Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5032/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçın nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı "əmlakın həbsdən azad edilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24.02.2021-ci il tarixli, 2(009)-289/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 33 saylı mənzilinin həbsdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Baş Prokurorunun təqdimatı təmin edilmiş, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X28Mamed oğluna məxsus olan Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 5 saylı evin, 33 saylı mənzilinin üzərinə cinayət təqibinin davam etdiyi müddət ərzində həbs qoyulmuşdur. Mənzil üzərinə səhvən həbs qoyulmuşdur. Belə ki, mənzil onun xüsusi mülkiyyətindədir, yuxarıda qeyd olunmuş şəxsə məxsus deyildir. O, CPM-nin 253-cü maddəsinə uyğun olaraq cinayət prosesini həyata keçirən orqana (Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsi) müraciət edərək mənzilin həbsdən azad edilməsini xahiş etmişdir. Cinayət prosesini həyata keçirən orqan onun müraciətini təmin etməyərək mənzili həbsdən azad etməmişdir. O, bu səbəbdən, yəni cinayət prosesini həyata keçirən orqan mənzilin həbsdən azad edilməsi barədə müraciətinin təmin edilməsindən imtina etdiyinə görə, MPM-nin 253-cü maddəsinin müddəalarına müvafiq olaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24.02.2021-ci il tarixli, 2(009)-289/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24.02.2021-ci il tarixli, 2(009)-289/2021 nömrəli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində qeyd olunan dəlillərə istinad edilməklə əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə etdiyini, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarına əlavə edilmiş 17 oktyabr 2015-ci il tarixli qərar ilə Azərbaycan Respublikasının CM-nin 308.2 və 309.1-ci maddələri ilə cinayət işi başlanmışdır. İşə əlavə olunmuş 28 noyabr 2016-cı il tarixli qərardan görünür ki, X10 Azərbaycan Respublikasının CM-nin 178.3.1, 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İşə əlavə olunmuş 28 noyabr 2016-cı il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.3.1, 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X10 barəsində axtarış elan edilmişdir. İşə əlavə olunmuş 12 mart 2019-cu il tarixli qərardan görünür ki, X28Mamed oğluna Azərbaycan Respublikasının CM-nin 178.3.1, 178.3.2, 193-1.3.2, 318.1, 320.1 və 320.2-ci maddələri ilə yenidən ittham elan edilmişdir. İş materiallarına əlavə edilmiş 13 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş 05 mart 2013-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı Müqaviləsinə əsasən, tam mülkiyyət hüququ ilə X11 adından etibarnamə ilə çıxış edən X12 Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 33 saylı mənzili Həsənov X1. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 33 saylı mənzili 12.03.2013-cü il tarixdə X4 adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı “Asan” Xidmət Mərkəzi Notariat Kontorunda rəsmiləşdirilmiş 05 iyun 2017-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı Müqaviləsinə əsasən, tam mülkiyyət hüququ ilə X3 əvəzinə X18 Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 33 saylı mənzilini İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 33 saylı mənzili 06.06.2017-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya verilmiş 05.01.2021-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 33 saylı mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qərarı ilə ********* nömrəli cinayət işi X14 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanda yerləşən həyətyanı torpaq sahəsi, 2015-ci il buraxılışlı, ban nömrəsi SAJAA22A7E8V86307 olan “Jaquar XJ” markalı 99-XP958 dövlət qeydiyyat nişanlı, 2014cü il buraxılışlı, ban nömrəsi WDD2120591A993075 olan “Mercedes Benz E-350” markalı, **-YY-*** dövlət qeydiyyat nişanlı avtomaşınların, həmçinin təqsirləndirilən şəxs X8 məxsus olan Bakı şəhəri, İstiqlaliyyət küçəsi, ev 5, mənzil 33, Bakı şəhəri, Səbail rayonu, X17 küçəsi, ev 19, mənzil 11, arvadı Larisa Həsənovanın adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, X17 küçəsi, ev 19 mənzil 005 a ünvanında yerləşən mənzillərin üzərinə cinayət təqibinin davam etdiyi müddət ərzində həbs qoyulmuşdur. İş materiallarına əlavə edilmiş, cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Rüstəm-zadə Şölə Zülfüqar qızının Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair istintaq idarəsində verdiyi 30.08.2017-ci il tarixli izahatından görünür ki, Sübahir Qurbanov, Erkin Qurbanzadə, Cəmşid Novruzov, Adil Atakişiyev, Valeriy Vəliyev adlı şəxsi tanımadığını, Elçin Həsənovu tanıdığını, onun həyat yoldaşı Larisa Qoldfayn ilə rəfiqə olduğunu, hazırda onun Almaniyada yaşadığını, X22 bacısı Afət Həsənovanın həyat yoldaşı, Rəna Rzayevanın isə Elçinin bacısı qızı olduğunu bildirmişdir. Bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən mənzili təxminən 2015-ci ildə görmüşdür. Həmin vaxt X13 toyuna gəlmişdir. Elə həmin vaxt da bir dəfə Larisa ilə birlikdə onlara məxsus ünvan 3 ünvanında yerləşən mənzilə baxmışdır. Mənzil 12-ci mərtəbədə yerləşməklə iki otaqdan ibarət idi. Təxminən 2016-cı ilin payız aylarında Larisa ilə əlaqə saxlayan vaxt o, həmin evi satmaq istədiklərini bildirmiş və tanışlarına bu barədə məlumat verməyini xahiş etmişdir. O, da ilk olaraq həmin evi özü almaq istəmişdir. Hazırda yaşadığı mənzili sataraq həmin evi almağı düşünmüşdür. Larisa ilə razılaşmışlar ki, mənzilin alqı-satqısı ilə bağlı çəkiləcək bütün xərcləri, ödəniləcək bütün rüsumları onlar ödəyəcək, o, heç bir xərc çəkməyəcək, hər şey onların hesabına həyata keçiriləcəkdir. Ancaq sonradan mənzilini sata bilibbilməyəcəyi ilə bağlı tərəddüd etdiyi üçün bu barədə Larisaya məlumat vermişdir. Larisa da narahat olmamağını, 4-5 il ərzində evin pulunu yavaş-yavaş ödəməyini bildirmişdir. Onunla həmin mənzili 250.000 ABŞ dollarına razılaşmışlar. 2016-cı ilin noyabr ayında həmin mənzil onun adına alqı-satqı olunmuşdur. Alqı-satqı zamanı Elçinin bacısı Afət və qızı Rəna da gəlmişdir. Ancaq bir müddət sonra o, öz mənzilini yaxşı qiymətə sata bilmədiyini görüb Larisa ilə danışmış və həmin evi ala bilməyəcəyini bildirmişdir. Mənzilin də özlərinin və ya başqa şəxsin adına rəsmiləşdirilməsini bildirmişdir. O, özünə məxsus ünvan 4 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar hər hansı addım atmamışdır. Belə ki, mənzillərin qiyməti aşağı düşdüyü üçün o, öz mənzilini satmaq üçün heç kəsə yazılı və ya şifahi müraciət etməmiş, bu sahə ilə məşğul olan şəxslərlə əlaqə saxlamamışdır. Ancaq iş yoldaşları, rəfiqələrinə evini satmaq istədiyini bildirmişdir. Evin dəqiq qiymətini bilmədiyi üçün qiymətlə bağlı onların fikirlərini də öyrənmək istəmişdir. Ancaq onlar ona evini almaq istəmələri ilə bağlı heç bir fikir bildirməmişlər. O, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 33 saylı mənzillə bağlı heç kəsə hər hansı məbləğdə pul vəsaiti verməmişdir. O, ilkin mərhələdə düşünmüşdür ki, həmin mənzili almaq üçün öz mənzilini satıb, pulunu onlara verəcəkdir. Pulun qalan hissəsini isə aylıq olaraq yavaş-yavaş ödəyəcəkdir. Ancaq sonradan evini yaxşı qiymətə sata bilməyəcəyini görüb həmin evi faktiki almaqdan imtina etmişdir. O, həmin mənzilin alqı-satqısı ilə əlaqədar notariat kontorunda hər hansı məbləğdə pul ödəməmişdir. O, həmin evin alınması ilə bağlı hər hansı məbləğdə pul vəsaiti ödəməmişdir. Həmin pul vəsaitinin kimə məxsus olmasını da bilmir. Notariat kontorunda olduğu zaman Afət Həsənova və ya Rəna Rzayevada böyük məbləğdə pul vəsaitinin olubolmamasını xatırlamır. Onun əvəzinə kimin 360.000 manat pul ödəməsini bilmir. Ola bilsin ki, Afət və ya Rəna ödəmişdir. Həmin pulu kimin ödədiyini, hansı məbləğdə ödənildiyini bilmir. O, öz mənzilini yaxşı qiymətə sata bilməyəcəyini görüb, Larisaya bildirmişdir ki, İstiqlaliyyət küçəsində yerləşən mənzili ala bilməyəcək və mənzil üçün başqa müştəri tapsınlar. Larisa da narahat olmamağını, mənzili satışa çıxaracaqlarını, birbaşa alan adamın adına rəsmiləşdiriləcəyini bildirmişdir. Bir müddət sonra Larisa Whatsap və ya Skype vasitəsi ilə ona bildirmişdir ki, artıq həmin mənzilə müştəri tapmışdır. O, da vaxtının çox az olduğunu, notariat kontorunda çox vaxt itirmək istəmədiyini bildirmişdir. Larisa da Baba adlı şəxsin oraya gələcəyini, onun adından həmin şəxsə etibarnamə veriləcəyini, onun əvəzinə sənədləşməni Babanın həyata keçirəcəyini bildirmişdir. X26 xidmət mərkəzində yerləşən notariat kontoruna hansı vaxtda gələcəyini bildirmiş, onun da həmin saatda oraya getməyini söyləmişdir. O, da deyilən vaxtda Asan xidmət mərkəzinə getmişdir. Həmin vaxt Baba ilə telefonla danışıbdanışmadığını dəqiq xatırlamır. Ancaq orada Baba ilə görüşmüşdür. Asan xidmət mərkəzində alıcı və oğlu, eyni zamanda Valeriy və ya Vitali adlı hündür boylu kişi də olmuşdur. O, Babanın adına etibarnamə verdikdən sonra oradan çıxıb getmişdir. Daha sonra isə alqı-satqı prosesindən hər hansı məlumatı olmamışdır. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək ona məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə məhkəməyə müraciət etmələrini xahiş etmiş, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun imzası ilə verilmiş 25.08.2020-ci il tarixli cavab məktubunda iş üzrə tam hərtərəfli və obyektiv ibtidai istintaq aparılmaqla müraciətdə göstərilən xüsusatların araşdırılmasının təmin ediləcəyi göstərilmişdir. Bundan sonra İddiaçı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 253-cü maddəsinə əsaslanaraq cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 33 saylı mənzilinin həbsdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 33 saylı mənzili 12.03.2013-cü il tarixdə X4 adına xüsusi mülkiyyət kimi qeydə alınmış, sonradan X4 həyat yoldaşı vasitəsilə hər hansı bir məbləğdə pul ödənilmədən 2016-cı ilin payız aylarında Rüstəmzadə Şölə Zülfüqar qızının adına rəsmiləşdirilmiş və 05 iyun 2017-ci il tarixdə X3 əvəzinə (etibarnamə ilə) X18 tərəfindən Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 33 saylı mənzili İddiaçı satılmış və 06.06.2017-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, 17 oktyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 308.2 və 309.1-ci maddələri ilə cinayət işi başlanmış, 28 noyabr 2016-cı il tarixdə X10 Azərbaycan Respublikasının CM-nin 178.3.1, 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə onun barəsində axtarış elan edilmiş, 12 mart 2019-cu il tarixdə X8 Azərbaycan Respublikasının CM-nin 178.3.1, 178.3.2, 193-1.3.2, 318.1, 320.1 və 320.2-ci maddələri ilə yenidən ittham elan edilmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə X8 məxsus olan Bakı şəhəri, İstiqlaliyyət küçəsi, ev 5, mənzil 33, Bakı şəhəri, Səbail rayonu, X17 küçəsi, ev 19, mənzil 11, arvadı Larisa Həsənovanın adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, X17 küçəsi, ev 19 mənzil 005 a ünvanında yerləşən mənzillərin üzərinə cinayət təqibinin davam etdiyi müddət ərzində həbs qoyulmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 253-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM-152.5) Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (MM157.4) Azərbaycan Respublikasının MM-nin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, həmin dəlilləri əsassız hesab edir. Belə ki, işin müəyyən edilmiş hallarından və iddiaçının məhkəmədə verdiyi izahatından məlum olur ki, üzərinə həbs qoyulmuş mənzilin əvvəlki mülkiyyətçisi olmuş X5 Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilməsinə dair onun barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində cinayət işi istintaq edilir və həmin cinayət işi ilə bağlı məhkəmə qərarı əsasında qeyd edilən mənzilin üzərinə həbs qoyulmuşdur. Belə olan halda, əvvəllər cinayət törədilməsində təqsirləndirilən şəxsin mülkiyyətində olmuş, hazırda isə iddiaçının mülkiyyətinə keçmiş əmlakın üzərinə həbsin qoyulması iddiaçının qeyd etdiyi kimi, əmlakın üzərinə səhvən həbs qoyulması kimi qiymətləndirilə bilməz. Çünki, həmin əmlakın üzərinə həbs, Bakı şəhəri Səbail rayon məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qərarından da göründüyü kimi, mübahisəli mənzilin cinayət yolu ilə əldə edilmiş maliyyə vəsaitləri hesabına əldə edilməsinə əsaslı şübhələr olduğu üçün qoyulmuşdur. Göründüyü kimi, işlə bağlı həyata keçirilən istintaq hərəkətlərinin qarşısında duran məsələlərdən biri də, həmin əmlakın cinayət yolu ilə əldə edilib-edilməməsini müəyyən etmək və buna uyğun zəruri addımların atılmasından ibarətdir. Bundan başqa müəyyən edilir ki, mübahisəli mənzilin üzərinə həbs qoyulsa da, mənzil iddiaçının mülkiyyətinə keçdiyi vaxtdan hal-hazıradək onun sahibliyində və istifadəsində olmuşdur və bu hüquqlarının həyata keçirilməsində ona hər hansı maneə yaradılmamış, yalnız onun əmlak üzərində sərəncam vermək (əmlakı özgəninkiləşdirmək, ipoteka qoymaq və s.) hüququ məhdudlaşdırılmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarlarında formalaşdırdığı hüquqi mövqedən çıxış edərək məhkəmə kollegiyası bu qənaətə gəlir ki, əvvəllər cinayət işi üzrə təqsirləndirilən şəxs olmuş X8 məxsus olmuş, hazırda isə iddiaçı X6 mülkiyyət hüququ ilə məxsus olan mənzilin üzərinə həbsin qoyulması onun mülkiyyət hüquqlarını məhdudlaşdırsa da, bu cür müdaxilə qanunla nəzərdə tutulan şəkildə həyata keçirildiyindən (həbs məhkəmənin qərarı əsasında və CPM-nin normalarına istinad edilməklə qoyulmuşdur) və qanuni məqsəd daşıdığından (baş vermiş korrupsiya xarakterli cinayətinin araşdırılması), həmçinin onun mülkiyyət hüquqlarının məhdudlaşdırılması cəmiyyətin ümumi maraqlarına xidmət etdiyindən, bundan başqa, qeyd edilən məhdudiyyət müvəqqəti xarakter daşımaqla, iddiaçının əmlaka sahiblik və ondan istifadə hüquqlarına toxunmadığından və bununla da «ədalətli balans» prinsipinə riayət olunduğundan, bu müdaxilə iddiaçının öz mülkiyyətindən maneəsiz istifadə etməsi ilə bağlı Konstitusion hüquqlarının və Avropa İnsan Hüquqları Konvensiyasında təsbit edilmiş mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24.02.2021-ci il tarixli, 2(009)-289/2021 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-5032/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5032/2021
27.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver