzində iddiaçının vəzifəsinin artması səbəbilə gəliri dəfələrlə artıma doğru gedə bilərdi. Beləliklə də ümumilikdə iş fəaliyyəti ilə əlaqədar olaraq iddiaçıya dəyən zərər 40.000 manatı ötmüşdür. İş faəliyyətindən məhrum olunduğu üçün və ailədə iddiaçıdan başqa gəlir əldə edən şəxs olmadığına görə məcbur qalıb yaşadığı evi də sataraq həm ailəsinin ehtiyaclarına, həm də bu işlə bağlı olan müddət ərzində məhkəmə iclaslarında iştirak üçün yol pullarına, hüquqi yardım xərclərinə və sair bu kimi xərcləri qarşılamaq üçün həmin pulu istifadə etmişdir. Bundan başqa Bank və digər fiziki şəxslər qarşısında aylıq ödəməli olduğu öhdəliklər olduğuna görə ailəsi bu problemdən dolayı ciddi şəkildə maddi zərər görmüşdür. Həmçinin istintaq və məhkəmə araşdırması müddətində iddiaçı və ailə üzvləri ciddi şəkildə mənəvi iztirablar çəkdiyi üçün psixoloq və digər həkim qəbullarında olmuş və müalicələr almışlar. Bundan əlavə olaraq isə iddiaçının ətrafımdakı bir çox şəxslər onun cinayətkar olduğunu zənn edərək onunla münasibətləri kəsmişdir. Beləliklə də o ciddi şəkildə mənəvi zərər almışdır. İlkin araşdırma zamanı həbs edilməyi, ibtidai istintaqda gedən araşdırmalar, məhkəmə prosesləri iddiaçını həm maddi, həm də mənəvi zərərə uğradırdı. Həmin müddətlər ərzində o dəfələrlə həkim qəbullarına yazılır psixoloji yardım alırdı və zərurət olduğu halda da əlavə müalicələr alırdı. Beləliklə də ona bu ittiham üzrə açılan cinayət işi üzrə 40.000 manat iş faəliyyəti ilə bağlı, həkim qəbulları, müayinə və müalicələr üçün 5.000 manat, maddi çətinliyə uğradığı üçün məcbur qalıb əmlakını satdığına görə əmlakın dəyəri olan 50.000 manat, mənəvi və digər növ zərərin əvəzi olaraq isə 50.000 manat ümumilikdə 145.000 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi zəruridir. Nə iddiaçı, nə də ailə üzvləri həmin zamanlar hadisənin şokundan ayılmamışlar ki, hər addımlarını rəsmiyyətlə etsinlər. Həkim qəbuluna gedəndə belə bir çox hallarda qəbz, ödəniş təyinatı və digər sənədləri almamışlar. Bundan əlavə olaraq psixoloji sarsıntı iddiaçıda indi də qalmaqdadır ki, hazırda bu nə maddi xərclərlə, nə də digər xərclərlə qarşılanaraq əvəzi ödənilə bilmir. Bu qədər müsibətlərdən sonra zərərin əvəzi olaraq 5.000 manat məbləğində kompensasiyanın təyin edilməsi ədalətsiz mövqe daşımağın bariz nümunəsidir. Nəzərə alınması zəruridir ki, iddiaçı işlə təmin edilməyi üçün müvafiq olaraq müəssisələrə müraciət edərkən ondan bəzi sənədlər, o cümlədən məhkumluğun olubolmaması barədə arayış da tələb olunmuşdur ki, iddiaçı barəsində həbs qətimkan tədbiri seçildikdən sonra məhkumluq qeydiyyata alınmışdır. İşəgötürənlər tərəfindən iddiaçıya məhkum rəftarı edilərək qeyri-qanuni olaraq işə götürülməmişdir. Bununla da iddiaçıya həm maddi, həm də mənəvi zərər dəymişdir. Bundan da əlavə olaraq ətrafındakı insanlardan birmənalı olaraq cinayətkar rəftarı görmək onu çox məyus etmişdir. Bütün bu hallar məhkəmə tərəfindən araşdırılmamış və şablon mülahizələrə əsaslanaraq iddia tam şəkildə təmin edilməmişdir. Bundan başqa məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin həcmini hesablayarkən nəzərə almamışdır ki, xx.xx.2018-ci ildən xx.xx.2018-dək barəsində həbs (7 gün) qətimkan tədbiri, daha sonra xx.xx.2018-ci il tarixindən 04 sentyabr 2020-ci il tarixinədək isə ev dustaqlığı (22 ay 5 gün) qətimkan tədbiri seçilərək məhrumiyyətlərlə üzləşmişdir. Həmçinin xx.xx.2018-ci ildən 30 may 2021-ci ilədək (Ali Məhkəmə tərəfindən yekun qərar çıxarılan tarixədək) mən 2 il 7 ay müddətindən istintaq və məhkəmə iclaslarında iştirak edərək həyəcan vəs. mənəvi iztirablar keçirmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 5.000 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Cinayət Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 5.000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır.

9. Maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinin tələbləri nəzərə alınmamışdır. Daxili İşlər Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Daxili İşlər Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Dəymiş mənəvi zərər isə fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Daxili İşlər Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və qeyd olunanlarla bağlı hər hansı bir sübut tədqiq olunmamışdır. İddiaçının təqsirləndirilən şəxs qismində cəlb olunması onun etirafedici ifadəsi əsasında həyata keçirilməsi, bəraət isə məhkəmən tərəfindən onun dəyişdirilmiş ifadəsinə əsaslanması iddiaçıya hər hansı ziyanın əvəzinin ödənilməsini istisna edir. Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmyaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respubikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Belə olan halda, qeyd edilən vəzifələr Maliyyə Nazirliyinə aid edildiyindən, Daxili İşlərNazirliyi hazırkı iddia tələbi üzrə cavabdehlik daşımır. Qeyd olunanları nəzərə alaraq, ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Daxili İşlər Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən maraqlı şəxs qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında qeyd olunur ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Daxili İşlər Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Daxili İşlər Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. MPM-in 418-i maddəsinin tələblərindən də aydın olur ki, bu kimi halların baş verməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Tərəflərin izahatları: 10.Kollegiya iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etdilər. 11.Kollegiya iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəkili O.Babayev apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. 12.Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə və digər maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. 13.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. 14.Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh və maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməlidir. Sübutların tədqiqi: 15.Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 1(012)-15/2020 saylı hökmündən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı barəsində həbsetmənin əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmiş, daha sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı tədbiri ilə əvəz edilmişdir. 16.Abşeron Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 1(012)-15/2020 saylı hökmü ilə İddiaçı, ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə bəraətin verilməsi və İddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilməsi hökm edilmiş, İddiaçı cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququnun olması izah edilmişdir. Yuxarıda qeyd edilən hökmdən dövlət ittihamını müdafiə edən prokuror tərəfindən apelyasiya protesti verilmişdir. 17.Sumqayıt Apelyasiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 1(105)-120/2021 saylı qərarı ilə apelyasiya protestinin təmin olunmaması və İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməsinə dair Abşeron Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 1(012)-15/2020 saylı hökmünun dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. 18.Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 1(102)- 1001/2021 saylı qərarı ilə İddiaçı barəsində Sumqayıt Apelyasiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hüquqi dəyərləndirmə: 19.Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 1(012)-15/2020 saylı hökmünə əsasən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı barəsində həbs etmənin əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmiş, daha sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Abşeron Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 1(012)-15/2020 saylı hökmü ilə İddiaçı, ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə bəraətin verilməsi və İddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilməsi hökm edilmiş, İddiaçı cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququnun olması izah edilmişdir. Yuxarıda qeyd edilən hökmdən dövlət ittihamını müdafiə edən prokuror tərəfindən apelyasiya protesti verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 1(105)-120/2021 saylı qərarı ilə apelyasiya protestinin təmin olunmaması və İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməsinə dair Abşeron Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 1(012)-15/2020 saylı hökmünun dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 1(102)-1001/2021 saylı qərarı ilə İddiaçı barəsində Sumqayıt Apelyasiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 20.Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 21.Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. 22.Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 23.Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 24.Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. 25.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 26.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. 27.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. 28.«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. 29.Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 30.Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 31.«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 32.Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. 33.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 34.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. 35.Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. 36.Kollegiya həmçinin qeyd edir ki, qanunvericiliyə əsasən cinayət təqibi ilə əlaqədar vətəndaşa əmək haqqı və digər əmək gəlirlərinin itirilməsi ilə əlaqədar dəymiş ziyanın məbləği müəyyən edilərkən məhkum olunmanın başlanğıcından ziyanın ödənilməsi barədə qərarın qəbul edilməsinə kimi keçən vaxt ərzində minimum əmək haqqının nə qədər dəyişməsi də nəzərə alınmalıdır. 37.Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafıq sübutlarını təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 1 iyul 2000-ci il). 38.Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 39.Kollegiya qeyd edir ki, iddiaçı 41 ay ərzində işsiz qalmasını əsas gətirərək, nəzəri hesablanma yolu ilə (aylıq əmək haqqı, əldə edəcəyi gəlir və s.) ona 40.000 manat məbləğində pulun ödənilməsini tələb etsə də, iş materialları ilə, habelə tərəflərin məhkəmə iclasında verdikləri izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı barəsində cinayət işi başlanana qədər öz ərizəsi ilə işdən azad edilmişdir. 40.Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 41.Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 42.Kollegiya qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. 43.Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 44.Kollegiya qeyd edir ki, iddiaçı digər tələblə yanaşı istintaq və məhkəmə araşdırması ilə əlaqədar həkim qəbulları, müayinə və müalicə üçün 5.000 manat ödədiyini, habelə cinayət işinin istintaqı ilə əlaqədar olan məsrəfləri ödəmək üçün 50.000 manat dəyərində evi satdığını qeyd edərək, həmin pul vəsaitlərinin əvəzini tələb etsə də, onun tərəfindən bu tələbləri təsdiq edəcək hər hansı bir əsaslı sənəd (sübut) məhkəməyə təqdim edilməmişdir. 45.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 46.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 47.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 48.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». 49.Birinci instansiya məhkəməsi İddiaçı vurulmuş mənəvi zərərə görə 5.000 (beş min) manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsini qərara almışdır. 50.Apellyasiya instansiyası məhkəməsi işin hallarını apellyasiya şikayətlərinin dəlilləri ilə birgə nəzərdən keçirərək iddiaçının 23 ay ev dustaqlığında qalmasını nəzərə alaraq hesab edir ki, İddiaçı vurulmuş mənəvi zərərə görə Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına 15000 manat məbləğində pul ödənilməsi ədalətlidir. 51.«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmçinin, məhkəmə qeyd edir ki, dövlətin maliyyə siyasətinin həyata keçirilməsi və dövlət maliyyəsinin idarə olunması səlahiyyətlərini Maliyyə Nazirliyi həyata keçirir. 52.Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 271 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında" Əsasnamənin 1.1-ci bəndində qeyd olunanlara əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. 53.Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. 54.Kollegiya qeyd edir ki, zərərin ödənilmə mənbəyi "dövlət büdcəsinin vəsaiti", zərəri ödəməli olan subyekt isə "Azərbaycan Respublikası" kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, "Azərbaycan Respublikası" dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. 55.Cavabdeh Maliyyə Nazirliyi apellyasiya şikayətində iddiaçıya Cinayət Prosessual Məcəllənin 190-cı maddəsinə əsasən kompensasiya ödənilməli olmasını qeyd etmişdir. 56.Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, Cinayət Prosessual Məcəllədə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxsin cinayət mühakimə icraatı zamanı 2 halda mülki iddia verməyə haqlı olması təsbit edilmişdir (maddə 181.1): 1) ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda (maddə 181.1.1) və 2) ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda (maddə 181.1.2). 57.Cinayət Prosessual Məcəllənin 181.2-ci maddəsinə görə, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini, itirilmiş gəlirin ödənilməsini, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. 58.Həmin Məcəllənin 190.0-cı maddəsinə əsasən, zərər çəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə aşağıdakı məbləğdə kompensasiya almaq hüququna malikdir: ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat; ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat; ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat; ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat. 59.190-cı maddə zərərçəkmiş şəxsin kompensasiya almaq hüququnu özündə ehtiva edir. Hazırki iş üzrə iddiaçı zərərçəkmiş şəxs statusunda deyil, bəraət almış təqsirləndirilən şəxs statusunda olmuşdur. Bu səbəbdən də 190-cı maddədə nəzərdə tutulmuş kompensasiyadan faydalanmaq iddiaçıya şamil edilə bilməz. 60.Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 61.Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 62.Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 63.Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: 64.Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-129/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. 65.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1769/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mənəvi zərərin məbləği hissəsində dəyişdirilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 15.000 (on beş min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi və maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar