Məhkəmə qərarları › İş №2(103)-503/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-503/2024

17.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-503/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin (hüquqi varis "xxxx" MMC) cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ilkin, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə (hüquqi varis "xxxx" MMC) qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: “mülkiyyət hüquqlarına xitam verilməsi, mənzillərin boşaldılması və sökülməsi”, "mənzilin sökülməsinə yönəlmiş hərəkətlərin qadağan edilməsi” ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X7 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X6, cavabdehlər X2, Cavabdeh4, maraqlarına toxunan şəxslər X18, X10, X11, cavabdehlərin və maraqlarına toxunan şəxslərin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdehlər Cavabdeh4, X4, maraqlarına toxunan şəxslər X26, X27, X22 və X23 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 17 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 255 saylı, 23 noyabr 2020-ci il tarixli “yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında İddiaçı istifadəsinə verilməsi haqqında” sərəncamı ilə İddiaçı MMC-yə Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.97 ha torpaq sahəsində mövcüd yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi ayrılmış, həmin ərazidə yerləşən daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi şərtilə istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 25 avqust 2020- ci il tarixli rəyi ilə ünvan 1 ünvanlarda yerləşən 2 mərtəbəli binalara vizual texniki baxış keçirilmiş, yaşayış binalarının hazırda mövcud tikinti norma və qaydalarına cavab vermədiyi, texniki cəhətdən istismarının yolverilməz vəziyyətdə olması müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri- yaşayış tikililərinin sahiblərinin böyük əksəriyyəti ilə razılıqlar əldə edilmiş, onlara mövcüd sahələrindən 20% əlavə sahə verilməklə və aylıq kirayə haqları ödənilmək şərti ilə müqavilələr imzalanılmışdır.

2. Apellyasiya baxışı zamanı cavabdeh İddiaçı MMC hüquqi varis "xxxx" MMC ilə əvəz edilmiş, "xxxx" ASC və X2 ailə üzvü (qızı) X19 müstəqdil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" MMC (İddiaçı MMC) cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mülkiyyət hüquqlarına xitam verilməsi, mənzillərin boşaldılması və sökülməsi” tələbinə dair ilkin iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu Qızıl Şərq (hazırda Eldar Ağayev) küçəsi, ev 102, mənzil 9, Bakı şəhəri, Yasamal rayonu, H/Ş Q.Şərq (hazırda Eldar Ağayev) küçəsi, ev 102, mənzil 10, Bakı şəhəri, Yasamal rayonu, H/Ş Q.Şərq (hazırda Eldar Ağayev) küçəsi, ev 104, mənzil 18 və Bakı şəhəri, Yasamal rayonu, H/Ş “Q.Şərq” (hazırda Eldar Ağayev) küçəsi, ev 104, mənzil 11-də yaşayan mülkiyyətçilərin mülkiyyət hüquqlarına xitam verilməsi, mənzillərin boşaldılması və sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Prosesin gedişində X4 İddiaçı MMC-yə qarşı "mənzilin sökülməsinə yönəlmiş hərəkətlərin qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq küçəsi ünvanda 102 saylı binanın və həmin binada 9 saylı mənzilin sökülməsinə yönəlmiş hərəkətlərin, mənzilinin üstündəki 2 mənzilin sökülməsinin, binaya bitişik ərazidə hər hansı söküntü-tikinti işlərinin aparılmasının, kommunal, elektrik, su, qaz, rabitə və telefon xətlərinin kəsilməsinin cavabdehə qadağan edilməsi, mənzilə bitişik mənzilin divarlarının bərpası və 102 saylı binanın Qızıl Şərq küçəsi tərəfində olan hasarın sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, 100 manat dövlət rüsumunun, 5000 manat mənəvi ziyanın, 1000 manat hüquqi xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq küçəsi, ev 102, mənzil 9, Bakı şəhəri, Yasamal rayonu, H/Ş Q.Şərq küçəsi, ev 102, mənzil 10 və Bakı şəhəri, Yasamal rayonu, H/Ş Q.Şərq küçəsi, ev 104, mənzil 11-də yaşayan cavabdehlərin mülkiyyət hüquqlarına xitam verilməsi, bu məqsədlə cavabdehlərin sahib olduqları hər bir mənzil sahiblərinə müvəqqəti başqa yerdə yaşamalarına görə 600 manat kompensasiya ödənilməklə mənzillərin boşaldılması və sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki mübahisə üzrə cavabdehlərin yaşadıqları binaların sakinlərinin böyük əksəriyyəti ilə müqavilələr imzalanmışdır. Lakin hazırkı iş üzrə cavabdehlər əsassız iddia və tələblər irəli sürməklə mənzillərdən köçmək istəmirlər. Hazırkı cavabdehlərin mübahisəli binalardan köçməmələri həmin binaların digər sakinləri qarşısında götürdüyü öhdəliklərin vaxtında yerinə yetirilməsinə maneələr yaratdığı üçün mənafeələrinə birbaşa toxunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən, adları göstərilən rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcüd şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binaların tikilməsinə tikinti şirkətləri cəlb olunması o vaxtı rayon icra hakimiyyətlərinə tapşırılmış, həmin praktikadan istifadə edilərək Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yeni sərəncamlar verilmişdir. Eyni əsaslarla, oxşar qaydalarla həyata keçirilmiş layihələrlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyi müəyyənləşdirmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MTK-nın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il tarixli qərarında formalaşdırdığı mövqeyinə əsasən, mövcud qanunvericilikdə Şəhərsalma və Tikiniti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilmədiyi üçün və bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərinin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Göründüyü kimi, hüquqdan sui-istifadə qanunla qadağan edilmişdir. Lakin cavabdehlər özlərinin mülkiyyət hüquqlarından sui-istifadə edərək digər sakinlərə nisbətən daha çox üstünlüklər əldə etməyə çalışırlar və əsassız varlanmaq niyyətindədirlər. Eyni zamanda, digər sakinlərin hüquqlarını da pozurlar.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-176/2023 saylı, 07 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) İddiaçı MMC-nin cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mülkiyyət hüquqlarına xitam verilməsi, mənzillərin boşaldılması və sökülməsi” tələbinə dair ilkin iddia tələbi təmin edilmiş, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə "mənzilin sökülməsinə yönəlmiş hərəkətlərin qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi isə təmin edilməmişdir.

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehlərin yaşadıqları binaların sakinlərinin böyük əksəriyyəti ilə müqavilələr imzalanmışdır. Lakin hazırki iş üzrə cavabdehlərin mübahisəli binalardan köçməmələri həmin binaların digər sakinləri qarşısında götürdüyü öhdəliklərin vaxtında yerinə yetirilməsinə maneələr yaratdığı üçün mənafeələrinə birbaşa toxunur. Məhkəmə belə qənaətə gəlmişdir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdehlər mənzillərdən çıxarılmaqla aylıq kirayə haqqı verilməlidir. Həmçinin, X2 İddiaçı MMC-yə qarşı "mənzilin sökülməsinə yönəlmiş hərəkətlərin qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1, 228.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh4, X4, maraqlarına toxunan şəxslər X27, X22, X23, X26 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

11. Cavabdeh4 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbindən əhəmiyyətli dərəcədə kənara çıxmaqla və çıxarılan qətnamə hüquq və maraqlarına toxunulan şəxsləri ümumiyyətlə məhkəmə araşdırmalarına dəvət etmədən, hətta onların adlarını belə qeyd etmədən iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edib. İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması, mənzillərin mülkiyyətçilərdən məcburi alınması üçün heç bir qanuni əsasın olmaması, iddiaçının 1,97 ha torpaq sahəsi ilə bağlı “İnterservis” müdiriyyəti ilə bağladığı müqaviləni və onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı sübutu məhkəməyə təqdim etməməsi, iddiaçı qeyd edilən ərazidə olan binaların “kəskin qəzalı vəziyyətdə” olduğunu qeyd etsə də buna dair məhkəməyə hər hansı sübut təqdim etməməsi və s. dəlillərə əhəmiyyət və hüquqi qiymət verməyib. Cavabdeh4 onunla birlikdə ünvan 2 ünvanda yaşayan ailə üzvlərini – arvadı X15, oğlu X24, qızları X25 və X16 işdə iştiak etməyə hər hansı formada (cavabdeh və ya maraqlı şəxs) cəlb etmədən onların hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll edib və həmin şəxslərin istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılması barədə qətnamə qəbul edib. İddia ərizəsinə sonuncu dəqiqləşdirmə ərizəsində göstərilmədiyi halda Cavabdeh4 və onunla birlikdə yaşayan ailə üzvlərinin mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, Cavabdeh4 və onunla birlikdə yaşayan ailə üzvlərini çıxarmaqla mənzilin boşaldılması, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H/Ş “Q”.Şərq (hazırda Eldar Ağayev) küçəsində kəskin qəzalı vəziyyətində olan 104 saylı binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında Cavabdeh4 məxsus 11 saylı mənzilin qanuni sahəsinə 20% əlavə sahə olmaqla yeni və təmirli mənzil verilməsi barədə qətnamə çıxarıb. Hazırkı mübahisədə Cavabdeh4 104 saylı binada yerləşən 11 saylı mənzilin yeganə mülkiyyətçisidir və iddiaçının həmin mənzilə dair hər hansı hüququ yoxdur. Məhkəməyə təqdim edilmiş rəylərdə həmin binaların hansı tikinti norma və standartlarına və hansı göstəricilərə əsasən qəzalı hesab olunması ilə bağlı məlumatlar göstərilməyib. Eyni zamanda, həmin binanın sökülməsi üçün AR Şəhərsalma və Tikinti Məsəlləsinin 95.1-ci maddəsində göstərilən əsaslardan hər hansı biri mövcud deyil. FHN-nin Tikintidə X9 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət layihə İnstitutunun xx.xx.2020-ci il tarixli rəyində də binaların qəzalı vəziyyətdə olmasına dair hər hansı müddəa yoxdur. Bundan başqa, həmin rəyin özü də ziddiyyətlidir. Belə ki, FHN-nin Tikintidə X9 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət layihə İnstitutunun xx.xx.2019-cu il tarixli aktına əsasən 1,97 ha torpaq sahəsində yerləşən 104 saylı bina texniki cəhətdən məhdud işlək vəziyyətdə olması qeyd olunub və orada layihə əsasında təmir-bərpa işlərinin aparılması məqsədəuyğun hesab olunub. Sözügedən rəy və akt arasında olan vaxt ərzində 104 saylı bina ilə bağlı onun texniki vəziyyətinə təsir edə biləcək heç bir fövqəladə hal baş verməyib. İddiaçının hər hansı əsasla, o cümlədən “qəzalı olma” səbəbi ilə binanın/mənzilin sökülməsi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Qanunvericiliyə əsasən bu hüquq AR Fövqəladə Hallar Nazirliyinə məxsusdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3.-cümaddəsinə əsasən Bu Məcəllənin 95.1.3-1-ci,95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, d i g ə r hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Cavabdeh qətnamənin tam ləğv olunması və İddiaçı MMC-nin (hazırda "xxxx" MMC) iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh X2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onunla birlikdə ünvan 3 ünvanda yaşayan ailə üzvü – qızı X12 işdə iştiak etməyə hər hansı formada (cavabdeh və ya maraqlı şəxs) cəlb etmədən onun hüquq və vəzifələrinə dair məsələni onun hüquqlarının pozulması ilə nəticələnməklə həll edib və həmin şəxsin istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması barədə qətnamə qəbul edib. İddia ərizəsinə sonuncu dəqiqləşdirmə ərizəsində göstərilmədiyi halda cavabdeh X2 və onunla birlikdə yaşayan ailə üzvünün mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, cavabdeh X2 və onunla birlikdə yaşayan ailə üzvünü çıxarmaqla mənzilin boşaldılması, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H/Ş “Q”.Şərq (hazırda Eldar Ağayev) küçəsində kəskin qəzalı vəziyyətində olan 102 saylı binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdeh X3 məxsus 9 saylı mənzilin qanuni sahəsinə 20% əlavə sahə olmaqla yeni və təmirli mənzil verilməsi barədə qətnamə çıxarıb. İ instansiya məhkəməsi ümumiyyətlə nəzərə almayıb ki, həmin ərazidə İddiaçı MMC tərəfindən yeni binaların tikilməsi ilə bağlı layihə sənədlərinə əsasən Bakı şəhəri, Yasamal rayonu, H/Ş “Q”.Şərq küçəsində yerləşən 102 saylı binanın yerində gələcəkdə ümumiyyətlə bina tikilməsi nəzərdə tutulmayıb. Bu isə hazırkı qətnamə qüvvədə qalacağı təqdirdə onun icrasını qeyri-mümkün edəcək. Hazırkı mübahisədə cavabdeh Fəridə Əbdürrəhmanova 102 saylı binada yerləşən 9 saylı mənzilin yeganə mülkiyyətçisidir və iddiaçının həmin mənzilə dair hər hansı hüququ yoxdur. Məhkəməyə təqdim edilmiş rəylərdə həmin binaların hansı tikinti norma və standartlarına və hansı göstəricilərə əsasən qəzalı hesab olunması ilə bağlı məlumatlar göstərilməyib. Eyni zamanda həmin binanın sökülməsi üçün AR Şəhərsalma və Tikinti Məsəlləsinin 95.1.-ci maddəsində göstərilən əsaslardan hər hansı biri mövcud deyil. İddiaçı 1,97 ha torpaq sahəsi ilə bağlı “İnterservis” müdiriyyəti ilə bağladığı müqaviləni və onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı sübutu məhkəməyə təqdim etməyib. Cavabdeh qətnamənin tam ləğv olunması, İddiaçı MMC-nin (hazırda "xxxx" MMC) iddia ərizəsinin/tələbinin təmin edilməməsi və Fəridə Əbdürrəhmanovanın qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Maraqlarına toxunan şəxslər X27, X22, X23, X20 apellyasiya şikayətləri isə Cavabdeh4 apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı apellyasiya şikayətlərinə qarşı etiraz təqdim etmiş, etiraz iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən cavabdehlər Fəridə Əbdürrəhmanova, Cavabdeh4, maraqlarına toxunan şəxslər Davud Hacıyev, Kəbirə Hacıyeva, Əzizə Hacıyeva və onların nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətlərini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

16. İddiaçının nümayəndəsi Rübail Səfərov isə apellyasiya şikayətlərini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə maraqlarına toxunan şəxs Afaq Hacıyeva, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC və Türkan Quliyeva məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

19. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı

20. “...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdehlər Cavabdeh4, X4, maraqlarına toxunan şəxslər X27, X22, X23, X26 tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı ilkin iddianın Cavabdeh4 və X3 qarşı tələbin təmin olunması hissəsində, həmçinin X2 qarşılıqlı iddiasının rədd olunması hissəsində yoxlanılır. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirmədiklərindən qətnamənin əsaslılığı onlara aid hissədə yoxlanılmır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehlərin ailə üzvləri işdə iştirak etməyə cəlb edilmədiklərindən və onların hüquq və vəzifələrinə dair məsələlər həll olunduğundan, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və bununla maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın Cavabdeh4 və X3 qarşı tələbin təmin olunması hissəsində ləğv edilməli, həmin hissədə iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, qətnamə qarşılıqlı iddia ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

27. Məhkəmə kollegiyası ilk növbədə apellyasiya şikayətlərinin iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması, işə baxılarkən digər ailə üzvlərinin işdə iştirak etməyə cəlb edilməməsi və onların hüquq və vəzifələrinin pozulması, mənzillərin mülkiyyətçilərdən məcburi alınması üçün heç bir qanuni əsasın olmaması, qeyd edilən ərazidə olan binaların “kəskin qəzalı vəziyyətdə” olmasına dair məhkəməyə hər hansı sübut təqdim edilməməsi və s. ilə bağlı dəlillərinə münasibət bildirməyi zəruri sayır.

28. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən cavabdehlərin ailə üzvlərini işdə iştirak etməyə cəlb etmədən onların mənzildən çıxarılmalarını qət etməklə onların hüquqlarını pozmuşdur ki, bu da MPM-nin 387.2, 387.2.4-cü maddələrinin tələbinə əsasən qətnamənin ləğv edilməsi üçün şərtsiz əsasdır. Belə ki, MPM-in həmin maddələrinin tələbinə görə məhkəmə işə baxarkən işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş onların hüquq və vəzifələrinə dair məsələni həll etmişsə, belə olan vəziyyətdə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalıdır. Göründüyü kimi, apellyasiya şikayətlərinin dəlilləri bu hissədə əsaslıdır.

29. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı tərəfindən mübahisələndirilən ərazidə tikinti-söküntü işləri Bakı şəhər İcra Hakimiyyəti Başçısının 255 saylı, 23 noyabr 2020-ci il tarixli “yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında İddiaçı istifadəsinə verilməsi haqqında” sərəncamı əsasında aparılır. Həmin sərəncamla İddiaçı MMC-yə Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.97 ha torpaq sahəsində mövcüd yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi ayrılmış, həmin ərazidə yerləşən daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi şərtilə istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 25 avqust 2020-ci il tarixli rəyi ilə ünvan 1 ünvanlarda yerləşən 2 mərtəbəli binalara vizual texniki baxış keçirilmiş, yaşayış binalarının hazırda mövcud tikinti norma və qaydalarına cavab vermədiyi, texniki cəhətdən istismarının yolverilməz vəziyyətdə olduğu müəyyən edilmişdir.

30. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 255 saylı, 23 noyabr 2020-ci il tarixli sərəncamı Cavabdeh4 və digərləri tərəfindən inzibati məhkəmədə mübahisələndirilmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6017/21 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə, apellyasiya instansiyası məhkəməsinin qərarı isə Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarlarla mübahisələndirilən ərazidəki mövcud binaların istismara yarasız olmaqla qəzalı vəziyyətdə olduqları, bunun müvafiq səlahiyyətli dövlət orqanları ilə razılaşdırıldığı, 23 noyabr 2020-ci il tarixli sərəncamın qəbul edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyi müəyyən edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, qeyd olunan ünvanda cəmi 124 ailədən 7 ailə istisna olmaqla digər sakinlərlə İddiaçı MMC arasında sakinlərin mənzillərinin əvəzinə yeni inşa olunacaq yaşayış binasında ümumi sahəsinə 20 % əlavə etməklə yeni mənzillərin verilməsi barədə razılıq əldə olunmuş və bununla bağlı həmin sakinlərlə müvafiq müqavilələr bağlanmışdır.

31. Hazırkı apellyasiya baxışı zamanı isə iddiaçının nümayəndəsi 124 ailədən 122-si ilə artıq razılıq əldə edildiyini, yalnız hazırkı iş üzrə cavabdeh olan Cavabdeh4 və Fəridə Əbdürrəhimova ilə müvafiq razılıq əldə olunmadığını və bunun digər sakinlərin mənafeyinə mühüm ziyan vurduğunu bildirdi.

32. Məhkəmə kollegiyası Bakı şəhər İcra Hakimiyyəti Başçısının mübahisələndirilən ərazidə söküntü-tikinti işlərinin aparılmasına icazə verilməsini nəzərdə tutan 255 saylı, 23 noyabr 2020-ci il tarixli sərəncamının ləğv edilmədiyini, qüvvədə olduğunu və bunun qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunduğunu nəzərə alaraq hesab edir ki, "xxxx" MTK-nın (İddiaçı MMC) hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır. 1912-ci ildə inşa olunmuş binaların qəzalı vəziyyətdə olmaları da qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən olunmaqla yanaşı hər hansı şübhə doğurmur. Bütün bunlara əsasən məhkəmə kollegiyası iddiaçının hərəkətlərində hər hansı özbaşınalıq əlamətləri müəyyən etmir və cavabdehlərin mülkiyyət hüququna müdaxiləni qanuni sayır. Bu baxımdan Fəridə Əbdürrəhmanovanın qarşılıqlı iddiası əsassızdır və birinci instansiya məhkəməsi həmin iddianı rədd etməkdə haqlı olmuşdur.

33. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısının dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı).

34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi dövlət orqanlarının əmlakdan dinc istifadəyə hər hansı müdaxiləsinin qanuni olmasını tələb edir. Həmin maddənin birinci bəndinin ikinci cümləsi əmlakdan məhrumetmənin “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməsinə icazə verir (İatridis Yunanıstana qarşı iş üzrə 1999-cu il 25 mart tarixli Qərar § 58; Yunanıstanın keçmiş kralı və digərləri Yunanıstana qarşı iş üzrə 2000-ci il 23 noyabr tarixli Qərar; Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar).

35. Mülkiyyətə müdaxilənin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilmə şərti dövlətdaxili hüquq normalarında özbaşınalıqdan müdafiəni təmin edən kifayət qədər əlçatan və dəqiq normaların mövcud olmasını və onlara riayət edilməsini tələb edir (X13rşı iş üzrə 1986-cı il 8 iyul tarixli Qərar § 110; Vistins və Perepjolkins Latviyaya qarşı iş üzrə 2012-ci il 25 oktyabr tarixli Qərar § 95).

36. Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi isə özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərar § 93).

37. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə görə, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ya ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir.

38. Həmin Məcəllənin 4.2-ci maddəsində Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri kimi göstərilmişdir.

39. Şəhərsalma və Tikinti Məcəlləsinin 17.5-ci maddəsinə əsasən, ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır.

40. Yuxarıda qeyd olunduğu kimi, işin müəyyən edilmiş hallarına əsasən iddiaçı "xxxx" MTK qeyd olunan ünvanda yaşayan 124 ailənin böyük əksəriyyəti ilə artıq razılıq əldə etmiş, yalnız hazırkı iş üzrə cavabdeh olan Cavabdeh4 və Fəridə Əbdürrəhmanova ilə müvafiq razılıq əldə olunmamışdır. Digər sakinlərlə bağlanmış müqavilələrə əsasən MTK öz üzərinə həmin sakinləri yeni təmirli mənzillərlə təmin etmək öhdəliyi götürmüşdür, lakin cavabdehlər mənzilləri boşaltmadıqlarına və bununla əlaqədar olaraq tikinti işlərini davam etdirmək mümkün olmadığına görə MTK üzərinə götürdüyü öhdəlikləri həmin sakinlərə münasibətdə yerinə yetirə bilmir və nəticədə həm sakinlərin, həm də MTK-nın mənafeyi zərər görür.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 №-li Qərarının tələblərinə uyğun olaraq Bakı şəhəri üzrə rayon icra hakimiyyətləri ilə pilot layihə çərçivəsində qəzalı binaların sökülərək yerində yeni binaların tikintisi üçün cəlb edilmiş mənzil tikinti kooperativləri ilə bağlanan müqavilələrdə bir qayda olaraq tikinti şirkətlərinin üzərinə bina sakinlərinin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan yaşayış və ya qeyri-yaşayış sahələrindən 20% artıq olmaqla təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin edilməsi vəzifələri qoyulmuşdur.

43. Məhkəmə kollegiyası hesab edir ki, analoji işlər üzrə vətəndaşlara təklif olunan mənzil (qeyri-yaşayış) sahələri ilə bağlı artıq təcrübə formalaşdığından, cavabdehlər qeyri-yaşayış və yaşayış sahəsinin əvəzi olaraq, həmin yaşayış sahəsinin qanuni sahəsindən 20% əlavə yaşayış sahəsi əlavə edilməklə həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində müvafiq sahə ilə təmin edilirlər. Məhkəmə kollegiyasının qənaətinə görə bu, cəmiyyətin ümumi maraqları ilə cavabdehlərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans”ı təmin etmiş olar.

44. Hazırkı işdə Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Qızıl Şərq küçəsi, 104 saylı evin 11-ci mənzilinin 3 otaqlı olmaqla 65 kv.m ümumi sahəsi olduğunu və dəniz mənzərəli olduğunu iddia edir. Dəfələrlə təklif olunmasına baxmayaraq o, həmin mənzilin hüquqmüəyyənedici sənədlərini (DƏDR-dən çıxarış, texniki pasport) işə baxan məhkəməyə təqdim etməmişdir. Apellyasiya baxışı zamanı “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edildi ki, daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 adına mülkiyyət hüququ əsasında qeydə alınan Bakı şəhəri, Qızıl Şərq küçəsi, 104 saylı evin 11-ci mənzili 2 otaqdan ibarət olmaqla 41,70 kv.m ümumi sahəyə malikdir və ikinci mərtəbədə yerləşir.

45. Apellyasiya baxışı zamanı İddiaçı MMC (hazırda "xxxx" MMC) tərəfindən təqdim olunmuş plan-ölçüdə isə sözügedən mənzilin ümumi sahəsi 58,30 kv.m göstərilmişdir.

46. İşə baxılarkən iddiaçı tərəfindən cavabdehə razılaşma məqsədilə çoxsaylı təkliflər irəli sürülmüşdür. Sonuncu təklif xx.xx.2024-cü ildə tarixli vəsatətlə verilmişdir. Həmin təklif söküləcək mənzilin əvəzinə Bakı şəhəri, Yasamal rayonu, H.Sultanov, Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində tikilməsi nəzərdə tutulan 4 saylı binanın 4-cü mərtəbəsində 3 otaqlı 101,23 k.m-dən ibarət (57,49% artıq əlavə sahə) 18 saylı təmirli mənzilin verilməsindən, eləcə də həmin mənzil təhvil verilənədək 700 manat aylıq kirayə haqqının və 200 manat daşıma xərcinin ödənilməsindən ibarət olmuşdur. MTK-nın nümayəndəsi həmçinin bildirdi ki, Cavabdeh4 təklif olunan mənzil dəniz mənzərəlidir.

47. Cavabdeh4 bu təkliflə razı olmadığını bildirmişdir.

48. Cavabdeh Fəridə Əbdürrəhmanovanın mülkiyyətində olan 2 otaqlı mənzilin hüquqmüəyyənedici sənədi - qeydiyyat vəsiqəsi isə iş materiallarına əlavə edilmişdir. Həmin qeydiyyat vəsiqəsindən görünür ki, 102 saylı evin 9-cu mənzili 2 otaqlı olmaqla 32 kv.m yaşayış sahəsinə malikdir.

49. Mənzilin ümumi sahəsinin müəyyən edilməsi məqsədilə texniki pasportun təqdim edilməsi təklif olunsa da, cavabdeh həmin sənədi işə baxan məhkəməyə təqdim etməmişdir. Cavabdeh Fəridə Əbdürrəhmanova mənzilinin 2 otaqlı, 3 zirzəmidən ibarət olmaqla ümumi sahəsinin 78 kv.m olduğunu bildirir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında X2 mülkiyyətində, yaxud qanuni istifadəsində zirzəmi olmasını təsdiq edən hər hansı mötəbər sübut yoxdur. İddiaçı MMC-nin ("xxxx" MTK) təqdim etdiyi plan-ölçüdə isə Fəridə Əbdürrəhmanovanın mülkiyyətində olan mənzilin ümumi sahəsinin 60,7 kv.m olduğu qeyd edilmişdir.

51. "xxxx" MTK-nın Fəridə Əbdürrəhmanova ilə bağlı sonuncu təklifi tikintisi başa çatmış 5 saylı binanın D blokunda 11-ci mərtəbədə 3 otaqlı 84,6 k.m-dən ibarət (39,37% artıq əlavə sahə) 136 saylı təmirli mənzil verilməsindən və 700 manat aylıq kirayə haqqı, 200 manat daşıma xərci ödənilməsindən ibarət olmuşdur. Cavabdeh bu təkliflə razı olmadığını bildirmişdir.

52. Məhkəmə kollegiyası iddiaçının hər iki cavabdehə münasibətdə verdiyi son təklifləri ədalətli sayır və cavabdehlərin iddiaçının bu təklifləri ilə razılaşmamalarını onların hüquqdan sui-istifadə etmələri kimi qiymətləndirir.

53. Məhkəmə kollegiyası bu qənaətə gələrkən mübahisəli ünvanda yerləşən binanın qəzalı vəziyyətdə olmaqla istismara yararsız olduğunu, sökülən binalarda yaşayan sakinlərin böyük əksəriyyəti ilə MTK arasında razılıq əldə olunduğunu və MTK tərəfindən təklif olunan mənzillərin sahələrinin cavabdehlərin mülkiyyətində olan mənzillərin ümumi sahəsindən 20 %-dən də çox olduğunu (57,49% və 39,37 %) nəzərə alır.

54. Tətbiq edilən tədbirin mütənasibliyinə gəlincə, məhkəmə kollegiyası qeyd edir ki, tikilən yeni bina artıq istismara yararsız olan köhnə binadan daha müasir və keyfiyyətlidir. Belə ki, o, köhnə binanın yerində, yaxud yanında inşa edilir, təklif olunan mənzillər daha geniş və rahatdır. Məhkəmə kollegiyasının qənaətinə görə MTK müvafiq təkliflə çıxış edərkən cavabdehləri köhnə mənzilin ekvivalenti olan yeni mənzillə təmin etmək üçün bütün mövcud imkanlardan istifadə etmişdir.

55. Avropa İnsan Hüquqları Məhkəməsi Lyudmila Yuryevna Siqunova və X1rşı iş üzrə 12 fevral 2019-cu il tarixində qərarında da oxşar iş üzrə eyni nəticəyə gəlmiş və qeyd etmişdir ki, ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar, bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir və bu baxımdan tədbir mütənasib və uyğundur. Avropa Məhkəməsi həmin qərarında məhz bu mütənasibliyi nəzərə alaraq şikayətin açıq-aşkar əsaslandırılmadığı qənaətinə gəlmiş və Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndinə uyğun olaraq ərizəçilərin şikayətini rədd etmişdir.

56. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar(maddə 5.3). Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir( maddə 16.1). Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir (maddə 152.6). Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (maddə 560.1-560.2).

57. Göstərilənləri nəzərə alaraq Kollegiya toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, qətnamə apellyasiya baxışının predmeti olan Cavabdeh4 və X3 qarşı iddianın təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunmalı, qarşılıqlı iddia ilə bağlı hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

58. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.2). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir (maddə 388).

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh4, X4, maraqlarına toxunan şəxslər X26, X27, X22 və X23 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh4, X3 qarşı ilkin iddianın təmin olunmuş hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. Bakı şəhəri, Yasamal rayonu, H/Ş Qızıl Şərq (hazırda Eldar Ağayev) küçəsi, ev 104, mənzil 11-də yaşayan Cavabdeh4 və onunla birlikdə yaşayan ailə üzvlərinin - X18, X10, X11, X20 Bakı şəhəri, Yasamal rayonu, H/Ş Qızıl Şərq (hazırda Eldar Ağayev) küçəsi 104 saylı evin 11-ci mənzilinə dair mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilsin, onlar həmin mənzildən çıxarılmaqla mənzil boşaldılsın və sökülsün. Ümumi sahəsi daşınmaz əmlakın dövlət reyestrində olan məlumatlara əsasən 41,70 kvm, "xxxx" MTK-nın verdiyi məlumatlara görə isə 58,30 kvm olan həmin 2 otaqlı mənzilin əvəzinə "xxxx" MTK tərəfindən Cavabdeh4 Bakı şəhəri, Yasamal rayonu, H.Sultanov, Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində tikilməsi nəzərdə tutulan 4 saylı binanın 4-cü mərtəbəsində 3 otaqlı 101,23 k.m-dən ibarət (57,49 % əlavə sahə) 18 saylı təmirli mənzil verilsin. Yeni təmirli mənzil təhvil verilənədək Cavabdeh4 700 manat aylıq kirayə haqqının ödənilməsi vəzifəsi "xxxx" MTK-nın üzərinə qoyulsun. Mənzilin boşaldılması ilə əlaqədar olaraq "xxxx" MTK tərəfindən Cavabdeh4 200 manat daşıma xərci ödənilsin. Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq (hazırda Eldar Ağayev) küçəsi, ev 102, mənzil 9-da yaşayan cavabdeh X4 və onunla birlikdə yaşayan ailə üzvü X8 Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq (hazırda Eldar Ağayev) küçəsi 102 saylı evin, 9-cu mənzilinə dair mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilsin, onlar mənzildən çıxarılmaqla mənzil boşaldılsın və sökülsün. Yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində olan məlumatlara əsasən 32 kvm, ümumi sahəsi isə "xxxx" MTK-nın verdiyi məlumatlara görə 60,7 kvm olan həmin 2 otaqlı mənzilin əvəzinə "xxxx" MTK tərəfindən cavabdeh X3 Bakı şəhəri, Yasamal rayonu, H.Sultanov, Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində tikintisi başa çatmış 5 saylı binanın D blokunda 11-ci mərtəbəsində 3 otaqlı 84,6 k.m-dən ibarət (39,37 % əlavə sahə) 136 saylı təmirli mənzil verilsin. Həmin mənzil X3 təhvil verilənədək ona 700 manat aylıq kirayə haqqı ödənilməsi vəzifəsi "xxxx" MTK-nın üzərinə qoyulsun. Mənzilin boşaldılması ilə əlaqədar olaraq "xxxx" MTK tərəfindən X3 200 manat daşıma xərci verilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi cavabdeh X2 qarşılıqlı iddiasının təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar