Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5070/2022 29.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10835/2014 saylı, 05 noyabr 2014-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.“Nikoyl” X2 (İddiaçı Açıq Səhmdar Cəmiyyəti) ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli kredit müqaviləsi və onun təminatı olaraq eyni tarixli ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, borcalana illik 28% ödəmək şərti ilə 24 ay müddətinə 12750 ABŞ dolları kredit verilmişdir. İpoteka müqaviləsinə əsasən əsasən Cavabdeh özünə məxsus “FAW-CA3312P2K2LT4E yük” markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir. Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı “Nikoyl” X2 kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8093,28 ABŞ dolları əsas borc, 1303,17 ABŞ dolları faiz borcu, 706,81 ABŞ dolları dəbbə pulu, iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manatın Cavabdeh iddiaçının xeyrinə tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh məxsus “FAW- CA3312P2K2LT4E yük” markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin iddia tələbi həcmində olan hissəsinin “Nikoyl” İKB-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Tələbdə göstərilir ki, kredit müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kredit və faizlərin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka qoyan əsas öhdəlik üzrə vəzifələrini icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan tələblərin ödənilməsi üçün ipoteka predmetinə tələb yönəldə bilər.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10835/2014 saylı, 05 noyabr 2014-cü il tarixli qətnaməsi (hakim Almaz Süleymanova) ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh “Nikoyl” İKB-nin xeyrinə 8093,28 ABŞ dolları əsas borc, 1303,17 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 9496,45 ABŞ dollarının (ödəniş günü manata məzənnə ilə manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın tutulması; tələb üzrə tutmanın Cavabdeh məxsus olan “FAW- CA3312P2K2LT4E yük” markalı ** SA *** dövlət nömrə nişanlı avtomaşına yönəldilməsi; həmin avtomaşının açıq hərracdan satılması; hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış avtomaşının hesabına ödənilməsi; iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmədə müəyyən olundu ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərir ki, 2012-ci ilin yay aylarında səhhətində ciddi problemlər yaranmış və ona böyrək köçürülməsi əməliyyatının icra edilməsi zəruri olmuşdur. Həmin vaxt maddi vəziyyəti bu əməliyyatın icrasına imkan vermədiyinə görə 40.000 (qırx min) manata aldığı “FAV” markalı yük avtomobilini ipoteka qoymaqla kredit götürmək qərarına gəlib. Bu məqsədlə iddiaçı “Nikoyl” İKB-yə müraciət edib və ipoteka predmetinin dəyəri kifayət qədər yüksək olduğuna görə, onun ehtiyacı olan 10 000 manat kreditin ona ayrılmasına razı olublar.
8. Beləliklə, iddiaçı ilə onun arasında bağlanmış 17 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, ona illik 28% ödəmək şərtilə 24 ay müddətinə 12750 ABŞ dolları kredit verilib. Götürdüyü kredin məbləği hesabına əməliyyat olunub. Kredit müqaviləsi üzrə təxminən 5-6 ay ödəniş etsə də, ağır yataq xəstəsi olduğuna görə ödəniş etməyi mümkün olmayıb. 2 ay ödəniş edə bilmədiyi üçün “Nikoyl” İKB-nin əməkdaşları onun yaşadığı evə gələrək ipoteka predmeti olan ona məxsus “FAV” markalı yük maşınını zor gücünə ondan alaraq aparıblar. Həmin vaxt yataq xəstəsi imiş və istər fiziki, istərsə də hər hansı digər formada müqavimət göstərmək iqtidarında deyilmiş. Həm də bankın əməkdaşları ona deyiblər ki, maşını götürürük və satıb sənin borcunu tam bağlayacağıq. 40 000 manata aldığı maşınının 10 000 manat borc müqabilində əlindən alınması ona pis təsir etsə də, banka olan borcundan xilas olmağı ona təsəlli olub.
9. O, səhhəti ilə əlaqədar olaraq İ qrup əlildir və əlilliyə görə ona pensiya təyin edilmişdir. Son bir neçə ayda pensiyasından tutulma olmağa başlamışdır. Bunun səbəbini araşdırdıqda isə ona məlum olub ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə ondan ümumilikdə 9496,45 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulması qət edilmiş və icraya yönəlmişdir.
10. Bundan sonra dərhal ərizə ilə məhkəməyə müraciət edib və qətnamənin sürətini xx.xx.2022-ci il tarixində məhkəmənin dəftərxanasından götürüb. Qətnamə ilə tanış olarkən müəyyən edib ki, məhkəmə onun kredit borcunun ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul etsə də, ipoteka predmetinin real bazar qiymətini və ilkin satış qiymətini müəyyənləşdirməmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi üçün hər hansı prosessual tədbirlər görülməmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 269.1-ci və 269.7. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.
14. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 39.3 və 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
17. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
20. Apellyasiya şikayətinin məzmunundan və cavabdeh tərəfin apellyasiya baxışı zamanı verdiyi izahatdan görünür ki, şikayətin obyektini əslində, qətnamənin bir hissəsi, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
21. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
22. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
23. Cavabdeh şikayətində məhkəmənin ipoteka predmetinin real bazar qiymətini və ilkin satış qiymətini müəyyənləşdirmədiyini, bunun üçün hər hansı prosessual tədbirlər görülmədiyini göstərsə də, bu dəlillər qətnamənin mübahisələndirdirdiyi hissədə ləğv edilməsi yaxud dəyişdirilməsi üçün əsas ola bilməz.
24. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qanunvericilikdə ipoteka predmetinin ilkin satış qiymətinin iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Birincisi tərəflərin razılaşması; ikincisi qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutmanın yönəldilibyönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar.
25. “Qiymət” anlayışı ilə, “ilkin satış qiyməti” anlayışlarını da eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. Eyni zamanda ilkin satış qiyməti müəyyən edilərkən ipoteka predmetinin bazar qiyməti deyil, likvid dəyərinin əsas götürülməsi Qanunun imperativ tələbidir.
26. Cavabdeh ipoteka qoyduğu avtomobili 40000(qırx min) manata aldığını göstərsə də ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri 10140(on min yüz qırx) manat müəyyənləşdirilmişdir. Demək, cavabdehin göstərdiyi dəlilin əsaslı olmadığını ipoteka müqaviləsində nəzərdə tutulan qiymət də təsdiq edir. Çünki, avtomobilin dəyəri 40000(qırx min) manat idisə ipoteka müqaviləsində ipoteka predmetinin dəyərinin 10140(on min yüz qırx) manat müəyyənləşdirilməsinə razılıq verməsinin səbəblərini cavabdeh tutarlı arqumentlərlə izah etməli idi.
27. Buna baxmayaraq, apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsinin izahatından və təqdim etdiyi sənədlərdən bəlli oldu ki, "xxxx" MMC-nin 17 dekabr 2015-ci il tarixli Hərracın nəticələri haqqında yekun Protokoluna əsasən ipoteka predmeti olan avtomobilin ilkin satış qiyməti "xxxx" MMC tərəfindən 3500 manata qiymətləndirilsə də, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan bank tərəfindən 2232 manata əldə edilmişdir. 28.Deməli, ipoteka predmeti olan avtomobil artıq qətnamənin icrası nəticəsində 6 ildən çoxdur ki, hərracın nəticəsi olaraq əvvəlcə bankın, sonra isə başqa şəxs(lər)in mülkiyyətinə keçmişdir. Ona görə də ipoteka predmeti olmuş və özgəninkiləşdirilmiş avtomobilin hazırki icraat çərçivəsində yenidən ilkin satış qiymətinin müəyyənləşdirilməsi nə mümkün deyil və əhəmiyyəti də ola bilməz, nədəki şikayətin əsaslılığı baxımından hazırki işin nəticəsinə heç bir müsbət təsiri olmayacaqdır.
29. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10835/2014 saylı, 05 noyabr 2014-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10835/2014 saylı, 05 noyabr 2014-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.