Məhkəmə qərarları › İş №2(103)-5024/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5024/2021

27.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5024/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçı, Savabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli, 2(001)-1762/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 noyabr 2018-ci il tarixdə saat 14:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev (“Yeganə” şadlıq sarayından Moskva univermağı yolu istiqaməti) küçəsi ilə iddiaçıya məxsus olan “PRADO" markalı, **- RN-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə hərəkət edərkən avtomobil dayanması qadağan olunmuş ərazidə cavabdehə məxsus “Mersedes Eleganse" markalı, **-MR-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin sürücüsü Cavabdeh maşının sol tərəf qapısını qəflətən açaraq hərəkətdə olan, iddiaçıya məxsus “Prado” markalı, **- RN-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin sağ tərəfini sıradan çıxarmışdır. Avtomaşının əzilməsi nəticəsində yol bağlanmışdır. Cavabdeh iddiaçıya söz vermişdir ki, avtomobili təmir etdirəcək, şəxsiyyət vəsiqəsini və avtomobilin texniki pasportunu iddiaçıya vermişdir. Dekabr ayında cavabdeh iddiaçıya zəng edərək görüşməyi təklif etmişdir. Görüşəndə cavabdeh iddiaçıya bildirmişdir ki, cəmi 400 manat pensiya alır və ailəsini maşınla dolandırır. İddiaçıdan maşının sənədini qaytarmağı xahiş etmiş, iddiaçı imtina edəndə isə cavabdeh maşına dəyən ziyanı ödəyəcəyinə dair qəbz yazıb imzalamışdır. Eyni zamanda 1500 manatın 150 manat hissəsi də ona ödənilmişdir. Bundan sonra iddiaçı cavabdehin şəxsiyyət vəsiqəsini özündə saxlayaraq, avtomobilin sənədini cavabdehə qaytarmışdır. Cavabdeh sənədləri aldıqdan sonra bir daha iddiaçı ilə əlaqə saxlamamış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli, 2(001)-1762/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 1350 (min üç yüz əlli) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 23,82 (iyirmi üç manat səksən iki qəpik) manat hissəsinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29.10.2020-ci il tarixli, 2(011)-5521/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı izahatı yalandır. Belə ki, ona hadisə nəticəsində həmin məbləğdə zərər dəyməmişdir. İddiaçı cavabdehə hadisə baş verən zaman avtomobilinə böyük bir zərər dəymədiyini, polis əməkdaşlarının çağırılmasından imtina etdiyini, lakin bununla belə sığortadan vurulmuş zərəri şişirdərək tələb etmək üçün ona 1500 manat məbləğində ziyan dəyməsi barədə qəbz imzalatmışdır. Avtomobilə reallıqda 200 manat belə zərər dəyməmişdir. Cavabdeh iddiaçya 600 manat pul ödədiyini və bununla da aralarında mübahisə başa çatmışdır. Lakin iddiaçı pandemiya dövründən, işsizlikdən faydalanaraq təxminən 3 ilə yaxın bir müddət sonra qəbzdən istifadə edərək ondan pul tələb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarında olan 19.11.2018-ci il tarixli əlyazmanın mətnindən görünür ki, Cavabdeh “Prado” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanı tam həcmdə ödəməyi öz üzərinə götürmüş, dəymiş ziyan 1500 manat təşkil etmiş və həmin pulun 150 manat hissəsi 28.12.2018-ci il tarixdə cavabdeh tərəfindən ödənilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmır. Belə ki, cavabdeh apellyasiya şikayətində qeyd etdiyi halların doğruluğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 2000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli, 2(001)-1762/2021 nömrəli qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar