Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5066/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkil X1, cavabdeh “xxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı “xxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “razılaşmanın və reyestr qeydiyyatının ləğv edilməsi, “xxxxxx” MMC-nin üzərinə onunla razılaşmanın bağlanması vəzifəsinin qoyulması, maddi və mənəvi zərərin ödənilməsi” tələblərinə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi, sonradan isə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətini də cavabdeh qismində göstərdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, “xxxx” MMC və “xxxxxxx” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “door.az” "Domen adların onlayn qeydiyyatı və Texniki Müşayiəti haqqında” Razılaşmanın, həmçinin “xxxxxxx” MMC-nin adına qeydə alınmış “door.az” domen adının reyestrinin qeydiyyatının etibarsız hesab edilməsi, xx.xx.2015-ci il tarixli “door.az” "Domen adların onlayn qeydiyyatı və Texniki Müşayiəti haqqında” Razılaşmanın hüquqi qüvvəsinin, "door.az” domen adının onun adına qeydiyyatının bərpa edilməsi, texniki müşayiətinin və istifadə hüququnun “xxxxxx” MMC tərəfindən təmin edilməsi, işgüzar nüfuzuna dəyən 23 315 manat məbləğində maddi-mənəvi zərərin və 30 manat məbləğində dövlət rüsumunun “xxxxxx” MMC-dən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə onunla “xxxxxx” MMC arasında “Domen adların onlayn qeydiyyatı və Texniki Müşayiəti haqqında” razılaşma bağlanmış, həmin razılaşmaya əsasən “DOOR.AZ” domen adı onun istifadəsinə verilmiş və domen adların reyestrində qeydiyyata alınmış, “Door.az” səhifəsinə daxil olunduğunda sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “aropaqapilari.az” domen səhifəsi açılmışdır. Lakin bir müddət əvvəl “xxxxxx” MMC onunla bağladığı xx.xx.2015-ci il tarixli “door.az” "Domen adların onlayn qeydiyyatı və Texniki Müşayiəti haqqında” Razılaşmanı heç bir məlumat vermədən xx.xx.2018-ci il tarixdə ləğv etmiş, bundan sonra “xxxx” MMC “xxxxxxx” MMC ilə xx.xx.2018-ci il tarixli "door.az” "Domen adların onlayn qeydiyyatı və Texniki Müşayiəti haqqında” Razılaşma bağlamış, bununla da ona maddi və mənəvi ziyan vurmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) X3 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh “xxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 şikayətin əsassız olduğunu bildirmiş, işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər isə nümayəndələrini məhkəməyə göndərməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı xx xxxx 2020-ci il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir:“..İşdən görünür ki, iddiaçı ilə “xxxxxx” MMC arasında bağlanmış “Domen adların onlayn qeydiyyatı və texniki müşayiəti haqqında” xx xxxxxxxx 2015-ci il tarixli razılaşmaya əsasən onlar, “door.az” domen adın iddiaçının istifadəsinə verilməsi və domen adların reyestrində qeydiyyata alınması barədə razılığa gəliblər. Müqavilənin müddəti 1 il müəyyən edilib. Eyni zamanda xx xxxxxxx 2018-ci il tarixli “door.az” “Domen adların onlayn qeydiyyatı və texniki müşayiəti haqqında” razılaşmaya əsasən, “xxxx” MMC ilə “xxxxxxx” MMC arasında “door.az” domen adın onun istifadəsinə verilməsi və domen adların reyestrində qeydiyyata alınmasına dair razılığa gəliblər və müqavilənin müddəti 1 il müəyyən edilib. Həmçinin, xx xxxxxxx 2018-ci il tarixdə iddiaçı tərəfindən “xxxxxx” MMC pretenziya məktubu göndərilib və məktubda “door.az” domen səhifəsinə daxil olan zaman həmin səhifədə “facebook.com” səhifəsinin açıldığı, orada “tepe safe” seyf qapılarının reklamının göstərildiyi və bu səbəbdən də baş verən bu xoşagəlməz halın aradan qaldırılması, onun “door.az” domen səhifəsinin bərpa edilməsi və bir gün ərzində bu hal aradan qaldırılmazsa, məhkəməyə müraciət olunacağı bildirilib. İşə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, “door.az” domeni üçün iddiaçı tərəfindən xx xxxxxxxx 2015-ci il-xx xxxxxxxx 2018-ci illər üçün hər il 20 manat pul köçürülüb. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutlara istinad edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən xidmət haqqı ödənilmədiyi üçün onunla bağlanmış “door.az” domenin qeydiyyatı “xxxxxx” MMC tərəfindən ləğv edilib və xx xxxxxxx 2018-ci il tarixdə “door.az” domen adı “xxxxxxx” MMC istifadəsinə verilməklə adına qeydə alınıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin işin halları barədə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, əvvəla, iddiaçı ilə bağlanmış “Domen adların onlayn qeydiyyatı və texniki müşayiəti haqqında” xx xxxxxxxx 2015-ci il tarixli razılaşma “xxxxxx” MMC tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə birtərəfli qaydada ləğv edilib və işdə, iddiaçının bu barədə məlumatlandırılmasına dair heç bir mötəbər yazılı sübut yoxdur. Halbuki, Mülki Məcəllənin 421.1-ci maddəsinin mənasına görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 420.2-ci maddəsinə əsasən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Həmin Məcəllənin 422.2-ci maddəsində göstərilir ki, əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi mülki qanunvercilikdə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsinin dəqiq prosedur qaydası müəyyən edilib göstərilib və mülki qanunvericiliyə görə, müqavilənin dəyişdirilməsinə və ya ləğv edilməsinə o, vaxt yol verilir ki, müqavilə üzrə tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlsinlər, belə razılıq olmadıqda isə müqavilə yalnız maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. Maraqlı tərəf isə, belə iddia ilə məhkəməyə o, vaxt müraciət edə bilər ki, müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını almış olsun və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ona cavab verilməmiş olsun. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, “xxxxxx” MMC tərəfindən iddiaçı ilə bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli “door.az” “Domen adların onlayn qeydiyyatı və texniki müşayiəti haqqında” razılaşmanın birtərəfli qaydada ləğv edilməsinə əhəmiyyət vermədən, yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli, 63 saylı Qərarı ilə təsdiq edilmiş "Az” ölkə kodlu yüksək səviyyəli domen adların qeydiyyatı və istifadəsi Qaydaları”na istinad edərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Halbuki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.5-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Həmin Qanunun 2.6-cı maddəsində göstərilir ki, fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Mülki Məcəllənin yuxarıda göstərilən normalarından fərqli olaraq sözügedən “Qaydalar”da göstərilir ki, domen adın qeydiyyat müddətinin bitəcəyi tarixdən ən azı bir ay əvvəl qeydiyyatçı domen adının sahibinin elektron poçt ünvanına və (və ya) istifadəçi hesabına qeydiyyat müddətinin bitməsi barədə xəbərdarlıq və qeydiyyat müddətinin uzadılması barədə sorğu göndərir. Sorğunu qəbul edən domen adının sahibi qeydiyyat müddətinin uzadılması üçün qeydiyyat müddəti bitənədək qeydiyyatçıya müraciət edə bilər. Qeydiyyat müddətinin uzadılması həmin dövr üçün mövcud qeydiyyat müqaviləsinin şərtləri nəzərə alınmaqla həyata keçirilir. Qeydiyyat müddətinin uzadılması ilə bağlı sorğuya domen adının sahibi tərəfindən qeydiyyat müddəti bitənədək cavab verilmədikdə, qeydiyyat müddəti bitən domen adına texniki xidmət dayandırılır. Texniki xidmətin dayandırılmasından sonrakı 30 gün ərzində ödəniş həyata keçirilmədikdə, domen adının qeydiyyatı ləğv olunur. Apellyasiya instansiyası məhkəməsi, hazırki mülki mübahisəyə Mülki Məcəllənin normalarını tətbiq etmək əvəzinə, onunla ziddiyyət təşkil edən sözügedən “Qaydalar”ın tələblərini tətbiq etməklə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərini pozmuşdur. Bundan başqa, iddiaçı ilə bağlanmış "Domen adların onlayn qeydiyyatı və texniki müşayiəti haqqında” xx xxxxxxxx 2015-ci il tarixli razılaşma "xxxxxx” MMC tərəfindən xx xxxxxxx 2018-ci il tarixdən birtərəfli qaydada ləğv edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi mülki mübahisəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli, 63 saylı Qərarı ilə təsdiq edilmiş "Az” ölkə kodlu yüksək səviyyəli domen adların qeydiyyatı və istifadəsi Qaydaları”nın tələblərini tətbiq etməklə maddi hüquq normasının tətbiqində də səhvə yol vermişdir. Belə ki, MPM-nin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Məcəllənin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. ...Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi hüququn tətbiq edilməsində səhvə yol verib və tətbiq edilməli olmayan normativ hüquqi aktı hazırki mülki mübahisəyə tətbiq edib, bu hal isə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün sözsüz əsasdır. Bundan başqa, işdən görünür ki, "xxxxxx” MMC iddiaçı ilə bağladığı “Domen” adların onlayn qeydiyyatı və texniki müşayiəti haqqında” xx xxxxxxxx 2015-ci il tarixli razılaşmanı xx xxxxxxx 2018-ci il tarixdə birtərəfli qaydada ləğv etdikdən sonra, digər cavabdeh “xxxx” MMC ilə “xxxxxxx” MMC arasında xx xxxxxxx 2018-ci il tarixli “door.az” “Domen adların onlayın qeydiyyatı və texniki müşayiəti haqqında” razılaşma bağlanmışdır. Mülki qanunvericilikdə əqdin etibarlılığı dedikdə- onun qanunun tələblərinə uyğun olaraq tərtib edilməsi və bağlanması başa düşülür ki, yalnız bu halda o, müəyyən hüquqi nəticə doğura bilər. Nəzərə almaq lazımdır ki, əqdə tərəflərin hərəkətləri müəyyən hüquqi nəticənin əldə olunmasına yönəlir. Əqdin etibarlılığı üçün: əqdin subyektiv tərkibinin qanuniliyi; əqdin (qanuniliyi) məzmununun qanuniliyi; iradə və iradə ifadəsinin uyğunluğu; eləcə də əqdin formasının qanuniliyi şərtlərinin olması zəruridir. İradə və iradə ifadəsinin vahidliyi olmadığı halda, əqd mübahisə ediləndirsə məhkəmə qərarı əsasında, yox əgər əhəmiyyətsizdirsə, o zaman belə qərar olmadan belə etibarsız sayıla bilər. Apellyasiya instansiyası məhkəməsi, cavabdehlərin təqsiri üzündən iddiaçıya maddi, mənəvi zərərin dəyib-dəyməməsi, eləcə də cavabdehlər arasında “Domen adların onlayn qeydiyyatı və texniki müşayiəti haqqında” bağlanmış razılaşmanın etibarlılığı ilə bağlı heç bir araşdırma aparmadan və hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərmədən, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 392.2-ci maddəsinin mənasına görə, apellyasiya şikayəti təmin edilmədikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayəti təmin etmədiyini qətnamədə göstərməyə borcludur.Digər tərəfdən, iddiaçı iddia edir ki, 2015-ci ildən “door.az” domen səhifəsi onun istifadəsindədir, həmin səhifəyə daxil olarkən onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “avropaqapilari.az” domen səhifəsi açılır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Sadalanan prosessual normaların mənasına görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması yolverilməzdir. Həmin Məcəllənin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan prosessual normaların mənasına görə, məhkəmə aidiyyəti dedikdə - mülki hüquq münasibətlərindən irəli gələn mübahisənin və ya digər hüquqi işin ümumi və ya kommersiya məhkəməsinin səlahiyyətinə aid olması başa düşülür. İşlərin kommesiya məhkəmələrinin yurisdiksiyasına aid edilməsinin əsas meyarlarından biri hüquq münasibətlərinin xarakteri, digəri isə mübahisənin yarandığı hüquq münasibətinin subyektiv tərkibi ilə bağlıdır. Buraya hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər aiddir. Fiziki şəxs o, halda kommersiya məhkəməsinə aid olan mübahisənin subyekti hesab edilir ki, o hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirsin və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etmiş olsun. Nəzərə alınmalıdır ki, mübahisə o vaxt kommersiya məhkəmələrinin yurisdiksiyasına aid edilə bilər ki, mübahisə bilavasitə şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı yaranmış olsun. Apellyasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələbləri baxımından da heç bir araşdırma aparmamış, iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətinin xarakterini nəzərə alıb hazırki mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyətini müəyyən etməmişdir”. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan və işin faktiki hallarını təkrarən sadalamağa zərurət görməyən məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası hüquq normalarını ətraflı təfsir etməklə buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir. Bu mənada kollegiyanın qənaətinə görə, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi “xxxx” MMC və “xxxxxxx” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “door.az” “Domen adların onlayn qeydiyyatı və Texniki Müşayiəti haqqında” Razılaşmanın, həmçinin “xxxxxxx” MMC-nin adına qeydə alınmış “door.az” domen adının reyestrinin qeydiyyatının etibarsız hesab edilməsi, xx.xx.2015-ci il tarixli “door.az” “Domen adların onlayn qeydiyyatı və Texniki Müşayiəti haqqında” Razılaşmanın hüquqi qüvvəsinin, “door.az” domen adının iddiaçının adına qeydiyyatının bərpa edilməsi, texniki müşayiətinin və istifadə hüququnun “xxxxxx” MMC tərəfindən təmin edilməsi” tələblərinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilərək həmin tələblər təmin edilməlidir. Birinci instansiya məhkəməsinin “işgüzar nüfuza dəyən 23 315 manat məbləğində maddi-mənəvi zərərin ödənilməsi” tələbi üzrə gəldiyi nəticəni isə kollegiya əsaslı hesab edir – çünkü iddiaçı, həmin tələbinin təmin olunmasına (tam və ya qismən) imkan verəcək heç bir mörəbər sübut təqdim etməmişdir; Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mübahisənin kommersiya məhkəməsinin yurisdiksiyasına aid olub-olmadığının aydınlaşdırılması ilə bağlı kassasiya instansiyasının qərarında göstərilənlərlə bağlı kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət etmiş, Mülki Prosessual Məcəllənin 26-cı maddəsinin hazırkı mətni isə Məcəlləyə xx xxxx 2019-cu il tarixli Qanunla əlavə olunmuşdur. Bu baxımdan kollegiyanın qənaətinə görə mübahisəyə ümumi yurisdiksiyalı məhkəmədə baxılması qanunverciliyin pozuntusu hesab oluna bilməz – çünkü Mülki Prosessual Məcəllənin 31.2-ci maddəsinə görə, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3629/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi “xxxx” MMC və “xxxxxxx” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “door.az” “Domen adların onlayn qeydiyyatı və Texniki Müşayiəti haqqında” Razılaşmanın, həmçinin “xxxxxxx” MMC-nin adına qeydə alınmış “door.az” domen adının reyestrinin qeydiyyatının etibarsız hesab edilməsi, xx.xx.2015-ci il tarixli “door.az” “Domen adların onlayn qeydiyyatı və Texniki Müşayiəti haqqında” Razılaşmanın hüquqi qüvvəsinin, “door.az” domen adının iddiaçının adına qeydiyyatının bərpa edilməsi, texniki müşayiətinin və istifadə hüququnun “xxxxxx” MMC tərəfindən təmin edilməsi” tələblərinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunsun. Həmin iddia tələbləri təmin edilsin. “xxxx” MMC və “xxxxxxx” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “door.az” “Domen adların onlayn qeydiyyatı və Texniki Müşayiəti haqqında” Razılaşma, həmçinin “xxxxxxx” MMC-nin adına qeydə alınmış “door.az” domen adının reyestrinin qeydiyyatı etibarsız hesab olunsun. xx.xx.2015-ci il tarixli “door.az” “Domen adların onlayn qeydiyyatı və Texniki Müşayiəti haqqında” Razılaşmanın hüquqi qüvvəsi, “door.az” domen adının İddiaçı adına qeydiyyatı bərpa, həmin domen adının texniki müşayiəti və istifadə hüququ “xxxxxx” MMC tərəfindən təmin edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün İddiaçı ödəmiş olduğu rüsum məbləğlərinin əvəzi qismində 45,80 (qırx beş manat 80 qəpik) manat “xxxxxx” MMC-dən tutularaq ona ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5066/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5066/2020
30.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver