Məhkəmə qərarları › İş №2(103)-5033/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5033/2023

25.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5033/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mülki iş (Açar sözlər: «hərracın nəticələrinin etibarsız hesab edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1741/2023 saylı, 02 iyun 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 4 noyabr tarixli e-2-2(113)-192/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" MMC və “Yanğından Mühafizə Cəmiyyəti” İB-dən müştərək qaydada 161761,54 ABŞ dolları əsas borc, 8.222,55 ABŞ dolları faiz borcu, illik 5% hesablanmaqla 8088,78 ABŞ dolları məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsumun "xxxx" MMC, “Yanğından Mühafizə Cəmiyyəti” İB və İddiaçı müştərək qaydada iddiaçının xeyrinə tutulması, İddiaçı, MMC və İB-dən müştərək qaydada 2021-ci il 25 avqust tarixli 9/3803 saylı məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 200 manatın, 2021-ci il 12 fevral tarixli 9/5221 saylı məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 200 manatın tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə və məhkəmə əmtəəşünaslıq ekspertizası ilə bağlı olaraq ödənilməli olan 500 manatın İddiaçı, "xxxx" MMC və “Yanğından Mühafizə Cəmiyyəti” İB-dən müştərək qaydada tutularaq "xxxx" MMC-nin xeyrinə tutulması, tutmanın İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti 43 ünvanda yerləşən 0,11594 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1.246,58 kv.m olan əmlak kompleksinə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsinin həyata keçirilməsi, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılmalı, ipoteka predmeti olan əmlak açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması, ipoteka predmetinə tutma yönəldildikdə İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti 43 ünvanda yerləşən 0,11594 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1.246,58 kv.m olan əmlak kompleksinin likvid dəyərinin əmlakın qiymətləndirilməsi ekspertizası ilə müəyyən olunmuş məbləğdə, yəni 2.500.000 manat müəyyən edilməsi, daşınmaz əmlakın satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin İddiaçı ödənilməsi qət edilmişdir. 2.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC və “Yanğından Mühafizə Cəmiyyəti” İB-dən müştərək qaydada iddiaçı “Azər-Türk Bank" ASC-nin xeyrinə 193064,09 ABŞ dolları əsas borc, 11611,59 ABŞ dolları illik 5% ilə faiz borcu, cəmi 204675,68 ABŞ dolları tutulması qət edilmişdir.

3. "xxxx" MMC tələbkar "xxxx" ASC-ni və borclular İddiaçı, "xxxx" MMC və “Yanğından Mühafizə Cəmiyyəti” İB-ni Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin xx/xx-274850-16 saylı, xx.xx.2022-ci il tarixli şifariş məktubuna əsasən, Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti 43 ünvanda yerləşən 0,11594 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 1.246,58 kv.m olan əmlak kompleksinin xx.xx.2023-cü il tarixdə, saat 11:00-da ilkin hərrac, xx.xx.2023-cü il tarixdə, saat 11:00-da satılmaq üçün təkrarən açıq hərraca çıxarılacağı barədə məlumatlandırmış, bu barədə sonunculara xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərdə rəsmi qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Bildirişlər borclu İddiaçı münasibətdə rabitə orqanının xx.xx.2022-ci il tarixdə “qapı bağlıdır” qeyd şərti ilə, xx.xx.2023-cü il tarixdə “ünvanda yaşamır” qeyd şərti ilə geri qaytarılmışdır. Eyni zamanda bildiriş xx.xx.2022-ci il tarixdə “qapı bağlıdır” qeyd şərti ilə geri qaytarılsa da, xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən imzalanaraq qəbul edilmişdir. Hər iki hərrac barədə “Market” reklam və elanlar qəzetində elan verilmişdir.

4. "xxxx" MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 13 fevral 2023-cü il tarixli protokola və müqaviləyə əsasən, sözügedən torpaq sahəsi və əmlak kompleksi"xxxx" ASC-yə ******* manata satılmış və "xxxx" MMC ilə "xxxx" ASC arasında hərracın nəticələrinə dair protokol və müqavilə tərtib olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi, "xxxx" ASC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 01 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla cavabdeh "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən xüsusi mülkiyyətində olan ipoteka predmetinin, yəni Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti 43 ünvanda yerləşən 0,11594 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1246,58 kv.m olan əmlak kompleksinin satışı üzrə keçirilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli hərraclar və “Hərracın baş tumaması barədə” xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli, 467/22 saylı prorokolların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiada göstərilir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti 43 ünvanda yerləşən 0,11594 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1246,58 kv.m olan əmlak kompleksinin mülkiyyətçisidir. Həmin əmlakını "xxxx" MMC-nin xeyrinə "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. "xxxx" MMC kredit öhdəliklərinə tam əməl edə bilmədiyi üçün ona və digər cavabdehlərə qarşı iddia qaldırılmışdır. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2022-ci il tarixli icra vərəqəsi ilə işi icraya göndərmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi xx.xx.2022-ci il tarixli məktubla cavabdeh "xxxx" MMC-yə “Hərracın keçirilməsi haqqında” Sifariş göndərmişdir. Məhz bundan sonra ona məlum olmayan şəraitdə qanunsuz hərrac (1-ci və 2-ci olmaqla) keçirilmiş, onun bundan xəbəri olmamış, mətbuatı izləməyinə baxmayaraq müvafiq elanlara rast gəlməmişdir. Halbuki o, əmlakının əlindən çıxmaması üçün borc məbləğinin tapılması yönündə ciddi maliyyə mənbələri tapmışdı və təxminən 210.000 ABŞ dolları həcmində borcu ödəməyə hazır vəziyyətdə idi. Lakin hərracların ondan xəbərsiz və qanunsuz keçirilməsi onun mülkiyyət hüququna xələl gətirib və əmlakı əlindən çıxmaq üzrədir. Bu barədə o, obyektə yeni potensial müştərilər gələndə və obyektlə maraqlananda xəbər tutmuşdur. Şəxsən cavabdeh quruma müraciət edərək lazimi sənədləri, yəni sifariş və protokolları aldı və mübahisələndirmək qərarı vermişdir. Görüdüyü kimi hərracın keçirilməsində iştirak etmək, müqavilə bağlamaq və ən azından bu barədə məlumatlı olmaq onun əsas hüququ olub, lakin cavabdeh onun hüquqlarını pozub, mətbuatda və internetdə elan verməyib, ona bildiriş çatmayıb və mülkiyyət hüquqları pozulub. Eyni zamanda, onun da şahidi olmuşdur ki, cavabdeh və tələbkar (X2 ASC) “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilə də bağlanmışdır, lakin xoşbəxtlikdən bu müqavilə əsasında hələ ki, mülkiyyət hüquqlarını qeydiyyata aldırmamışdır. Ona görə də tərəfindən müvəqqəti təminat tədbiri barədə ərizə verilməsi və məsələlərə aydınlıq gətirilənə qədər proseslərin dayandırılması vacibdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1741/2023 saylı, 02 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia tələbi təmin edilməmiş və ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, "xxxx" MMC tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, o, qanunvericiliklə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, bu barədə iddiaçının ünvanına rəsmi qaydada bildirişlər göndərmiş, eləcə də hərrac barədə “Market” reklam və elanlar qəzetində elan verilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, hərracın keçirilməsində iştirak etmək, müqavilə bağlamaq və ən azından bu barədə məlumatlı olmaq iddiaçının əsas hüququ olsa da, cavabdeh iddiaçının hüquqlarını pozub, mətbuatda və internetdə elan verməyib, iddiaçıya bildiriş çatmayıb və mülkiyyət hüquqları pozulub. İşin hallarından da görünür ki, iddiaçıya hərracın keçirilməsi ilə bağlı bildiriş çatmamış, beləliklə iddiaçı hərracın keçirilməsindən xəbərsiz olmuşdur. Bununla da, iddiaçının qanunla müəyyən edilmiş hüquqları pozulmuşdur. Hərrac iddiaçıdan xəbərsiz və qanunsuz yolla keçirildiyindən Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən, hərrac və onun nəticələri etibarsız sayılmalıdır. b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak etməli olan şəxslər məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

12. “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim (əvvəlki redaksiyada 45 gün) günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

13. “İcra haqqında” Qanun:

Maddə 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Qanuna əsasən tərəflərin razılığı yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Maddə 61.1 və 61.2. Borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.

14. F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

22. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işin faktiki halları yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

23. Konstitusiya Məhkəməsinin Plenumu 28 oktyabr 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli 14 dekabr 2022-ci il tarixli qərardadında da ipoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edildiyi göstərilmişdir. Bu hal bir daha təsdiq edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilir, eyni zamanda Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır.

25. İpoteka qoyanın bildirişi şəxsən almaması keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün müstəqil əsas ola bilməzdi. Çünki, Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki, ...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

26. Qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana, o cümlədən hazırki iş üzrə iddiaçıya müəyyən müddət verməklə, məhz özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, bu şəxsə əlavə olaraq daha bir şans verilir. Hərraca çıxarılmış fərdi yaşayış evinin dəyəri təkrar hərracda az göstərilsə belə, iddiaçının həqiqətən də həmin fərdi yaşayış evini almaq niyyəti olsa idi, hərracda iştirak edə, eləcə də həmin fərdi yaşayış evini hərracdan ucuz qiymətə ala və sonradan baha qiymətə də sata bilərdi. Lakin iddiaçının hərracdan məlumatı olmasına (birinci hərracdan əvvəl bildirişi şəxsən imzalayıb qəbul etmişdir bax.i.v.48-49) baxmayaraq, əslində onun bu prosesləri süni surətdə uzatmağa cəhd etməsi hərracın keçirilməsinin nəticələrinə mane olmaq istəyinə dəlalət edirdi. Çünki hərrac təşkilatı mümkün olan bütün üsullarla - hər iki hərracın yeri və vaxtı barədə həm bildiriş göndərməklə, həm də “Market” qəzetində hər iki hərracın yeri və vaxtı, həmçinin hərracın baş tutmaması barədə elan yerləşdirməklə hərraca dəvət edilməli olan şəxsləri məlumatlandırmış hesab edilir.

27. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 1741/2023 saylı, 02 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1741/2023 saylı, 02 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar