Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5034/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər:zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İş materiallarında olan, X6 tərəfindən verilən ******* saylı xəstəlik tarixindən çıxarış epikrizdən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı “Lokal piylənmə E65.0” diaqnozu qoyulmuşdur. Anamnezdən görünür ki, xəstə uzun müddətdir piylənmədən əziyyət çəkir, buxaq liposaksiyası ilə bağlı başqa klinikada əməliyyat olmuş, əməliyyat xoşuna gəlmədiyi üçün X5 estetik-plastik cərrahına müraciət etmişdir, X3 “Total Liposaksiya” cərrahi əməliyyatı olmuş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, aparılan müalicələr antibiotikoterapiya, ağrıkəsicilər, venadaxili infuziyalardan ibarət olmuşdur.
2. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Stasionardan çıxan Pasiyentin Statistik vərəqinin surətindən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı “Lokal piylənmə E65.0” diaqnozu qoyulmuş, Liposaksiya və Lipofillinq cərrahi əməliyyatları olmuşdur.
3. İş materiallarında olan, xəstəyə qəbul şöbəsində baxış vərəqindən görünür ki, uzun müddətdir piylənmədən əziyyət çəkməsi səbəbi ilə X5 estetik-plastik cərraha müraciət etmiş, əməliyyatönü epikrizdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə aparılan klinik, laborator və instrumental müayinələrdən sonra xəstəyə “Lokal piylənmə” diaqnozu qoyulmuşdur. Xəstədə ümumi anesteziya altında “liposaksiya” əməliyyatının icra edilməsi planlaşdırılır.Xəstəyə anestezioloq tərəfindən baxıldı.Xəstədə baş hərlənməsi, halsızlıq,ümumi zəifliyin olduğunu nəzərə alaraq bir neçə gün qüvvətləndirici infuzion terapiya aparılmasına qərar verilmiş, xəstənin özü və ailə üzvləri əməliyyatın aparılmasına razıdırlar. İş materiallarında olan, cərrahi əməliyyatın gedişi barədə məlumat vərəqindən görünür ki, ENE anesteziya altında əməliyyat sahəsi antiseptik məhlulla işlənmiş, qarın, kürək və bel nahiyyəsinə ümumilikdə 1500CC hazırlanmış lokal məhlul yeridilmiş, qarın, kürək və bel nahiyyəsindən xəstədən ümulikdə 5500CC liposaksiya edilərək çıxarılmış, məhlul çöltürülmüş, hər popo nahiyyəsinə 1800CC vurularaq tikişlər atılmış, antiseptik sarğılar qoyularaq, korsetlə əməliyyat başa çatmışdır.
4. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli xəstənin razılıq vərəqindən görünür ki, Kaspi TM MMC Xətai Klinikasının həkimləri keçirəcəkləri əməliyyatın həyati riskləri, təhlükələri, meydana gələ biləcək fəsadlar barəsində ona məlumat verilmiş, öz azad iradəsi ilə həyata keçirilməsinə bir başa özü (valideyn və ya qohum) razılıq verir və əməliyyatın (həkim səhvi istisna olmaqla) maddi və mənəvi məsuliyyətini öz üzərinə götürmüşdür.
5. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası Mərkəzi və X4” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 344/KEŞ saylı məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən “Xətai” X1 Paşa Vidadi oğlunun adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, aparılmış klinik, laborator və instrumental müayinələrdən sonra ona “Lokal piylənmə” diaqnozu düzgün təyin edilmişdir, diaqnoza uyğun olaraq ümumi anesteziya altında onun üzərində “Total liposaksiya” (qarın, bel, kürək nahiyələri), “Lipofillinq” və “Anus” ətrafında papilloma xallarının götürülməsi (HPV)” əməliyyatları icra edilmiş, əməliyyatlar taktiki və texniki cəhətdən düzgün icra edilmişdir, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı travmatik xəsarət və ya xəsarət izi müəyyən olunmadı, İddiaçı mütəxəssis müayinəsi zamanı onun anus nahiyəsində papilloma xalları müəyyən edilmədi, İddiaçı mütəxəssis müayinəsi zamanı aparılmış “Total liposaksiya” (qarın, bel, buxaq, kürək nahiyələri) “Lipofillinq” və “Anus” ətrafında papilloma xallarının götürülməsi (HPV)” cərrahiyyə əməliyyatlarından sonra onda ağırlaşma və ya fəsad müyyən olunmamışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı – cavabdehlərdən müştərək qaydada iddiaçıya vurulmuş zərərin əvəzi kimi 4500 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı daha sonra tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçıya vurulmuş zərərin əvəzi kimi 5000 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərində yerləşən X3 xx.xx.2023-cü il tarixdə həkim X2 tərəfindən liposaksiya (artıq çəkidən azad olma və bədənşəkilləndirmə) əməliyyatı olmuşdur. Əməliyyat üçün tərəfindən 4500 manat dəyərində pul vəasiti ödənilmiş və həkimlə danışıqlar aparıldığında iddiaçıya bildirmişdir ki, əməliyyat uğurlu keçəcək və istənilən nəticəyə nail olacaq. İddiaçı bildirir ki, əməliyyatdan sonra bədənində ciddi şəkildə nöqsanlar yaranmağa başlamışdır. Təkrar Klinika və həkimə müraciət etdiyində ona bildirilmişdir ki, bunun üçün ən azı 6 ay gözləməli və daha sonra qüsurlar aradan qaldırıla bilər. Lakin həmin əməliyyat onun səhhətinə ciddi şəkildə zərər vurduğu üçün artıq sağlamlıq funksiyalarımı itirmək təhlükəsi ilə qarşılaşmışdır. Cavabdehlərdən bu fəsadların aradan qaldırılması və vurulmuş zərərin ödəniməsini tələb etməsinə baxmayaraq bundan imtina edilmişdir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-2633/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada iddiaçıya vurulmuş zərərin əvəzi kimi 5000 manat pulun tutularaq İddiaçı ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
10. Məhkəmənin qənaətinə görə iddiaçı ona maddi və mənəvi zərər vurulmasını göstərsə də, tələbini sübuta yetirə bilməmişdir.
11. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21, 1096, 1097.1, 1112-ci və MPM-in 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ona maddi və mənəvi zərər vurulduğunu nəzərə almamış, bununla bağlı sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün qiymət verməmiş, işin faktiki hallarını araşdırmamış, sadəcə ekspert rəyinə əsaslanaraq iddia tələbini rədd etmişdir. Bununla da məhkəmə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləninnin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə iddia rədd olunduğundan və qətnamə yalnız iddiaçı tərəfindən mübahisələndirildiyindən və qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ləğvi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
22. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
23. Hazırkı işdə iddiaçı pul tələbini cavabdehlər tərəfindən ona maddi və mənəvi zərər vurulması ilə əsaslandıraraq, qeyd etmişdir ki, “Xətai” Estetik Klinikasında “Total liposaksiya” (qarın, bel, buxaq, kürək nahiyələri), “Lipofillinq” və “Anus” ətrafında papilloma xallarının götürülməsi (HPV)” cərrahiyyə əməliyyatları olmuş, lakin əməliyyatdan sonra səhhətində ciddi şəkildə nöqsanlar yaranmışdır. O, 5000 manat məbləğində maddi zərərə məruz qaldığını bildirərək uğradığı zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı həmin məbləği cavabdehə ödədiyini bildirmişdir.
24. Birinci instansiya məhkəməsi isə iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulmasının sübuta yetirilmədiyinə istinad edərək iddianı rədd etmişdir. Məhkəmə qətnamə çıxararkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası Mərkəzi və X4” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 344/KEŞ saylı məhkəmə-tibbi ekspertizasının rəyinə əsaslanmışdır. Həmin rəydə qeyd olunur ki, “Xətai” X1 Paşa Vidadi oğlunun adına tərtib edilmiş tibbi sənədlərə əsasən aparılmış klinik, laborator və instrumental müayinələrdən sonra ona “Lokal piylənmə” diaqnozu düzgün təyin edilmişdir, diaqnoza uyğun olaraq ümumi anesteziya altında onun üzərində “Total liposaksiya” (qarın, bel, kürək nahiyələri), “Lipofillinq” və “Anus” ətrafında papilloma xallarının götürülməsi (HPV)” əməliyyatları icra edilmiş, əməliyyatlar taktiki və texniki cəhətdən düzgün icra edilmişdir, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı travmatik xəsarət və ya xəsarət izi müəyyən olunmadı, İddiaçı mütəxəssis müayinəsi zamanı onun anus nahiyəsində papilloma xalları müəyyən edilmədi, İddiaçı mütəxəssis müayinəsi zamanı aparılmış “Total liposaksiya” (qarın, bel, buxaq, kürək nahiyələri) “Lipofillinq” və “Anus” ətrafında papilloma xallarının götürülməsi (HPV)” cərrahiyyə əməliyyatlarından sonra onda ağırlaşma və ya fəsad müyyən olunmamışdır.
25. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir.
26. Kollegiya ilk növbədə diqqətə çatdırır ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
27. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
28. Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin, o cümlədən mənəvi zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz.
29. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində zərərə məruz qaldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunduğu kimi, iş üzrə keçirilmiş ekspertiza nəticəsində iddiaçıya diaqnozun düzgün qoyulduğu, əməliyyatların taktiki və texniki cəhətdən düzgün icra edildiyi, əməliyyatdan sonra onda hər hansı ağırlaşma və ya fəsad olmadığı, eləcə də bədən səthi üzərində hər hansı travmatik xəsarət və ya xəsarət izi aşkar edilmədiyi müyyən olunmuşdur.
30. Göründüyü kimi, iddiaçı ona münasibətdə tibbi müdaxilənin düzgün həyata keçirilmədiyini və bu səbəbdən zərərə məruz qaldığını sübuta yetirə bilməmişdir. MPM-in 77.1-ci maddəsinin mənasına görə isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək iddiaçının vəzifəsidir.
31. İddiaçı apellyasiya şikayətində ekspert rəyi ilə razı olmadığını, iş üzrə təkrar ekspertiza təyin edilməli olduğunu göstərsə də, bu fikrini əsaslandırmamış, xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilənləri təkzib edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası ona görə də təkrar ekspertiza təyin olunmasına ehtiyac duymadı.
32. Apellyasiya şikayətinin dəlillərindən biri də məhkəmə tərəfindən iddiaçının maddi və mənəvi zərərə məruz qalmasının düzgün qiymətləndirilməməsi barədədir. Məhkəmə kollegiyası bu dəlili də əsassız sayaraq qeyd edir ki, əvvəla, iddiaçı iddia ərizəsini “maddi və mənəvi zərər tələbinə dair” iddia kimi adlandırsa da, iddia ərizəsinin məzmunundan və nəticə hissəsindən göründüyü kimi, o, cavabdehlərdən yalnız ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsini tələb etmiş, mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı hər hansı tələb irəli sürməmişdir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi yalnız ona vurulmuş 5000 manat həcmində maddi zərərin əvəzinin ödənilməsindən ibarətdir və məhkəmə də işə bu tələb həcmində baxmışdır. MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
33. Şikayətdə məhkəmə tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulduğu qeyd edilsə də, məhkəmə kollegiyası bununla bağlı hər hansı pozuntu müəyyən etmədi.
34. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinin tələbinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 35.Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
36. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə qanunla müəyyən olunmuş qaydada məhkəmə müdafiəsi hüququndan istifadə etmiş, lakin onun tələbləri Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinə uyğun olmadığından, əsassız olduğundan düzgün olaraq məhkəmə tərəfindən rədd edilmişdir.
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən adı çəkilən normalardan heç birinin tələbi pozulmamışdır və apellyasiya şikayətinin bununla bağlı dəlilləri əsassızdır.
39. Apellyasiya şikayətinin dəlillərindən biri də yuxarıda qeyd olunduğu kimi sübutların düzgün qiymətləndirilməməsi barədə MPM-nin 88-ci maddəsinin tələblərinin pozulması barədədir.
40. Məhkəmə kollegiyası bu dəlili də əsassız sayır və aşağıdakıları qeyd edir.
41. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərkən bu tələblərə əməl etmiş, sübutların qanunun tələbinə uyğunluğunu, tamlığını, işə aidliyini, mümkünlüyünü, obyektivliyini, mötəbərliyini yoxlamış və yalnız bundan sonra onları qiymətləndirmişdir.
44. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticənin MPM-nin 217-ci maddəsinin tələblərinə cavab verdiyini qeyd edir və həmin qətnaməni qanuni və əsaslı sayır.
45. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 07 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.