Məhkəmə qərarları › İş №2(103)-506/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-506/2024

16.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-506/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “borcun qaytarılması” tələbi) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-23/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən üzərinə düşən öhdəliklərin icra edilməsi və iddiaçıya məxsus 32.000 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların bazar dəyərinin, yəni 32.000 manat məbləğində pulun iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, 17.800 (on yeddi min səkkiz yüz) manat nağd pulun və 13.430 (on üç min dörd yüz otuz) manat dəyərində qızıl-zinət əşyaları, ümumilikdə 31.230 (otuz bir min iki yüz otuz) manat məbləğində pul vəsaitinin alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə 2019-cu ildə tanış olmuş, cavabdeh özünü işgüzar xanım kimi təqdim etmiş və bildirmişdir ki, Bakı şəhəri, Keşlə qəsəbəsində yerləşən “555” adlı kafenin sahibidir. Cavabdehlə aralarında yaxın münasibət yaranmış, ona etibar etmişdir. 2019-cu ilin may ayında cavabdeh lotereya oyunun təşkil edilməsini və hər 10 gündən bir 500 manat məbləğində pulun ona veriləcəyini bildirmişdir. Həmin pul yığılaraq cəmi 32.000 manat məbləğində ona qaytarılmalı idi. Aralarında olan razılaşmaya görə hər dəfə 500 manat pul əvəzinə 500 manat dəyərində qızıl-zinət əşyalarını cavabdehə vermişdir. Beləliklə, cavabdehə ümumilikdə 32.000 manat dəyərində qızıl-zinət əşyalarını vermişdir. Qızıl-zinət əşyalarını və ya onların dəyərinin qaytarılmasını cavabdehdən dəfələrlə tələb etmişdir. Cavabdeh onun qızıl-zinət əşyalarını öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Lakin bir müddət keçdikdən sonra məlum olmuşdur ki, cavabdeh öz öhdəliklərini icra etməkdən boyun qaçırır. Dəfələrlə ona bildirmişdir ki, pulu heç olmasa hissə-hissə qaytarsın. Lakin, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə qızıl-zinət əşyalarını və ya onların bazar dəyərini qaytarmaqdan imtina edir. Hesab edir ki, cavabdeh öhdəliklərini yerinə yetirərək verdiyi bütün pulları tam şəkildə ödəməlidir.

4. Nəsimi Rayon Məhkəməsinin 2(006)-23/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Anar İbadzadə) ilə iddia tələbi təmin edilmiş, 17.800 (on yeddi min səkkiz yüz) manat nağd pul və qaytarılmamış 13.430 (on üç min dörd yüz otuz) manat məbləğində qızıl-zinət əşyalarının dəyəri olmaqla, ümumilikdə 31.230 (otuz bir min iki yüz otuz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 112 (bir yüz on iki) manat məbləğində vəsaitin Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat:

5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində əvvəlcə mülkiyyət hüququnun tanınması, özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək başlığı ilə, daha sonra isə pul tələbi və qızılzinət əşyalarının əvəzi olan pulu tələb etmişdir. İddiaçı Mülki Məcəllənin 385-ci maddəsinin tələblərini irəli sürmüş, daha sonra da borc müqaviləsinin mövcudluğundan və onun icra edilməməsindən qaynaqlanan məsələni mübahisələndirmişdir. Həmçinin verilmiş iki fərqli iddia ərizəsində çəkilmiş imzalar iddiaçıya məxsus olmamışdır. Səlahiyyəti olmayan şəxs tərəfindən verilən iddia ərizəsinə baxan məhkəmə isə bir çox qaranlıq məqamlara aydınlıq gətirməmişdir. İddiaçının tələbləri, eyni zamanda məhkəmə tərəfindən qəbul edilən bu ödənilməmiş borcun və qızıl-zinət əşyalarının hansı əsaslarla müəyyən edildiyi, həmin əşyaların hansılar olduğu iddiaçı tərəfindən təqdim edilməmiş və normal olaraq da onlara aydın olmamışdır. Həmçinin, onun məhkəmə prosesi boyunca səsləndirdiyi ifadələri, etirazları, iddiaçı ilə aralarında olan pul məsələsinin borc müqaviləsi əsasında yox sələmçilik münasibəti ilə yarandığını, aralarında bu münasibətin illərdi olduğunu bildirməsi, dəfələrlə iddiaçıdan borc pul götürüb geri qaytarması halları, iddiaçıya bugünkü tarixə həqiqətən də 800 manat, faizi ilə birlikdə ümumilikdə 1.000 manat borcu olduğunu etiraf etməsi və buna dair iddiaçının təqdim etdiyi köhnə tarixlərə dayanan sözdə “maliyyə sənədləri”, bunun hüquqi əsasları və reallığı əks etdirməsi araşdırılmadan sənədlərin məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməsi sadəcə təəccüb doğuran hal olmuşdur. Onun məhkəmə baxış iclasında iştirakı təmin edilmiş olsa idi gətirəcəyi şahidlər də bu faktları sübut edəcək mötəbər ifadələr vermiş olardırlar. Məhkəmə yekun məhkəmə aktı çıxararkən səbəbli əlaqə itmiş, nəticə hissəsi qətnamənin işin hallarına dair hissəsinə uyğun gəlməməklə tətbiq edilən qanun normaları da işə uyğun olmamışdır. Cavabdeh 2 dəfə məhkəmədə iştirak edə bilmədiyini qeyd edərək bu barədə məhkəməyə rəsmi qaydada teleqram vasitəsilə məlumat versə də məhkəmə bunu nəzərə almadan baxış iclaslarını cavabdehin iştirakı olmadan keçirmiş və yekun məhkəmə aktını çəkişmə prinsipinin tələblərini pozmaqla çıxarmışdır. Cavabdehin dəfələrlə iddiaçının biri-digərinə uyğun olmayan ifadələrini məhkəmə iclasları zamanı protokolda qeyd edilməsini tələb etməsi, bunun məhkəmə tərəfindən nəzərə alınaraq təmin edilməməsi bu halda isə iclasların audio-video görüntülərinə baxmaq üçün vəsatət verməsi halları olmuş, hətta cavabdeh öz etirazını da bildirmiş lakin, məhkəmə yenə də qərəzli yanaşma sərgiləyərək bunları gizlətməklə qalmamış hətta çıxardığı qətnamədə belə bu məsələlərə aydınlıq gətirməmişdir. İddiaçı tələbində qeyd etmişdir ki, 10 gündən bir lotereya oyunu üçün cavabdehə pul vermişdir, lakin məhkəmənin sübut kimi qeyd etdiyi vərəqlərdə bu müddət öz təsdiqini tapmamışdır. Həmçinin, sadəcə rəqəmlə yazılmış guya iddiaçıdan götürdüyü qızılların nəyə görə ancaq dəyəri göstərilmiş, markası, modeli, çəkisi, neçə əyar olması və s. kimi digər ayırdedici xüsusiyyətləri qeyd edilməmişdir. Bütün bu hallar onu sübuta yetirmişdir ki, iddiaçı öz mülahizələrinə əsasən iddia qaldırmış məhkəmə isə qərəzli və tərəfli münasibət sərgiləməklə iddia ərizəsini təmin etmək üçün hər cür maddi və prosessual normaları pozmaqdan çəkinməmişdir. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında qeyd edilən digər hallar məhkəmə tərəfindən qəti surətlə araşdırılmamışdır. Məhkəmə qətnamə çıxararkən 31.230 manat məbləğini sübut sayılmayacaq dəftəri tədqiq edərək doğru hesab etmiş və sübut tədqiq edilərkən ekspertiza rəyi ilə təsdiq edilmiş təhriflər və saxtalaştırmalar qətnamədə məhkəmə tərəfindən qərəzli şəkildə mübahisələndirilməyərək buna qiymət verilməmişdir. Həmçinin, cavabdehin əvvəlki borcları üçün ödədiyi məbləğləri dəqiqləşdirməməklə, iddiaçı tərəfin təqdim etdiyi rəqəmlərin hansı qaynaqlı olması barədə kəskin dəlillərin olmamasını və bütün bunlara rəğmən iddiaçının tələbinin təmin edilməsinə dair qətnamə çıxarmışdır. Hətta iddiaçının cavabdeh barəsində şər, böhtan xarakterli yazılı ərizəsinə də məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Belə ki, iddiaçı cavabdehin himayəsində olan iki körpə uşağının atası ilə olan münasibətinə yaşadığı kişi kimi qeyd verməklə onu təhqir etmiş ona, şər, böhtan atmışdır. Məhkəmə isə digər hallar kimi bu hala da münasibət bildirməmiş, qiymət verməmişdir. Eyni zamanda iddiaçı onun xeyrinə heç bir hərəkət etməmiş, heç bir əşya verməmiş və ona qətnamədə qeyd edilən məbləğdə pul vəsaiti verməmişdir. Bununla belə borcunu ödəməyə hazır olmuş, lakin borcu 32.000 manat olmamışdır. İddiaçı ilə aralarında heç bir qarışıq müqavilə yoxdur və olmamışdır. Onunla arasında olan şifahi borc müqaviləsi olmuşdur ki, iddiaçıya olan 4.000 manat borcunun 3.000 manatını və bu günədək 9.600 manat həcmində faizi artıq ödəmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi ondan 13.430 manat məbləğində qızıl-zinət əşyaları və 17.800 manat nağd pul almamışdır. Həmçinin bu pulların alınması faktını guya sübut edən sadə yazılı qəbzlər illərdir iddiaçı ilə aralarında olan sələm münasibətinə dayanmışdır ki, imkansızlıq səbəbi ilə ondan dəfələrlə sələmə pul götürüb geri qaytarmışdır. O, isə öz növbəsində pul götürülən zaman aparılmış qeydləri silməyərək guya ki, ondan ard-arda bu qədər pulu götürmüşdür kimi bütün bunları məhkəməyə təqdim etmişdir. Məhkəmə isə öz qənaəti ilə bunları araşdırmadan nəticə çıxarmışdır. Birinci instansiya məhkəməsi əlavə heç bir sübut tələb etməmiş və ona da sübut təqdim etməyi üçün şərait yaratmamışdır. Məhkəmə onun işdə iştirakını təmin etməmiş, etirazında və vəsatətində bildirdiyi halları nəzərə almamış, 23cü polis bölməsinə sorğu verərək iddiaçının onun barəsində olan şikayətinə dair iş materialları istənilməmiş və buna münasibət bildirilməmişdir. Həmçinin məhkəmə iclaslarında hər dəfə bildirdiyi fərqli ifadələri ortaya çıxarmaq üçün audio-video görüntüləri tələb etsə də təmin etməmişdir. Qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilməsi iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2660/2023 nömrəli, 16 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Sabit Bəhrəmzadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiya məhəməsində icraat: Həmin qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3572/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2660/2023 nömrəli, 16 may 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat verərək bildirdi ki, iddiaçı sələmə pul verməklə məşğul olur, o, da iddiaçıdan faizə pul almış, bundan başqa aralarında lotereya oyunu ilə bağlı da münasibətlər olmuş, iddiaçıdan aldığı pulları qaytarmış, iddiaçı onun qaytardığı pulları ancaq sələmə silmiş, borcunu qaytarmış, cəmi 1000 manat borcu qalıb. İddiaçının məhkəməyə təqdim etdiyi dəftər-kitabçadan vərəqlər sadəcə özünə sərf etdiyi hissələrdi, onun borcunu qaytarmağına dair vərəqləri isə məhkəməyə təqdim etmir, onun iddiaçıya tələb olunan məbləğdə borcu yoxdur, iddiaçı faizin faizini hesablayır, iddiaçıdan qızıllar götürmüş və satıb pulunu vermişdir, həmin qızılların qiymətinin necə hesablanması da ona məlum deyil, iddiaçının buna dair də heç bir sübutu yoxdur. İddiaçının bildirdiyi torpaq sahəsinin çıxarışını iddaçıya borcunun əvəzi olaraq yox, iddiaçı torpaq sahəsini almaq istədiyi üçün vermiş, lakin sonradan iddiaçı torpağı almaqdan imtina etmişdir. Həmçinin bildirdi ki, iddiaçı faizə (sələmə) pul verməklə məşğuldur, onun çoxlu belə məhkəmə mübahisələri də var, qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, bildirdi ki, cavabdehlə ana-bala kimi olmuş, çörək kəsmiş, ona inanıb pul vermişdir. Keşlə qəsəbəsində kafe işlədirdi, aylığı ödəmək üçün ondan borca pul alırdı, 26 min manatlıq qızıl, 17 min manat da pul vermiş, borc pulları 2018-ci ildən başlayaraq hissə-hissə vermişdir. Polisə müraciət edəndə ona borcunun əvəzi olaraq 12 sot torpaq sahəsinin çıxarışını vermişdir ki, razılaşsınlar, sonra öyrənmişdir ki, bu torpağın cavabdehə aidiyyəti yoxdur, torpaq başqa şəxsindir (çıxarışı təqdim edir). Həmçinin qeyd etdi ki, ona müəyyən məbləğdə pul qaytarımışdır, polisə yazdığı ərizədə tələb etdiyi 22.000 manatla, hazırkı iddia ərizəsində tələb etdiyi 32.000 manat arasındakı ziddiyyətə dair bildirdi ki, polisə müraciət edəndə borcları qeyd etdiyi dəftəri tapmırdı, ona görə məbləğlərdə anlaşılmazlıq var, dəftəri tapandan sonra məhkəmədə iddia qaldırmışdır, cavabdeh razılaşacağı halda tələb etdiyi məbləğdən müəyyən güzəştlər edə bilər, qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

10. Sadə yazılı qəbzlərdən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixdə 4500 manat (i.v 124), xx.xx.2019-cu il tarixdə 5800 manat (i.v 123), xx.xx.2019-cu il tarixdə 5000 manat (i.v 126), 2500 manat (i.v 127) olmaqla ümumilikdə 17.800 manat məbləğində nağd pul borcu götürmüş, həmçinin xx.xx.2019-cu il tarixdə 2000 manat (i.v 124), xx.xx.2019-cu il tarixdə 6450 manat (i.v 125), xx.xx.2019-cu il tarixdə 2480 manat (i.v 126), 2500 manat (i.v 128) olmaqla ümumilikdə 13.430 manat dəyərində qızıl-zinət əşyaları almışdır.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1300-5/1077 saylı ekspert rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş mülki işin 126-cı vərəqinin arxa hissəsindəki 3-cü sətirdəki “200" yazısının yerində qaralama apararaq və üzərinə ağardıcı boya çəkərək indiki rəqəmlər icra edilmişdir. Mülki işin 126-cı vərəqinin arxa hissəsindəki 8-ci sətirdəki “10 avqustan 30 noyabr" yazısındakı "an 30 noyabr" yazıları sonradan əlavə edilmişdir, Mülki işin 127-ci vərəqindəki “4600" yazısının yerində əvvəlcə “1600" rəqəmləri olub, sonradan üzərinə əlavə cizgi artıraraq indiki rəqəmlər icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, mülki işin 123-128-ci vərəqələrində olan 6 ədəd qəbzlərdəki (i.v.124 vərəqəsindən olan 18 yanvar 2019-cu il tarixli qəbzdə “tel 05553913-64" yazılardan və 126-cı vərəqəsinin arxa hissəsindəki yazılardan başqa) yazılar və imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. (Aparılmış tədqiqatın dəyəri 112 manat təşkil etmişdir).

12. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində aparılmış araşdırma zamanı iddiaçı ərizəsində cavabdehdən 22 min manat dəyərində qizil-zinət əşyasının, ya da onun əvəzinin tutulmasını xahiş etmiş, cavabdeh isə iddiaçının ondan 22.000 manat dəyərində olan qızıllarını tələb etdiyini, əslində onun iddiaçıdan 2019-cu ilin avqust ayında borc olaraq faiz ödəmək şərti ilə 4.000 manat pul aldığını, həmin puldan 3.000 manatını qaytardığını, iddiaçıya cəmi 1.000 manat borcunun qaldığını qeyd etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1913/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən məlum olur ki, İddiaçı Hüseyin qızı cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 8000 ABŞ dolları və 8000 manat əsas məbləğ, 30 manat ödənilmiş dövlət rusumu onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək cavabdeh X4 tərəfindən üzərinə düşən öhdəliklərin icra edilməsi və ona məxsus 24000 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların bazar dəyərinin, yəni 24000 manat məbləğində pulun və dəymiş maddi ziyana görə 15000 manat məbləğində pulun onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Nizami Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Tətbiq edilən maddi hüquq normaları:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tətbiq edilən prosessual hüquq normaları:

15. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

16. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək və iş üzrə Ali Məhkəmənin qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, şikayət qismən təmin olunmaqla qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.

18. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.

19. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.

20. Apellyasiya məhkəməsinin öncəki qətnaməsinin ləğv edilməsi barədə Ali Məhkəmə Mülki kollegiyasının 2(102)-3572/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının, 67-ci bəndində qeyd etmişdir ki, ..işin halları ilə müəyyən edilir ki, iddia tələbinin qanuni əsasını borc münasibətləri, yəni Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir. Qərarın 71-ci maddəsinə görə, iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, iddiaçı cavabdehdən 17.800 manat nağd pulun və 13.430 manat dəyərində qızıl-zinət əşyalarının, ümumilikdə 31.230 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı 17.800 manat nağd pulu və 13.430 manat dəyərində qızıl-zinət əşyalarını cavabdehə borc olaraq verməsini onunla əsaslandırmışdır ki, cavabdeh 17.800 manat nağd pulu və 13.430 manat dəyərində qızıl-zinət əşyalarını ondan borc olaraq almasına dair yazılı qəbzlər vermiş və bu qəbzlər cavabdeh tərəfindən imzalanmışdır (bənd 72). Cavabdeh isə iddia tələbinə qarşı verdiyi etirazında, iddiaçının ərizəsi əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində aparılmış araşdırma zamanı iddiaçının ərizəsində ondan 22.000 manat dəyərində olan qızıllarını tələb etdiyini, əslində onun iddiaçıdan 2019-cu ilin avqust ayında borc olaraq faiz ödəmək şərti ilə 4.000 manat pul aldığını, həmin puldan 3.000 manatını qaytardığını, iddiaçıya cəmi 1.000 manat borcunun qaldığını qeyd etmiş, yoxlamanın nəticəsi kimi xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlar qəbul olunduğunu bildirmişdir (bənd 73). Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş xx.xx.2022-ci il tarixli 4/1300- 5/1077 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə - iddiaçının təqdim etdiyi və mülki işin 126-cı vərəqinin arxa hissəsindəki 3-cü sətirdəki “200” yazısının yerində qaralama apararaq və üzərinə ağardıcı boya çəkərək indiki rəqəmlərin icra edilməsi, mülki işin 126-cı vərəqinin arxa hissəsindəki 8-ci sətirdəki “10 avqustan 30 noyabr" yazısındakı “an 30 noyabr” yazılarının sonradan əlavə edilməsi, mülki işin 127-ci vərəqindəki “4.600” yazısının yerində əvvəlcə “1.600” rəqəmləri olması, sonradan üzərinə əlavə cizgi artıraraq indiki rəqəmlərin icra edilməsi, ekspertizaya təqdim edilmiş, mülki işin 123-128-ci vərəqələrində olan 6 ədəd qəbzlərdəki (i.v.124 vərəqəsindən olan 18 yanvar 2019-cu il tarixli qəbzdə “tel 05553913-64” yazılardan və 126-cı vərəqəsinin arxa hissəsindəki yazılardan başqa) yazıların və imzaların - cavabdeh tərəfindən icra olunması müəyyən edilmişdir (bənd 74). İşə baxan birinci instansiya məhkəməsi qeyd edilən ekspertiza rəyinə istinad etməklə, bu nəticəyə gəlmişdir ki, 17.800 manat nağd pulun və 13.430 manat dəyərində qızıl-zinət əşyalarının cavabdehə borc olaraq verilməsi sübuta yetirildiyindən və cavabdeh həmin borcun iddiaçıya qaytarılmasını sübut edə bilmədiyindən iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üzrə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində aparılmış araşdırma ilə bağlı hallara hər hansı hüquqi qiymət verməmişdir (bənd 75.). Qərarın 76-cı bəndində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi də eyni əsasla cavabdehin verdiyi apellyasiya şikayətini təmin etməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Apellyasiya instansiya məhkəməsi cavabdehin, “iddiaçının polis orqanına verdiyi şikayətdə ona 22.000 manat borcunun olduğunu bildirdiyi halda, hazırkı iddianı məhkəməyə verərkən 31.230 manat tələb etməsinin ziddiyyətli olması” arqumentinə münasibətdə qeyd etmişdir ki, həmin hal müvafiq iddia tələbinin irəli sürülməsinə maneə törədən hal kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, hazırkı iddia tələbinə təqdim olunan sübutlar əsasında qiymət verilmiş, cavabdehin iddiaçıya məhz 31.230 manat borcunun olduğu qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının polis orqanına verdiyi şikayətdə cavabdehin ona 22.000 manat borcunun olduğunu bildirdiyi hala, 17.800 manat nağd pulun və 13.430 manat dəyərində qızıl-zinət əşyalarının cavabdehə borc olaraq verməsinə dair iddiaçının təqdim etdiyi qəbzlərə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmədiyindən qəbul edilən qətnamə qanuni və əsaslı sayıla bilməz (bənd 78.).

21. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Kollegiya xüsusi olaraq vurğulayır ki, hər hansı mülki mübahisənin düzgün həlli, hər şeydən əvvəl iddia tələbinin qanuni əsasının tapılmasından asılıdır. İddiaçının hazırkı iddia ərizəsi və izahatlarından məlum olur ki, onu hazırkı tələbinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir. Həmin maddənin dispozitiv şərtlərindən göründüyü kimi, müqavilə əsasında borcluya konkret məbləğdə pulun verilməsini sübut etmək öhdəliyini kreditor daşıyır.

23. İddiaçı pul tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin olaraq 32.000 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların bazar dəyərinin, yəni 32.000 manat məbləğində pulun iddiaçıya qaytarılması barədə, sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsində isə 17.800 (on yeddi min səkkiz yüz) manat nağd pulun və 13.430 (on üç min dörd yüz otuz) manat dəyərində qızıl-zinət əşyaları, ümumilikdə 31.230 (otuz bir min iki yüz otuz) manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Cavabdeh isə iddia tələbinə qarşı verdiyi etirazında, iddiaçının ərizəsi əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində aparılmış araşdırma zamanı iddiaçının ərizəsində ondan 22.000 manat dəyərində olan qızıllarını tələb etdiyini, əslində onun iddiaçıdan 2019-cu ilin avqust ayında borc olaraq faiz ödəmək şərti ilə 4.000 manat pul aldığını, həmin puldan 3.000 manatını qaytardığını, iddiaçıya cəmi 1.000 manat borcunun qaldığını qeyd etmiş, yoxlamanın nəticəsi kimi xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlar qəbul olunduğunu bildirmişdir. Cavabdeh etiraz izahatlarında iddiaçıdan pulu sələmə aldığını, xeyli məbləğdə pul qaytardığını, iddiaçının qaytarılan pulları ancaq sələmə sildiyini, iddiaçının hazırda istədiyi məbləğin faizin faizi olduğunu, iddiaçı ilə aralarında lotereya oyunu ilə bağlı da münasibətlərin olduğunu, ümumiyyətlə isə iddiaçının sələmə pul verməklə məşğul olduğunu, buna dair coxlu məhkəmə qərarlarının mövcudluğunu bildirmişdir.

25. İşə yenidən apellyasiya qaydasında baxılarkən Ali Məhkəmənin qərarına əsasən iddiaçının polisə şikayətində 22.000 tələbinin olduğu halda, iddia tələbində 32.000 məbləği arasındakı uyğunsuzluğu və ziddiyyətli məqam araşdırılarkən, iddiaçı bu anlaşmazlığı onunla izah etmişdir ki, o polisə şikayət edən zaman borclar dəftərini itirmişdi, dəftəri tapdıqdan sonra iddia verəndə isə yeni hallar ortaya çıxmışdı. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında şərh olunun həmin halla bağlı apardığı araşdırmaya dair iddiaçının izahatını inandırıcı və ağlabatan hesab etmir. Çünki “borclar dəftəri”nin itib-itməməsindən asılı olmayaraq, uzun müddət və davamlı olaraq borc pul verilməsi işi ilə məşğul olan, hətta bununla bağlı məhkəmə mübahisələrində iştirak etmiş iddiaçının cavabdehin borcunun məbləğinə dair belə “unutqanlığı” qəbul oluna bilməz.

26. Mülki işdən də görünür ki, iddiaçı iddia ərizəsində əvvəlcə cavabdehə vediyi 32.000 manatlıq qızıl-zinət əşyasının və ya onun dəyərinin, daha sonra verdiyi dəqiqləşmədə isə 17.800 manat nağd pulun, 13.430 manat qızıl-zinət əşyalarının dəyərinin olmaqla, cəmi 31.230 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

27. İddiaçı həmçinin hazırkı iddia tələbinin sübutu kimi həm də yazılı qeyd təqdim etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş xx.xx.2022-ci il tarixli 4/1300- 5/1077 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə - iddiaçının təqdim etdiyi və mülki işin 126-cı vərəqinin arxa hissəsindəki 3-cü sətirdəki “200” yazısının yerində qaralama apararaq və üzərinə ağardıcı boya çəkərək indiki rəqəmlərin icra edilməsi, mülki işin 126-cı vərəqinin arxa hissəsindəki 8-ci sətirdəki “10 avqustan 30 noyabr" yazısındakı “an 30 noyabr” yazılarının sonradan əlavə edilməsi, mülki işin 127-ci vərəqindəki “4.600” yazısının yerində əvvəlcə “1.600” rəqəmləri olması, sonradan üzərinə əlavə cizgi artıraraq indiki rəqəmlərin icra edilməsi, ekspertizaya təqdim edilmiş, mülki işin 123-128-ci vərəqələrində olan 6 ədəd qəbzlərdəki (i.v.124 vərəqəsindən olan 18 yanvar 2019-cu il tarixli qəbzdə “tel 05553913-64” yazılardan və 126-cı vərəqəsinin arxa hissəsindəki yazılardan başqa) yazıların və imzaların - cavabdeh tərəfindən icra olunması müəyyən edilmişdir.

28. Məhkəmə kollegiyası iddiaçının sübut kimi istinad etdiyi həmin qeydlərlə bağlı aşağıdakıları qeyd edir.

29. MPM-in 89.1-ci maddəsinə görə yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

30. Hər hansı sənədin (kağızın) yazılı sübut kimi qəbul edilməsi üçün həmin sənəddə aşağıdakı rekvizitlərin (tələb olunan əlamətlər) olması tələb olunur. - sənəddə tarix olmalı; - sənədin əsli olmalı; - sənəd onu tərtib edən və ya müvafiq şəxs tərəfindən imzalanmalı; - sənədə düzəliş edilməməli-qaralanmamalıdır.

31. Göründüyü kimi, iddiaçının iddia tələbinin əsasını sübut etmək üçün istinad etdiyi həmin qeydlərin ekspert rəyi ilə üzərində düzəlişlər edilməsi müəyyən edildiyindən, bütün bu hallar da həmin qeydlərin-yazılı sübutun mümkünlüyü ilə bağlı yuxarıda qeyd edilən tələblərə cavab vermədiyini təsdiq etməklə, onun sübut kimi qəbul olunmasını istisna edir.

32. Məhkəmə kollegiyasının bir daha diqqətə çatdırır ki, mübahisənin obyektiv və düzgün həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

33. Beləliklə, iddiaçı cavabdehin həqiqətən də ona 17.800 manat nağd pul və 13.430 (on üç min dörd yüz otuz) manat dəyərində qızıl-zinət əşyaları olmaqla, ümumilikdə 31.230 manat məbləğində pul vəsaiti borclu olmasına dair məhkəməyə mötəbər sübutlar (nə qədər qızıl verdiyi, hansı çəkidə, qızılın əyarı və sair, eləcə də hansı şərtlərlə, hansı müddət, hansı tarixlərdə və nə qədər borc verməsi barədə və sair) təqdim etməmişdir.

34. Məhkəmə kollegiyasının iclasında cavabdeh bildirmişdir ki, o, iddiaçıdan faizə pul almış, borcunu qaytarmış, iddiaçının hazırda ondan tələb etdiyi faizə faizin hesablanmasıdır, o aldığı borcu faizləri ilə birlikdə artıqlaması ilə qaytarmış, iddiaçıya cəmi 1000 manat borcu qalmışdır. Bundan başqa, cavabdeh iddiaçının faizə (sələmə) pul verdiyini, onun çoxlu belə məhkəmə mübahisələri olduğunu bildirmişdir.

35. Hazırkı halda Kollegiya cavabdehin həmin etraz dəlili ilə bağlı qeyd edir ki, cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində aparılmış araşdırma zamanı verdiyi izahatında iddiaçıdan 4000 manat borc alığını, onun 3000 manatını ödədiyini, 1000 manatın isə borclu qaldığını qeyd etmişdir. Bununla belə, cavabdeh məhkəməyə 4000 manat öhdəliyin 3000 manat hissəsinin ödənilməsinə dair sübut təqdim etməmişdir. Halbuki, öhdəliyin icra olunduğunu sübut etmə vəzifəsi borclunun üzərindədir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Bu baxımdan Kollegiya qeyd edir ki, nə qədər ki, iddiaçı öz iddia tələbinin əsasının təsdiqi kimi məhkəməyə mötəbər sübut təqdim etmir, cavabdeh isə polisdəki izahatında iddiaçıdan 4000 manat borc aldığını, lakin həmin puldan 3000 manat qaytardığını qeyd etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmir, belə olan halda, demək ki, iddia tələbi qismən, yəni cavabdehin etiraf etdiyi, 4000 manat hissədə əsaslı hesab edilməli və təmin edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

39. Mübahisəyə baxmış rayon məhkəməsi isə işin qeyd olunan hallarını tam və hərtərəfli araşdırmamış, yalnız iddiaçının dəlillərini əsas tutaraq, cavabdehin etiraz dəlillərini, iddia ərizəsindəki ziddiyyət və uyğunsuzluqları araşdırmamış, istinad etdiyi sübutların (qəbzlərin) MPM-də yazılı sübutlarla bağı tələblərə cavab verməməsi kimi mühüm hala düzgün qiymət verməmiş və müvafiq olaraq da iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

41. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

42. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara və faktiki hallara düzgün hüquqi qiymət verməyərək nəticədə iş üzrə düzgün olmayan qənaətə gəldiyindən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən-cavabdehin etirafı ilə müəyyən olunan həddə təmin edilməlidir. Nəticə:

43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təəbi qismən təmin edilməli, cavabdehdən 4000 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

44. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır.

45. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-23/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 112 (bir yüz on iki) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar