Məhkəmə qərarları › İş №2(103)-505/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-505/2020

21.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-505/2020 21.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X8 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X17 oğlunun katibliyi, X1 və İddiaçı1 Tanrıverdi qızının, Cavabdeh2 MMC-nin səlahiyyətli nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, X2 və İddiaçı1 Tanrıverdi qızının cavabdehlər Cavabdeh2 MMC-yə, «Dünya Göz Hastanesi» Türkiyə və həkim Cavabdeh3na qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)-3455/2019 saylı qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 və İddiaçı1 Tanrıverdi qızı Cavabdeh2 MMC-yə və qeyrilərinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» barədə iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 9428 ABŞ dolları maddi, 40000 manat mənəvi ziyanın, həmçinin dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun alınaraq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X10 bir neçə ildir ki, göz xəstəliyindən əziyyət çəkdiyi üçün Zərifə Əliyeva adına göz xəstəxanasında qeydiyyatdadır. xx.xx.2018ci il tarixdə onun müalicəsi ilə əlaqədar ünvan 1 ünvanında yerləşən Cavabdeh1 Xəstəxanasına müraciət etmişlər və xəstəxananın qəbul şöbəsində işləyən Vəfa adlı xanım onları Türkiyədən gələn həkim Cavabdeh3 qəbuluna aparmışdır. Həkim Cavabdeh3 onun gözünü müayinə etdikdən sonra bildirmişdir ki, sağ gözünə buynuz qişası köçürülməklə görmə qabiliyyəti tam bərpa olunacaqdır. Həkim Cavabdeh3 həmin əməliyyatın Azərbaycanda aparılmadığını, bunun üçün Türkiyəyə getməyini, o əməliyyatı Türkiyədə edə biləcəyini və bunun üçün böyük məbləğdə pul lazım olduğunu bildirmişdir. Onlar həkimdən məbləğin nə qədər olmasını soruşduqda bildirmişlər ki, bununla bağlı Vəfa xanım onlara ətraflı məlumat verəcəkdir. Həkim müayinəsinə görə ödəniş etdikdən sonra Vəfa xanım buynuz qişasının köçürülməsi cərrahiyə əməliyyatı üçün Ziraat banka 9400 ABŞ dolları köçürməyi lazım olduğunu bildirmişdir. xx.xx.2018-ci il tarixdə Vəfa xanımın onlara verdiyi bank rekvizitlərini götürüb İçərişəhər metrosu ilə üzbəüz olan Ziraat bankda əməliyyat üçün lazım olan ödənişi etmişlər. Bir neçə gündən sonra Vəfa xanım zəng vuraraq xx.xx.2018-ci il tarixdə Türkiyənin İstanbul şəhərində olan Cavabdeh1 Hastenesində olmaqlarını bildirmişdir. Onlar xx.xx.2018-ci ildə İstanbula getmiş, xx.xx.2018-ci il tarixdə Türkiyə (İstanbul) Cavabdeh1 Xəstəxanasında həkim Cavabdeh3 Şəmistan Əliyevin gözünü əməliyyat etmiş və sağ gözünə buynuz qişası köçürtdüyünü və bir neçə gündən sonra görmə qabiliyyətinin tam bərpa olunmasını bildirmişdir. Onlar 1 həftə ərzində Türkiyə Cavabdeh1 Xəstəxanasında qalmış, lakin yoldaşının gözü əməliyyatdan sonra görməmişdir. Xəstəxanada olarkən dəfələrlə Cavabdeh3 müraciət edərək, görmə qabiliyyətinin bərpa olunmamasının səbəbini soruşduqda o müxtəlif bəhanələr gətirmiş və onda aldadıldıqlarını başa düşmüşlər. Belə haqsızlığı görüb əməliyyat üçün köçürtdükləri pulu tələb etmiş, lakin nəticəsi olmamışdır. Cavabdeh1 Azərbaycanın təşkilatçılığı ilə onlar aldadılaraq Türkiyədə əməliyyat olunmuş və əməliyyat uğursuz keçmişdir. Hesab edirlər ki, xx.xx.2018-ci il tarixdən bugünə kimi onlara vurulmuş maddi və mənəvi zərərin cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)- 3455/2019 saylı qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia qismən təmin olunmuş, Cavabdeh2 MMC-dən maddi zərər olaraq 9428 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla), mənəvi zərər olaraq 2000 manat məbləğində pulun və 30 manat dövlət rüsumu X2 xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh2 MMC məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması,maddi və prosessual hüquq normalarının pozulması, iddiaçının gözündə aparılmış əməliyyatın uğursuz olması ilə bağlı həkim rəyinin olmaması, bununla bağlı ekspertiza təyn olunmaması, Cavabdeh2 MMC-nin təqsirinin olmaması, əməliyyatın Türkiyədə həyata keçirilməsi, «Dünya Göz Hastanesi Sanayi və Ticaret Anonim» Şirketinin Cavabdeh2 MMC-nin təsisçilərindən olması faktının sonuncunun məsuliyyətini ehtiva etməməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması, qətnamənin ləğv olunaraq iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçılar apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsində göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş,lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, lakin iddiaçı tərəf qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən ləğv olunmalı, iddia həmin hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsi iddianı Cavabdeh2 MMC-yə münasibətdə təmin edərkən göstərmişdir ki, Türkiyə Respublikasının Dünya Göz Hastanesi tərəfindən tərtib edilmiş xx xxxx 2018-ci il tarixli Epikrizin surətinə əsasən X3 həmin tarixdə az görmə diaqnozu ilə xəstəxanaya daxil olaraq, sağ gözündə kornea nəqli üzrə cərrahiyyə əməliyyatı aparılmışdır. xx.xx.2018-ci il tarixli «xxxx» ASC-nin mədaxil qəbzi və «xxxx» ASC-yə ünvanlanmış eyni tarixli «Fiziki şəxs rezidentlərin hesabları üzrə respublika kənarına aparılan köçürmələr» üçün ərizədən görünür ki, X6 cərrahiyyə əməliyyatı üçün özünə məxsus hesabdan 9428 ABŞ dolları Dünya Göz X12 Respublikasının Ziraat Bank A.Ş.-də olan hesabına köçürülmüşdür. Beləliklə, iddiaçı Ş.Ələkbərovun qeyd edilən ödəniş haqqı müqabilində Türkiyə Respublikasındakı «Dünya Göz» xəstəxanasında uğursuz əməliyyat olunması, sonuncuya maddi və mənəvi ziyan vurulması (iddiaçının mənəvi sarsıntı keçirməsi) işin mübahisəsiz halını təşkil edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən X2 gözündə Türkiyə Respublikasındakı «Dünya Göz» xəstəxanasında aparılmış cərrahiyyə əməliyyatının uğursuz əməliyyat müəyyən edilmiş, lakin işdə bu halı təsdiq edə biləcək hər hansı sübut mövcud olmamışdır. Məhkəmənin məhz hansı sübuta əsaslanaraq belə nəticəyə gəlməsi anlaşılmaz olmaqla, əsaslandırılmamışdır. Yalnız iddiaçı tərəfin bildirdikləri (izahatı) üzrə iddianın əsaslı hesab edilməsi isə qanunvericiliyin tələbləri ilə uzlaşmır. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi ilə bağlı müəyyən edilməli olan hallar aşağıdakılardır: 1) iddiaçı tərəfin hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olubolmaması, cavabdeh tərəfin hüquqazidd hərəkət və ya hərəkətsizliyi nəticəsində hüquqlarının pozulması; 2) əgər yuxarıda göstərilən hallar mövcuddursa, bunun nəticəsində iddiaçı tərəfə ziyanın vurulub-vurulmaması, onların arasında olan səbəbli əlaqə, həmçinin iddiaçıya məhz iddia tələbində göstərilən məbləğdə maddi və mənəvi ziyan vurulmasının sübuta yetirib-yetirilməməsi İşin qeyd edilən ilkin hallarının müəyyən olunmaması sonrakı tələblərin yoxlanılmasını istisna edir. Məhkəmə kollegiyası qeyd edilən halların mövcudluğunu ardıcıllıqla yoxlamağı (araşdırmağı) zəruri hesab edir. Məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi qanunla ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddia ərizəsindən mahiyyətindən aydın olur ki, iddia tələbinin əsası kimi – X2 sağ gözündə cərrahi əməliyyatının (buynuz qişanın köçürülməsi və s.) həyata keçirilməsi, lakin əməliyyatın uğursuz olması, görmə qabiliyyətinin itməsi, nəticədə ona maddi və mənəvi ziyanın dəyməsi göstərmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı əməliyyatda həkim səhvinin olubolmaması araşdırılmamış, bu kimi xüsusi bilik tələb edən halların aydınlaşdırılması istiqamətində müvafiq ekspertiza təyin olunmamışdır (halbuki, cavabdeh tərəf bu halı mübahisələndirmişdir). Bu səbəbdən də apellyasiya icraatı zamanı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bu və digər halların araşdırılması məqsədilə iş üzrə məhkəmə-tibbi ekspertizasının təyin edilməsi zəruri hesab edilmişdir. Məhkəməyə daxil olmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə- Tibbi Ekspertiza və X13» X16 246/KEŞ nömrəli məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Şəmistan Ələkbərovun adına Türkiyə Cumhuriyyəti «Dünya Göz Hastanesi»ndə tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, o, xx.xx.2018-ci il tarixdə xəstəxanaya daxil olduqdan sonra ona «Büllur keratopatiyası» diaqnozu təyin edilmiş və təyin edilmiş diaqnoza uyğun olaraq xəstənin sağ gözündə «Buynuz qişasının transplantasiyası» cərrahiyyə əməliyyatı icra edilmişdir. Şəmistan Ələkbərovun mütəxəssis müayinəsi zamanı onda «Keratoplastikadan sonrakı vəziyyət. Artifakiya. Görmə sinirinin atrofiyası. Göz almasının subatrofiyası»nın olduğu müəyyən edilmişdir. Xəstədə görmə qabiliyyətinin olmamasının səbəbi görmə sinirinin atrofiyası ilə əlaqədar olub, icra edilmiş cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır. Şəmistan Ələkbərovun mütəxəssis müayinəsi zamanı onun sağ gözündə görmə qabiliyyətinin Vis OU=0 (sıfır) olduğu müəyyən edilmişdir. Göründüyü kimi, ekspertiza rəyi ilə iddiaçı Şəmistan Ələkbərovda görmə qabiliyyətinin olmamasının səbəbi görmə sinirinin atrofiyası ilə əlaqədar olub, icra edilmiş cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır. İddiaçı tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, tələbin əsası kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki,MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Avropa Məhkəməsi «X5rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Bununla yanaşı, iddaçının gözündə müvafiq cərrahiyyə əməliyyatının digər cavabdeh (Türkiyə Cümhuriyyətində yerləşən «Dünya Göz Hastanesi»ndə həkim Cavabdeh3 tərəfindən) tərəfindən icra edilməsinə baxmayaraq, birinci instasiya məhkəməsi tərəfindən iddianın Cavabdeh2 MMC-yə aid hissədə təmin edilməsi də əsaslandırılmamışdır. Halbuki, Cavabdeh2 MMC-nin digər cavabdehlərə birbaşa aidiyyətinin (struktur bölmə, filial və s. bağlılığının olması) olmasına dair işdə hər hansı sübut mövcud deyildir. Hər bir halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya icraatı zamanı müəyyən olunmuş hallara və tədqiq edilmiş sübutlara əsasən iddia təmin oluna bilməz,iddia tələbinin hüquqi və faktiki əsasları mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-nin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1112-ci maddəsinə görə, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və sair nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. MM-nin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarının 2-ci bəndində izah edilmişdir ki, «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları, işdə olan sübutları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, qeyd edir ki, iddiaçı tərəf tələblərinin əsas kimi istinad etdikləri halları, həmçinin onlara cavabdeh tərəfindən maddi və mənəvi ziyan vurulmasını, həmin ziyanla cavabdehin hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə ziyanın vurulmasında cavabdehin təqsirinin olmasını əsaslandıra və sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları nəzərə almamış,iş üzrə tam və hərtərəfli araşdırma aparmamış,maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə olan halda isə qətnamə iddianın təmin olunan hissəsində əsaslı və qanuni sayıla bilməz,apellyasiya şikayətinin dəlilləri qətnamənin qeyd edilən hissəsində ləğvinə tam əsasdır. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-nin 385.1 və 385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.2,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: X2 və İddiaçı1 Tanrıverdi qızının cavabdehlər Cavabdeh2 MMC-yə, «Dünya Göz Hastanesi» Türkiyə və həkim Cavabdeh3na qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)-3455/2019 saylı qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)- 3455/2019 saylı qətnaməsi iddianın təmin olunan hissəsində («Cavabdeh2 MMC-dən maddi zərər olaraq 9428 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla), mənəvi zərər olaraq 2000 manat məbləğində pulun və 30 manat dövlət rüsumu X2 xeyrinə tutulması» hissəsində) ləğv edilsin, iddia həmin hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar