Məhkəmə qərarları › İş №2(103)-5044/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5044/2024

19.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5044/2024 19.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Şirkəti, Cavabdeh3 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “sığorta ödənişi” tələbinə mülki iş üzrə (Açar sözlər: iş üzrə icraata xitam verilməsi barədə qərardad ləğv edilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Şirkəti, Cavabdeh3 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “sığorta ödənişi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e- 2(009)-879/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdehlər "xxxx" Şirkəti, Cavabdeh3 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin mərhum hakimi X1 5 illik əmək haqqı məbləğində sığorta ödənişinin cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq mərhumun varisi olan İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-879/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" Şirkətinə qarşı, Cavabdeh3 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsinə İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı “sığorta ödənişi” tələbinə dair hissəsində mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi üzrə iddia tələbi ləğv edilmiş hüquqi şəxsə qarşı qaldırıldığından, AR MPM-nin 261.0.8-ci maddəsi əsasında İddiaçı hazırki iddia tələbinin cavabdeh "xxxx" Şirkətinə qarşı “sığorta ödənişi” hissəsi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2024-cü il tarixli Fərmanın surətindən görünür ki, həmin Fərmanla Azərbaycan Respublikasının "xxxx" Şirkəti ləğv edilmişdir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

4. Qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini, sonrakı prosessual hərəkətlərin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki,İnvestisiya Holdinqi tərəfindən Səbail rayon Məhkəməsinə təqdim olunan xx.xx.2024-cü il tarixli məktubda Holdinqin Şirkətin öhdəlikləri üçün hər hansı məsuliyyət daşımadığı, məhz Şirkətin ləğvetmə komissiyasının əsl cavabdeh olması göstərilmişdir. Eyni qaydada Maliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda şirkətin öhdəlikləri üzrə ləğvetmə komissiyasının fəaliyyət göstərdiyi, Şirkətin məhz özünün cavabdeh olduğu göstərilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məktubu ilə Şirkətin ləğvetmə komissiyası haqqında məlumatlar da məhkəməyə təqdim olunmuşdur. Məhkəmə qərardadında cavabdeh hüquqi şəxsin ləğv edildiyi göstərilmişdir. Lakin aparılan araşdırılma zamanı Şirkətin ləğv edilməsi ilə bağlı qərarın qəbul edildiyi, Şirkətin ləğv edilməsi ilə bağlı qərarın qəbul edildiyi, ləğvetmə komissiyası yaradıldığı, lakin ləğvetmə prosesinin tamamlanmadığı müəyyən edilmişdir. Eyni zamanda araşdırma zamanı ləğvetmə komissiyasının üzvləri dövlət orqanlarının əməkdaşlarından ibarət tərkibdə təyin olunsa da, onların fəaliyyəti kənar idarəçi kimi müəyyən edilməmiş, Sığorta Şirkəti özü məhz bütün tələblər üzrə cavabdeh qismində çıxış etdiyi müəyyən edilmişdir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-879/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-879/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı şikayətinin təmin edilməməsi, şikayət baxılması üçün 2(009)-879/2024 saylı mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.0.8. işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-879/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir.

11. Belə ki, birinci instansiya məhkəməsi qərardadını əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2024-cü il tarixli Fərmanın surətindən görünür ki, həmin Fərmanla Azərbaycan Respublikasının "xxxx" Şirkəti ləğv edilmişdir.

12. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2024-cü il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının "xxxx" Şirkətinin ləğv edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqinə bu Fərmandan irəli gələn məsələlərin həll edilməsi həvalə edilmiş, lakin Şirkətin ləğv edilməsi prosesi yekunlaşmamışdır.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.12-ci maddəsində qeyd edilir ki, hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır.

14. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında” Əsasnamənin 3.0.72-ci bəndində qeyd edilir ki, strukturuna daxil olan müvafiq qurum tərəfindən kommersiya hüquqi şəxslərinin, publik hüquqi şəxslərinin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatının və reyestrinin aparılmasına, habelə vergi ödəyicilərinin uçota alınmasına nəzarət etmək Nazirliyin vəzifələrinə daxildir.

15. Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Azərbaycan Respublikasının "xxxx" Şirkəti ləğv prosesindədir.

16. O cümlədən qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi qərardadında əlavə olaraq Nəsimi rayon məhkəməsinin qərardadına istinad etmişdir. Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadında İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı iddia tələbinə hüquqi şəxs ləğv edildiyindən məhkəmədə baxılmalı olmadığı qeyd edilmişdir.

17. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsini icraata götürdükdən sonra, işi mahiyyəti üzrə araşdırdıqdan sonra yekun məhkəmə aktı qəbul edərkən Səbail rayon məhkəməsinin bu hala istinad etməsi də əsassızdır. Nəzərə alınmalıdır ki, işə baxan məhkəmə iddiaçının digər cavabdehlərə qarşı olan iddia tələbi üzrə isə iddia tələbini düzgün olmayan cavabdehə qarşı qaldırılması əsası ilə rədd etmişdir.

18. Məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, birinci instansiya məhkəməsinin "xxxx" Şirkətinin ləğv olunması ilə bağlı qənaəti yanlış olmuşdur, hazırki iddia tələbinə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilməlidir.

19. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən qərardad ləğv edilməklə, işə mahiyyəti üzrə baxılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-879/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı “sığorta ödənişi” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar