Məhkəmə qərarları › İş №2(103)-5041/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5041/2023

17.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5041/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X4, Cavabdeh1, Cavabdehlərin nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul tələbinə” dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(006)-677/2023 nömrəli qətnaməsindən cavabdehlərin nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı iddia edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müxtəlif tarixlərdə 11.900 manat, 31.000 manat, 18.000 manat olmaqla, cəmi 60.900 manat məbləğində pul verilmişdir. İddiaçı Cavabdeh1 barəsində olan cinayət işinin ibtiadi istintaqı zamanı baş tutmuş üzləşmə protokoluna istinad etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-65/2022 saylı hökmünün surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş, hökmə əsasən qəti olaraq 02 il 06 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada cəmi 60.900 manat borc pul və dövlət rüsumu olaraq 274 manat, cəmi 61.174 manat pulun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandımışdır ki, o, 2018-ci il tarixdən Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecində şöbə müdiri işləyir. Cavabdeh2 kollecin direktoru, digər Cavabdeh1 isə kollecdə laborant vəzifəsində işləyirdilər. Bu cavabdehlər doğma bacılardırlar. Ruxsarə kollecə direktor təyin olunandan sonra bacısı Səadəti etibarlı şəxs kimi kollecə işə götürmüş və bütün qara işləri onun vasitəsi ilə yerinə yetirmişdir. İddiaçı direktora və bacısına çox inanır və etbar edirdi. Təhsil sahəsində uzun müddət ərzində işləmiş şəxslərin saxta olacağını güman etmirdi. Münasibətləri çox yaxşı idi. 2019-cu ilin dekabr ayında Cavabdeh1 ona bildirdi ki, kollecdə problemlər var, direktor olan bacısı Ruxsarə xanıma 11.900 manat pul lazımdır və həmin pulu borc tapıb ona versin. O, cavabdehə inandı və bir neçə gündən sonra 11.900 manat pul tapıb kollecdə cavabdeh Səadətə verdi. 2020-ci ilin iyul ayında məlum oldu ki, direktor Ruxsarə xanımın oğlu maşınla adam vurub. Səadət bildirdi ki, direktora oğlunun işlərini həll etmək üçün təcili 31.000 manat pul lazımdı. Sonra direktor Ruxsarə xanım da onunla danışdı, təcili 31.000 manat lazım olduğunu bildirib ondan həmin məbləği ona tapmağını xahiş etdi. Həmçinin dedi ki, evini banka girov qoyur və 2020-ci ilin dekabr ayında kredit götürüb dərhal pulu qaytaracaqdır. O, tanışlarından, qonşularından həmin məbləği yığıb 31.000 manat pulu Səadətin yanında direktor Ruxsarə xanıma onun otağında verdi. 2020-ci ilin noyabr ayında cavabdeh Səadət ona yalvarmağa başladı və dedi ki, bacısı ilə ona daha 18.000 manat əlavə pul lazımdır və həmin pulu tapıb ona verməyini xahiş etdi. O, direktorla danışdı və director da pul lazım olduğunu, tezliklə bütün borcları bağlayacağını söylədi. 2020-ci ilin dekabr ayının əvvəlində öz evində Səadətə 18.000 manat pul verdi. Həmin pulu da tanış və qonşularından yığıb ona vermişdir. Lakin, söz versələr də, cavabdehlər pulları qaytarmadılar. Sonra isə məlum oldu ki, cavabdehlər kollecdə çoxlarını işə düzəltmək adı ilə aldatmış və dələduzluq yolu ilə pullar almışlar. Abşeron rayon polis şöbəsində cavabdeh Səadətin barəsində cinayət işi başlandı və Abşeron Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli hökmü ilə o, CM-nin 178-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edildi. Sonradan onun cəzası azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza ilə əvəz edildi. Cavabdehlər ondan cəmi 60.900 manat pul almışlar. Bu barədə istintaq zamanı bildirmiş, iş üzrə şahid qismində dindirilmiş, aralarında üzləşmə keçirilmişdir. Cavabdeh Səadət pulu almasını etiraf etmişdir. Lakin, istintaq tərəfindən cavabdehlərin ondan pul qopartmaq əməlləri mülki mübahisə kimi qiymətləndirilmiş və mülki icraat qaydasında məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. Cavabdehlər pulları ondan birgə mənafeləri üçün almış və birgə istifadə etmişlər. Odur ki, cavabdehlərdən cəmi 60.900 manat borc pul və məhkəməyə müraciət üçün dövlət rüsumu olaraq ödədiyi 274 manat pul müştərək qaydada tutulub ona ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(006)-677/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında müxtəlif tarixlərdə 11.900 manat, 31.000 manat, 18.000 manat olmaqla, cəmi 60.900 manat məbləğinə dair borc müqavilələri bağlanmışdır. Lakin həmin borc müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş formaya riayət edilmədən, şifahi formada bağlanmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, həmin müqavilə etibarsız (əhəmiyyətsiz) əqddir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrı vaxtlarda 11.900 manat, 31.000 manat, 18.000 manat olmaqla, ümumilikdə 60.900 manat borca pul vermiş, lakin buna dair müqaviləni mülki qanunvericiliyin imperativ normalarına müvafiq olaraq bağlamamışdır. Belə ki, mülki qanunvericiliyin göstərişlərinə əsasən, tərəflər arasında olan pul məbləğlərinin (3000 manatdan çox olduqda) verilməsinə dair müqavilə yazılı formada bağlanmalı olduğu halda, heç bir yazılı müqavilə bağlanmamışdır. Bu səbəbdən də tərəflər arasında olan şifahi əqd məhkəmə tərəfindən etibarsız hesab olunur və mülki qanunvericiliyin tələblərinə görə, cavabdeh əqd üzrə aldıqlarının hamısını iddiaçıya qaytarmağa borcludur. Belə ki, tərəflər arasında olan mülki hüquq münasibətlərindən görünür ki, cavabdeh hazırki situasiyada iddiaçının vəsaiti hesabına əsassız varlanan şəxs hesab olunur. Həmçinin qeyd edilməlidir ki, cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında cavabdehlərin iddiaçının qardaşından 60.900 manat məbləğində borc aldığını bildirsə də, iddiaçının qardaşı X4 notarial qaydada təsdiq edilmiş ərizələri ilə bu borcun qaytarılmasını əsas gətirmişdir. Lakin məhkəmə iclasında iştirak edən X8 öz izahatında bildirmişdir ki, qeyd olunan ərizələrdə cavabdehlərin iddiaçıya olan borclarının deyil, sadəcə onun özünə - X6 olan borcların Cavabdeh1 tərəfindən qaytarılması bildirilmişdir. Beləliklə, cavabdeh tərəf 60.900 borcun alınmasını və borcun qaytarılması barədə iddiaçının qardaşı X4 ərizələrini əsas gətirsə də, məhz iddiaçıya olan borcunu ödəməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehlər birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X5 heç bir məbləğdə pul verməmiş və onunla heç bir pul mübahisəsi olmamışdır. İddiaçı faizə (sələm) pul verdiyi üçün Cavabdeh1 ondan 19.000 manat məbləğində hər ay üzərində 10 % məbləğində pul qaytarmaq şərti ilə sələmə pul götürmüş və ödənişlər etmişdir. Cavabdeh1 həmin pulun 9000 manatını iddiaçının qardaşlarına qaytarmış bu barədə notarial qaydada ərizə verilmişdir. (Həmin ərizələr iş materiallarına əlavə edilmişdir). Yerdə qalan pulun 4000 manatını İddiaçı maaş kartına atmış və qalan pulu isə iş yerində İddiaçı qaytarmışdır. Verilən pulların faiz olmasını göstərən tərəflər arasında “whatsapp” yazışması və İddiaçı səs yazıları da mövcuddur. Lakin birinci instansiya məhkəməsində Cavabdeh1 xəstə yatması və yazışmaların olduğu mobil telefonun sonradan tapılması səbəbi ilə birinci instansiya məhkəməsinə təqdim etmək mümkün olmamışdır. Bundan başqa istintaq protokollarının əsilləri olmamış, həmin sənədlər reallığı əks etdirməyən sənədlərdi, həmin sənədlərin əsilləri mövcud deyildir, onlar hamısı kserosurət olmaqla sənəd hesab edilə bilməz. Məhkəmə hökmündə də Cavabdeh1 borcu 4000 manat kimi göstərilmişdir. Əgər Cavabdeh1 göstərilən qədər verəcəyi olsa idi o zaman hökmdə öz əksini tapmış olardı. Həmin sənədlərin əsli olmadan birinci instansiya məhkəməsi əsassız və qanunsuz olaraq iddianı təmin etmişdir. Məhkəmə sənəd hesab edilməyən kserosurətlər əsasında qərar qəbul etmişdir. Bundan başqa məhkəmə müvafiq sorğular verərək sənədlərin əsillərini tələb etsə də bu mümkün olmamışdır. Bir daha onu deməyə əsas verir ki, bu hal mövcud deyil, əgər olsa idi məhkəmə sorğusuna müvafiq istintaq orqanı tərəfindən cavab verilərdi və həmin sənədlərin təsdiqlənmiş surətləri təqdim edilərdi. Bundan başqa İddiaçı Cavabdeh1 göndərdiyi səslərdən məlum olur ki, verilmiş pullar faiz pulları olmaqla faizdən əlavə faiz tutulması yolu ilə şişirdilmiş rəqəmlərdir və İddiaçı səs yazısında özü etiraf edir ki, pullar ona qaytarılmışdır. Danışıq və sms yazışmalardan da məlum olur ki, İddiaçı digər şəxslərdən “Biləcəri” “Tural” və “Qonşum” adları ilə alıb faizə verilən pulların faizlərini Cavabdeh1 tələb edir və hər dəfə faiz ödənişlərindən sonra təşəkkürünü bildirir. Bütün bunlar da göstərir ki, verilmiş pullar sələm (faiz) pullarıdır. Bundan başqa heç bir sms və səs yazısında 60.900 manat pulun tələbi əks olunmur. X5 hər hansı məbləğdə pulun verilməsi qəti şəkildə sübuta yetirilmir. Bütün bu hallar birinci instansiya tərəfindən aydınlaşdırılmamış və əsassız qətnamə qəbul edilmişdir. İş materiallarında iddiaçının cavabdehlərə həmin pul vəsaitlərinin verilməsini göstərən heç bir sübut mövcud deyil. Buna baxamayaraq məhkəmə cavabdehlərin iddiaçının əmlakının (pulunun) əldə edilməsi kimi qiymətləndirərək doğru olmayan nəticəyə gəlmişdir. Cavabdeh Səadət Əiyevanın İddiaçı bank kartına göndərdiyi 4000 manat pulun sorğu əsasında bank hesabından çıxarışın əldə edilməsi ilə bağlı vəsatət əsaslandırma olmadan təmin edilməmişdir. Əgər sorğu verilərdisə o zaman alınmış pulun iddiaçıya qaytarıldığı məhkəmə üçün aydın olacaqdı. Həmçinin şikayətdə verilmiş iddianın etiraf edilməməsini göstərilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1 və cavabdehlərin nümayəndəsi-vəkili Nümayəndə ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi N.Əhmədov apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrı vaxtlarda notarial qaydada təsdiq edilmədən şifahi formada 11.900 manat, 31.000 manat, 18.000 manat olmaqla, ümumilikdə 60.900 manat borca pul verməsini iddia edərək onların qaytarılmasını iddia edir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mülki qanunvericiliyin göstərişlərinə əsasən, tərəflər arasında olan pul məbləğlərinin (3000 manatdan çox olduqda) verilməsinə dair müqavilə yazılı formada bağlanmalı olduğu halda, heç bir yazılı müqavilə bağlanmaması səbəbindən tərəflər arasında olan şifahi əqd məhkəmə tərəfindən etibarsız hesab olunur və mülki qanunvericiliyin tələblərinə görə, cavabdeh əqd üzrə aldıqlarının hamısını iddiaçıya qaytarmağa borclu olmasına, tərəflər arasında olan mülki hüquq münasibətlərinin nəticəsi olaraq cavabdehlərin hazırki situasiyada iddiaçının vəsaiti hesabına əsassız varlanan şəxs hesab olunmasına, eləcə də, cavabdeh tərəfin iddiaçıdan 60.900 manat məbləğində borc almasını etiraf etməsinə istinad etmişdir. Həmçinin cavabdeh tərəfin iddiaçıdan 60.900 manat məbləğində borc almasını etiraf etməsinə istinad etməsi məhkəmə iclas protokolunda cavabdehlərin nümayəndəsivəkilinin izahatı qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin etirafla bağlı dəlillərini yoxlayarkən iş materiallarına əlavə edilmiş məhkəmənin 16 may 2023-cü il tarixli iclasının audio-video yazısına baxış keçirərkən həmin görüntülərdən müəyyən etmişdir ki, cavabdeh tərəfin “60.900 manat məbləğində borc alması” barədə etirafı olmamış və iddianın rədd edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə aınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin qərarın 3.2-ci bəndində qeyd edilmişdir ki, qətnamədə Azərbaycan Respublikasının MPM-də göstərilən qaydalarda araşdırılmayan məlumatlara istinad edilməsinə yol verilmir. Göründüyü kimi birinci instansiya məhkəməsinin müəyyən etdiyi iş üçün əhəmiyyətli olan hallar sübutlarla təsdiq edilmir. Mülki Prosessual Məcəllənin 385 və 385.1.3-cü maddələrinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyrimötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi araşdırılmayan sübutlara istinad etməklə yanaşı həmçinin də düzgün olmayan nəticəyə gəlmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi göstərinlən əsaslara görə ləğv edilməli və işə apellyasiya icraatı qaydasında mahiyyəti üzrə baxılaraq iddia tələbinə və apellyasiya şikayətinin dəlillərinə qiymət verilməlidir. Kollegiya qeyd edir ki, iddiaçının tələbi əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqi qaydalarına (restutisiya) uyğun araşdırılmalı və nəticəsindən asılı olaraq qiymət verilməlidir. Düzdür, əhəmiyyətsiz əqd nəticəsində əsassız varlanma baş verir, lakin MMnin 1091-ci maddəsində nəzərdə tutulmuş əsassız varlanma ilə əhəmyyətsiz əqd nəticəsində əsassız varlanma fərqli hüquqi nəticələr doğurur və hüquqi tənzimləmə mexanizmləri də fərqlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında aşağıdakılar qeyd olunmuşdur: «Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər… …Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.» Göründüyü kimi, Konstitusiya Məhkəməsi əsassız varlanmanın baş verməsi halından asılı olaraq onun hüquqi tənzimlənmə qaydasını müəyyən etmişdir. Yəni, şəxsin əsassız varlanması əhəmiyyətsiz əqd əsasında baş verdikdə ona qarşı tələb MM-nin 337.5-ci maddəsinə, digər səbəblərdən baş verdikdə isə MM-nin 1091 və 1092-ci maddələrinə əsasən təmin edilə bilər, birinci halda iddia müddəti 1 il, digər hallarda isə 2 ildir. Kollegiya qeyd edir ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, “qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəf cavabdehlərdən Cavabdeh1 müxtəlif vaxtlarda pul vəsaitləri vermişdir. Hazırki mübahisənin həlli baxımından həmin vəsaitlərin qaytarılıb-qaytarılmaması eləcə də hansı miqdarda olmasının müəyyən edilməsi əhəmiyyətlidir. Belə ki, iddiaçı tərəf ümumilikdə cavabdehlərə 60.900 manat vəsait verməsini bildirmiş, Cavabdeh1 isə iddiaçıdan yalnız 19.000 manat məbləğində hər ay üzərində 10 % məbləğində pul qaytarmaq şərti ilə sələmə pul götürülməsini, eləcə də həmin vəsaitin qaytarılmasını bildirmişdir. Kollegiya daha sonra qeyd edir ki, iddiaçı 60900 manat pul vəsaitinin məhz cavabdehlərin hər ikisinə verilməsini bildirsə də, bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Cavabdehlərdən yalnız Cavabdeh1 iddiaçıdan pul vəsaiti almasını bildirmişdir Cavabdeh1 izahatı işin araşdırılmış halları ilə öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan 17 aprel 2021-ci il tarixli “üzləşmə protokolundan”, eləcə də apellyasiya baxışı zamanı tələb edilmiş cinayət işinin materiallardan (üzləşmə protokolundan və sübutların qiymətləndirilməsi qərarından) görünür ki, Cavabdeh1 iddiaçıdan 29000 manat vəsait almasını qəbul etmiş, həmçinin hər ay qeyd olunan pulun faizini ödəməsini bildirmişdir. Həmin pul vəsaitinin miqdarına münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, 29000 manat vəsaitin Cavabdeh1 tərəfindən alınması öz təsdiqini tapmış, cavabdeh bu faktın istintaq zamanı mövcud olmasını etiraf etmiş, lakin etirafından sonrakı dövrə ərzində 29000 manat vəsaitin iddiaçıya qaytarılması barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh1 iddiaçıdan aldığı 19.000 manat pulun 9000 manatını qardaşlarına, 4000 manat pulun iddiaçının bank kartına atmasını və yerdə qalan pulu əli ilə iddiaçıya qaytarılmasına dair dəlili ilə bağlı qeyd edir ki, bu hissə üzrə iddiaçı heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, cinayət işinin materiallarından və işə əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-65/2022 saylı hökmündən görünür ki, iddiaçının qardaşları X9 və X1 Səadət Məcid qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş qismində tanınmışlar. Sözügedən hökmlə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarında olan X8 və X9 tərəfindən imzalanmış, notarial təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizələrindən isə görünür ki, onlar, Cavabdeh1 ilə barışdıqlarını və Cavabdeh1 onlara vurduğu maddi ziyanı tamamilə ödədiyini, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Sumqayıt Apellyasiya məhkəməsinin 25 may 2022-ci il tarixli 2(105)-250/2022 saylı qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Abşeron Rayon Məhkəməsinin 1(012)-65/2022 nömrəli, 09 mart 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmiş, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən Cavabdeh1 tutulduğu 2 (iki) gün və 09 mart 2022-ci il tarixdən 25 may 2022-ci il tarixədək, yəni 2 (iki) ay 16 (on altı) gün həbsdə olduğu müddətin bir günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1- 1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasınin iki gününə hesablansın və onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmış, cəza çəkdiyi müddət ərzində üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, Xətai rayonu, S.Xəzirov küçəsi ev 22-dən çıxmamaq, günün qalan hissəsini Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və işlək vəziyyətdə saxlamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, Cavabdeh1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilmiş və o, dərhal saxlanıldığı Bakı İstintaq Təcridxanasında həbsdən azad edilmiş, qərarın icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilmiş, hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmiş, qərar elan olunduğu vaxtdan dərhal sonra qüvvəyə minmişdir. Göründüyü kimi, iddiaçının qardaşları X9 və X8 notarial qaydada təsdiq edilmiş ərizələr ilə Cavabdeh1 onlara olan borcunu ödədiyini göstərmiş və bu faktı X8 birinci instansiya məhkəməsinin iclasında və məhkəmə kollegiyasının iclasında təsdiq etmişdir. Göstərilən xüsusatlar isə birinci instansiyası məhkəməsi tərəfindən məntiqi ardıcıllıqla qiymətləndirilməmiş, iş üzrə həlledici əhəmiyyət kəsb edən məqamlar lazımınca araşdırılmamış, iş üzrə sübutlar MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirilməmiş, mübahisə üzrə dəyərləndirmə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətlərinə, qanunvericiliyin tələblərinə uyğun olmamış, nəticə etibarilə qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Bundan başqa apellyator Cavabdeh1 apellyasiya şikayətində verilən pulların faiz olmasını göstərən tərəflər arasında “whatsapp” yazışmasının və İddiaçı səs yazılarının da mövcud olduğunu, lakin birinci instansiya məhkəməsində Cavabdeh1 xəstə yatması və yazışmaların olduğu mobil telefonun sonradan tapılması səbəbi ilə məhkəməyə təqdim edilməsinin mümkün olmadığını göstərmiş və həmin “whatsapp yazışmalarını məhkəmə kollegiyasına təqdim etmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla Azərbaycan Respublikasının MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin, də Azərbaycan Respublikası MPM-nin 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qeyd edilən sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin ondan asılı olmayan səbəblərə görə təqdim edə bilməməsini sübut etməmişdir. Yuxarıda qeyd edilən prosessual normaların tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsinin iclasında təqdim edilən “whatsapp” yazışması sübut növü kimi qəbul edilməsə də, məhkəmə kollegiyası hesab edir ki, həmin “whatsapp” yazışması sübut kimi qəbul edilsə idi də belə, apellyatorun iddiaçıya borcunun qalmamasına dair təqdim etdiyi “whatsapp” yazışmaların məzmunu göstərilən faktın təsdiqi kimi qiymətləndirilə bilməz. Belə ki, yazışmaların məzmununda konkret olaraq iddiaçıya pulun qaytarılması göstərilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi cavabdehlərdən Cavabdeh2 münasibətdə əsaslı olması öz təsdiqini tapmadığından, eləcə də, iddiaçı tərəf tam olaraq 60900 manat vəsaitin cavabdehlərə verilməsini sübuta edə bilmədiyindən və digər cavabdehin isə yalnız 29000 manat məbləğini alması iş materiallarında olan sübutlarla təsdiq edildiyindən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iddia tələbi qismən – Cavabdeh1 iddiaçının xeyrinə 29000 manat pul vəsaitinin tutulması hissəsində təmin edilməli, iddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 274 manat dövlət rüsumunun 177 manatı Cavabdeh1 alınaraq iddiaçıya ödənilməli, qalan hissə iddiaçının özünə aid edilməli və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(006)-677/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 29000 (iyirmi doqquz min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 274 manat dövlət rüsumunun 177 manatı Cavabdeh1 alınaraq iddiaçıya ödənilsin, qalan hissə iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar