Məhkəmə qərarları › İş №2(103)-5029/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5029/2020

06.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5029/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1981/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X1 qarşı pul tələbinə dair iddiаsı təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3.500 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İran xalçalarının və məişət avadanlıqlarının satışı ilə məşğul olur. Cavabdeh yaxın qohumlarının vasitəsi ilə tanımışdır. Cavabdeh ilə tanış olan zaman Cavabdeh bildirmişdir ki, qızı ailə həyatı qurur, ona xalçalar və ev üçün məişət əşyaları lazımdır, lakin götürdüyü əşyaları nisyə götürəcək və qızının toyundan sonra qalan pulla borcunu qaytaracaq. Cavabdeh bu dediklərinə inanaraq onun təklifi ilə razılaşmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh onun faktiki yaşadığı Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq massivi döngə 2 ünvanda yerləşən evinə gələrək, məişət əşyaları və 8 ədəd İran xalçasını nisyə almış və evinə gəldiyi şəxsi maşını olan ** FC *** dövlət qeydiyyat nişanlı avtomobilinə yükləyərək, çıxıb getmişdir. Aralarında olan danışıqlara əsasən cavabdeh qızının toyundan sonra ona 2.000 manat pulu tam şəkildə, qalan 1.500 manatı isə hissə-hissə, yəni 200 manat olmaqla qaytaracağı ilə razılaşmışdır. O, bir müddət cavabdehi gözləmişdir. Lakin cavabdehdən heç bir səssoraq olmadığı üçün onunla əlaqə saxlamışdır. Bildirmişdir ki, narahat olmasın, qısa müddətdə pulunu qaytaracaq. Cavabdeh bu kimi vədlərlə artıq 6 aydır ki, onu aldadır. O, cavabdehin pul qaytarmayacağını hiss edərək, şikayət ərizəsi ilə Abşeron rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh izahatı alınması üçün Abşeron rayon Polis İdarəsinə çağırılsa da, sonuncu idarəyə gəlməmiş, hər dəfə işinin olduğunu, müxtəlif bəhanələr gətirərək bundan boyun qaçırmışdır. Sonunda Abşeron RPİ tərəfindən ona məsələnin mülki xarakterli olduğu deyilərək, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Onu da qeyd edir ki, əvvəlcə Abşeron rayon Prokurorluğuna müraciət etmiş və prokurorluq tərəfindən müraciəti Abşeron RPİ-yə yönləndirilmişdir. Lakin yenə də nəticəsi olmamışdır. Sonda ona məlum olmuşdur ki, Cavabdeh ondan başqa bir neçə şəxsi də aldatmış və o, dələduzdur. Cavabdeh vətəndaşların etibarından sui-istifadə edərək, aldadır və pulları mənimsəyir. Cavabdeh onunla telefonda whatsapp vasitəsi ilə danışan zaman ona olan borcu etiraf etmiş, qısa müddətdə qaytaracağına söz vermişdir. Hazırda cavabdehin ona ümumilikdə 3.500 manat məbləğində borcu vardır. O, cavabdehdən 3.500 manat pulunu başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Cavabdeh haqqında müəyyən məlumatlar toplamışdır. Belə ki, instagram adlanan sosial şəbəkədə mebel satışı ilə məşğul olan bir səhifə cavabdehin şəxsiyyət vəsiqəsinin surətini paylaşaraq, onun bir çox vətəndaşı aldatdığını, etibardan sui-istifadə edərək, vətəndaşlara yalan danışaraq pulları mənimsədiyini qeyd etmişdir. Həmin səhifədə neçə-neçə şəxsin cavabdeh tərəfindən aldadıldığını yazmış və hətta səs yazıları əlavə etmişlər. O isə həmin paylaşılan məlumatın fotoşəkillərini iddia ərizəsinə əlavə etmişdir. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri təmin edilməmişdir. İddiaçı Azayev X3 rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar – nisyə alğı-satqı müqaviləsi, borcun mövcud olması barədə qəbz və sair möhtəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hərbir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı hal-hazırda hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddiaçının iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə hər hansı sübutlar təqdim edə bilmədiyiyindən, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar