Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5021/2023 16.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2344/2023 nömrəli, 06 iyun 2023cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(006)-82/2021 saylı hökmünə əsasən, İddiaçı ona elan edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmiş, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri ləğv edilmiş və məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir.
2. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-172/2022 saylı qərarına əsasən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(006)-82/2021 saylı hökmü İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
3. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il 1(102)-191/2023 qaylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-172/2022 saylı qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə 10.000 manat məbləğində maddi zərərin, 20.000 manat məbləğində mənəvi zərərin, ümumilikdə 30.000 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 180 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2019-cu ilin iyun ayından etibarən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə və Təbriz küçələrinin kəsişməsində yerləşən «X27» gecə klubunu Şərur rayonu, Yeycə kənd sakini, soyadını dəqiq bilmədiyi Elnur adlı şəxsdən müqavilə əsasında hər ayı 800 manat olmaqla icarəyə götürüb işlətmişdir. Klubun faktiki sahibinin üzünü görməmiş, həmin klubda Kənan Nəzərov inzibatçı və barmen, Sadiq İsmayılov administrator, Emin və Əşrəf dicey, Araz və Muxtar ofisiant, Gülsüm isə xadimə kimi hər günü özünün verdiyi 10-15 manat müqabilində işləmişlər. Klubda işlər axşam saat 22:00-dan başlayıb səhər saat 06:00-da qurtarmış, əsasən spirtli içkilər, habelə “Redbull», «Hell», «Bizon» satılmış, həmin spirtli içkilərin hamısını o, ünvan 1 ünvanında yerləşən topdansatış mağazasını işlədən və çoxdan tanıdığı Kamal adlı şəxsdən qaimə-faktura əsasında almışdır, spirtli içkilərin üzərində aksiz markası və digər keyfiyyət nişanları olduğuna görə Kamalın saxta, yəni aksiz markasız, kustar üsulla hazırlanmış spirtli içkilər satmasını ehtimal etməmişdir. Son zamanlar spirtli içkiləri Kamalın mağazasından Kənan Nəzərov almışdır, işlətdiyi klubda mafiya oyunlarını təşkil etməklə Sadiq məşğul olmuşdur, kluba viskilərdən yalnız “Black Jack” viskisi alınmış, onun da 0,5 litri 10-11 manat olmuş, bu viskinin 50 qramı 5 manata satılmaqla hər viskidən 40 manat əlavə gəlir əldə etmişdir, klubu işlətdiyi müddətdə hər hansı narazılıq, zəhərlənmə halları olmamışdır. Lətif adlı tanışı hüquqşünas olmaqla ona klubla bağlı hüquqi yardımlar göstərə biləcəyini demiş, lakin kluba aidiyyəti olmamışdır. X3 2019-cu ilin dekabr ayının ortalarında işlətdiyi klubun müşahidə kamerasında bir dəfə görmüş və Sadiq İsmayılov tərəfindən çağırıldığını bilmiş, 2019-cu il dekabr ayının sonlarında Sadiq ondan icazə istəmiş, Sevinc adlı həmin qızla birlikdə kiminsə evində viski qəbul etdiyini, Sevincin zəhərlənib xəstəxanaya yerləşdirildiyini demiş, o da Sadiqə icazə vermiş, sonradan isə Sevincin xəstəxanada vəfat etdiyini eşitmişdir. İstintaq orqanı tərəfindən İddiaçı qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200.4 və 308.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(006)- 82/2021saylı hökmünə əsasən, İddiaçı ona elan edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmiş, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri ləğv edilmiş və məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. X15 Azərbaycan Respublikası CM-nin 32.5,200.4 və 205-1-ci maddələri ilə, X6, X12, X7 Azərbaycan Respublikası CM-nin 200.4-cü maddəsi ilə, X13, X4, X1, X9 Azərbaycan Respublikası CM-nin 32.5,200.4-cü maddəsi ilə, X8 Azərbaycan Respublikası CM-nin 200.3-cü maddəsi ilə məhkum edilmələrinə, İddiaçı Azərbaycan Respublikası CM-nin 200.4 və 308.2-ci maddələri ilə, X16 və X10 Azərbaycan Respublikası CM-nin 200.4 və 32.5,308.2-ci maddələri ilə nəzərdə tutulmuş ittihamlar üzrə təqsirləri sübuta yetirilmədiyi üçün bəraət verilməsinə dair Bakı şəhəri Nəsimi Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli hökmündən təqsirləndirilən şəxslər Kamal Məmmədov, Faiq Nəcəfov, Xəyal Cəfərov, İlqar Hüseynov, təqsirləndirilən Ruslan Əkbərovun müdafiəçisi Kamil Axundov, təqsirləndirilən Kamal Məmmədovun müdafiəçisi Famil Süleymanov, təqsirləndirilən Elşad Əliyevin müdafiəçisi Vəkil, təqsirləndirilən Səxavəddin Həsənovun müdafiəçisi Əjdər Sarıyev, təqsirləndirilən Füzuli Alıyevin müdafiəçisi Cəlil Mahmudov, zərərçəkmiş Elmin İsmayılov tərəfindən verilmiş apelyasiya şikayətləri və dövlət ittihamçısı Azər Mustafayev tərəfindən verilmiş apelyasiya protestinə apellyasiya qaydasında baxılmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-172/2022 saylı qərarına əsasən Nəsimi Rayon Məhkəməsininxx.xx.2021-ci il tarixli 1(006)-82/2021 saylı hökmü İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 32.5,200.4 və 205-1-ci maddələri ilə, X6, X12, X7, hər birisinin CM-nin 200.4-cü maddəsi ilə, X13, X4, X1, X9, hər birisinin CM-nin 32.5,200.4-cü maddəsi ilə, X8 CM-nin 200.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmələrinə, İddiaçı CM-nin 200.4 və 308.2-ci maddələri ilə, X11 və X10, hər birisinə CM-nin 200.4 və 32.5,308.2-ci maddələri ilə nəzərdə tutulmuş ittihamlar üzrə təqsirlilikləri sübuta yetirilmədiyi üçün bəraət verilməsinə dair cinayət işi üzrə BakıApellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2022- ci il tarixli qərarından məhkum R.Ş.Əkbərovun müdafiəçisi K.H.Axundov, məhkum E.Q.Əliyevin müdafiəçisi Vəkil, məhkum X.Ə.Cəfərovun müdafiəçisi X.T.Ələkbərov, məhkumlar F.C.Nəcəfov və S.F.Həsənovun müdafiəçisi A.Ş.Əhmədova tərəfindən verilmiş kassasiya şikayətlərinə və dövlət ittihamçısı X17 tərəfindən verilmiş kassasiya protestinə kassasiya qaydasında baxılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il 1(102)-191/2023 qaylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-172/2022 saylı qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı məsuliyyətə cəlb olunduğu gündən, yəni xx.xx.2020-ci il tarixindən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli bəraət hökmünə qədər 20 ay müddətinə azadlıqdan məhrum olunmuşdur. Başına gələn bu hadisələrlə əlaqədar tanışları arasında onun barəsində mənfi fikir formalaşmış, sağlamlığına zərər dəymişdir. Hazırda sağlamlığı ilə əlaqədar müalicə olmağı üçün maddi imkanı yoxdur. Həmçinin məsuliyyətə cəlb olunmamışdan əvvəl fərdi əməklə məşğul olmuş və tutulmağı ilə əlaqədar gəlirlərindən məhrum olmuşdur. Ailənin yeganə qazanc gərirən şəxsi olmaqla azyaşlı uşaqları vardır. Göründüyü kimi istintaq orqanın qanunsuz hərəkətləri nəticəsində iddiaçıya kifayət qədər maddi və mənəvi ziyan dəymişdir. Təsadüfi deyildir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün nəticə hissəsində İddiaçı tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilmişdir. Elə bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60.1-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İddiaçı qanunsuz olaraq məhkum olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. İddiaçıya vurulmuş maddi ziyanla bağlı qeyd etməyi zəruri hesab edir ki, o, fərdi sahibkar kimi fəaliyyət göstərdiyi dövrdə aylıq xalis qazancı ən azı 500 manat təşkil etmişdir və 20 ay qanunsuz həbsdə olduğu müddət ərzində bu məbləğ 10.000 manat təşkil edir. Bununla yanaşı istintaq orqanının təqsiri üzündən keçən müddət ərzində iddiaçı mənəvi sarsıntılar keçirmişdir. İddiaçıya vurulmuş mənəvi zərər isə qeyri-əmlak xarakterli olduğundan bunu 20 ay ərzində pul ilə ifadə etməklə 20.000 (2.000 manat (1 ay üçün) x 20 ay = 20.000) manat dəyərində qiymətləndirirlər. İşin mübahisəsiz halıdır ki, iddiaçı 20 ay müddətində qanunsuz olaraq azadlıqdan məhrum edilmişdir. O, 20 ay müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, mənəvi əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun şəxsi nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Şəxsi nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. İddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirmişdir və bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatandır.
3. Cavabdeh tərəf məhkəməyə iddiaya etiraz ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Digər tərəfdən Mülki Məcəllənin 1114.3- cü maddəsinə əsasən isə təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Bu baxımdan, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunması məqsədəmüvafiqdir. Mənəvi ziyanın vurulması ilə bağlı bildirir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008- ci il tarixli 8 nömrəli Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıdan qeyd olunan Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. İndiki halda isə iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmişdir ki, bu da ağlabatan deyildir. Bu baxımdan onun faktlara və sübutlara deyil şəxsi mülahizələrinə söykənən bu iddiası təmin edilə bilməz. Bununla yanaşı iddia ərizəsində 10.000 (on min) manat məbləğində maddi zərər tələb etsə də, iddiaçı tərəfindən məhkəməyə aylıq gəlir və qazancını sübut edəcək faktlar təqdim edilməmişdir. Bu baxımdan iddiaçının maddi zərərə görə kompensasiya tələb etməsi ağlabatan deyildir. Sonda cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2344/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddianın qismən təmin edilməsi, İddiaçı vurulmuş mənəvi zərərə görə 20.000 (iyirmi min) manat məbləğində pulun və 5000 (beş min) manat maddi ziyannın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1100, 1101.1, 1101.2-ci maddələrinin tələblərinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1, 58.1, 58.2-ci maddələrinə, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4, 5, 6.1, 7, 12 -ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız hesab edilərək ləğv olunmalı və iddia tələbi rədd edilməlidir. Hazırkı iddianın hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, iddiaçıya vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Maliyyə Nazirliyi cəlb olunmuşdur. Maliyyə Nazirliyinin iddiaçıya ziyan vurulmasına səbəb olmuş qanunsuz hərəkətlərdə iştirakı və hər hansı əlaqəsi olmadığından həmin hərəkətləri törətmiş təqsirkar qurumların əvəzinə Nazirliyin cavabdeh kimi tanınması qanunvericiliyin tələbləri, o cümlədən mülki məhkəmə icraatının təməl prinsipləri ilə uzlaşmır. Təsadüfi deyildir ki, sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Lakin məhkəmə iddiaçının işsiz qaldığı dövr üzrə maddi zərəri müəyyən edərkən mülki prosessual qanunvericiliyin tələblərini, iddiaçı tərəfindən lazımi sübutların təqdim olunmadığını nəzərə almamışdır. İddiaçı hər hansı bir yerdə işləmədiyi halda, bununla bağlı təsdiqedici sənəd (əmək müqaviləsi, iş yerindən arayış və s.) təqdim olunmadığı halda, işsiz qalmağa görə zərərin müəyyən olunması tamamilə əsassızdır və analoji məhkəmə qərarları ilə ziddiyət təşkil edir. Bununla bağlı olaraq, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 20.000,00 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda hesab edirik ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Fikrimizcə CinayətProsessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 20.000,00 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Digər tərəfdən məhkəmə maddi zərəri müəyyən edərkən iddiaçının işdən çıxma səbəblərini dəqiqləşdirməmiş, bunu cinayət işi ilə əlaqələndirərək, kompensasiya hesablamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə ddiaçı İddiaçı məhkkəmə iclasına gəlməmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi isə məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
10. Maddə 1096 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.
11. Maddə 1100 dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
12. Maddə 1101.1 qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
13. Maddə 1101.2 görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi
14. Maddə 56.0.2 bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir.
15. Maddə 57.1 cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.
16. Maddə 58.1 cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.
17. Maddə 58.2 fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. 18.
«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu
19. Maddə 4 cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır.
20. Maddə 5 Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
21. Maddə 6.1 bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
22. Maddə 7 təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.
23. Maddə 12 fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.
24. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
25. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, iddia tələbi təmin olunmayan hissəsində qətnaməni mübahisələndirmədiyindən hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməməsi hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2344/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.
36. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz».
37. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır.
38. Zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.
39. Kollegiya qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.
40. Qeyd edilənlərə əsasən kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca şərtdir. Şəxsin azadlıq hüququndan məhrum olması bir sıra digər hüquqlardan istifadəyə birbaşa mənfı təsir göstərməklə onu qeyri-əlverişli vəziyyətdə qoyur. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, azadlıq hüququ olmadan insanın digər hüquqları deklarativ xarakter daşıyır. Azadlıq hüququ həm də onunla səciyyələnir ki, onun pozulması həmişə şəxsin müəyyən hüdudlara, sərhədə malik olan ərazidə, müəssisədə saxlanılması ilə müşaiyət olunur. Hər kəs azadlığa malik olmalıdır və bu azadlıq yalnız müstəsna hallarda, hər bir halda qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Azadlıqdan məhrum etmənin qanuniliyi tələbi həm prosesə, həm də onun məzmununa şamil olunur. Qanunilik həmçinin onu nəzərdə tutur ki, azadlıqdan məhrum etmə zamanı həm daxili qanunvericiliyə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət olunmalıdır. Şəxsin azadlıqdan məhrum edildiyi hallarda ilk növbədə qanunun tələblərinə riayət edilib-edilmədiyi yoxlanılmalıdır.
41. İş materialları ilə müəyyən edilir ki, İddiaçı məsuliyyətə cəlb olunduğu gündən, yəni xx.xx.2020-ci il tarixindən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli bəraət hökmünə qədər 20 ay müddətinə azadlıqdan məhrum olunmuşdur.
42. Göründüyü kimi, iddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə həbsdə saxlanılmış nəticədə ona mənəvi ziyan dəymişdir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, uzun müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Buna görə iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alınmaqla məhkəmə haqlı olaraq hesab edir ki, həmin məbləğ 20.000 (iyirmi min) manat məbləğində müəyyən olunmalıdır.
44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının uzun müddət azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirib, bu baxımdan cavabdehdən iddiaçının xeyrinə 20.000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması qanuni olmaqla yanaşı, ağlabatan və ədalətlidir.
45. Məhkəmə kollegiyası həmçinin cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 190cı maddəsində müəyyən edilən məbləğlər şəxsin mənəvi ziyanın həcmini müəyyən edən norma olmamamaqla yanaşı, iddiaçının hazırkı iddia tələbi ilə çıxış etməsi hüququndan məhrum edə bilməz .
46. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunsuz həbs olunduğu vaxt işləməsə də, həmin dövrün minimum əmək haqqı 250 manat olmuşdur. Göründüyü kimi, iddiaçı işləmək imkanından (əmək hüququndan) və aylıq stabil gəlirdən məhrum olmuşdur.
47. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021ci il tarixədək 20 ay üzrə 250 manat olmaqla, cəmi 5000 manat maddi ziyan ödənilməlidir.
48. Məhkəmə kollegiyası həmçinin cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009- cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Оnа görə də hazırkı iddia tələbi üzrə ödənilməli pul məbləği məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən alınıb iddiaçıya ödənilməlidir
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2344/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.