Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5023/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5023/2025 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4895/2024 nömrəli 01 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(011)- 310/2018 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310, 178.2.1, 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş əsas cəzalar qismən toplamaqla, çəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzasının əvvəli 24 iyul 2018-ci il tarixdən hesblanmaqla 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
2. Məhkəmənin hökmünə əsasən Cavabdeh 28 iyun 1993-cü ildən 21 fevral 2018-ci il tarixədək Bakı şəhər prokurorluğu Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi dəftərxana müdiri vəzifəsində işləyərkən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, bacısının əri X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2014-cü ilin yanvar ayında tanışı İddiaçı özbaşına özünü vəzifəli şəxs, yəni Bakı şəhər prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi kimi təqdim etməklə, məsul vəzifəli şəxslərlə əlaqələrindən istifadə edib sonuncunun Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 dekabr 2012-ci il tarixli hökmü ilə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən X3 cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və ya cəzadan azad edilməsinin həmin müəssisənin məsul vəzifəli şəxslərinin xidməti səlahiyyətlərinin icrası ilə bağlı edəcəkləri hərəkətə görə birbaşa, şəxsən maddi nemət olan 10 000 ABŞ dolları məbləğində rüşvət veriləcəyi halda müsbət həll olunacağına Müsənnif Talıbovla birlikdə yalan vəd verib, 13 fevral 2014-cü ildə həmin dövrün məzənnəsi ilə 7.844 manat olan 10.000 ABŞ dollarını Bakı şəhəri Xətai rayonu Neapol dairəsi yaxınlığında idarə etdiyi 90- XT-339 dövlat qeydiyyat nişanlı «Mercedes E 240» markalı avtomobilində alaraq özlərinin şəxsi ehtiyaclarına xərcləməklə qabaqcadan əlbir olduğu bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə İddiaçı xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmiş, qabaqcadan əlbir olduğu bir qrup şəxslə İddiaçı rüşvət verməyə təhrik etmiş və eyni zamanda özbaşına özünü vəzifəli şəxs kimıi təqdim etməsi və İddiaçı buna inanması nəticəsində, sonuncunun əmlak hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur.
3. Məhkum Cavabdeh qardaşı Ceyhun Qurbanov CM-nin 73-1.2-ci maddəsinə əsasən, Cavabdeh cinayət məsuliyyətindən azad edilməsi üçün öz vəsait hesabına ibtidai istintaq tərəfindən hesab etdiyi ziyanı tamamilə ödəmək və cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş etmək məqsədi ilə 13 sentyabr 2018-ci il tarixli qəbzlə “zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın” əvəzi kimi 7850 manat məbləğində pulu İcra Şöbəsinin depozit hesabına ödəmişdir.
4. Məhkəmənin hökmü ilə Cavabdeh qardaşı X4 tərəfindən "xxxx" ASC-nin Əhmədli filialının 13 sentyabr 2018-ci il tarixli TT**********4937850 saylı qəbzi ilə “zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın” əvəzi kimi Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin depozit hesabına (AZ15CTRE********************) ödənilmiş 7850 manat pulun dövlət nəfinə müsadirə edilməsi hökm edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1574/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə məhkəmə hökmü dəyişdirilmədən saxlanılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(102)- 106/2021 saylı qərarına əsasən Cavabdeh barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmiş, məhkum Cavabdeh qardaşı X4 tərəfindən "xxxx" ASC-nin Əhmədli filialının 13 sentyabr 2018-ci il tarixli TT**********4937850 saylı qəbzi ilə “zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın” əvəzi kimi Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin depozit hesabına (AZ15CTRE********************) ödənilmiş 7850 manat pulun dövlət nəfinə müsadirə edilməsinə dair müddəalar məhkəmə qərarlarından xaric edilməsi və həmin pulun geri qaytarılması qərara alınmışdır. Qərar qalan hissədə dəyişdirilmədən saxlanmışdır.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, aşağı instansiya məhkəmələri tərəfindən məhkum barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilərkən, yəni “zərəçəkmiş şəxsə vurulmuş maddi ziyanın” əvəzi kimi 7850 manat məbləğində pulun “təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaiti” olması barədə nəticəyə gələrkən CM-nin 99-1.1-ci maddəsinin tələbləri pozulmuş, Cavabdeh qardaşı X4 tərəfindən ödənilmiş məbləğin təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak olmadığı müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş 10.000 min ABŞ dolları məbləğində maddi və 2.000 manat məbləğində mənəvi zərərin, cavabdehin qanunsuz hərəkətləri nəticəsində gecikdirilmiş vaxt üçün illik beş faiz 2500 ABŞ dolları məbləğində pulun, 147 manat məbləğində dövlət rüsumunun və vəkilə ödənilmiş 320 manatın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, həm istintaq orqanı, həm də məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, cavabdeh özünü vəzifəli şəxs, yəni Bakı şəhər Prokurorluğun, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi kimi təqdim etməklə ondan cəzaçəkmə müəssisəsində cəza çəkən atası X3 cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və cəzadan azad edilməsi ilə bağlı 10.000 min ABŞ dolları məbləğində pulunu etibarından sui-istifadə edib ələ keçirtmişdir. Bu hal yəni etibarından sui-istifadə edib əldə etdiyi 10.000 min ABŞ dolları məbləğində pulunu dələduzluq edərək əldə etməsi şahid ifadələri və istintaq dövrü öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən bu günədək heç bir ödəniş edilməmişdir və istintaq dövründə təsdiqini tapan 10.000 min ABŞ dolları hələdə ödənilməmiş qalır. Cavabdehin bu hərəkətləri ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Belə ki, o, bir vətəndaş olaraq hüquq-mühafizə orqanlarına getmək məcburiyyətində qalmışdır. Bu illər ərzində ona dəymiş ziyan cavabdeh tərəfindən ödənilmədiyindən maddi ziyana uğramışdır.
10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-4895/2024 nömrəli, 01 iyul 2024-cü il tarixli qətnaməsi (hakim Sahibə Hacıyeva) ilə iddia qismən təmin edilmiş, Cavabdeh 10000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin aldatma və etibardan suiistifadə etmə yolu ilə iddiaçının xeyli miqdarda əmlakını ələ keçirməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Həmin cinayət işi üzrə iddiaçının zərərçəkən şəxs qismində tanınıb-tanınmasından asılı olmayaraq iddiaçının hazırkı tələbi irəli sürməyə hüququ var. Çünki məhkəmənin hazırkı iddia tələbi üzrə müəyyən etməli olduğu hal cavabdehin iddiaçıya məxsus pul vəsaitini ələ keçirib-keçirməməsidir. Cavabdeh 10000 ABŞ dollarını ələ keçirməsi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapır, cavabdeh məhz buna görə də məhkum olunmuşdur.
13. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin iddiaçının zərəçəkmiş şəxs qismində tanınmamasını və şahid qismində dindirilməsi barədə dəlilinə münasibət olaraq bildirmişdir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmdə qeyd edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2018-ci il tarixli qərarın 6-cı bəndindən görünür ki, İddiaçı barəsində cinayət təqibinə CM-nin 312.1-ci maddəsinin qeyd hissəsinə əsasən xitam verilmişdir. Göründüyü kimi həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarına əsasən İddiaçı zərərçəkmiş şəxs qismində tanınması istisna edilmiş, habelə o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, rüşvət vermə və rüşvət alma kimi cinayətlərin törədilməsi zamanı, bir qayda olaraq, zərərçəkmiş şəxs olmur, ona görə ki, hər iki cinayət bir-birilə sıx bağlı əməllərdir və eyni obyektə qəsd edirlər.
14. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, cavabdeh həmçinin CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və onun etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə iddiaçının 10000 ABŞ dolları məbləğində pulunu ələ keçirməsi məhkəmə qərarı ilə təsdiq edilmişdir. Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(102)- 106/2021 saylı qərarından görünür ki, Cavabdeh qardaşı X4 tərəfindən "xxxx" ASC-nin Əhmədli filialının 13 sentyabr 2018-ci il tarixli TT**********4937850 saylı qəbzi ilə “zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın” əvəzi kimi Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin depozit hesabına (AZ15CTRE********************) ödənilmiş 7850 manat pulun dövlət nəfinə müsadirə edilməsinə dair müddəalar məhkəmə qərarlarından xaric edilməsi və həmin pulun geri qaytarılması qərara alınmışdır. Göründüyü kimi iş üzrə xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Beləliklə, Ali Məhkəmənin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının göstərişlərinə uyğun olaraq hazırkı iş üzrə iddiaçı tərəfindən cavabdehə verilmiş olan və hazırda tələb edilən pul vəsaiti xüsusi müsadirə predmeti kimi hökmlə tanınmadığından, iddiaçı rüşvət verməyə cəhd etmə norması əsasında cinayət məsuliyyətinə cəlb edilmədiyindən o, hazırkı tələblə cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
15. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiqi ilə bağlı dəlilinə münasibət olaraq bildirmişdir ki, hazırkı iddianın əsasını cavabdehin hüquqzidd əməlləri nəticəsində iddiaçıya dəymiş ziyan təşkil edir. Belə olduğu təqdirdə iddia müddəti ilə bağlı məsələ Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə tənzimlənməlidir. Belə ki, həmin maddəyə əsasən ümumi iddia müddəti on il təşkil edir.
16. Məhkəmə iddia tələbinin “gecikdirilmiş vaxt üçün illik beş faiz olaraq 2500 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması”-na dair hissəsini əsaslı hesab etməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 10000 ABŞ dolları məbləğində pul vəsaiti verilən zaman tərəflərin razılığı və ya hər hansı digər əsaslarla həmin pulun qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmamışdır. Çünki iddiaçı həmin pul vəsaitini cavabdehə verən zaman pulun nə vaxtsa qaytarılmasını yox, onun müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləmişdir.
17. Məhkəmə cavabdehdən 10 000 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehə verilən 10 000 ABŞ dolları vəsaiti xüsusi müsadirə predmeti kimi hökmlə tanınmamış, iddiaçı rüşvət verməyə cəhd etmə norması əsasında cinayət məsuliyyətinə cəlb olunmamış, habelə cavabdeh həmin pulu ələ keçirməklə, iddiaçıya ziyan vurmuşdur.
18. Məhkəmə iddia tələblərinin “2000 manat məbləğində mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab etmişdir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, iddiaçı ona mənəvi zərər yetirilməsini iddia etsə də, məhkəməyə cavabdehin hərəkətinin onda hansı mənəvi sarsıntı və iztirab yaratdığını, ona hansı formada ziyan vurmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096 və 1097-ci maddələrinə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
20. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Onun iddiaçıya heç bir borcu yoxdur, o, 2018-ci ilin sentyabr ayında həm ondan aldığı 10.000 ABŞ dollarını, həm də onun bir misli qədər əlavə pulu milli valyuta da ödəmişdir. Məhkəmələrin o zamankı qanuna istinadən müxtəlif cür qərarlar verməsi onun məsuliyyəti deyil. Onun məqsədi ziyanı ödəmək olub, onu da ödəyib. Bundan əlavə, iddiaçı 10 il sonra, heç bir statusa malik olmadan iddia müddətini ötürməklə qaldırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1389/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh həmin məbləği ödəməli olduğunu qəbul edərək, həmin pulu ödədiyini, lakin məhkəmə qərarı ilə pulun qardaşına qaytarılmasının onun məsuliyyəti olmadığını qeyd etmişdir.
25. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin borcu tam ödəməsi barədə dəlili üzrə qeyd etmişdir ki, öhdəliyi icra etdiyini iddia edən borclu bunu özü sübut etməlidir. Hazırkı halda, cavabdeh pulu ödədiyini iddia etsə də, bunun təsdiqi kimi hər hansı sübut təqdim etmədiyindən, onun həmin dəlili əsassızdır.
26. Məhkəmə kollegiyası hesab etmişdir ki, rayon məhkəməsinin iddia tələbinin qismən təmin edilməsi barədə mövqeyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli qərarına uyğun olmuşdur.
27. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarındakı hüquqi mövqeyə əsasən, hazırda cavabdehdən tələb olunan 10.000 ABŞ dolları pul iddiaçının mülkiyyəti hesab edilir, bu baxımdan da hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməməsi barədə (MM maddə 384) rayon məhkəməsinin mövqeyi mahiyyət etibarı ilə əsaslı olmuşdur.
28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096 və 1097-ci maddələrinə istinadla əsaslandırmışdır.
d)Kassasiya instansiya məhkəməsindəki icraat
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) 2(102)-1742/2025 nömrəli 20 iyun 2025-ci il tarixli qərarı ilə (hakimlər E.Vəliyeva (məruzəçi), Ə.Xıdırov və E.Şamayev) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1389/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
30. Kassasiya instansiya məhkəməsi göstərmişdir ki, məhkəmələr iddiaçının tələb hüququnun olması barədə düzgün nəticəyə gəlsələr də, mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı səhv yanaşma sərgiləmişlər. Belə ki, cavabdeh birinci instansiya məhkəməsinə verdiyi yazılı etirazında və yazılı çıxışında, həmçinin apellyasiya şikayətində iddianın 10 illik ümumi iddia müddətini ötürməklə verildiyini qeyd etmiş, iddianın həm də bu əsasla rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məsələsi bu məsələyə səthi yanaşaraq qeyd etmişdir ki, hazırkı iddianın əsasını cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçıya dəymiş ziyan təşkil etdiyindən iddia müddəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən on il təşkil edir. Lakin birinci instansiya məhkəməsi bu müddətin nə vaxtdan hesablanmalı olması, müddətin keçib-keçməməsi ilə bağlı qətnaməsində hər hansı əsaslandırma aparmamışdır. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, qətnamədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli qərarındakı hüquqi mövqeyə istinad edərək cavabdehdən tələb olunan 10.000 ABŞ dolları pulun iddiaçının mülkiyyəti hesab edildiyini, bu baxımdan da hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməməsi barədə (MM maddə 384) rayon məhkəməsinin mövqeyini əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hər iki məhkəmə iddia müddəti ilə bağlı qənaətə gələrkən səhvə yol vermişlər. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Lakin kollegiya aşağıdakılara əsasən hesab edir ki, bu müddət mülki hüquq pozuntusunun (deliktin) törədildiyi tarixdən keçən on illik ümumi iddia müddətindən artıq ola bilməz. Belə ki, ümumi iddia müddəti (on il) mülki hüquqi tələblərin məhkəmə qaydasında təqib edilməsinin mümkün olduğu son müddətidir (mütləq müddət). Mülki hüquq pozuntusu (delikt) üzrə qanunda xüsusi müddət nəzərdə tutulmadığından bu əsasa söykənən tələblər üzrə də on illik iddia müddəti tətbiq olunur. Belə ki, deliktin törədildiyi tarixdən etibarən on il keçmişdirsə, həmin qanunazidd əmələ görə iddia müddəti ötmüş hesab edilir. Bu müddətin aşılması mümkün sayılmır, axımı sonradan başlamış iddia müddətləri də on ilin tamamında başa çatır. Əks yanaşma, yəni deliktin törədildiyi vaxtdan on il keçəndən sonra (iddia müddətini tətbiq edən) borclunun təqib edilməsi, başqa sözlə, borclunun qeyri-müəyyən müddətə məhkəmə çəkişməsi təhdidi altında qalması ümumi iddia müddətini mənasız edərdi. Belə vəziyyət bu institutun mahiyyəti və məqsədi ilə uzlaşmır.
31. Kassasiya kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən aldadıldığını və ona ziyan vurulduğunu bilmiş, bu barədə cinayət mühakimə icraatı qaydasında şikayət etmiş, cavabdehin barəsində məhkəmə hökmü qəbul edilmiş, cinayət işi üzrə son məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. İddiaçı bundan sonra daha 3 il gözləmiş və xx.xx.2024-cü ildə məhkəməyə müraciət etmişdir. Cinayət işi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə iddiaçı tərəfindən cavabdehə 10.000 ABŞ dolları pulun xx.xx.2014-cü il tarixdə verildiyi müəyyən edilmişdir.
32. Məhkəmə kollegiyası hesab etmişdir ki, ümumi iddia müddəti 10 il təşkil etdiyindən zərərçəkən zərər vuran şəxs qarşısında delikt törətdiyi tarixdən on il ərzində təqib olunmaq öhdəliyi daşıyır. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunanları nəzərə almamış, göstərilən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə düzgün olmayan qətnamə çıxarmışdır.
c) Proses iştirakçılarının izahatı
33. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
34. İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
35. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
36. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
37. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
38. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
39. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
40. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
41. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
42. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
43. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
44. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
50. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
52. Cavabdeh 28 iyun 1993-cü ildən 21 fevral 2018-ci il tarixədək Bakı şəhər prokurorluğu Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi dəftərxana müdiri vəzifəsində işləyərkən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, bacısının əri X2 qabaqcadan əlbir olan bir qrup şəxs halında 2014-cü ilin yanvar ayında tanışı İddiaçı özbaşına özünü vəzifəli şəxs, yəni Bakı şəhər prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi kimi təqdim etməklə, məsul vəzifəli şəxslərlə əlaqələrindən istifadə edib sonuncunun atası Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 dekabr 2012-ci il tarixli hökmü ilə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən X3 cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və ya cəzadan azad edilməsinin həmin müəssisənin məsul vəzifəli şəxslərinin xidməti səlahiyyətlərinin icrası ilə bağlı edəcəkləri hərəkətə görə birbaşa, şəxsən maddi nemət olan 10 000 ABŞ dolları məbləğində rüşvət veriləcəyi halda müsbət həll olunacağına Müsənnif Talıbovla birlikdə yalan vəd verib, 13 fevral 2014-cü ildə həmin dövrün məzənnəsi ilə 7.844 manat olan 10.000 ABŞ dollarını Bakı şəhəri Xətai rayonu Neapol dairəsi yaxınlığında idarə etdiyi **-XT-*** dövlat qeydiyyat nişanlı «Mercedes E 240» markalı avtomobilində alaraq özlərinin şəxsi ehtiyaclarına xərcləməklə qabaqcadan əlbir olduğu bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə İddiaçı xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmiş, qabaqcadan əlbir olduğu bir qrup şəxslə İddiaçı rüşvət verməyə təhrik etmiş ve eyni zamanda özbaşına özünü vəzifəli şəxs kımı təqdim etməsi və İddiaçı buna inanması nəticəsində, sonuncunun əmlak hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur.
53. İddiaçı hazırki tələbində ona dəymiş 10.000 min ABŞ dolları məbləğində maddi və 2.000 manat məbləğində mənəvi zərər, həmçinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində gecikdirilmiş vaxt üçün illik beş faiz 2500 ABŞ dolları məbləğində pul vəsaitini tələb etmişdir.
54. Cavabdeh tərəf birinci instansiya məhkəməsinə verdiyi yazılı etirazında və yazılı çıxışında, həmçinin apellyasiya şikayətində iddianın 10 illik ümumi iddia müddətini ötürməklə verildiyini qeyd etmiş, iddianın həm də bu əsasla rədd edilməsini xahiş etmişdir.
55. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi qəanətinə gəlmişdir.
56. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni olmamışdır.
57. Belə ki, iddiaçı cavabdeh tərəfindən aldadıldığını və ona ziyan vurulduğunu bilmiş, bu barədə cinayət mühakimə icraatı qaydasında şikayət etmiş, cavabdehin barəsində məhkəmə hökmü qəbul edilmiş, cinayət işi üzrə son məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. İddiaçı bundan sonra daha 3 il gözləmiş və xx.xx.2024-cü ildə məhkəməyə müraciət etmişdir. Cinayət işi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə iddiaçı tərəfindən cavabdehə 10.000 ABŞ dolları pulun xx.xx.2014-cü il tarixdə verildiyi müəyyən edilmişdir.
58. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
59. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq olunur. İddia müddətinin keçməsi tələb hüququnun özünü deyil, onun məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Bu baxımdan iddia müddəti qanunla cavabdehə verilən özünümüdafiə vasitəsidir.
60. Qanunvericiliyin tələbinə əsasən ümumi iddia müddəti 10 il təşkil edir.
61. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
62. Lakin nəzərə almaq lazımdır ki, bu müddət mülki hüquq pozuntusunun (deliktin) törədildiyi tarixdən keçən on illik ümumi iddia müddətindən artıq ola bilməz. Belə ki, ümumi iddia müddəti (on il) mülki hüquqi tələblərin məhkəmə qaydasında təqib edilməsinin mümkün olduğu son müddətidir (mütləq müddət). Mülki hüquq pozuntusu (delikt) üzrə qanunda xüsusi müddət nəzərdə tutulmadığından bu əsasa söykənən tələblər üzrə də on illik iddia müddəti tətbiq olunur. Belə ki, deliktin törədildiyi tarixdən etibarən on il keçmişdirsə, həmin qanunazidd əmələ görə iddia müddəti ötmüş hesab edilir. Bu müddətin aşılması mümkün sayılmır, axımı sonradan başlamış iddia müddətləri də on ilin tamamında başa çatır. Əks yanaşma, yəni deliktin törədildiyi vaxtdan on il keçəndən sonra (iddia müddətini tətbiq edən) borclunun təqib edilməsi, başqa sözlə, borclunun qeyri-müəyyən müddətə məhkəmə çəkişməsi təhdidi altında qalması ümumi iddia müddətini mənasız edərdi.
63. Göstərilən hüquqi mövqe Ali Məhkəmənin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən 3 ulduz nişanı təyin edilmiş 2(102)-46/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında da əks olunmuşdur.
64. Beləliklə ümumi iddia müddəti 10 il təşkil etdiyindən zərərçəkən zərər vuran şəxs qarşısında delikt törətdiyi tarixdən 10 il ərzində təqib olunmaq öhdəliyi daşıyır.
65. Baxılan iş üzrə iddiaçı hazırki tələb ilə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş 10 illik ümumi iddia müddətini ötürmüşdür. İddia müddətinin ötürülməsi isə iddianın rədd olunması üçün əsasdır.
66. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddia tələbi rədd edilməlidir.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4895/2024 nömrəli iş üzrə 01 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.