Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5048/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçılar Ələsgərov Natiq Rauf oğlu, Qədirova Səadət Rövşən qızı, İsmayılov Cavid İsmayıl oğlu, Quliyeva Səkinəxanım Murtuz qızı, Əliyeva Dünya Murtuz qızı, Əliyeva Briliant Murtuza qızı, Nurəliyeva Afaq Rauf qızı, Vəliyeva Dilarə Valeh qızı, Salmanova Türkan Rəhman qızı, Məmmədsoy Natiq Məmməd oğlu, Cavadov Cavad Yusif oğlu, Abdullayeva Nurlanə Mehman qızı, İsmayılov Tural Qaçay oğlu və Nurəliyev Kəmran Hüseynağa oğlunun cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “sərbəst toplaşmaq azadlığını pozan hərəkətlərin qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-943/2021 saylı, 05 mart 2021-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar Ələsgərov Natiq Rauf oğlu, Qədirova Səadət Rövşən qızı, İsmayılov Cavid İsmayıl oğlu, Quliyeva Səkinəxanım Murtuz qızı, Əliyeva Dünya Murtuz qızı, Əliyeva Briliant Murtuza qızı, Nurəliyeva Afaq Rauf qızı, Vəliyeva Dilarə Valeh qızı, Salmanova Türkan Rəhman qızı, Məmmədsoy Natiq Məmməd oğlu, Cavadov Cavad Yusif oğlu, Abdullayeva Nurlanə Mehman qızı, İsmayılov Tural Qaçay oğlu və Nurəliyev Kəmran Hüseynağa oğlu cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “sərbəst toplaşmaq azadlığını pozan hərəkətlərin qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 15.02.2021-ci il tarixli, 1-39/3- 003 saylı məktubunun qanunsuz hesab edilməsi, həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq hər iddiaçılara 10.000 manat pul tutulması və Bakı şəhər Yasamal rayon Polis İdarəsinin piketin keçirilməsinə dair müdaxiləsinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-943/2021 saylı, 05 mart 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilməsi qərara alınmış, həmin qərardaddan iddiaçılar tərəfindən verilmiş şikayət 20 aprel 2021-ci il tarixli qərardadla təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maadəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara, habelə inzibati hüququ münasibətləri ilə bağlı digər mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati İcraat” haqqında Qanunun 2.0.1-ci maddəsinə, habelə həmin Qanunun tədbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2005-ci il tarixli 345 nömrəli Fərmanına əsasən inzibati orqan dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (yəni Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları), onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Məhkəmə kollegiyası iddiaçının inzibati orqan olan Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı sərbəst toplaşmaq azadlığını pozan hərəkətlərin qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürməklə müvafiq iddia ərizəsi ilə müraciət etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, həmin tələbə yalnız inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxıla bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ərizəni yolverilməzliyinə görə qəbul etməkdən imtina etmişdir və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyil. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-943/2021 saylı, 05 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5048/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5048/2021
05.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver