Məhkəmə qərarları › İş №2(103)-5062/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5062/2023

06.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5062/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mülkiyyətin tələb edilməsi və mənzildən çıxarılma) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3744/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. AZ-İ seriyalı 084176 saylı Nikahın pozulması haqqında Şəhadətnamədən görünür ki, iddiaçı ilə cavabdeh arasında olan nikah xx.xx.2008-ci il tarixdə ləğv edilmişdir.

2. xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır.

3. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1103/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Quliyev Nihad Nazim oğlu arasında 06 iyun 2016-cı il tarixdə bağlanmış, Bakı şəhəri 14 saylı notariat kontorunda 4Ə388 nömrə ilə reyestr qeydiyyatına alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən, sahəsi 56,3 kv.metr olan mənzilə dair Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Quliyev Nihad Nazim oğlunun adına aparılmış reyestr qeydinin və RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən, sahəsi 56,3 kv.metr olan mənzilə mülkiyyət hüququnun bərpa edilməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 8843/2021 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1103/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qəyişdirilmədən saxlanılmışdır.

5. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2521/2011 saylı, xx.xx.2011ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər Quliyev Bəhruz Telman oğlu və Quliyeva Minurə Əbiş qızı İddiaçı mülkiyyətində olan ünvan 1-dən çıxarılmaları, cavabdehlər Quliyev Bəhruz Telman oğlu və Quliyeva Minurə Əbiş qızından - 1. Mebel dəsti (stol, şkaf, tmnbuçkalar, tavan güzgü, divar güzgü) 11,5 kvm. sahəli - 45000 manat.

2. Kreslo - 15 ədəd və ya onun dəyəri 5000 manat: 3. Divan - 2 ədəd və ya onun dəyəri 1200 ABŞ dolları qətnamə icra olunan vaxt manata uyğun məzənnəsi ilə; 4. LG markalı noutbook -6 ədəd, və ya onun dəyəri hər biri 1200 ABŞ dolları qətnamə icra olunan vaxt manata uyğun məzənnəsi ilə; 5. Kamera 1 ədəd və ya onun dəyəri 7000 ABŞ dollar qətnamə icra olunan vaxt manata uyğun məzənnəsi ilə; 6. 14 ədəd kompüter və ya onun dəyəri 6000 manat; 7. Prosessor 5 ədəd və ya onun dəyəri 1500 manat; 8. 1 ədəd DVD və ya onun dəyəri 100 manat; 9. 1 ədəd lövhə və ya onun dəyəri 300 manat; 10. 5 otaqda stol-stul - 30 ədəd və ya onun dəyəri 7000 manat: 11. Telefon aparatı 1 ədəd və ya onun dəyəri 50 manat; 12. Mini ATS və ya onun dəyəri 2000 manat: 13. Fax 1 ədəd və ya onun dəyəri 300 manat: 14. Kserokopiya 1 ədəd və ya onun dəyəri 400 manat: 15. Printer 2 ədəd A3 formatda və ya onun dəyəri 1500 manat: 16. Printer 2 ədəd A4 formalda və ya onun dəyəri 500 manat, 17. Televizor 3 ədəd və ya onun dəyəri 2000 manat və ünvan 1ün açarlarının alınaraq İddiaçı qaytarılması qət edilmişdir.

6. xx.xx.2022-ci il tarixli İcarə müqaviləsindən görünür ki, iddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən mənzil İmanov Nihad İldırım oğluna icarəyə verilmişdir.

7. Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli aktdan görünür ki, borclu Quliyeva Minarə Əbiş qızı könüllü olaraq 5 ədəd kreslonu, 2 ədəd prosessoru, 1 ədəd divanı, 1 ədəd A3 formatlı printeri, 4 ədəd monitoru, 9 ədəd klaviaturanı, 7 ədəd stulu, 4 ədəd işlək vəziyyətdə telefonu iddiaçının arvadı cavabdehə təhvil vermişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı «mülkiyyətin tələb edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin, iddiaçının mülkiyyəti üzərində qanunsuz sahibliyinə son qoyulması, cavabdehin və üçüncü şəxslərin iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən mənzildən çıxarılaraq mənzilin iddiaçıya təhvil verilərək, mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin, iddiaçının mülkiyyəti üzərində qanunsuz sahibliyinə son qoyulması, cavabdehin və üçüncü şəxslərin iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən mənzildən çıxarılaraq mənzilin iddiaçıya təhvil verilərək, mənzilə köçürülməsi, iddiaçıya məxsus və həmin ofisdə yerləşən 8 (səkkiz) ədəd hər birinin qiyməti 2500 (iki min beş yüz) manat olmaqla “LG” markalı kondisionerlər, 1 (bir) ədəd dəyəri 2000 ( iki min) manat olan mini ATS, 1 (bir) ədəd dəyəri 3500 (üç min beş yüz) manat olan səsli və görüntülü (audio və video) qeydiyyat çoxfunksiyalı kameralar, hər birinin qiyməti 2600 manat olmaqla 2 (iki) ədəd “Toshiba” markalı soyuducu, 5 (beş) ədəd komplekt hər birinin dəyəri 800 (səkkiz yüz) manat olmaqla ofis mebel dəsti, 4 (dörd) ədəd dəyəri 3000 (üç min) manat olan böyük ekran “Sony” markalı böyük ekran televizorlar, 4 (dörd) ədəd (**********, **********, **********, **********) telefon nömrələri, 10 (on) ədəd hər birinin qiyməti 420 ( dörd yüz iyirmi) manat olan yumşaq oturacaqlı kreslolar, 2 (iki) ədəd hər birinin qiyməti 1700 (min yeddi yüz) manat olan “Sony” markalı videokamera, 10 (on) ədəd hər birinin qiyməti 500 (beş yüz) manat olmaqla üzərində “İDEAL” loqosu olan mikrofonlar – cəmi 41.900 (qırx bir min doqquz yüz) manat dəyərində olan əşyaların cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur və həmin mülk atası Quliyev Telman Niftalı oğlu tərəfindən ona bağışlanmışdır. Barəsində məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzası çıxarıldıqdan sonra keçmiş həyat yoldaşı Cavabdeh adından xəbəri və razılığı olmadan bir sıra mülklərini qeyri-qanuni yollarla özününküləşdirmişdir. Faktiki olaraq hazırkı mülkiyyəti üzrə cavabdeh ləğv olunmuş etibarnamə əsasında mülkiyyətini qanundankənar yollarla oğlu Nihad Quliyevin adına sənədləşdirmişdir. Hazırda Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-1103/2021 saylı, xx.xx.2021-ci il tarixli qüvvəyə minmiş qətnaməsinə uyğun olaraq mülkiyyət hüququ tanınmışdır və buna uyğun olaraq mülkiyyətindən sərbəst istifadə etmək niyyətilə vəkili ünvanda olmuş və həmin obyekti “Xəzinə” çay evi adı altında işlədənlər- Nihat İmanov və onun köməkçisi Nara adlı şəxslər əvvəlcə cavabdeh ilə əlaqə saxlamış, sonra isə “bizim arxamızda Nəsimi polisi dayanır” deyərək vəkilin təklifini rədd etmişlər. Mülkiyyətində 8 (səkkiz) ədəd hər birinin qiyməti 2500 (iki min beş yüz) manat olmaqla “LG” markalı kondisionerlər, 1 (bir) ədəd dəyəri 2000 ( iki min) manat olan mini ATS, 1 (bir) ədəd dəyəri 3500 (üç min beş yüz) manat olan səsli və görüntülü (audio və video) qeydiyyat çoxfunksiyalı kameralar, hər birinin qiyməti 2600 manat olmaqla 2 (iki) ədəd “Toshiba” markalı soyuducu, 5 (beş) ədəd komplekt hər birinin dəyəri 800 (səkkiz yüz) manat olmaqla ofis mebel dəsti, 4 (dörd) ədəd dəyəri 3000 (üç min) manat olan böyük ekran “Sony” markalı böyük ekran televizorlar, 4 (dörd) ədəd (**********, **********, **********, **********) telefon nömrələri, 10 (on) ədəd hər birinin qiyməti 420 ( dörd yüz iyirmi) manat olan yumşaq oturacaqlı kreslolar, 2 (iki) ədəd hər birinin qiyməti 1700 (min yeddi yüz) manat olan “Sony” markalı videokamera, 10 (on) ədəd hər birinin qiyməti 500 (beş yüz) manat olmaqla üzərində “İDEAL” loqosu olan mikrofonlar mövcud olmuşdur – cəmi 41.900 (qırx bir min doqquz yüz) manat dəyərində olan əşyalar mövcuddur. Mülkiyyətçi kimi mənzil üzərində sərəncam vermək hüququ dövlət qeydiyyyatına alınmışdır. Odur ki, cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə və özünün həmin mənzilə köçürülməsini tələb etməkdə haqlıdır.

11. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə aralarında ünvan 5 ünvanında yerləşən əmlak ilə bağlı məhkəmə çəkişmələri olmuşdur. Mübahisənin yekunu olaraq məhkəmə qətnaməsi ilə mülkiyyət oğlu Nihad Quliyevin mülkiyyətindən iddiaçının mülkiyyətinə qaytarılmışdır. Hazırda da iş materiallarına əlavə edilmiş çıxarışdan da görünür ki, mübahisəli əmlakın mülkiyyətçisi iddiaçıdır. ünvan 6 ünvanında yerləşən əmlak iddiaçıya qaytarılmışdır. Belə ki, sözügedən əmlak iddiaçıya qaytarıldıqdan sonra onunla İmanov Nihad İldırım oğlu arasında Bakı səhəri 6 saylı notariat ofisinin xüsusi notariusu vasitəsilə ünvan 7 ünvanında yerləşən əmlak barəsində xx.xx.2022-ci il tarixdə 1 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Bu səbəbdən də iddiaçının tələbi bu hissədə təmin edilmişdir. İddia tələbi digər hissədə tamamilə əsassızdır. Belə ki, iddia ərizəsində iddiaçı qeyd etmişdir ki, guya ona məxsus olmuş 8 ədəd hər birinin qiyməti 2500 manat olmaqla LG markalı kondisionerlər, 1 ədəd dəyəri 2000 manat olan mini ATS, 1 ədəd dəyəri 3500 manat olan səsli və görüntülü (audio və video) qeydiyyat çoxfunksiyalı kameralar, hər birinin qiyməti 2600 manat olmaqla 2 ədəd toşiba markalı soyuducu, 5 ədəd komplekt hər birinin dəyəri 800 manat olmaqla ofis mebeli dəsti, 4 ədəd dəyəri 3000 manat olan böyük ekran SONY markalı böyük ekran televizorlar, 4 ədəd (**********, **********, **********, **********) telefon nömrələri, 10 ədəd hər birinin qiyməti 420 manat olan yumşaq oturacaqlı kreslolar, 2 ədəd hər birinin qiyməti 1700 mant olan SONY markalı videokamaera, 10 ədəd hər birinin qiyməti 500 manat olmaqla üzərində İDEAL loqosu olan mikrafonlar tərəfimdən qanunsuz olaraq mənimsənildiyi üçün - ümumilikdə dəyəri 41900 manat əşyaların dəyərini tələb etməkdədir. İddiaçının ərizəsində qeyd etmiş olduğu əşyalar heç bir vaxt ona təqdim edilməmiş, belə bir əşyaların onun mülkiyyətində olması barədə məlumatı olmamışdır. İddiaçı belə bir iddia tələbi ilə ona qarşı qaldırmış olduğu iddia tələbində qeyd etmiş olduğu əşyaların bir çoxunun qaytarılması barədə qardaşı Quliyev Bəhruz Telman oğluna və Quliyeva Minurə Əbiş qızına və Abdullayeva Afət Cəlal qızına qarşı 2011-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon məhkəməsində iddia qaldırmışdır. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(006)-2521/11 saylı qətnaməsi ilə iddia qismən təmin edilməklə hazırda qeyd edilmiş əşyalar və bir çox əşyaların ona qaytarılması təmin edilmişdir. Onda olan məlumata görə, həmin əşyalar onlar tərəfindən dağıdılmış və xüsusi ilə iddiaçının qardaşı tərəfindən həmin əşyalar məhkəmə qətnaməsinin olmasına baxmayaraq ona qaytarılmamışdır. Bütün bunlara baxmayaraq, iddiaçı bu gün əsssız olaraq heç bir dəlilə istinad etmədən qeyd etdiyi məhkəmə qətnaməsi ilə müəyyən edilən bəzi əşyaları və ona məlum olmayan başqa əşyaları ondan tələb etməkdədir.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3744/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qətnaməsi (hakim Anar İbadzadə) ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh, İddiaçı mülkiyyəti (ünvan 4 ünvanında yerləşən mənzilə dair) üzərində qanunsuz sahibliyinə son qoyulması, Cavabdeh və digər şəxslər İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən mənzildən çıxarılaraq mənzilin İddiaçı təhvil verilməklə mənzilə köçürülməsi, İddiaçı məxsus dəyəri 600 (altı yüz) ABŞ dolları olan 1 (bir) ədəd divan və 5 (beş) ədəd hər birinin qiyməti 420 (dörd yüz iyirmi) manat olan yumşaq oturacaqlı kreslolar, qeyd olunan əşyalar mövcud olmadıqda isə onların dəyəri, yəni - 600 ABŞ dolları ödəniş gününə olan manat məzənnəsi ilə və 2100 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı qaytarılması, iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 8.2, 152.1, 152.2. 152.3, 152.4, 157.2 və 157.4-cü maddələrinə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarına, «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun l-ci maddəsinə, «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə, “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1ci maddəsinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri

14. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prossesual hüquq normalarının pozulması, eyni zamanda işin faktiki hallarının tam araşdırmaması nəticəsində qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı ilə xx.xx.2005-ci il tarixdə nikah münasibətləri olmuşdur, 2008-ci ildə nikahı pozulmuş sonra isə yenidən 12 oktyabr 2010-cu ildə təkrar olaraq aralarında rəsmi nikah müqaviləsi bağlanılmışdır. Birgə nikahdan xx.xx.2006-cı il tarixdə Quliyeva Pakizə Nazim qızı, xx.xx.2007-ci il tarixdə isə Quliyev Nihad Nazim oğlu anadan olmuşdur. Bakı şəhər, Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçının tələbində qeyd etmiş olduğu ünvan 8 ünvanında yerləşən mənzil 2000–ci il tarixdən qeyri-yaşayış obyekti kimi (müxtəlif sahələr üzrə) fəaliyyət göstərdiyi üçün onlar ailə olaraq orada heç bir zaman yaşamamışlar. İddiaçı tərəfindən ailəli olduqları zaman o, həmin mənzilə formal olaraq qeydiyyata alınmışdır. Lakin 2017–ci ildən bu günə kimi onlar ailə olaraq övladları ilə birlikdə digər bir ünvanda ünvan 9ayırlar. Bu fakt məhkəmədə işin araşdırlması zamanı iddiaçı tərəfindən də etiraf edilməklə yanaşı Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2 (006)-2521/11 saylı qətnaməsi ilə də məyyən edilmişdir. Lakin, məhkəmə onun heç bir zaman ünvan 4 ünvanında yerləşən mənzildə yaşamadığına və 2017–ci il tarixdən başqa bir mənzildə yaşmağı araşdırma ilə bəlli olduqdan sonra buna baxmayaraq qətnamə ilə onun həmin mənzildən çıxarılmağı iddiaçının da həmin mənzilə köçürülməyi barədə tələbinin təmin edilməsini qət etmişdir. Bundan əlavə, ünvan 5 ünvanında yerləşən əmlak tərəfimdən iddiaçıya könüllü olaraq qaytarılmışdır. Belə ki, sözü gedən əmlak iddiaçıya qaytarıldıqdan sonra onunla İmanov Nihad İldırım oğlu arasında Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu vasitəsilə ünvan 5 ünvanında yerləşən əmlak barəsində xx.xx.2022-ci il tarixdə 1 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Bu faktı təsdiq edən sənədlər birinci instansiya məhkəməsinə təqdim edilsə də məhkəmə tələbin bu hissədə də təmin edilməsini qətnamədə qeyd etmişdir. Bundan əlavə, məhkəmə qətnamədə qeyd edir ki, onun həmin əmlak üzərində qanunsuz sahibliyinə son qoyulsun. Bir halda ki, yuxarıda qeyd etdiyi kimi, qeyd edilən mənzil könüllü olaraq tərəfindən təhvil verilmişdirsə, həmin əmlak barəsində iddiaçı artıq digər şəxsin istifadəsinə verilməsi barədə icrarə müqaviləsi bağlamaqla həmin şəxsin faktiki istifadəsinə vermişdirsə o zaman məhkəmə könüllü təmin edilmiş öhdəliyin məcburi icrasına dair hansı əsasla tələbi təmin etmişdir. Bildirir ki, məhkəmə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli aktla borclu Quliyeva Minarə Əbiş qızı tərəfindən könüllü olaraq təhvil verilmiş ümumi birgə istifadənizdə olan 5 ədəd kreslonu, 2 ədəd prosessoru, 1 ədəd divanı, 1 ədəd A3 formatlı printeri, 4 ədəd monitoru, 9 ədəd klaviaturanı, 7 ədəd stulu, 4 ədəd işlək vəziyyətdə telefonu iddiaçının həmin dövrdə arvadı olaraq ona təhvil verildiyi üçün ona qaytarılması, eyni zamanda həmin əşyaların dəyərini olaraq 2100 manat pul vəsaitinin məndən tutulmaqla iddiaçıya qaytarılması qət etmişdir. Məhkəmə tərəfindən tələbin bu hissəsinə də ədalətsiz şəkildə münasibət göstərməklə təmin edilməsi olduqca qanunsuz yanaşma olmuşdur. Belə ki, məhkəmədə bidirdiyi kimi, iddiaçı 2008 – ci ildən 2020-ci ilə kimi azadlıqdan məhrum edilmişdir. Həmin dövrlərdə işlərin görülməsi üçün onun tərəfindən həyat yoldaşı olaraq ona bir çox etibarnamələr verilmişdir. Həmin etibarnamələrdən birindən istifadə edərək 2012-ci ilin senytabr ayında birgə nikah münasibətlərində ümumi qazanc hesabına əldə etdiyi ümumi istifadədə olan əşyaların Nəsimi rayon icra məmuru tərəfindən ona qaytarılması baş vermişdir. Bu barədə iş materiallarında təqdim edilmiş akt əlavə edilmişdir. İddiaçı tələbində qeyd etmişdir ki, həmin əşyalar 2020–ci ildə azadlığa çıxdıqdan sonra ona tərəfindən geri qaytarılmamışdır. Belə ki, həmin əmlaklar guya ki, onun şəxsi əmlakı olduğundan yəni nikahdan öncə əldə etməsinə görə ona qaytarılmalıdır. Bildirir ki, iddiaçının tələb etmiş olduğu və icra məmurunun tərtib etmiş olduğu 2012-ci il tarixli aktla ona verilmiş əşyalar icra məmurları tərəfindən qaytarılan zaman olduqca fiziki görünüş olaraq köhnəlmiş və bəziləri də yararsız vəziyyətdə olmuşdur. Həmin əşyaları qəbul edərək onları iddiaçı ilə ara-sıra yaşadığı anasına məxsus Goradil kəndində yerləşən bağ evinin həyətində yerləşən qarajına yerləşdirmişdir. İddiaçı 2020-ci il cəzaçəkmə müəssisəsindən azadlığa çıxdıqdan sonra o, həmin əşyaları bağ evinə gedəndə ona harada yerləşdirdiyini göstərmişdir. Əşyalar köhnəldiyi üçün o yalnız stullarından istifadə etmişdir. Onu da bildiri ki, həmin əşyalar onların ümumi birgə istifadələrində olan əşyalar olmuşdur. Məhkəmədə araşdırma zamanı iddiaçı əksini iddia etsə də bu barədə məhkəməyə bir sübut belə təqdim edə bilməmişdir. Buna baxmayaraq məhkəmə həmin tələb üzrə sanki həmin əşyaların iddiaçıya məxsus şəxsi əmlakı kimi münasibət bildirməklə belə bir əsassız nəticəyə gəlmişdir. Bundan əlavə, MPM-də hamıya bəlli olan faktların sübuta ehtiyacı olmadığı qeyd edilmişdir. Belə ki, ümumi həyat tərcrübəsindən hamıya bəllidir ki, ər-arvad birgə yaşadıqları zaman hər hansı ümumi istifadədə və ya onlardan birinə məxsus əşyaların aralarında təhvili zamanı bu barədə heç bir sənədin tərtibi yolu ilə həyata keçirilməsi praktikası yoxdur. Bunu iddia etmək absurddur. Məhkəmə bu faktı da ümumiyyətlə nəzərə almamışdır. Məhkəmənin səhv nəticəyə gəlmiş olduğu ən vacib məsələlərdən biri də əşyaların iddiaçının qiymətləndirməsi ilə müəyyən etməsi olmuşdur. Belə ki, məhkəmə qətnaməsində qeyd edir ki, İddiaçı məxsus dəyəri 600 (altı yüz) ABŞ dolları olan 1 (bir) ədəd divan və 5 (beş) ədəd hər birinin qiyməti 420 (dörd yüziyirmi) manat olan yumşaq oturacaqlı kreslolar, qeyd olunan əşyalar mövcud olmadıqda isə onların dəyəri, yəni – 600 ABŞ dolları ödəniş gününə olan manat məzənnəsi ilə və 2100 manatməbləğində pul Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Məhkəmənin gəlmiş olduğu bu nəticə olduqca ədalətsiz və qanunsuzdur. Belə ki, məhkəmə qanunsuz olaraq ümumi birgə istifadədə olan əşyaların ondan alınmaqla iddiaçıya verilməsi barədə qətnamə qəbul etmiş olsa da bu əşyaların dəyərini iddiaçının özünün yaşmış olduğu dəyər üzrə deyil bu barədə mütəxəssis və ya ekspertiza tərəfindən müəyyən edilmiş təxmini dəyərə görə müəyyən etməli idi. Hətta qətnamənin qət etdi hissəsində məhkəmə öncədən qeyd edir ki, qeyd olunan əşyalar mövcud olmadıqda isə onların dəyəri, yəni – 600 ABŞ dollar ıödəniş gününə olan manat məzənnəsi ilə və 2100 manat cavabdehdən alınmalıdır. Bu hissədə də məhkəmə əsassız bir nəticəyə gəlməklə tələbi bu şəkildə təmin etməklə də qanunsuz bir nəticəyə gəlmişdir. Göründüyü kimi, məhkəmə işə baxarkən, işi tam və hərtərəfli araşdırmamış, mübahisə predmeti üzrə qiymətləndirmə aparmadan bu məsələyə səthi yanaşmış və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması səbəbindən maddi və prossesul pozğuntu etməklə ədalətsiz və qanuna uyğun olmayan qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

18. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

19. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

20. 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

21. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. Maddə 6. mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.

23. Maddə 8.2. mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.

24. Maddə 152.1. mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 152.2. 152.3 və 152.4. sahiblik hüququəmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququəmlakdan (əşyada) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. İstifadədən fayda, gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

26. Maddə 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

27. Maddə 157.4. əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

28. «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı protokolunun l-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz».

29. «İnsan hüquqları haqqında Ümumi Bəyunnamə»nin 17-ei maddəsinə əsasən, hər bır insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

30. "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlarda "mülkiyyət" hüquqları sayıla bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

38. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, qətnamə yalnız iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3744/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Belə ki, iş materilları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1103/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Quliyev Nihad Nazim oğlu arasında 06 iyun 2016-cı il tarixdə bağlanmış, Bakı şəhəri 14 saylı notariat kontorunda 4Ə-388 nömrə ilə reyestr qeydiyyatına alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən, sahəsi 56,3 kv.metr olan mənzilə dair Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Quliyev Nihad Nazim oğlunun adına aparılmış reyestr qeydinin və RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən, sahəsi 56,3 kv.metr olan mənzilə mülkiyyət hüququnun bərpa edilməsi qət edilmişdir. İddiaçının ünvan 1 ünvanında yerləşən mənzil üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışla rəmiləşdirilmişdir.

41. Göründüyü kimi, İddiaçı iddiası onun qanunvericiliklə qorunan mülkiyyət hüquqlarının müdafiəsindən irəli gəlir.

42. Belə ki, Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

43. Konstitusiyanın 29-cu maddəsin İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

44. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi luiquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsixası bu hüququ təsbit elməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

45. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülkiyyət hüququnun ümum bəşəri dəyərlər sırasında olması yuxarıda istinad edilən bir sıra beynəlxalq sənədlərdə öz əksini tapmışdır.

46. Beləliklə, məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdeh iddiaçının keçmiş arvadı olsa da, mülkiyyətçinin razılığı olmadan onun mülkiyyətində olan ünvan 1 ünvanında digər şəxslərlə (övladları) birlikdə olması, gəlib-getməsi və sair formada istifadə etməsi iddiaçının yuxarıda qeyd edilən hüquqlarının pozulması ilə nəticələnir. Buna görə də iddia cavabdehin mənzil üzərində qanunsuz sahibliyinə son qoyulması və onun həmin mənzildən çıxarılmaqla mənzilin iddiaçıya təhvil verilərək, iddiaçının mənzilə köçürülməsi hissələrində əsaslı olduğundan təmin edilməlidir.

47. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya icraatı zamanı tərəflərin izahatında müəyyən edilmişdir ki, artıq iddia tələbi həmin hissədə icra olunmuş və mahiyyət etibarı ilə mübahisə həmin hissədə öz həllini tapmışdır. Lakin nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iş materiallarına olan sübutlar əsasında yoxlayır. Mahiyyət etibarı ilə mübahisə qeyd edilən hissədə aradan qalxmış olsa da, bu hal birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz.

48. Kollegiya apellyasiya şikayətinin əşyaların cavabdehdən alınaraq iddiaçıya qaytarılmasına dair dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli aktdan göründüyü kimi Quliyeva Minarə Əbiş qızı tərəfindən cavabdehə, tələbdə göstərilən əşyalardan yalnız 5 ədəd kreslo və ofis mebel dəstinin tərkib hissəsi olmuş 1 ədəd divan təhvil verilmişdir, digər əşyaların cavabdehə təhvil verilməsi və ya cavabdehdə olması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə haqlı olaraq hesab etmişdir ki, göstərilən iddia tələbi 5 ədəd kreslonun və 1 ədəd divanın cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

49. Divanın dəyəri ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, həmin hissədə də apellyasiya şikayətinin dəlili əsassızdır və qətnamənin ləğvi üçün əsas hesba edilə bilməz. Belə ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2521/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddiaçıya məxsus divanın dəyəri 600 ABŞ dolları məbləğində müəyyən edilmişdir.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hisssədtəmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

52. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3744/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh oğluna aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar