Məhkəmə qərarları › İş №2(103)-5034/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5034/2023

26.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5034/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı ilk, iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı qarşılıqlı iddiası ilə bağlı iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun müvəqqəti məhdudlaşdırılmasına görə kompensasiyanın və kirayə haqqının ödənilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi) X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "mülkiyyət hüququnun müvəqqəti məhdudlaşdırılmasına görə kompensasiyanın və kirayə haqqının ödənilməsi" tələbinə dair ilk, iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı “kompensasiyanın və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin e-2(006)-860/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasan işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.1997-ci il tarixli, 027530 nömrəli müqaviləyə əsasən X10 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 179,8 kv.m. sahədən ibarət fərdi yaşayış evini 10.000.000 manat pula X1.

2. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 136908 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X9 xüsusi mülkiyyət hüququ ilə məxsusdur. Bu barədə 12 nömrəli reyestr kitabında xx.xx.1998-ci il tarixdə qeydiyyat aparılmışdır.

3. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 51 saylı Sərəncamına əsasən Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə, həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir.

4. xx.xx.2020-ci il tarixli, 1576 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyəverən Bakı şəhər İcra Hakimiyyəti ilə icarəçi İddiaçı MMC arasında Bakı şəhər İHB-nın xx.xx.2020-ci il tarixli 51 saylı sərəncamı və xx.xx.2020-ci il tarixli 20/18 saylı cizgiyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən 42.258 kv.m torpaq sahəsinə dair 49 il müddətinə torpaq icarəsi müqaviləsi bağlanmışdır.

5. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, 19 nömrəli Sərəncamından Çıxarışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssə plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, X14, Novruzov qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə, İddiaçı MMC-nin istifadəsində olan torpaq sahəsində layihələndirilən yaşayış kompleksinə (Sifarişçi-İddiaçı MMC, Layihəçi-Bakı Dövlət Layihə İnstitutu) dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir.

6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi “Azərdövlətsənayeıayihə” DLİ-nin “Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənzəminli, Novruzov qardaşları, C.Məmmədquluzadə və Ak.Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazilərdə yerləşən yaşayış evlərinin texniki vəziyyəti haqqında” 07 yanvar 2021-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənzəminli, C.Məmmədquluzadə, S.Rəhman və Novruzov qardaşları küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin yükdaşıyan konstruksiyaları texniki cəhətdən yolverilməz vəziyyətdədir, qüvvədə olan seysmik normaların tələblərinə cavab vermir.

7. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin xx.xx.2021-ci il tarixli, 02/767 saylı məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, Novruzov Qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC tərəfindən tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim olunmuş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Komitənin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamının 1.4-cü bəndi ilə təsdiq edilmiş şəhərsalma əsaslandırılmasına uyğundur.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC tərəfindən ünvan 4ında tikiləcək çoxmərtəbəli yaşayış binasında 171 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli, 51 saylı Sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubları nəzərə alınaraq, Bakı şəhəri, Nəsimi rayonu, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək, yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsini icarə əsasında iddiaçı "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 300-350 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 210-a yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. ünvan 2 ünvanındakı daşınmaz əmlakın ümumi sahəsi 143 kv.m. olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh ilə yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmirli mənzili qəbul etməkdə razılıq əldə etmək mümkün olmamışdır. Tikintisinə müvafiq icazə alınmış tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmişdir. Fərdi yaşayış evləri sökülmüş, sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Evlərinin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin razılığın əldə etmək mümkün olmaması həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Binanın tikilməsi barəsində Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 51 saylı Sərəncamının 1.1.-ci bəndində göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi sərəncamın onlar tərəfindən icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı, həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir. İddiaçı cavabdehin mülkiyyət hüquqlarını bu və ya digər formada pozmur və onu mülkiyyətdən məhrum etmir. Əksinə ona mülkiyyətinin ədalətli qaydada mütənasib olaraq mənzilin sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada mənzili onun mülkiyyətinə verir.

10. İddiaçı Cavabdeh “"xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin ilk iddiasının rədd edilməsi, ona məxsus 204 kv.m-lik yaşayış sahəsi əvəzinə İddiaçı MMC tərəfindən ona məxsus evin yerləşdiyi ərazidə bir ədəd 125 kv.m., bir ədəd 78 kv.m. və bir ədəd 51 kv.m. olmaqla tam təmirli və istilik sistemi quraşdırılmış mənzillərin onun mülkiyyətinə verilməsi və bununla bağlı onunla müqavilə bağlanması, yerdə qalan 10 kv.m. üçün isə 10.000 manat məbləğində pulun (1 kv.m=1.000 manat olmaqla) İddiaçı MMC-dən tutularaq ona ödənilməsi, xx.xx.2023-cü il tarixdən başlamaqla ayda 600 manat olmaqla kirayə pulunun və evi sökən zaman məhv olan əşyaların 6.870 manat məbləğində dəyərinin ona ödənilməsi öhdəliyinin İddiaçı MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin iddiası tamamilə əsassız və qanunsuz olduğu üçün rədd edilməlidir. Ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sahəsi 204 kv.m-dən ibarət idi. İddiaçı MMC-nin əməkdaşları əhali ilə danışmaq üçün gələn zaman ona məxsus 204 kv.m. olan yaşayış sahəsinin əvəzinə 30% artıq olmaqla cəmi 264 kv.m-dən ibarət olan bir neçə mənzil veriləcəyini bildirmişdilər. Lakin sonradan həyat yoldaşının cərrahi əməliyyat keçirməsi ilə bağlı xəstəxanada yatmasından istifadə edərək ona məxsus olan fərdi yaşayış evini ətrafdakı evlərlə birlikdə qanunsuz olaraq sökərək məhv etmişdilər. Burada məqsəd onu daha aşağı şərtlərlə razı olmağa məcbur etməkdən ibarətdir. Qeyd etməyi zəruri hesab edir ki, İddiaçı MMC-nin əməkdaşlarının əməlində cinayət tərkibi mövcuddur. Ona məxsus evi qanunsuz olaraq söküb məhv edən zaman evdə olan əşyaları da yararsız hala düşmüşdür. Ümumi dəyəri 6.870 manat olmaqla siyahısı əlavə olunan əşyalar tamamilə məhv olmuşdur. Hesab edir ki, həmin əşyaların dəyəri də "xxxx" MMC-dən tutulmalıdır. Eyni zamanda cavabdeh tərəfindən ona aylıq kirayə haqqı ödənilməlidir. Belə ki, İddiaçı MMC tərəfdən inşa edilərək ona təklif edilən mənzillərin yerləşdiyi binanın bütün kommunikasiya sistemləri işlək vəziyyətə gətirilməklə tam hazır olduqdan və tam təmir edildikdən sonra ona veriləcək mənzillər təhvil verilənədək, xx.xx.2023-cü il tarixdən başlamaqla ayda 600 manat olmaqla cavabdeh İddiaçı MMC tərəfindən ona kirayə haqqı verilməlidir.

12. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin e-2(006)-860/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddianın qismən təmin olunması, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin əvəzinə ünvan 3nda tikiləcək çoxmərtəbəli yaşayış binasında 3 otaqlı 130 kv.m. və 1 otaqlı 51 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzillərin Cavabdeh xüsusi mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MMC tərəfindən Cavabdeh hər ay 600 manat kirayə haqqının ödənilməsi, ilk və qarşılıqlı iddiaların qalan hissədə rədd edilməsi, ilk və qarşılıqlı iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. (hakim X11)

13. Məhkəmə ilk və qarşılıqlı iddia tələblərini qismən təmin edərkən ona istinad etmişdir ki, tərəflər arasında mübahisə doğuran məsələ daşınmaz əmlakın sökülməli olması ilə bağlı deyil, sökülən əmlakın əvəzləşdirilməsi şərtləri ilə bağlıdır. Belə ki, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi sökülmüşdür. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunmuş və iş araşdırma mərhələsindədir. Mübahisəli fərdi yaşayış evinin sahəsi ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməmiş və fərdi yaşayış evi söküldüyündən onun fakitiki sahəsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş baxış aktına əsasən mənzilin sahəsinin 127,96 kv.m olduğu qeyd edilmişdir. Lakin məhkəmə tərəfindən bu sübut mötəbər hesab edilməmişdir. Belə ki, ilk iddia üzrə iddiaçı öz ərizəsində evin faktiki sahəsinin 141 kv.m. olduğunu bildirmişdir. Qarşılıqlı iddiaçı isə fərdi yaşayış evinin 204 kv.m. olduğunu bildirmişdir. Məhkəmə yuxarıda şərh olunanlara məcmu halda hüquqi qiymət verərək, “ədalətli balans” prinsipini rəhbər tutaraq, iddia tələblərinə münasibətdə hesab etmişdir ki, ilk iddia və qarşılıqlı iddia qismən təmin edilməli, yeni mənzil ilə təmin edilənədək İddiaçı MMC tərəfindən Cavabdeh hər ay 600 manat kirayə haqqı ödənilməli, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin əvəzinə ünvan 4ında tikiləcək çoxmərtəbəli yaşayış binasında 3 otaqlı 130 kv.m. və 1 otaqlı 51 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzillər Cavabdeh xüsusi mülkiyyətinə verilməlidir. Məhkəmə bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, o cümlədən qarşılıqlı iddiaçıya bu sahədən az və ya artıq sahə verilməklə əvəzləşdirmə həyata keçirilməsinə dair tələblər əsaslandırılmadığından İlk və qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qənaətinə gəlmişdir.

14. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 12-ci, 13-cü, 29-cu, 43-cü maddələrinə, Mülki Məcəllənin 5.3-cü, 6.3-cü, 15-ci, 16.1-ci,18-ci, 152.1-ci, 152.6-cı, 169.1-ci, 560.1-ci, 560.2-ci, 560.3.5.1-ci maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20-ci, 4.1ci, 4.2-ci, maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.7-ci, 14.2, 76-cı, 77.1-ci, 119.1-ci, 217.4-cü, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X12 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, 5 saylı Qərarına, “İnsan hüquqlarının və X12 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokoluna, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli və “Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Broniovski Polşaya qarşı” iş üzrə xx.xx.2004-cü il tarixli Qərarına, “Skordino İtaliyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli Qərarlarına istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini və qarşılıqlı iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdilər.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun mülkiyyət hüququnu təsdiq edən sənəddə evin sahəsi göstərilməmişdir. Mülkiyyət hüququnu təsdiq edən sənəddə sahənin göstərilməməsi onun mülkiyyətçi kimi hüquqlarının pozulması ilə nəticələnir. Halbuki mülkiyyət hüququnu təsdiq edən sənəd dövlət orqanı tərəfindən ona verilmişdir. Eyni zamanda, qarşı tərəf evə baxış keçirmiş və baxış aktı tərtib edilmişdir. Məhkəməyə isə daha az sahəsi olan ev vermək üçün qarşı tərəf yalan məlumat təqdim etmişdir. Artıq ev söküldüyü üçün məhkəməyə real vəziyyətə dair sübut təqdim edə bilmir. Belə ki, "xxxx" MMC-nin qanunazidd hərəkətləri onu sübut təqdim etmək hüququndan məhrum etmişdir. Onun evi onun xəbəri və razılığı olmadan sökülmüşdür. Qətnamədə qeyd edilən heç bir qanun, qərar və konvensiya əmlakın mülkiyyətçinin xəbəri və razılığı olmadan sökülməsinə hüquqi əsas vermir, mülkiyyətçinin üstün hüquqları qorunmalıdır. Xüsusilə qeyd etmək zəruridir ki, ev qəzalı vəziyyətdə olmamışdır. Onun həyat yoldaşı xx.xx.2022ci il tarixdə əməliyyat keçirmiş, onun səhhəti ilə bağlı evdə olmamaqlarından və baş qarışıqlığından istifadə edərək, evi sökmüşlər. Qətnamədə qeyd edilmişdir ki, o, evə dəymiş ziyanın məbləğini təsdiq edən sənədi məhkəməyə təqdim edə bilmir. Bu evin ondan xəbərsiz sökülməsi ilə bağlıdır. Qarşı tərəfin başqasının evini qanunsuz sökdüyünə görə onlar barəsində tədbir görmək əvəzinə onun üzərinə ondan asılı olmayan sübutetmə yükü qoyulur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətini təmin edilməsini və qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdilər. Eyni zamanda, Cavabdeh verilən suallara cavab olaraq bildirmişdir ki, ev sökülən zaman o, və onun ailə üzvləri həmin evdə yaşamamış, onlar evi kirayə əsaslarla digər şəxslərin istifadəsinə vermişdilər. Söküntü zaman evdə kirayəçilər olmuş, onlarda könüllü olaraq evi tərk edərək, evin sökülməsinə şərait yaratmışdılar.

19. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qismən qəbul edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, tərəflərindən təklif edilən kompensasiyanın həcmini artırmaq qərarına gəlmişdilər. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq, Dövlət Notariat Arxivi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.1997-ci il tarixli müqavilə və digər sənədlərə əsasən Cavabdeh tərəfindən xx.xx.1997-ci il tarixdə alınan zaman fərdi yaşayış evinin 179,8 kv.m. ölçüdə olması göstərilmişdir. Buna uyğun olaraq "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində 130 kv.m. ümumi sahəsi olan 3 otaqlı təmirli, habelə eyni blok və mərtəbədə 86 kv.m. ümumi sahəsi olan 2 otaqlı təmirli mənzilin Cavabdeh mülkiyyətinə verilməsi və 2023-cü ilin aprel ayından başlayaraq, hər ay 600 manat kirayə haqqının ödənilməsi mümkündür. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin qismən, yalnız hazırki təklifləri ilə üst-üstə düşən hissəsində təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Konstitusiyasının: 12-ci maddəsinin 1-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 16.1-ci maddəsinin 1-ci bəndinə əsasən azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər; 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

22. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir; 4.2 və 4.2.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir.

23. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər; 28.7-ci maddəsinə əsasən qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir; 85-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

25. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 482 saylı Qərarının 4-cü bəndinə əsasən Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, habelə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini həyata keçirsinlər.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında göstərmişdir ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır.

27. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə istinadən qeyd etməyi zəruri hesab edir ki, kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tətqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Belə ki, Konstitusiyanın 29-cu maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ hissəsi sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, dövlətin üzərinə mülkiyyət hüququnun təmini məqsədilə həm neqativ, həm də pozitiv öhdəliklər qoyulub. Pozitiv öhdəliklər bir sıra tədbirlərin həyata keçirilməsini, o cümlədən mülkiyyət hüququnun effektiv reallaşdırılmasını təmin edən hüquqi rejimin müəyyən edilməsini əhatə edir. Bu öhdəliklər Konstitusiyanın 94-cü maddəsinin İ hissəsinin 13-cü bəndinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin (bundan sonra – Milli Məclis) üzərinə qoyulub. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. Digər tərəfdən Konstitusiyada və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda mülkiyyət hüququnun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Milli Məclis mülkiyyət hüququnun məzmununun müəyyən olunması üzrə öz səlahiyyətlərini reallaşdırarkən bu hüdudları və mülkiyyətin funksiyalarının mütənasibliyini nəzərə almalıdır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

31. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

32. Hazırkı apellyasiya şikayətində qətnamənin dəyişdirilərək, qarşılıqlı iddianın tam təmin olunması xahiş olunduğundan, habelə qarşılıqlı iddianın təmin edilməyən hissəsinin təmin edilməsinin artıq təmin edilən hissəsinə də təsir edəcəyindən qətnamə qarşılıqlı iddia ilə bağlı hissədə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh mülkiyyətində olmaqla sökülmüş fərdi yaşayış evinin sahəsini müəyyən etməməklə, kompensasiya qismində onun mülkiyyətinə verilmiş mənzillərin yerləşdiyi yeri dəqiq göstərməməklə, habelə kirayə haqqının tutulması müddətlərini müəyyən etməməklə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş kompensasiyanın məbləği ədalətli və ağlabatan hesab edilə bilməz. Bu da öz növbəsində qətnamənin qarşılıqlı iddianın qismən təmin edilən və rədd edilən hissəsində ləğv edilməsini və qeyd edilən məsələlərə aydınlıq gətirilməklə həmin hissədə yeni qətnamə çıxarılmasını şərtləndirir.

34. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Şamilova (Vəliyeva) Sənubər Əşrəf qızının mülkiyyətində olmuşdur. Onun mülkiyyətində olmuş bu ev Bakı şəhər İcra Hakimiyyəti başçısının 04 mart 2020-ci il tarixli, 51 saylı Sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədi ilə İddiaçı MMC-yə icarəyə verilmiş 4,2258 ha torpaq sahəsi hüdudları daxilində yerləşir. Həmçinin, Sərəncama əsasən bu sahədə qeydə alınmış hüquqlarla bağlı məsələlər sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən İddiaçı MMC tərəfindən həll edilməlidir. Həmin sahədə tikinti işlərinin aparılması üçün İddiaçı MMC-nin səlahiyyətləri aidiyyəti dövlət orqanları tərəfindən lazımi qaydada rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ-nin “Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənzəminli, Novruzov qardaşları, C.Məmmədquluzadə və Ak.Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazilərdə yerləşən yaşayış evlərinin texniki vəziyyəti haqqında” 07 yanvar 2021-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənzəminli, C.Məmmədquluzadə, S.Rəhman və Novruzov qardaşları küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin yükdaşıyan konstruksiyaları texniki cəhətdən yolverilməz vəziyyətdədir, qüvvədə olan seysmik normaların tələblərinə cavab vermir.

35. İddiaçı MMC müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün orada yaşayan əmlak mülkiyyətçiləri (istifadəçiləri) ilə razılıq əldə edib, müqavilələr bağlamaq, habelə qanunvericiliklə müəyyən edilmiş hədlərdə digər tədbir görmək səlahiyyətinə malikdir. Bu səlahiyyətlər çərçivəsində də İddiaçı MMC həmin sahədə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi və yerində yeni yaşayış binasının inşa edilməsi ilə bağlı əmlak mülkiyyətçiləri (istifadəçiləri) ilə razılıq əldə edərək, müqavilələr bağlamışdır. Lakin Cavabdeh mülkiyyətində olan ev artıq sökülmüşdür, fakriki olaraq mövcud deyil.

36. Hazırda Cavabdeh mülkiyyətində olan evin onun icazəsi olmadan, həyat yoldaşının səhhətində yaranmış problemlərlə bağlı ailəsinin tibb müassisəsində olduğu zaman, orada yaşayan kirayəçilər evdən çıxdıqdan sonra İddiaçı MMC tərəfindən qanunsuz söküldüyünü, nəticədə mülkiyyətində olan evdən və digər əmlakından məhrum olunduğunu iddia edir. Bunun müqabilində, kompensasiya qismində evin yerləşdiyi ərazidən, evin ümumi sahəsini təşkil edən 204 kv.m. sahədən 30% artıq sahədə, yəni, 125 kv.m, 78 kv.m. və 51 kv.m. ölçüdə 3 ədəd təmirli və istilik sistemi quraşdırılmış mənzillərin onun mülkiyyətinə verilməsini, qalan 10 kv.m. sahənin əvəzi olaraq 10.000 manat pulun, xx.xx.2023-cü il tarixdən başlayaraq ayda 600 manat kirayə haqqının, habelə evin söküntüsü zamanı orada məhv olunmuş əşyaların ümumi dəyərinin əvəzi olaraq 6.870 manat pulun ona ödənilməsini tələb edir.

37. İddiaçı MMC kompensasiya və kirayə haqqının ödənilməsinə razıdır və birinci instansiya məhkəməsindəki mövqeyindən fərqli olaraq, hazırda kompensasiya qismində tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində inşa ediləcək çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində ümumi sahəsi 130 kv.m. olan 3 otaqlı təmirli və ümumi sahəsi 86 kv.m. olan 2 otaqlı təmirli yeni mənzillərin inşa edilərək, Cavabdeh mülkiyyətinə verilməsini təklif edir. Lakin nəticə etibarı ilə tərəflər kompensasiyanın həcmi və məbləği ilə bağlı razılığa gələ bilmirlər.

38. Qeyd edilməlidir ki, mübahisənin yekun həlli məqsədi ilə Cavabdeh mülkiyyət hüququna müdaxilə ilə mülki hüquq münasibətlərinin digər iştirakçılarının, o cümlədən İddiaçı MMC-nin hüququ və mənafeləri, habelə sökülməsi nəzərdə tutulan ərazidə yaşamış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması arasında ağlabatan tarazlıq müəyyən edilməlidir.

39. Bu baxımdan nəzərə alınmalıdır ki, İddiaçı MMC Cavabdeh həmin evə olan mülkiyyət hüququndan məhrum etmək, habelə evin yerləşdiyi sahəni zəbt etmək və ya əvəzsiz qaydada özgəninkiləşdirmək məqsədini daşımır. İddiaçı MMC həmin evin yerləşdiyi sahəni yeni hündür mərtəbəli çoxmənzilli yaşayış binasının inşası ilə bağlı istifadə etmək və Cavabdeh yeni binadan sökülmüş evin sahəsindən də artıq sahəsi olan, tam təmirli mənzillər vermək niyyətindədir. Cavabdeh fərdi yaşayış evinə mülkiyyət hüququnun olması hüquqi nəticə etibarı ilə onun yeni inşa edilmiş binadan verilən mənzillərə də mülkiyyət hüququnun yaranması üçün əsas olacaqdır. Bu səbəbdən həmin müddət ərzində baş verənlər (sökülmüş evin yerində inşa edilmiş hündürmərtəbəli çoxmənzilli yaşayış binasından yeni mənzillərin təhvil verilməsi) onun mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.

40. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, məsələ üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin aidiyyəti qərarlarında nümayiş etdirilmiş hüquqi mövqeyi əsas götürüb qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il 10 may tarixli Qərar, “Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93 və sair).

41. Məhkəmə kollegiyası vurğulayır ki, Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı və texniki cəhətdən yolverilməz vəziyyətdə olan, seysmik normaların tələblərinə cavab verməyən vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

42. Bununla belə, Cavabdeh mülkiyyətində olmuş və artıq sökülmüş fərdi yaşayış evinə görə müvafiq kompensasiya tələb etməsi qanunidir və başa düşüləndir. Lakin həmin kompensasiya da onun məhrum olduğu (məhdudlaşdırıldığı) hüququna mütənasib olmalıdır. Başqa sözlə kompensasiya təklif olunarkən mülkiyyətçinin mülkiyyətində olan sahələrin ölçüləri, yararlıq və təmir vəziyyəti, sahələrin təyinatı və digər bu kimi hallar nəzərə alınmalı, təklif konkret olmalı (nəticə etibarı ilə mülkiyyətçi verilmiş kompensasiyaya uyğun əldə edəcəyi barədə tam məlumatlı olmalı), gələcəkdə əlavə mübahisələrin yaranmasına səbəb olmamalıdır.

43. Məhkəmə kollegiyası İddiaçı MMC tərəfindən təklif edilən və Cavabdeh tərəfindən tələb edilən kompensasiyanın həcmi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh mülkiyyətində olmaqla sökülmüş fərdi yaşayış evinin 204 kv.m. ölçüdə olmasını iddia edir və kompensasiya qismində bu sahədən 30% artıq sahənin, təmirli və istilik sistemi ilə təchiz edilmiş mənzillər (bir ədəd 125 kv.m., bir ədəd 78 kv.m. və bir ədəd 51 kv.m.) və nağd pul (qalan 10 kv.m. hər 1 kv.m. üçün 1.000 manat olmaqla, 1.000 x 10 = 10.000 manat məbləğində pul) şəklində onun mülkiyyətinə verilməsini tələb edir. Lakin onun mülkiyyətində olmuş sahənin ölçüsünün 204 kv.m. olmasını təsdiq edən hər hansı sübut mövcud deyil. Onun evə olan mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsində də bu barədə hər hansı qeyd aparılmayaraq, evin sahəsi göstərilməmişdir. Bu məsələnin əhəmiyyəti nəzərə alınmaqla aparılmış araşdırma zamanı Şamilova (Vəliyeva) Sənubər Əşrəf qızının qeyd edilən evi xx.xx.1997-ci il tarixli müqavilə əsasında X5 aldığı müəyyən edilmişdir. Həmin müqavilədə əmlakın 179,8 kv.m. olduğu göstərilmişdir. Bu sahədən əlavə Cavabdeh istifadəsində hər hansı sahənin olması (artırma və ya yenidənqurma qaydasında) öz təsdiqini tapmır, bununla bağlı hər hansı sübut təqdim edilmir.

44. Nəzərə alınmalıdır ki, İddiaçı MMC məhz evin qeyd edilən xx.xx.1997-ci il tarixli müqavilədə göstərilən sahəsini nəzərə alıb, kompensasiya qismində bu sahədən 20% artıq sahə olmaqla (180 kv.m + 20% + 216 kv.m.) Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində inşa ediləcək çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində ümumi sahəsi 130 kv.m. olan 3 otaqlı təmirli və ümumi sahəsi 86 kv.m. olan 2 otaqlı təmirli yeni mənzillərin Cavabdeh mülkiyyətinə verilməsini təklif etmişdir. Lakin Cavabdeh kompensasiyanın bu həcmi ilə razılaşmır, öz tələbini müdafiə edir. Məhkəmə kollegiyası bu məsələdə tərəflər arasında razılığın əldə edilməsi üçün müzakirələr aparmış, həmçinin işə baxılmasını iki dəfə təxirə salaraq, onlara barışıq üçün vaxt vermişdir. Lakin, nəticə etibarı ilə kompensasiyanın həcmi və məbləği ilə bağlı tərəflər arasında razılıq əldə olunmamış, onlar bu məsələdə öz mövqelərini müdafiə etmişdilər.

45. Lakin İddiaçı MMC-nin hazırki mərhələdə irəli sürdüyü kompensasiya təklifi məbləğ etibarı ilə əvvəlki təkliflərindən fərqlənir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə istinadən qeyd etməyi zəruri hesab edir ki, kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tətqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Bu səbəbdən məhkəmə kollegiyası İddiaçı MMC tərəfindən kompensasiya məbləğinin artırılmasını mümkün hesab edərək, qəbul edir və mübahisəyə məhz hazırki təklif əsas götürməklə hüquqi qiymət verərək, qeyd edir ki, sökülmüş fərdi yaşayış evi 179,8 kv.m. olmaqla Cavabdeh mülkiyyətində olmuşdur. Onun tərəfindən ev üzrə yenidənqurma və artırma aparmasını təsdiq edən hər hansı sübut mövcud deyil.

46. İddiaçı MMC tərəfindən Cavabdeh kompensasiya qismində 2 ədəd, ümumi sahəsi 216 kv.m. olan təmirli mənzil təklif edilir. Həmin sahənin də gələcəkdə hazırki sahənin təyinatına uyğun istifadə edilməsi bilavasitə mümkündür. Təklif olunan sahəyə də Cavabdeh mülkiyyət hüququ əldə edəcəkdir. Təklif olunan sahənin təmiri hər bir cəhətdən sökülmüş evin təmirindən üstün olacaqdır və sahələr eyni mərtəbədə (səviyyədə) yerləşəcəkdir. Bu da onların daha səmərəli şəkildə istifadə edilməsini mümkün edəcək. Nəticə etibarı ilə Cavabdeh biri birindən təcrid olunmuş iki yaşayış sahəsi əldə etmiş olur. Ən əsası da təklif olunan sahələr, sökülmüş sahədən ölçü etibarı ilə 20 faiz artıqdır. Kompensasiya qismində təklif olunan sahələrə dair Cavabdeh mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra onların dəyərinin hazırki əmlakın dəyərindən yüksək olması qənaətinə bu sahə üzrə xüsusi biliyə malik olmadan da gəlmək olar. Həmçinin, təklif olunan əmlakların sahəsi və yerləşmə yeri dəqiq göstərilmişdir ki, bu da gələcəkdə həmin əmlaklarla bağlı bu kimi məlumatların qeyri-müəyyən olması zəminində mübahisələrin yaranmasının qarşısını alır.

47. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İddiaçı MMC Cavabdeh mülkiyyətində olmuş evin sahəsi ilə bağlı onlarda olan məlumatlara əsaslanaraq, kompensasiya qismində həmin sahədən 20% artıq sahə kimi ona 130 kv.m və 51 kv.m. ölçüdə sahə, eyni zamanda 5.000 manat məbləğində pul kompensasiyası da təklif etmişdir. Başqa sözlə, İddiaçı MMC ölçüsündən asılı olmayaraq, Cavabdeh mülkiyyətində olmuş sahənin ölçüsündən 20 % artıq ölçüdə sahə verməyə hazırdır. Onun evinin 179,8 kv.m sahədə olması müəyyən edildikdən sonra məhz bu sahəyə uyğun 20% artıq sahənin təklif edilməsi də bu halı təsdiq edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC tərəfindən Cavabdeh xeyrinə həmçinin, 5.000 manat məbləğində pul kompensasiyası da tutulmalıdır.

48. Bununla belə, məhkəmə kollegiyası İddiaçı MMC-nin hazırda təklif etdiyi kompensiyanın növünü, ölçüsünü və ümumi dəyərini, habelə kirayə haqqı olaraq hər ay üçün təklif edilən 600 manat pul məbləğini, pul kompensasiyası qismində 5.000 manat pul da ödənilmək şərti ilə məqbul, Cavabdeh tələb etdiyi kompensasiyanın məbləğini isə yüksək hesab edir və belə qənaətə gəlir ki, İddiaçı MMC-nin təklif etdiyi və məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş kompensasiya məbləği ağlabatandır və Cavabdeh mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar üzləşəcəyi məhdudiyyətlərə tam şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymuş olmur.

49. Məhkəmə kollegiyası kompensasiya qismində Cavabdeh verilməli olan mənzillərin texniki göstəricilərinin və yerləşdiyi yerin, habelə kirayə haqqının ödənilməsi müddətinin dəqiq göstərilməsini zəruri hesab edir və bununla bağlı qeyd edir ki, Cavabdeh mülkiyyətində olmuş və artıq sökülmüş fərdi yaşayış evinin əvəzinə həmin ünvanda İddiaçı MMC tərəfindən inşa ediləcək çoxmənzilli hündür mərtəbəli yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində ümumi sahəsi 130 kv.m. olan 3 otaqlı təmirli və eyni blokun, eyni mərtəbəsində ümumi sahəsi 86 kv.m olan 2 otaqlı təmirli mənzillər inşa edilərək Cavabdeh təhvil verilməli, xx.xx.2023-cü il tarixdən başlayaraq qeyd edilən mənzillər inşa edilərək Cavabdeh təhvil verilənədək, İddiaçı MMC tərəfindən Cavabdeh hər ay 600 manat pul ödənilməlidir. Belə ki, Cavabdeh mülkiyyətində olmuş fərdi yaşayış evi 2022-ci ilin sonu 2023-cü ilin əvvəli sökülübdür. Bu da öz növbəsində kirayə haqqının artıq həmin tarixlərdən tutulmasını şərtləndirir. Qeyd edilən mənzillərin inşa edilərək, Cavabdeh təhvil verilməsi artıq bu məsələ ilə bağlı tərəflər arasında müqavilənin bağlanmasını özündə ehtiva edir. Bu səbəbdən məsələ ilə bağlı İddiaçı MMC-nin üzərinə hər hansı vəzifənin qoyulmasına hüquqi baxımdan zərurət yoxdur.

50. Məhkəmə kollegiyası inşa edilərək, mülkiyyətə verilməsi təklif edilən mənzillərdə İddiaçı MMC tərəfindən istilik sisteminin də quraşdırılması barədə Cavabdeh tələbi ilə bağlı qeyd edir ki, İddiaçı MMC mənzilləri inşa etdikdən sonra onları təmir etdirməklə əvvəlki əmlak sahiblərinin mülkiyyətinə verir. Lakin təklif edilən və aparılan təmir işlərinə, həmçinin, istilik sisteminin quraşdırılması daxil deyil. Belə olan halda, İddiaçı MMC-nin üzərinə bu işin də görülməsi öhdəliyi qoyula bilməz. Bu səbəbdən məhkəmə kollegiyası Cavabdeh bu tələbini əsassız hesab edir.

51. Məhkəmə kollegiyası evin sökülməsi zamanı orada saxlanılmaqla məhv olunmuş əşyaların dəyərinin əvəzi olaraq 6.870 manat pulun tutulması tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh fərdi yaşayış evinin sökülməsi zamanı onların evdə olmadıqlarını, həyat yoldaşının səhhətində yaranmış problemlərlə bağlı tibb müəssisəsində olduqlarını bildirmişdir. Lakin sonradan onun və ailə üzvlərinin evdə yaşamadığını, evdə kirayə əsaslarla başqa şəxslərin yaşadığını etiraf etmiş, eyni zamanda, kirayəçilərin könüllü olaraq evi tərk etdiklərini və onların söküntüyə şərait yaratdıqlarını qeyd etmişdir. Bundan əlavə tərəflər arasında söküntüdən də əvvəl kompensasiyanın ödənilməsi ilə bağlı danışıqların olduğu, lakin Cavabdeh təklif olunan kompensasiya məbləğinə razı olmadığı müəyyən edilmişdir. Başqa sözlə, Cavabdeh evin sökülməsi ilə bağlı məsələnin gündəmdə olmasından tam məlumatlı idi. Belə olan halda, həmin əşyaların söküntü zamanı evdə olması, o cümlədən mülkiyyətçinin özü və ya kirayəçilər (halbuki, kirayəçilərin yaşamasını təsdiq edən hər hansı sübut da mövcud deyil. Bu da öz növbəsində evin boş olmasını istisna etmir) tərəfindən çıxarılmaması sübut edilməli idi. Lakin Cavabdeh tərəfindən bu barədə hər hansı sübut təqdim edilməmişdir. İş materiallarında olan fotoşəkillər isə evin hələ sökülməmiş vaxtında qeydə alınmış və bu fotoşəkillərlə ən yaxşı halda əşyaların real olaraq mövcud olması öz təsdiqini tapır. Lakin bu fotoşəkillər orada əks etdirilmiş əşyaların söküntü zamanı məhv olunması qənaətinə gəlmək üçün əsas yaratmır. Hər bir halda, söküntüdən sonra Cavabdeh və onun ailə üzvləri bu barədə məlumatlı olmuşlar və söküntü zamanı hər hansı əşya zədələnmişdirsə də, onların qalıqlarının fotoşəkillərini çəkmək, müvafiq akt tərtib etmək, habelə bu halı hər hansı başqa formada qeydə almaq və rəsmiləşdirmək üçün hər hansı maneənin olduğu da müəyyən edilmir. Bu səbəbdən məhkəmə kollegiyası bu tələbi əsassız hesab edir.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-860/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi qismən – qarşılıqlı iddianın qismən təmin və rədd edilən hissələrində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla qarşılıqlı iddia qismən təmin edilməli, Cavabdeh mülkiyyətində olmaqla ünvan 5 ünvanında yerləşən və artıq sökülmüş fərdi yaşayış evinin əvəzinə İddiaçı MMC tərəfindən Cavabdeh 5.000 manat məbləğində pul kompensasiyası ödənilməli, habelə həmin ünvanda İddiaçı MMC tərəfindən inşa ediləcək çoxmənzilli hündür mərtəbəli yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində ümumi sahəsi 130 kv.m. olan 3 otaqlı təmirli və eyni blokun, eyni mərtəbəsində ümumi sahəsi 86 kv.m olan 2 otaqlı təmirli mənzillər inşa edilərək Cavabdeh təhvil verilməli, xx.xx.2023-cü il tarixdən başlayaraq qeyd edilən mənzillər inşa edilib Cavabdeh təhvil verilənədək, İddiaçı MMC tərəfindən Cavabdeh hər ay 600 manat pul ödənilməli, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin e-2(006)-860/2023 nömrəli, 18 aprel 2023cü il tarixli qətnaməsi qismən - qarşılıqlı iddianın qismən təmin və rədd edilən hissələrində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh mülkiyyətində olmaqla ünvan 5 ünvanında yerləşən və artıq sökülmüş fərdi yaşayış evinin əvəzinə həmin ünvanda İddiaçı MMC tərəfindən inşa ediləcək çoxmənzilli hündür mərtəbəli yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində ümumi sahəsi 130 kv.m. olan 3 otaqlı təmirli və eyni blokun, eyni mərtəbəsində ümumi sahəsi 86 kv.m olan 2 otaqlı təmirli mənzillər inşa edilərək Cavabdeh təhvil verilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq qeyd edilən mənzillər inşa edilib Cavabdeh təhvil verilənədək, İddiaçı MMC tərəfindən Cavabdeh hər ay 600 (altı yüz) manat pul ödənilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar