Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5040/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Kərimli İlham Əziz oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, onun vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-479/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən maddi zərərə görə 21953,35 manat, əldən çıxmış faydaya görə 10.000 manat, mənəvi zərər 5000 manat və illik 0,5 % olmaqla 54000 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2005-ci ildən “xxxxxxxxx” MMC-də mühəndis texnoloq vəzifəsində çalışmış, ümumilikdə, 49 il istehsalat təcrübəsinə malik olmuşdur. 2015-ci ilin oktyabr ayında cavabdeh ona vəziyyətinin ağır olduğunu bildirərək və onda olan avadanlıqlar və onun maddi vəsaiti hesabına ona kömək etməyi və birgə fəaliyyət göstərməyi təklif etdi. Onda ona inanaraq avadanlıq, material və maddi vəsait sərmayesi hesabına “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında sex açmağı qərara almışdır. Həmin sexin fəaliyyətə salmaq üçün çəkdiyi xərclər və ona çatacaq əmlaklar aşağıdakılardır. 11 aya istehsal olunmuş 3800 cüt ayaqqabı: 3800x300 manat = 114000 manat təşkil edir. Avadanlıqların istismarı gündə 5 manat, 11 ay x 1500 manat = 16500 manat, xərclədiyi əsas vəsait: = 3726,9 manat, dövriyyəyə xərclənən vəsait = 1636,45 manat, əmək haqqına görə əlavə vəsait: (xx.xx.2016-1000,0 ABŞ dolları) = 19000 manat, (xx.xx.2016)=12000 manat, nəqliyyat xərcləri(11 aya x40 manat) = 440 manat, cəmi 21953,35 manatdır. Cavabdehdən qeyd olunan xərclərini və ona çatacaq pulu tələb etdikdə, bugünədək müxtəlif bəhanələrlə pulu ona verməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-479/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 4240 manat maddi zərər, 500 manat mənəvi zərər olmaqla, cəmi 4740 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4770 manat məbləğində pulun tutularaq, iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sexə əlavə olaraq özünə məxsus dəzgahlar gətirib, həmin dəzgahlar polis vasitəsilə sonradan geri alıb. Cavabdeh ayaqqabıların satışından 40.000 manatdan çox gəlir əldə edib, bunu təsdiq edən cavabdehin xətti ilə yazılmış jurnal var. İşin dayanmaması üçün işçilərə öz şəxsi vəsaitindən pul verib. Bunu təsdiq edən cavabdehin öz xətti ilə yazdığı sənəd var. Məhkəmədən xəttşünaslıq ekspertizasının keçirilməsini xahiş etsə də, vəsatəti təmin edilməyib. Aralarında yazılı müqavilə olmasa da, öhdəlik cavabdehin ona zərər vurması nəticəsində əmələ gəlmişdir. Apellyasiya baxışı zamanı iddiaçının vəkili şikayətin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, jurnalları və diski məhkəməyə təqdim etsə də, məhkəmə onları qəbul etməyib. İddiaçı, onun vəkili şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmayan hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçının şikayəti əsasında Nizami RPİ-nin 24-cü Polis Bölməsində toplanmış materiallardan görünür ki, cavabdeh araşdırma zamanı verdiyi izahatında hal-hazırda onun iddiaçının avadanlıqlarını götürdükdən sonra 4.240 manat məbləğində nağd pul borcu qaldığını, həmin pulu ödəməyini müəyyən müddətə öz üzərinə götürdüyünü bildirmişdir. İddiaçının müraciəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına MPM-in 82.4-cü maddəsini, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında, o cümlədən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarında verilən şərhləri tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçıya dəyən 4240 manat maddi zərər, 500 manat mənəvi zərər olmaqla, cəmi 4740 manat məbləğində qiymətləndirilməli və iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçı ididanın təmin olunmayan hissəsi ilə bağlı tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, yalnız cavabdehin etiraf etdiyi həcmdə borc cavabdehdən tutulmuşdur. Belə ki, iddiaçı cavabdehin xətti ilə yazılmış jurnalların mövcud olduğunu bildirsə də, onları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclas protokollarından da görünür ki, həmin jurnallar məhkəməyə təqdim olunmamış və xəttşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət verilməmişdir. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”(sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Qeyd olunmalıdır ki, yarannmış vəziyyətdə iddiaçının cavabdehin etiraf etdiyi məbləğdən daha artıq məbləğdə borlu olduğunu sübut etmək yükü iddiaçının üzərinə düşür və qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun verilməsinə dair müvafiq qəbzlər, müqavilə və s.) sübut olunmalıdır. İddiaçı iddiasını təsdiq edən sübut qismində məhkəməyə 1 ədəd disk təqdim etmişdir. Diskdə səs yazısının kimə aid olduğu, hansı şəraitdə əldə olunduğu müəyyən olunmadığından yalnız diskə isitnad etməklə iddianın təmin olunması mümkün deyildir. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-479/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: İlham Kərimli Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5040/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5040/2020
22.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver