Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5058/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və X4 cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 may 2024-cü il tarixli qətnamədən iddiaçılar İddiaçı1 və X8 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçıların vəkili (nümayəndəsi) Vəkil2, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Bank Olmayan Kredit X7 Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İş üzrə iddiaçılar cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh MTK-dan onların xeyrinə maddi zərər kimi 49.300 manat, mənəvi zərər kimi 30.000 manat, ödənilmiş hüquqi xidmətin əvəzi olaraq 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 330 manat, cəmi 79.930 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsində "xxxx" ASC və "xxxx" BOKT QSC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 2015-ci ilin fevral ayında "xxxx" ASC vasitəsi ilə cavabdeh MTK-dan Ulya Quliyevanın adına 336.090 manata ünvan 1 ünvanında inşa edilmiş və ya inşa olunan yaşayış kompleksində giriş mərtəbə 9, ümumi sahəsi 197,7 kv.m olan 4 otaqdan ibarət 22 saylı mənzili almışlar. İlkin ödəniş kimi Ulya Quliyeva tərəfindən 33.610 manat ödənilmiş, Bank tərəfindən maliyyələşdiriləcək vəsait 302.480 manat təşkil etmişdir. 10 il müddətinə hər ay 3.997,30 manat ödəmək şərti ilə aylıq ödəniş cədvəli verilmiş və 2018-ci ilin sonuna qədər həmin cədvəl üzrə ödəniş etmişlər. Lakin 1 ay gecikmə olduğuna görə Bankın əməkdaşı bildirmişdir ki, hər ay 5.200 manat məbləğində ödəniş etməlidirlər. İddiaçılar 10 ay ərzində aylıq 5.200 manat ödəmişlər. 10 aydan sonra isə yenə də 1-2 ay köhnə qaydada ödəniş etmiş, maddi imkanları ağır olduğuna və aylıq ödənişləri ödəyə bilmədiklərinə görə, Bankın mərkəzi ofisinə müraciət edib xahiş etmişlər ki, yeni ödəniş cədvəli tərtib edilsin, müddət uzadılsın və aşağı ödəniş məbləği təyin olunsun. Bankda bildirmişlər ki, tələb hüququ Bankdan "xxxx" QSC-yə güzəşt edilmiş və kredit borcunu QSC-yə ödəməlidirlər. QSC-də isə iddiaçılara bildirilmişdir ki, aylıq ödənişləri normadan artıq olduğuna görə, 2-3 ay ödəniş etməyə də bilərlər. Sonra da bildirmişlər ki, hər ay 2.000 manat olmaqla ödənişi davam etsinlər. Aylıq 2.000 manat olmaqla təxminən 2 ay ərzində iddiaçılar QSC-yə ödəniş etmişlər. Bundan sonra iddiaçılarda inamsızlıq yarandığına görə bir müddət, təxminən 3 il ərzində aylıq ödənişləri etməmişlər. Bu müddət ərzində heç kim maraqlanmadığına görə iddiaçılar yenə də Bankın Baş ofisinə getmiş, telefon vasitəsi ilə Bankın əməkdaşından mənzilə dair sənədlərin verilməsi ilə maraqlanmışlar. Xahişləri əsasında Bankın əməkdaşı QSC ilə əlaqə saxlamış və QSC-nin Vüqar adlı əməkdaşı faizlərin silinməsi barədə köməklik göstərəcəyini iddiaçıya bildirmişdir. Banka müraciətdən 4 gün sonra iddiaçı Ulya Quliyevanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə çağırmışlar. İddiaçılar həmin İdarədə Ramiz adlı müstəntiqin qəbulunda olmuş, izahatları alınmış və müstəntiq bildirmişdir ki, QSC-yə 20.000-30.000 manat məbləğində ödəniş etməlidirlər ki, yeni ödəniş cədvəli açılsın, əks təqdirdə Ulya Quliyevanın ölkədən çıxışına məhdudiyyət qoyulacaqdır. Bu söhbətdən sonra onlar QSC-nin hesabına 10.000 manat məbləğində pul ödəmişlər. İddiaçılar bu barədə müstəntiqə məlumat verərək, bildirmişlər ki, bundan artıq pulları yoxdur və xahiş etmişlər ki, Ulya Quliyevanın ölkədən çıxışına qoyulmuş məhdudiyyət götürülsün, onlara təzə ödəniş cədvəli verilsin. Müstəntiq iddiaçıların xahişi ilə razılaşmamış və onları baş müstəntiqin – Ziyafət müəllimin yanına göndərmişdir. Baş müstəntiq iddiaçılara bildirmişdir ki, QSC-nin hesabına 60.000 manat məbləğində pul ödəməlidirlər, əks təqdirdə Ulya Quliyevanın ölkədən çıxışına qoyulmuş məhdudiyyət götürülməyəcəkdir. İddiaçılar məcbur olub banklardan və lombardlardan kredit toplayıb QSC-yə hissə-hissə (35.000 + 10.000 + 5.000) 50.000 manat məbləğində pul ödəmişlər. Bundan sonra baş müstəntiq iddiaçılardan tələb etmişdir ki, əlavə olaraq 5.000 manat ödəsinlər və iddiaçılar borca 5.000 manat alaraq QSC-yə ödəmişlər. Həmin kredit məbləğlərinə görə iddiaçılar hazırda banklara və lombardlara aylıq faiz ödəyirlər. Bundan sonra baş müstəntiqə zəng vurub xahiş etmişlər ki, Ulya Quliyevanın ölkədən çıxışına qoyulmuş məhdudiyyəti götürülsün, çünki xx.xx.2022-ci il tarixə xarici ölkəyə uçuşu var və təyyarəyə bilet alınmışdır. Baş müstəntiq isə demişdir ki, bu iş tezliklə həll oluna bilməz, Daxili İşlər Nazirliyinə müraciət etməlidirlər, bu da təxminən 10 gün çəkəcək. Bu cavabdan Ulya Quliyevanın anası olan İddiaçı1 əsəbləşmiş və Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Orada bir xanım əməkdaş onu qəbul etmiş, dinləmiş və söz vermişdir ki, kömək edəcəkdir. Həmin gecə baş müstəntiq İddiaçı1 ərinə zəng vurub bildirmişdir ki, qızı noyabr ayının 2-də xaricə gedə bilər. Bütün bunlardan sonra, aylıq 2.600 manat olmaqla, yeni ödəniş cədvəli açılmışdır. Eyni zamanda satılmış mənzilin ümumi sahəsi 168 kv.m olduğu halda, iddiaçılardan 197 kv.m ölçüdə mənzil sahəsinin pulunu almışlar, yəni mənzil sahəsinə görə ödəniş məbləğində (29 kv.m) aldanmışlar, hüquqları kobud surətdə pozulmuşdur. Mənzilin faktiki sahəsi müqavilədə qeyd edilən sahədən daha az olduğu üçün iddiaçılar müqavilə üzrə daha az məbləğ ödəməli idilər. Bu səbəbdən yaranmış fərqin dəyəri MTK tərəfindən onlara qaytarılmalıdır. Həmçinin qeyd edilən hallar iddiaçılara mənəvi zərərin vurulmasına səbəb olmuşdur ki, iddiaçılar onlara vurulmuş mənəvi ziyanın həcmini 30.000 manat qiymətləndirir.
4. Daha sonra İddiaçı1 “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh MTK-dan onların xeyrinə maddi zərər kimi 70.380 manat, mənəvi zərər kimi 30.000 manat, ödənilmiş hüquqi xidmətin əvəzi olaraq 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 330 manat, cəmi 101.010 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Ulya Quliyeva tərəfindən İddiaçı1 verilmiş etibarnamənin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyindən və bundan sonra verilmiş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə yalnız İddiaçı1 tərəfindən imzalandığından, mülki iş üzrə iddia tələbinin dəqiqləşdirmə təkcə İddiaçı1 tərəfindən verilmiş hesab edilməli və ona münasibətdə qiymət verilməlidir. Rayon Məhkəməsi qeyd etmişdir ki, cavabdeh MTK sahəsi 197,7 kv.m olan mənzili tikib iddiaçı Ulya Quliyevaya təhvil verməyi öhdəsinə götürmüş, lakin Ulya Quliyevaya təhvil verilən mənzilin sahəsi çıxarışa əsasən 156,3 kv.m təşkil edir. Tərəflər arasında müqavilə bağlanması və öhdəlik hüquq münasibətlərinin yaranması işin mübahisəsiz halıdır. Hazırkı iddia tələbinin qanuni əsasını podrat hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik normaları təşkil edir, tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Lakin mənzilin sahəsinin az olmasını həmin mənzilə mühəndis olan qohumu qonaq gələrkən, mənzilin 197,7 kv.m sahədən ibarət olmamasını bildirdikdən sonra ölçülər aparılması barədə iddiaçının göstərdikləri inandırıcı hesab oluna bilməz. Mülki iş materiallarından görünür ki, Ulya Quliyeva araşdırılan mübahisəyə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi mübahisə predmeti olan mənzil çoxmənzilli binada yerləşən yaşayış sahəsidir. Mülki Məcəllənin 776.1-ci maddəsinin tələbinə görə binaya aid qüsur barəsində tələbi sifarişçi beş il ərzində irəli sürə bilər. Ulya Quliyevanın hüquqlarının pozulduğu an, mənzili təhvil alınması vaxtı, yəni 2015-ci il tarixdən hesablanmalıdır. İddiaçılar Mülki Məcəllənin 776.1ci maddəsində nəzərdə tutulan iddia müddətini ötürməklə məhkəməyə araşdırılan iddia ilə (xx.xx.2023-cü il) müraciət etmişlər. Belə ki, mübahisəli mənzil iddiaçılara 2015-cı ildə təmirli şəkildə təhvil verilmiş və onlar yüngül təmir işləri aparmışlar. Belə olan halda Ulya Quliyevaya cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulduğundan daha az yaşayış sahəsinin verildiyini, yəni müqavilə şərtlərinin lazımi qaydada icra edilmədiyi, bununla da iddiaçının hüququnun pozulduğu halları işdə olan sübutlara əsasən öz təsdiqini tapmışdır. Bununla yanaşı müəyyən edilir ki, iddiaçı hazırkı iddianı mənzilin ona təhvil verilməsindən 8 il keçdikdən sonra qaldırmışdır. Halbuki, mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı bu tələbi mənzili təhvil aldıqdan sonra 5 il ərzində irəli sürməli idi. Həmin müddətin keçməsi isə iddiaçının pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiə imkanının itirilməsinə səbəb olur. Mülki Məcəllənin 776.1-ci maddəsinin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin şərtlərinə əsasən cavabdeh öhdəlik götürmüşdür ki, inşa etdiyi binanı şərtləşdirdikəri ölçüdə və qaydada tikərək təhvil verməlidir. İddiaçıların mənzilin sahəsinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsindən mühəndis olan qohumunun deməsindən sonra ölçülər aparılan zaman ona məlum olmasına dair dəlil ilə əlaqədar Rayon Məhkəməsi qeyd etmişdir ki, bu inandırıcı olmamaqla faktiki olaraq artıq ötürülmüş müddətinin müəyyən formal əsaslarla aradan qaldırılmasına yönəlmiş dəlildir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, mənzil təmirli olmuş, lakin iddiaçı tərəf mənzili təhvil alandan sonra bəzi təmir işləri aparmışlar. Deməli, bu zaman real sahənin nə qədər olması barədə məlumatlı olmalı idilər. Hətta bu hal olmasa belə mənzilin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində iddiaçılar ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını yoxlaya bilərdilər. Lakin onlar, qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da, heç bir üzrlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşlər. Rayon Məhkəməsi həmçinin hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli müqavilə ilə İddiaçı1 yalnız borclu X5 borcunu üzərinə götürdüyündən və MTK ilə payçı müqaviləsi Ulya Quliyeva ilə bağlandığından, hazırda İddiaçı1 MTK-ya qarşı bu cür iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. c) apellyasiya şikayəti barədə məlumat
7. İş üzrə iddiaçılar həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişlər.
8. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozularaq qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. d) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
9. İddiaçıların vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və iddia ərizəsinin, habelə şikayətin məzmununa uyğun izahat verdi.
10. İş üzrə üçüncü şəxs olan QSC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, iddia tələbinin təmsil etdiyi təşkilata qarşı yönəlmədiyini bildirmiş və mübahisənin məhkəmənin mülahizəsi əsasında həll edilməsini xahiş etmişdir.
11. Cavabdeh MTK-nın vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və bildirmişdir ki, MTK tərəfindən mənzil sahəsinin müqavilənin şərtlərinə uyğun təhvil verilmişdir və bu hal ekspertiza tərəfindən iş üzrə verilmiş rəydə öz təsdiqini tapmışdır. Buna görə də, iddia əsaslı hesab edilə bilməz. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı tərəf iddia müddətini də ötürmüşdür. Bu hal da iddianın rədd edilməsi üçün əsasdır.
12. Cavabdeh MTK-nın vəkili (nümayəndəsi) apellyasiya baxışının növbəti iclasında iştirak etməmiş, iş üzrə üçüncü şəxs olan Bank isə apellyasiya baxışı iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir.
13. Məhkəmə, qeyd edilən halların işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxs olan Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, iddiaçı Ulya Quliyeva ilə cavabdeh MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ABB-022 nömrəli "xxxx" görünür ki, MTK, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən binadan ümumi sahəsi 197,7 kv.m olan 4 otaqdan ibarət 22 saylı mənzili Ulya Quliyevaya verməyi, Ulya Quliyevaya isə bunun qarşılığında MTK-ya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür.
16. İddiaçı Ulya Quliyeva ilə iş üzrə üçüncü şəxs olan Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsindən” və işdə olan bank sənədlərindən görünür ki, Ulya Quliyeva həmin mənzilin alınması üçün Bankdan 302.480 manat məbləğində kredit almışdır.
17. Tələb hüququ Bank tərəfindən QSC-yə güzəşt edilmiş Ulya Quliyeva xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış və zaminliklə təmin edilmiş borcunun ötürülməsi və qəbul edilməsi barədə xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015ci il tarixli, 570 nömrəli Fərmanının və Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 10İS saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, xx.xx.2017-ci il tarixli tələb hüququnun güzəşti müqaviləsinə əsasən tələb hüququ "xxxx" ASC-dən “Kreditor” "xxxx" QSC-yə ötürülmüş xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcunun qalığı olan əsas borc 170.744,32 manat əsas, 40.599,53 manat faiz məbləğində borcunu “Borcu qəbul edən” İddiaçı1 ötürür. “Borcu qəbul edən” müqavilənin 1.1-ci bəndində göstərilmiş borcu qəbul edir və Bank ilə “Borcu ötürən” Ulya Quliyeva arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsində göstərilən müddətdə, qaydada və şərtlərlə krediti və kredit üzrə hesablanacaq faizləri “Kreditora” qaytarmağı öhdəsinə götürür. “Kreditor” isə həmin borcun “Borcu qəbul edənə” ötürülməsinə etiraz etmir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş 03-16-16/2-10/7254 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, MTK tərəfindən Ulya Quliyevaya satılmış və ünvan 1də inşa edilmiş "xxxx" Yaşayış Kompleksinin 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən 4 otaqdan ibarət 22 saylı mənzilin ümumi sahəsinin 149,4 kv.m, faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) 156,3 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Həmin mənzilin faktiki sahəsi (156,3 kv.m) ilə, həmin mənzilə dair bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədə qeyd edilmiş sahəsi (197,7 kv.m) arasında 41,4 kv.m (197,7-156,3) fərq olduğu müəyyən edilmişdir. Mənzilin ümumi tikinti sahəsi yaşayış otaqlarının, köməkçi otaqların (sanitar qovşağın, mətbəxin, dəhlizin, eləcə də balkon, lociya, terras və şüşəbəndin bütün sahəsi azaldılma əmsalına vurulmadan) qonşu divarlar, ara divarlar, sütünaltı sahələr nəzərə alınmaqla sahəsinin 197.7 kv.m təşkil etdiyi müəyyən edilmişdir.
19. Göstərilənlərə əsasən müəyyən edilir ki, MTK ilə iddiaçı Ulya Quliyeva arasında xx.xx.2015-ci il tarixdə “Kooperativ mənzil tikintisi haqqında payçı müqaviləsi” bağlanmış, həmin müqaviləyə əsasən, yuxarıda qeyd edilən və ümumi sahəsi 197,7 kv.m olan 4 otaqdan ibarət 22 saylı mənzili Ulya Quliyevaya 2015-ci il tarixdə təhvil verilmişdir.
20. Hazırda iddiaçılar mənzilin faktiki sahəsinin müqavilədə qeyd edilən sahədən daha az olmasını və bu səbəbdən müqavilə üzrə daha az məbləğ ödəməli olduqlarını qeyd edərək, yaranmış fərqin dəyərinin onlara ödənilməsini tələb edirlər.
21. Cavabdeh MTK isə iddia tələbinə “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə təqdim edərək iddianın rədd edilməli olduğunu bildirir.
22. Məhkəmə qeyd edir ki, Ulya Quliyeva tərəfindən İddiaçı1 verilmiş etibarnamənin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyindən və bundan sonra verilmiş “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə yalnız İddiaçı1 tərəfindən imzalandığından, Rayon Məhkəməsi mülki iş üzrə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizənin təkcə İddiaçı1 tərəfindən verilmiş hesab etməklə ona münasibətdə qiymət verməkdə haqlı olmuşdur.
23. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (maddə 752.1.). Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir (maddə 752.2.). Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır (maddə 753.1.). Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (maddə 762.1.). Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər (maddə 766.). Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər (maddə 776.1.).
24. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının” tələblərinə görə, bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli, 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 695 nömrəli Fərmanının 3.1-ci bəndinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və tikinti obyektlərinin, o cümlədən yaşayış, ictimai, istehsalat binalarının sahəsinin və həcmlərinin hesablanması qaydalarını müəyyən edir (bənd 1.1.). Bu Qaydaların tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir (bənd 1.2.). Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3 azaltma əmsallarına vurulmaqla hesablanır (bənd 3.8.).
25. Qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə bildirir ki, tərəflər arasında müqavilə bağlanması və öhdəlik hüquq münasibətlərinin yaranması işin mübahisəsiz halıdır. Hazırkı iddia tələbinin qanuni əsasını podrat hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik normaları təşkil edir, tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır.
26. Cavabdeh MTK sahəsi 197,7 kv.m olan mənzili tikib Ulya Şükürlüyə təhvil verməyi öhdəsinə götürmüş, lakin Ulya Şükürlüyə təhvil verilən mənzilin sahəsi çıxarışa əsasən 156,3 kv.m təşkil edir. Belə olan halda iddiaçı Ulya Şükürlüyə cavabdeh MTK tərəfindən müqavilədə nəzərdə tutulduğundan daha az yaşayış sahəsinin verildiyini, yəni müqavilə şərtlərinin lazımi qaydada icra edilmədiyi, bununla da iddiaçının hüququnun pozulduğu halları işdə olan sübutlara əsasən öz təsdiqini tapmışdır.
27. Lakin mənzilin sahəsinin az olmasını həmin mənzilə mühəndis olan qohumu qonaq gələrkən, mənzilin 197,7 kv.m sahədən ibarət olmamasını bildirdikdən sonra ölçülər aparılması barədə iddiaçının göstərdikləri dəlillər inandırıcı olmamaqla faktiki olaraq artıq ötürülmüş müddətinin müəyyən formal əsaslarla aradan qaldırılmasına yönəlmiş dəlildir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, mənzil təmirli olmuş, lakin iddiaçı tərəf mənzili təhvil alandan sonra bəzi təmir işləri aparmışlar. Deməli, bu zaman real sahənin nə qədər olması barədə məlumatlı olmalı idilər. Hətta bu hal olmasa belə mənzilin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində iddiaçılar ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını yoxlaya bilərdilər. Lakin onlar, qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da, heç bir üzrlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşlər.
28. İddiaçı hazırki tələblə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Mübahisə predmeti olan mənzil çoxmənzilli binada yerləşən yaşayış sahəsidir. Mülki Məcəllənin 776.1-ci maddəsinin tələbinə görə, binaya aid qüsur barəsində tələbi sifarişçi beş il ərzində irəli sürə bilər. İddiaçının hüquqlarının pozulduğu an, mənzili təhvil alınması vaxtı, yəni 2015-ci il tarixdən hesablanmalıdır. İddiaçıların Mülki Məcəllənin 776.1-ci maddəsində nəzərdə tutulan iddia müddətini ötürməklə məhkəməyə araşdırılan iddia ilə (xx.xx.2023-cü il) müraciət etməsi ilə bağlı Rayon Məhkəməsinin qənaəti işin hallarına uyğundur.
28. Belə ki, mübahisəli mənzil iddiaçılara 2015-cı ildə təmirli şəkildə təhvil verilmiş və onlar yüngül təmir işləri aparmışlar. Bununla yanaşı müəyyən edilir ki, iddiaçı hazırkı iddianı mənzilin ona təhvil verilməsindən 8 il keçdikdən sonra qaldırmışdır. Halbuki, mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı bu tələbi mənzili təhvil aldıqdan sonra 5 il ərzində irəli sürməli idi. Həmin müddətin keçməsi isə iddiaçının pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiə imkanının itirilməsinə səbəb olur. Mülki Məcəllənin 776.1-ci maddəsinin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin şərtlərinə əsasən cavabdeh öhdəlik götürmüşdür ki, inşa etdiyi binanı şərtləşdirdikəri ölçüdə və qaydada tikərək təhvil verməlidir.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarlar).
30. Məhkəmə həmçinin iddiaçı tərəfin mübahisəli mənzilə dair yuxarıda qeyd edilən xx.xx.2022-ci il tarixli müqavilə bağlanması və iddia müddətinin həmin tarixdən başlanması mülahizəsinə münasibət bildirərək qeyd edir ki, mübahisəli mənzilə dair yeni müqavilə bağlanmamış, sadəcə mövcud olan kredit müqaviləsi üzrə borc Ulya Quliyeva tərəfindən İddiaçı1 ötürülmüşdür.
31. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli müqavilə ilə İddiaçı1 borclu X5 borcunu üzərinə götürdüyündən və MTK ilə payçı müqaviləsi Ulya Quliyeva ilə bağlandığından, hazırda İddiaçı1 cavabdeh MTK-ya qarşı bu cür iddia qaldırmaq üçün subyektiv hüququnun olmaması ilə bağlı Rayon Məhkəməsinin mövqeyi də işin hallarına uyğundur.
32. “M.Bağırovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qəbul etdiyi xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. f) apelyasiyanın nəticəsi
33. Beləliklə göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur
34. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Apellyasiya şikayəti təmin edilmədiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə apellyatorların özünə aid edilməlidir.
37. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından cavabdeh və üçüncü şəxslər hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.
38. İddiaçının apellyasiya şikayətləri təmin edilmədiyindən iddiaçı, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
39. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçılar İddiaçı1 və X4 birgə verdikləri apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 may 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçılar İddiaçı1 və X8 hazırkı qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi və üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Bank Olmayan Kredit X7 Cəmiyyəti hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.