Məhkəmə qərarları › İş №2(103)-5044/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5044/2020

23.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5044/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh1 vəkili X2 iştirakları ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(003)-4970/2017 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Məhsul” bağçılıq yoldaşlığı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Məhsul” bağçılıq yoldaşlığı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz zəbt etdikləri inzibati binadan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə hazırlıq iclasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Məhsul” bağçılıq yoldaşlığının sədri X3 iddianın onun adından və ya “Məhsul” bağçılıq yoldaşlığının adından qaldırıldığı dəqiqləşdirilmişdir, Məzahir Əbilov iddianın Kənd Təsərrüfatı Nazirliyi “Məhsul” bağçılıq yoldaşlığının adından verildiyini, onun isə sədr kimi ərizəyə imza etdiyini bildirmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1987-ci il tarixli 176 nömrəli qərarına əsasən, Dövlət Aqrar Sənaye Komitəsi, indiki Kənd Təsərrüfatı Nazirliyində işləyən mütəxəssislərin mədəni istirahətini, eləcə də, bağçılıq və bostançılığı inkişaf etdirmək məqsədi ilə keçmiş Türkan üzümçülük sovxozu ərazisindən 35.0 hektar torpaq sahəsi ayrılaraq hər biri 6 sot olmaqla, 504 nəfər torpaq sahəsi ayrılmışdır. Həmin bağ sahələrinin birində, 209 nömrəli sahədə 1987-88-ci ildə “Məhsul” bağçılıq yoldaşlığı üçün 3 otaqdan ibarət inzibati təsərrüfat binası tikilmişdir. Həmin binanın bir otağında “Məhsul” bağçılıq yoldaşlığının ofisi yerləşir. Digər iki otağını isə o, cavabdehlərin xahişi ilə müvəqqəti olaraq, heç bir təmənna olmadan onların istifadəsinə vermişdir. Razılaşmaya əsasən, cavabdehlər qaldıqları müddət ərzində istifadə etdikləri işıq pulunu ödəməli idilər. Lakin cavabdehlər bir ildən artıq işıq pulunu ödəmədikləri üçün o, binanın işıq xəttini kəsdirmiş və onların binadan çıxarılmasını tələb etmişdir. Lakin cavabdehlər binadan çıxmaqdan imtina etmişlər. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(003)-4970/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Məhsul” bağçılıq yoldaşlığı tərəfindən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(003)-4970/2017 saylı qətnaməsindən apellyasiya şikayət verilərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Xəzər rayon Məhkəməsinin 2(003)-4970/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi səbəbindən apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı əsasa görə ləğv edilməsini zəruri hesab edir. Məhkəmə iddia tələbini rədd edərkən iddiaçının iddia qaldırmaq hüququnun olmamasını və mübahisəli inzibati binaya dair hüquqmüəyyənedici sənədlərin olmamasına əsaslanmışdır. Bununla bağlı qeyd etmək istəyirik ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyinin xx xxxxxx 2017-ci il tarixli məktubu ilə iddiaçı Məhsul bağçılıq yoldaşlığının 1987-ci ildə yaradıldığı və hal-hazırda fəaliyyət göstərdiyi bildirilmişdir. Bundan əlavə, inzibati binaya dair hüquqmüəyyənedici sənədlər də məhkəməyə təqdim edimişdir.(xx xxxx 1988-ci il tarixli müqavilə ilə xx xxxxx 1988-ci il tarixli təsdiq olunmuş texniki layihə) İşə baxan məhkəmə tərəfindən bu hallarla bağlı araşdırma aparılmamış və təqdim etdikləri sənədlər iddianın təmin edilməsi üçün sübut kimi əsas götürülməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-2710/2018 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(003)-4970/2017 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-783/2020 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-2710/2018 saylı qətnaməsi kassatora aid hissədə ləğv edilərək, həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Məhsul” bağçılıq yoldaşlığın sədri X9 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etmədi, izahatında qeyd etdi ki, Cavabdeh2 onun bacısıdır. 2014-cü ildən artıq bir müddətdir ki, X6 onlardan 6000 ABŞ dolları məbləğində pul almış və yaşadıqları evin torpaq sahəsini onlara vermişdir. O, orada ev tikmiş, ora su çəkdirmiş, işıq və qaz pulu onun adınadır. Xahiş etdi ki, iddia təmin edilməsin. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili X4 apellyasiya şikayətini qəbul etmədi, Cavabdeh1 izahatına uyğun məzmunda izahat verdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 pellyasiya şikayətini qəbul etmədi, Cavabdeh1 izahatına uyğun məzmunda izahat verdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh1 aid təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki kassasiya instansiya məhkəməsinin qərarına əsasən Cavabdeh2 aid hissədə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-2710/2018 saylı qətnaməsi qanuni qüvvəsindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Məhsul” bağçılıq yoldaşlığının Türkan bağ massivində bağ sahəsi ayrılmış üzvlərinin ümumi iclasının 01 nömrəli, xx xxxxxx 2010-cu il tarixli protokolundan görünür ki, X6 “Məhsul” bağçılıq yoldaşlığı idarə heyətinin sədri vəzifəsinə seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Məhsul” bağçılıq yoldaşlığının idarə heyəti üzvlərinin xx xxxxx 2019-cu il tarixli protokolundan görünür ki, X9 “Məhsul” bağçılıq yoldaşlığı idarə heyətinin sədri vəzifəsinə seçilmişdir. İş materiallarında olan xx xxxx 1988-ci il tarixli müqavilədən görünür ki, “Məhsul” bağçılıq yoldaşlığı üçün xx xxxxx 1988-ci ildə təsdiq olunmuş texniki layihə əsasında fərdi yaşayış evlərinin tikintisinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx xxxxxx 2017ci il tarixli, 03/xx-xx-1985 nömrəli məktubundan görünür ki, keçmiş Dövlət Aqrar-Sənaye Komitəsinin işçilərinə bağçılıq və bostançılığm inkişaf etdirilməsi üçün Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Abşeron rayonu Türkan üzümçülük sovxozu ərazisindən 35 hektar bağ sahəsi ayrılmışdır. Bu sahədən istifadəni təmin etmək məqsədilə 1987-ci ildə yaradılmış “Məhsul” bağçılıq yoldaşlığı halhazırda fəaliyyət göstərir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx xxxxxx 2017-ci il tarixli **********759700 nömrəli məktubundan görünür ki, hüquqi şəxslərin dövlət reyestrində “Məhsul” bağçılıq yoldaşlığının dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan SSR Nazirlər Sovetinin 1987-ci il tarixli 176 nömrəli qərarından görünür ki, Dövlət Aqrar Sənaye Komitəsi, indiki Kənd Təsərrüfatı Nazirliyində işləyən mütəxəssislərə Abşeron rayonu Türkan üzümçülük sovxozu ərazisindən 35,0 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş Türkan bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, 156 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh1 Türkan qəsəbəsi Kənd Təsərrüfatı Nazirliyi Yodaşlıq-bağçılıq ünvanında sənədsiz və müvəqqəti qeydiyyatsız yaşayır. İş materiallarından Türkan Bələdiyyəsi tərəfindən verilmiş xx xxx 2017-ci il tarixli, 39 saylı arayışın surətindən görünür ki, Cavabdeh1 Türkan qəsəbəsi Aqroprom bağlar massivində müvəqqəti qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilmiş “xxxx” ASC tərəfindən verilmiş 004/1/958-tş nömrəli, xx xxx 2017-ci il tarixli texniki şərtdən görünür ki, Cavabdeh1 müraciəti əsasında onun Xəzər rayonu, Türkan qəsəbəsi Aqroprom bağlar massivində yerləşən fərdi yaşayış evində su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün texniki şərt verilmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş 408258 nömrəli protokoldan görünür ki, Cavabdeh1 Türkan qəsəbəsində yaşadığı ünvana işıq sayğacı quraşdırılmışdır. İş materiallarında olan “SOCAR” tərəfindən verilmiş ******* nömrəli aktdan görünür ki, Cavabdeh1 Türkan qəsəbəsində yaşadığı ünvana qaz sayğacı quraşdırılmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxxxx 2018-ci il tarixli mütəxəsis rəyində qeyd edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxiv qovluğunda aşkar olunan 9/459 saylı, xx.xx.1988-ci il tarixli qərarının (qərarda xx.xx.1987-ci il tarixli, 176 saylı qərarına istinad edilir) və keçmiş “Türkan” üzümçülük sovxozu ərazisindən ayrılmış 35,0 hektar torpaq sahəsinin cizgisinin surəti əlavə edilmişdir. Koordinatı müəyyən edilmiş sahə “Məhsul” bağçılıq yoldaşlığının bölgü sxeminə əsasən 209 saylı sahənin ərazisidir. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahənin qərb qonşusu 209a, şərq qonşusu 217 saylı bağdır. Mübahisələndirilən torpaq sahəsində naturada tikinti mövcuddur, lakin sözügedən tikintinin təyinatını müəyyən etmək səlahiyyətlərinə aid olmaması səbəbindən cavablandırmaq mümkün olmamışdır. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən koordinatı təqdim edilmiş 209 saylı sahə qeydiyyatdan keçməmişdir. Həmin sahənin qərb tərəfindəki qonşu bağ isə 209a nömrəsi ilə digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. Məhkəmə mühəndis-texniki ekspertizasının xx xxxxxxx 2018-ci il tarixli, 25128 saylı ekspert rəyindən görünür ki, mülki iş materiallarındakı məlumatlara və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəsis rəyinə əsasən, qərardadın suallarına dair nəticələr nəticələr aşağıdakı kimi müəyyən edilir: Azərbaycan SSR Nazirlər Sovetinin 1987-ci il tarixli, 176 saylı qərarına əsasən Dövlət Aqrar Sənaye Komitəsi, indiki Kənd Təsərrüfatı Nazirliyində işləyən mütəxəsislərin mədəni istirahətini, eləcə də bağçılıq və bostançılığı inkişaf etdirmək məqsədi ilə, keçmiş “Türkan” üzümçülük sovxozu ərazisindən 35,0 hektar torpaq sahəsi ayrılmışdır. Koordinatı müəyyən edilmiş sahə “Məhsul” bağçılıq yoldaşlığının bölgü sxeminə əsasən 209 saylı sahənin ərazisidir. Elektron kadastr baza məlumatlarına əsasən 209 saylı sahənin qərb qonşusu 209a, şərq qonşusu 217 saylı bağ sahəsidir. Mübahisəli 209 saylı torpaq sahəsində tikili (bina) mövcuddur. “Türkan” üzümçülük sovxozu ərazisindən ayrılmış 35,0 hektar torpaq sahəsinin 209 saylı ərazisində 1987-1988-ci ildə “Məhsul” bağçılıq yoldaşlığı üçün inzibati binanın (tikilinin) inşa olunub-olunmaması barədə hər hansı bir məlumat mülki iş materiallarında olmadığından, 209 saylı sahədə mövcud tikilinin (binanın) “Məhsul” bağçılıq yoldaşlığı üçün inşa olunmuş inzibati binanın olub-olmamasını müəyyən etmək mümkün deyildir. Elektron kadastr baza məlumatlarına əsasən koordinatı təqdim edilmiş 209 saylı sahə qeydiyyatdan keçməmişdir. Həmin sahənin qərb tərəfindəki qonşu bağ isə 209a nömrəsi ilə digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. Birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə rədd edərkən qeyd etmişdir ki, iddiaçı “Məhsul” bağçılıq yoldaşlığının Cavabdeh1 qanunsuz zəbt etdiyi inzibati binadan çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik deyildir. Belə ki, “Məhsul” bağçılıq yoldaşlığı Azərbaycan Respublikası Vergilər Nazirliyində hüquqi şəxsləriin dövlət reyestrində dövlət qeydiyyatından keçmədiyindən və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olduğundan, onun iddia qaldırman hüququ yoxdur. Bundan başqa iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrufatı Nazirliyi bağçılıq yoldaşlığının sədri X1 üzümçülük sovxozu ərazisindən 504 nəfərə ayrılmış torpaq sahələrinin birində, 209 saylı sahədə “Məhsul” bağçılıq yoldaşlığı üçün inzibati binanın inşa edildiyi qeyd etsə də, həmin binanın kimin torpaq sahəsində inşa olunmasını, həmin binanın hüquqi rejimini müəyyən edən və həmin binanın “Məhsul” bağçılıq yoldaşlığına məxsus olmasını sübut edə bilmədi və bununla bağlı heç bir sənəd məhkəməyə təqdim etmədi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı iddiaçının subyektiv hüququnun olmaması əsası ilə təmin etməməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlməmişdir. Buna görə də, qətnamə mübahisələndirilən hissədə ləğv olunmalı, işdə olan sübutlar əsasında işə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, kassasiya kollegiyası iddiaçı tərəfin hazırkı iddianı qaldırmaq üçün tələb olunan subyektiv hüququnun olması ilə bağlı gəldiyi qənaəti qanuni hesab etsə də, kassatorun çıxarılması tələb edilən tikilinin iddiaçıya məxsusluğunun müəyyən edilmədiyi halda tərəflərdən hansının vəsaiti hesabına inşa edilməsindən ibarət işin mühüm əhəmiyyət kəsb edən hallara qiymət vermədən iddianın təmin edilməsindən ibarət nəticəyə gəlməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Kollegiya qeyd edir ki, yuxarı instansiya məhkəməsinin mövqeyi də nəzərə alınmaqla, iddiaçının mübahisələndirilən hissədə iddianı qaldırmaq üçün subyektiv hüququ vardır. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, cavabdehlər uzun illər məhz iddiaçı tərəfin icazəsi ilə həmin yerdə məskunlaşıb yaşadıqlarından onların yaşadıqları tikilinin kimin vəsaiti hesabına inşa edilməsinin, habelə cavabdehlər tərəfindən inşa edildiyi halda buna iddiaçı tərəfin razılığı ilə edilib-edilməməsi iş üçün əhəmiyyətlidir. Belə ki, Azərbaycan Rsepublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərinin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün tədbirlər görür. Kollegiya hesab edir ki, göstərilən vəziyyətdə mübahisəli tikilinin yalnız iddiaçının torpaq sahəsində inşa edilməsi əsası ilə mübahisənin göstərilən qaydada həll edilməsi cavabdehlərin Konstitusiya ilə təsbit olunmuş mənzil hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Çünki, aşağı instansiya məhkəmələrinin müəyyən etdiyi hallardan görünür ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi iddiaçı tərəfə ayrılsa da, iddiaçı tərəfindən cavabdehlərə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin şəxslər özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək, uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişlər. Azərbaycan Respublikasında yaşayan bütün insanların layiqli həyat səviyyəsini təmin etmək niyyəti Azərbaycan Respublikası Konstitusiyası ilə bəyan olunmuşdur. Cavabdeh tərəfin yaşayış sahəsi kimi istifadə etdiyi tikilinin iddiaçı tərəfin razılığı ilə inşa edilərək onların həmin tikilidə uzun illər yaşadığının müəyyən edildiyi halda kassasiya şikayəti vermiş cavabdehin heç bir təminat olmadan və hər hansı ədalətli kompensasiya ödənilmədən çıxarılması və faktiki olaraq yaşayış sahəsindən birdəfəlik məhrum edilməsi kollegiyaya görə Konstitusiyanın bəyan etdiyi prinsiplərə ziddir. Kollegiya yuxarı instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, aparılmış məhkəmə araşdırmanın nəticəsi olaraq qeyd edir ki, iddiaçı tərəf dəfələrlə təklif olunmasına baxmayaraq, ona ayrılmış torpaq sahəsində tikilinin ona məxsus olması ilə bağlı sübutlar təqdim etməmişdir. Əksinə işin halları ilə müəyyən olunur ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi iddiaçı tərəfə ayrılsa da, iddiaçı tərəfindən cavabdehə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və cavabdeh özünün mənzil şəraitlərini həll edilmiş hesab edərək, uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etməklə, tikinti işləri aparmaqla, yaxşılaşdırmalar etmişdir. Belə olan halda cavabdehin heç bir təminat olmadan və hər hansı ədalətli kompensasiya ödənilmədən çıxarılması və faktiki olaraq yaşayış sahəsindən birdəfəlik məhrum edilməsi kollegiyaya görə Konstitusiyanın bəyan etdiyi prinsiplərə ziddir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yordanov və qeyrilərinin Bolqarıstana qarşı” iş üzrə xx xxxxx 2012-ci il tarixli qərarında hesab etmişdir ki, Yordanovun və başqalarının Sofiya şəhərində yaşadıqları icazəsiz tikilmiş müvəqqəti tikilidən çıxarılmaları demokratik cəmiyyətdə zərurilik prinsipinə uyğun deyil və insanların şəxsi və ailə həyatına hüququnu müəyyən edən “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə ziddir. Həmin qərarda insanların illər ərzində yaşadıqları evlərdən çıxarılması onların həyat tərzi, ev, şəxsi həyat və ailə həyatına hörmət hüquqlarına müdaxilə kimi qiymətləndirilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, dövlət orqanları qanunsuz olaraq zəbt edilmiş torpağı geri almaq hüququna malik olsa da, qanunsuz yerləşməyə on illərlə göz yummuş və bununla ərizəçilərə qonşuluqda güclü əlaqəlar yaratmaq və sosial həyat qurmasına imkan vermişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qaraçı icmasına daxil olan insanların yaşadıqları evlərdən çıxarılmasını qanunsuz hesab edərkən onlara alternativ yaşayış sahəsinin təklif olunmamasını və onların evsiz qalmaq riskinin nəzərə alınmamasına da əsas kimi göstərmişdir. İnsanların uzun illər ərzində özlərinin yaşayış yeri kimi istifadə etdikləri qanunsuz tikiliyə təxminən eyni münasibət İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Önəryıldızın Türkiyəyə qarşı” qərarında da öz əksini tapmışdır. Məhkəmə həmin qərarında hesab etmişdir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq X8 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyətə” bərabərdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, qətnamə mübahisələndirilən hissədə ləğv olunmalı, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Məhsul” bağçılıq yoldaşlığı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(003)- 4970/2017 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar