Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5043/2023 27.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-ya qarşı “daşınmaz əmlaka dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 2866/2023 nömrəli qərardadından iddiaçıların nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı, maraqlı şəxs qisminə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 cəlb olunmaqla “daşınmaz əmlaka dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin X4 ilə bağlanmış hesab edilməsi, çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar Cavabdeh2, onun qızları İddiaçı3 və İddiaçı1, habelə (hazırda dünyasını dəyişmiş) ailə başçıları X4 1992-ci ildə məlum səbəblərdən Cəbrayıl rayonundan məcburi köçkün kimi Bakı şəhərinə köçmüşlər. 1999-cu ildə X4 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 22 saylı evin 13 saylı mənzilinin 1 otağını almaq qərarına gəlir. Lakin, həmin vaxt (məcburi köçkün olduğunu nəzərə alaraq) müxtəlif sənədlərində problemlər olduğu üçün, habelə məcburi köçkün kimi ev növbəsində olduğuna görə alğı-satqı müqaviləsini arvadının (hazırkı İddiaçı2) bacısı Cavabdeh2 (hazırkı cavabdeh) adına rəsmiləşdirilməsi qərarına gəlirlər. Cavabdeh2 hər zaman qeyd edirmiş ki, ev onun adına rəsmiləşsə də, evin həqiqi mülkiyyətçisi Qurban kişidir və evi onun qızlarına bağışlayacağını vəd edirdi. 16 sentyabr 1999-cu il tarixdə hazırkı cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 3 saylı Notarial Kontorda №095826 saylı alğı-satqı müqaviləsi bağlanır. Müqavilə üzrə alıcı qismində de-yure Cavabdeh2 çıxış etsə də, de-fakto alğı-satqı məbləği X4 tərəfindən ödənilmişdir. Həmin gün X4, ailə üzvləri ilə, yəni arvadı İddiaçı2 və uşaqları İddiaçı3 və İddiaçı1 ilə birlikdə həmin mənzilə köçürlər və hazırkı günədək orada yaşayırlar. X4 06 avqust 2005-ci il tarixdə beyin daxili qansızması nəticəsində vəfat etmişdir. Bundan sonra кommunal xidmətlərə görə müavilələr arvadı İddiaçı2 adına dəyişmişdir. Ailə başçısının vəfatından sonra ailə üzvləri miras əmlakı faktiki qəbul etdiyini zənn edərək vərəsəliyə müraciət etməmişdirlər. 2022-ci ilin sonlarında özünü "xxxx" MMC-nin əməkdaşları kimi təqdim edən şəxslər iddiaçıların evinə gələrək, həmin binanın şəhərin abadlaşdırılması və yenidənqurma planına düşdüyünü bildirmişlər, evin söküləcəyini və əvəzinə yeni mənzilin veriləcəyini bildirmişlər. Bunu eşidən Cavabdeh2 iddiaçılara bildirmişdir ki, ev onundur, heç kimə heçnə verməyəcək, “Qurban kişi çoxdan ölüb, siz heç nə sübut edə bilməzsiniz, yeni mənzil mənə çatmalıdır!”. Cavabdeh2 heç bir zaman mülkiyyətində olan evdə olmamışdır, yaşamamışdır. Satıcı Cavabdeh1 bildirir ki, o yalnız Qurban kişini tanıyır, pulu ondan alıb evi ona satıb. Bütün qonşular şahidlik eləməyə hazırdırlar ki, bu evin həqiqi sahibi kimi, məhz iddiaçıların ailəsini bilirmişlər. Bütün kommunal xidmətlərə görə müqavilələr, ödənişlər bunu isbat edir. Göründüyü kimi, xx.xx.1999-cu il tarixli alğı-satqı müqaviləsi, digər əqdi, yəni mənzilin faktiki olaraq Həsənov Qurban tərəfindən alınması əqdini pərdələmək məqsədi ilə bağlanmışdır. Qeyd edildiyi kimi, məcburi köçkün olaraq mənzil növbəsinə götürülmüşdür və ümid edirdi ki, dövlət onun ailəsini evlə təmin edəcəkdir. Ona görə 1 otaqlı mənzili öz adına almamışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 2866/2023 nömrəli qərardadı ilə iddia ərizəsinin əlavə olunan sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia ərizəsindən göründüyü kimi, daşınmaz əmlaka dair bağlanmış “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi və müqavilənin X4 ilə bağlanmış hesab edilməsi; həmin əmlaka dair dövlət reyestrində verilmiş çıxarışın ləğv edilməsi və həmin əmlak üzərində onun mülkiyyət hüququnun tanınmasını xahiş edir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının digər tələbləri birinci tələbdən asılıdır. Göründüyü kimi, bu tələb isə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialara aid deyil. Tələb, aidiyyət qaydaları baxımından MPM-nin 39.1-ci maddəsinin deyil, MPM-nin 35.1-ci maddəsinin təsiri altına düşür. Belə olan halda, prosessual qanun iddianın cavabdehin yaşayış yeri üzrə verilməsini tələb edir. İşdə olan sənədlərdən görünür ki, hazırki iş üzrə hər 2 cavabdehin rəsmi ünvanı ünvan 1üstəsna aidiyyət qaydalarını tənzimləyən 39.1-ci maddəsinin təsir dairəsinə düşmür. Belə ki, 39.1-ci maddə daşınmaz əşyalarla bağlı bütün mübahisələrə deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddialara şamil olunur. Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd olunmuşdur ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. İddiaçının ilkin tələbi daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırması(mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) deyil, müqavilənin etibarsızlığıdır. Buna görə də, iddia ümumi qaydada, cavabdehin qeydiyyat ünvanına görə verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qanunvericilikdə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizələrinin verilməsi zamanı ərazi aidiyyəti barədə hər hansı norma birbaşa öz əksini tapmamışdır. Qanunla başqa hal nəzərdə tutulmadığından qanunvericiliyin tələbinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin (cavabdehlərin hər ikisinin qeydiyyat ünvanı Bakı şəhəri, Binəqədi rayonudur) Binəqədi Rayon Məhkəməsinə verilməlidir. Həmin qərardaddan narazı qalan iddiaçıların nümayəndəsi və vəkili X2 şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Binəqədi rayon Məhkəməsinin aidiyyat məsələsinə dair Qərardadın olmasına baxmayaraq Nərimanov rayon Məhkəməsi həmin Qərardadla razılaşmamışdır və işin təkrar Binəqədi rayon Məhkəməsinə verilməsini tövsiyyə etmişdir. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınmasına, başqasının sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırılmasına dair iddia tələbləri üzrə qanunverici müstəsna aidiyyət qaydalarını müəyyən etmiş və bu iddia tələbləri üzrə mülki işə cavabdehin rəsmi qeydiyyatı və ya hüquqi ünvanı üzrə deyil, daşınmaz əşyanın yerləşdiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 2866/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin həlli üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia tələbinin mahiyyətindən göründüyü kimi iddiaçılar mübahisə predmeti olan mənzilin həqiqi mülkiyyəçisinin məhz mərhum X3 olduğunu bildirirlər və həmin mənzilə X3 mülkiyyət hüquqlarının tanınması üçün qanunsuz bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, çıxarışın ləğv edilməsini xahiş edilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. İş materiallarından göründüyü kimi mübahisə predmeti olan əmlak Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşir. Göründüyü kimi hazırki iddia tələbi mübahisə predmeti olan mənzilə mülkiyyət hüquqlarının tanınmasıdır və iddiaçılar bunun üçün həmin mənzilə dair müqavilənin etibarsız hesab edilməsini və çıxarışın ləğvini xahiş edirlər ki, bu zamanda həmin iddia tələbi daşınmaz əmlakın olduğu yerə görə verilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 35-ci maddəsinə istinad etməklə hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilmədən geri qaytarılması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iddia tələbinin MPM-nin 39-cu maddəsinin tələbinə uyğun olaraq müstəsna aidiyyatın təsiri altına düşüb-düşməməsinə aydınlıq gətirməmişdir. Halbuki qərardaddan verilmiş şikayətdə qeyd olunan hallar sadalanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, hazırki iddia MPM-nin 39-cu maddəsinin tələbinə uyğun olaraq müstəsna aidiyyatın təsiri altına düşmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Beləliklə məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməklə, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, hazırki qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlara uyğun olaraq iddia tələbinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-399 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 2866/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-ya qarşı “daşınmaz əmlaka dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması” barədə iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin həlli üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-5043/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5043/2023
27.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver