Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5045/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlət QSC "xxxx" KB-nə və həmin bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: öhdəliklərə xitam verilməsi, borcun olmaması barədə məlumatın verilməsi vəzifəsi, pulun tutulması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımova Ramil Rəşid oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X2 iştirakları ilə İddiaçı QSC "xxxx" Kommersiya Bankına (ləğv prosesindədir) və QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı “borc məlumatlarının Mərkəzi Kredit Reyestrindən silinməsi və həmin öhdəliyin Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması, öhdəlikdən artıq ödənilmiş pulun qaytarılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ilə QSC "xxxx" KB (bank) arasında bağlanmış xx.xx.2007-ci il tarixli ********** saylı kredit müqaviləsinə əsasən İddiaçı fərdi evin tikintisi üçün illik 30% ödəməsi şərtilə 1 il müddətinə 52 500 (əlli iki min beş yüz) manat kredit verilmiş, kredit öhdəliklərinin təminatı olaraq İddiaçı məxsus Abşeron rayonunun Masazır kəndində yerləşən 0,50 ha torpaq sahəsi bank qarşısında ipoteka ilə yüklü olunmuşdur.
2. Abşeron Rayon Məhkəməsinin 14 dekabr 2007-ci il tarixli qətnaməsi ilə "xxxx" QSC kommersiya bankının iddia tələbi təmin edilmiş, 23 yanvar 2007-ci il tarixli ********** saylı kredit müqaviləsinin ləğv olunması, İddiaçı kredit borcu, borc faizləri və cərimə qismində "xxxx" QSC kommersiya bankının xeyrinə 56 072,89 (əlli altı min yetmiş iki manat 89 qəpik) manat məbləğində pul vəsaitinin tutulması, həmin pul vəsaitinin ödənilməsi üçün tutmanın İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,50 hektar torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin satışından əldə ediləcək pul vəsaiti borcların ödənilməsi üçün kifayət etmədiyi halda, həmin məbləğin qalan hissəsinin İddiaçı məxsus olan digər əmlaklara yönəldilməsi, eləcə də 19,80 manat dövlət rüsumunun İddiaçı bankın xeyrinə tutulması qət edilmişdir.
3. Həmin qətnamə 15 yanvar 2008-ci il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, Abşeron rayon Məhkəmə icraçıları bölməsinin böyük məhkəmə icraçısı X4 tərəfindən 26 fevral 2008-ci il tarixdə “İcraata başlama haqqında” qərar qəbul olunaraq İddiaçı 5 (beş) gün müddətinə icranı könüllü təmin etməsinin təklif olunması, icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin keçirilməsi ilə bağlı xərclərin və icra ödənişinin borcludan tutulması qərara alınmışdır.
4. İpoteka predmeti olan torpaq sahəsi Abşeron rayon icra şöbəsinin icra məmurunun sifarişi əsasında 100 000 manat məbləğində qiymətləndirilərək onun hərracdan satılması üçün "xxxx" MMC-nə sifariş verilmişdir.
5. "xxxx" MMC tərəfindən xx.xx.2009-cu il tarixdə keçirilən təkrar hərracda əmlak 63 750 manata tələbkar banka (QSC "xxxx" KB-nə) satılmış, həmin tarixdə bankla hərrac təşkilatı arasında müvafiq alqı-satqı müqaviləsi bağlanmışdır.
6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli icra sənədi üzrə icraata icra məmuru Rasim Əliyev tərəfindən xx.xx.2009-cu il tarixdə “İcra haqqında” Qanunun 20.1.5 maddəsinə əsasən xitam verilmişdir.
7. QSC "xxxx" KB-nin-nin İdarə heyətinin sədri tərəfindən xx.xx.2012-ci il tarixdə DƏDRX-in Abşeron Ərazi İdarəsinə məktub ünvanlanaraq Abşeron rayonunun Masazır kəndində yerləşən 0,50 ha torpaq sahəsi üzərində bankın mülkiyyət hüququnun qeydə alınması xahiş edilmişdir.
8. İddiaçı məxsus olmuş Abşeron rayonunun Masazır kəndində yerləşən 0,50 ha torpaq sahəsi üzərində QSC "xxxx" KB-nin mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
9. QSC "xxxx" KB tərəfindən həmin torpaq sahəsi xx.xx.2014-cü il tarixli alqısatqı müqaviləsi əsasında X1, xx.xx.2014-cü il tarixdə sonuncunun adına qeydiyyat aparılmışdır.
10. İddiaçı QSC "xxxx" KB-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna etdiyi müraciətə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə ondan 56 072,89 manat borc və 19,80 manat dövlət rüsumu bankın xeyrinə tutulmalıdır, lakin həmin qətnamə üzrə xx.xx.2007-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək hesaba heç bir ödəniş mədaxil edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
11. İddiaçı (iddiaçı) QSC "xxxx" KB-nə həmin bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, bankla arasında bağlanmış xx.xx.2007-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə borc məlumatlarının mərkəzi kredit reyestrindən silinməsi və həmin öhdəliyin Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması, hərracın nəticəsinə görə öhdəlikdən artıq ödənilmiş 7678 (yeddi min altı yüz yetmiş səkkiz) manat pulun cavabdehlərdən müştərək qaydada alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2- 670/2007-ci il saylı xx.xx.2007-ci il tarixli qətnaməsi ilə bankla arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, ondan 56 072 manat məbləğində pul bankın xeyrinə tutulmuş, həmin məbləğdə pul vəsaitinin ödənilməsi üçün tutma onun mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,50 hektar torpaq sahəsinə yönəldilmişdir. Məhkəmənin qətnaməsi qanuni qüvvəsini almış, icraya yönləndirilmiş və Abşeron Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2008-ci ildə müvafiq hərrac keçirilmiş, əmlak 100 000 manat məbləğində qiymətləndirilmiş, 63 750 manata satılmışdır. Göründüyü kimi bank qarşısında olan öhdəlik artıqlaması ilə ödənilməsinə baxmayaraq, bugünki gündə o, gecikməsi olan problemli kreditorlar siyahısındadır. Cavabdehə bank qarşısında öhdəliyinin olmaması ilə bağlı arayış verilməsi barədə müraciət etsə də, xx.xx.2023-cü il tarixli cavab məktubunda sözügedən məhkəmə qətnaməsinə əsasən xx.xx.2007-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək hesaba heç bir ödəniş mədaxil edilmədiyi bildirilmişdir. Görünür cavabdeh Fondun bütün bu proseslərdən xəbəri yoxdur, yəni ləğv edilmiş bank hərracın nəticəsinə dair qərarı, əmlakın satılmasına dair yekun sənədləşməni cavabdehə göndərməmiş, ya da, bütün bu proseslərdən xəbəri olduğu halda qəsdən bilərəkdən təhrif olunmuş formada hazırki cavabı vermişlər. Heç bir borcunun olmamasına baxmayaraq, hazırda adının hələ də problemli kreditorlar siyahısında olması ucbatından o, hər hansı yeni kredit götürə bilmir, hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir, ona münasibətdə mülki dövriyyənin sabitliyi pozulmuş olur. Mülki Məcəllənin 1.1-ci maddəsinə görə bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 6.1.3-cü maddəsinə görə mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi mülki qanunvericiliyin əsas prinsiplərindədir. Onu da qeyd edir ki, qanunla öhdəlikdən artıq ödənilmiş pul geri qaytarılmalı olduğu halda 7678 (yeddi min altı yüz yetmiş səkkiz) manat artıq pul ona qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.2-ci maddəsinə görə bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. Lakin sözügedən məbləğ fərqi ona qaytarılmamış və nəticədə bu, bankın əsassız varlanmasına gətirib çıxarmışdır. Göründüyü kimi bankla olan kredit münasibətlərinin faktiki olaraq qurbanına çevrilmişdir. Həm mülkiyyətindən, həm pulundan məhrum olmuşdur. Bu azmış kimi bugünki gündə belə heç bir aktiv öhdəliyi olmadığı halda adı problemli kreditorlar siyahısında, mərkəzi kreditor reystrində qalmışdır. Bu davranış, hərəkətsizlik onun mülkiyyət hüququnu, azad sahibkarlıq hüququnu kobud şəkildə pozmaqda davam edir. Həmin münasibətlər nəticəsində maddi və mənəvi zərərə məruz qalmışdır.
13. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, torpaq sahəsinin hərracdan cavabdeh banka 63 750 manata satılması barədə ona Əmanətlərin Sığortalanması Fondunun keçmiş işçisi tərəfindən 2019-cu ildə telefonla bildirilmiş, lakin bu barədə hər hansı sənəd ona təqdim edilməmişdir. Sonradan səhhətində baş vermiş problemlərlə, xəstəliyi ilə əlaqədar olaraq torpağın hərracdan satılması və neçəyə satılması məsələsi ilə maraqlana bilməmişdir. Ona görə də, torpağın satılması ilə bağlı hər hansı sənədi məhkəməyə təqdim edə bilmir.
14. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini, eləcə də xüsusi qərardad çıxarılmasını xahiş edərək bildirmişdir ki, torpaq sahəsi ilə bağlı hərracın keçirilməsi, ümumiyyətlə icra işinin nəticələrinə dair sənədlər nə Abşeron rayon İcra şöbəsində, nə arxivdə, nə də cavabdehdə yoxdur. Bununla bağlı aidiyyəti qurumlara həm iddiaçı, həm də məhkəmə tərəfindən sorğu verilsə də, hər hansı cavabın, məlumatın əldə edilməsi mümkün olmamışdır. Belə görünür ki, iddiaçı icra şöbəsinin və cavabdeh bankın qanunsuz əməllərinin qurbanına çevrilmişdir. Necə ola bilər ki, məhkəmə qərarı icraya yönləndirilsin, müvafiq icraata başlamaq haqqında qərar qəbul edilsin, lakin icra işinin nəticəsinə dair digər sənədlər (hərracın nəticələri, icraata xitam verilməsinə dair qərar) məlumatlar olmasın? Tələbkar bankda və icra şöbəsində hər hansı sənədin, məlumatın olmaması sonuncular tərəfindən sübutların saxtalaşdırılması ilə bağlı ciddi şübhələr doğurur. Çünki belə çıxır ki, öz qanunsuz əməllərini ört-basdır etmək üçün vəzifə səlahiyyətlərindən suiistifadə edərək təqsirkar şəxslər tərəfindən ya sənədlər məhv edilmiş, ya da bilərəkdən gizlədilməklə sübutlar saxtalaşdırılmışdır. Hamının bildiyi kimi bunlar cinayət əməlləridir. 2008-ci ildən qanuni qüvvəsini almış məhkəmə qərarının icra olunmaması və ya icra olunmasına dair məlumatın, yaxud icrasının nəticələrinin mövcud olmaması hüquqi müəyyənlik prinsipinə zidd olmaqla şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu kobud şəkildə pozmuşdur. Belə ki, məhkəmə qərarlarının icrası da məhkəmə müdafiə hüququnun tərkib hissəsi olmaqla, qanuni qüvvəsini almış və dövlətin adından çıxarılan qərarın icra olunmaması məhkəmə qətnaməsini xəyali hala çevirir. Göründüyü kimi, iddiaçı, bankla, icra şöbəsi ilə olan kredit münasibətlərinin faktiki olaraq qurbanına çevrilmiş, həm mülkiyyətindən, həm pulundan məhrum olmuşdur. Nəticədə bu qanunsuz davranış, hərəkətsizlik şəxsin mülkiyyət hüququnu, azad sahibkarlıq hüququnu kobud şəkildə pozmaqda davam edir. Şəxs həmin münasibətlər nəticəsində maddi və mənəvi zərərə məruz qalmışdır. Bu səbəbdən də aidiyyatı təqsirkar şəxslər sözügedən əməllərinə görə, məhkəmə qərarının icra olunmaması ilə bağlı qanunamüvafiq qaydada məsuliyyət daşımalıdırlar. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə görə məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.
15. Məhkəmə iclasında iştirak edən cavabdeh QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iddianın əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2007ci il tarixli 2-670/2007 saylı məhkəmə qətnaməsi ilə İddiaçı QSC "Bank Standard” KB-nin xeyrinə 56 072,89 manat borcun və 19,80 manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı məxsus olan və bank qarşısında ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Masazır kəndində yerləşən 0,50 hektar torpaq sahəsinə yönəldilməsi, torpaq sahəsinin açıq hərracdan satılması yolu ilə borcun ödənilməsi qət edilmişdir. Fondda olan məlumatlara görə, sözügedən məhkəmə qətnaməsinə əsasən xx.xx.2007-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək hesaba hec bir ödəniş mədaxil edilməmişdir. Hərracla bağlı Fondda hər hansı sənəd müəyyən olunmamışdır.
16. Birinci instansiya məhkəməsinin 12 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, QSC "xxxx" Kommersiya Bankı ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə borc məlumatlarının Mərkəzi Kredit Reyestrindən silinməsi öhdəliyinin Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1.1-ci, 6.1.3-cü, Mülki Prosessual Məcəllənin 4.1-ci, 77.1-ci və 106-cı maddələrinə istinadla aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
17.1. Abşeron Rayon Məhkəməsinin 2-670/2007 saylı 14 dekabr 2007-ci il tarixli icra vərəqəsi üzrə icraata onun tam icra olunması əsası ilə xitam verildiyi halda, iddiaçının adı mərkəzi kredit reyestrində problemli kreditorlar siyahısında qalmışdır. İddiaçının heç bir borcunun olmamasına baxmayaraq, hazırda adının hələ də problemli kreditorlar siyahısında olması səbəbindən, o, hər hansı yeni kredit götürə bilmir, hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir, ona münasibətdə mülki dövriyyənin sabitliyi pozulmuş olur. 17.2. Bununla yanaşı, iddia tələbi hərracın nəticəsinə görə öhdəlikdən artıq ödənilmiş 7678 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılması hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı həmin iddia tələbini təsdiq edən sübutları təqdim etmədi. Onun dəlilləri əsassızdır.
18. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun qismən – iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə - ləğv edilməsini və iddia tələblərinin həmin hissədə də təmin olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, verdiyi sorğunun cavabını gözləmədən qərar çıxardığı üçün müvafiq sübutları nəzərə almadığı, həmin sübutlar əsasında əmlakın 63 750 manata satıldığının, beləliklə də iddiaçının faktiki olaraq 7678 manat artıq pul ödəmiş olduğunun müəyyən edildiyini irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
20. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu isə nümayəndəsini məhkəməyə göndərməmişdir.
21. Məhkəmə kollegiyası tərəfindən Abşeron rayon İcra və probasiya şöbəsinə ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 14 dekabr 2007-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi arxivdə aşkar olunmamışdır.
22. Məhkəmə kollegiyası tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, icra sənədi üzrə İddiaçı bank hesablarına heç bir mədaxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
24. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.
25. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.
26. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.
27. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
28. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.
29. Maddə 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir.
30. Maddə 529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər.
31. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada)
32. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
33. Maddə 47.2. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə.
34. Maddə 47.3. Birgə ipoteka saxlayanların tələbi ipoteka müqaviləsində müəyyən edilmiş qaydada, müəyyən olunmadıqda isə onların tələblərinə mütənasib olaraq bölüşdürülür.
35. Maddə 47.4. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır.
36. Maddə 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
40. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
47. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddia tələbinin qismən təmin edilməməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh(lər) mübahisələndirməmiş, iddiaçı isə yalnız müvafiq hissədən şikayət vermişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
48. İşin hallarından göründüyü kimi, iddiaçıdan "xxxx" QSC kommersiya bankının xeyrinə tutulmalı olan 56 092,69 (əlli altı min doxsan iki manat 69 qəpik) manat məbləğində pul vəsaitinin ödənilməsi üçün onun mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,50 hektar torpaq sahəsi 100 000 manat məbləğində qiymətləndirilərək hərraca çıxarılmış, keçirilən təkrar hərracda əmlak 63 750 manata tələbkar banka (QSC "xxxx" KB-nə) satılmışdır.
49. Qanunvericiliyin tələbinə görə (§ 25, 35) ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.
50. İşin müəyyən olunan halı odur ki, iddiaçının 56 092,69 (əlli altı min doxsan iki manat 69 qəpik) manat borcunun müqabilində 63 750 manata qiymətləndirilən əmlakı bankın mülkiyyətinə keçirilsə də, müvafiq fərq (63 750 – 56 092,69 = 7657,31) bank tərəfindən nə ona, hə də icra qurumunun depozit hesabına ödənilməmişdir.
51. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində, müəyyən edilən hala düzgün qiymət verməmiş, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı səhv nəticəyə gəlmişdir.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-630/2024 saylı iş üzrə 12 iyun 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “hərracın nəticəsinə görə öhdəlikdən artıq ödənilmiş 7678 (yeddi min altı yüz yetmiş səkkiz) manat pulun cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya ödənilməsi tələbinin təmin edilməməsi” hissəsində ləğv olunsun. Həmin iddia tələbi qismən təmin edilsin. Ləğv prosesində olan QSC "xxxx" KB-dən 7657,31 (yeddi min altı yüz əlli yeddi manat 31 qəpik) manat tutularaq İddiaçı ödənilsin. Həmin iddia tələbi qalan hissədə təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov