Məhkəmə qərarları › İş №2(103)-5077/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5077/2022

24.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5077/2022 24.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh2 və digər cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 və iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilə dəymiş zərər üçün 1512 manat, hər günü 1 manat 50 qəpik olmaqla ödəniş günü tarixinədək dəbbə pulunun, 1280 manat taksi xidmətinə ödənilən vəsaitin "xxxx" ASC-dən, avtomobilin bazar dəyərindən 30% aşağı düşməsinə görə dəymiş 5250 manat, mənəvi zərərə görə 3000 manat Cavabdeh2 və Cavabdeh3, 125 manat dövlət rüsumu, vəkilə ödənilmiş 320 manat xidmət haqqının müştərək qaydada cavabdehlərdən tutularaq X4 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Babazadə, iş №2(004)-1921/22) iddia qismən təmin edilərək, cavabdeh "xxxx" ASC-dən 756 manat sığorta ödənişi, hüquqi xidmətə görə 50 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş 125 manat məbləğində dövlət rüsumunun 10 manatının cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulması qət edilmiş, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində saat 19:30 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində "xxxx" ASC tərəfindən sığortalanmış “Hyundai Elantra” markalı, 90 PY-886 dövlət qeydiyyat nişanlı avtomobilin təqsiri ucbatından V.Qəhramanov tərəfindən idarə olunan “Kia Sportage” markalı, 01-BK981 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində sığortalı “Hyundai Elantra” markalı, 90 PY-886 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 ilə yanaşı, avtomobildə olan sərnişin X1 AR İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə əsasən təqsirli bilinərək məsuliyyətə cəlb edilmişdir. "xxxx" ASC dərhal məlumatlandırılmışdır. Lakin ASC tərəfindən ünvanlanan xx.xx.2022-ci il tarixli cavab məktubunda yalnış olaraq AR “İcbari Sığortalar haqqında” Qanunun 58.3-2ci maddəsinə istinad edilərək sığorta hadisəsinin baş verməsində üçüncü şəxsin də təqsiri müəyyənləşdirildiyi üçün vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azaldılması bildirilmişdir. Bu hadisə üzrə zərərçəkən V.Qəhramanovdur. Bakı şəhər DYPİ tərəfindən aparılmış araşdırmada V.Qəhramanovun təqsirinin olması müəyyən edilməmişdir. Əksinə, ASC-nin sığortalısının təqsiri müəyyən edilərək məsuliyyətə cəlb edilmişdir. O ki qaldı sərnişinin təqsirinə, bu qanun onun üzərinə hər hansı bir məsuliyyət qoymur və sərnişinlə sığortalı arasındakı münasibətlər ayrıca hüquqi mübahisə predmetidir. Sığorta hadisəsindən sonra "xxxx" ASC tərəfindən qüsur aktı təqdim edilməmişdir. ASC ilə əldə edilmiş razılaşmaya əsasən mülkiyyətində olan “Kia Sportage” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil “Kia Service Center”ə yerləşdirilmiş, lakin "xxxx" ASC tərəfindən təmir ilə bağlı sifariş edilmədiyindən avtomobil təmir edilməmişdir. Qüsur aktında avtomobilə dəymiş zərər 1513 manat məbləğində müəyyən olunmuşdur. "xxxx" ASC qeyd edilən məbləği ödəmək istəmədiyindən avtomobili təmir etdirmək məcburiyyətində qaldığından qeyd edilən vəsaiti “Kia Service Center”-ə ödəmişdir. Avtomobili xx.xx.2022- ci il tarixdə servis tərəfindən təhvil verilmişdir. 2 aya yaxın avtomobilinə olan istifadə hüququndan məhrum olmağı ona maddi və mənənvi zərər vurmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək iddiaçı və ailəsi mülkiyyətlərindən istifadə edə bilməmələri nəticəsində taksi xidmətindən istifadə etmişlər. Taksi xidməti fəaliyyəti ilə məşğul olan X7 (Vöen ********** ) xx.xx.2021-ci il tarixli müqavilə bağlayaraq onun xidmətindən istifadə etmişdir. Taksidən istifadə üçün ona 1280 manat (min iki yüz səksən) məbləğində pul ödəmişdir. Ödəmə müqavilə şərtlərinə əsasən köçürmə yolu ilə həyata keçirilmişdir. Bundan başqa "xxxx" MMC tərəfindən “əmlakın qiymətləndirilməsi barədə” xx.xx.2022-ci il tarixində hesabat tərtib edilmişdir. Qeyd edilən ekspert rəyi nəticəsində “Kia Sportage” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətə qaytarılması üçün ümumilikdə 2000 (iki min) manat dəyərində xərc tələb olunduğu və bundan əlavə avtomobil qəza vəziyyətində olduğu üçün ümumi bazar dəyərindən 30% köhnəlmə faizi azaldılaraq orta bazar qiyməti müəyyən edilmişdir. Avtomobilin baş vermiş yol-nəqliyyat qəzasından sonra bazar dəyərinin aşağı düşməsi nəticəsində iddiaçıya ziyan dəymişdir. Bundan başqa iddiaçı hadisə zamanı çöx böyük stres keçirmiş və sığorta ödənişlərinin ödənilməməsinə görə isə əsəb və sıxıntı keçirmişdir. Bu da iddiaçının psixoloji vəziyyətinə mənfi təsir göstərmiş, davam edən hüquqi prosedurlar zamanı keçirdiyi gərginlik, stress, neqativ emosiyalar nəticəsində ona mənəvi zərər dəymişdir. Cavabdeh "xxxx" ASC iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, “Xalq Sığorta" ASC iddiaçıya qüsur aktında göstərilən 1512.6 manat məbləğin yarısını (mütənasib) ödəyəcəyini bildirmişdir. İddiaçı isə bununla razılaşmamışdır. Zərərin yarısı Cavabdeh3 tələb edilməlidir. Göründüyü kimi sığorta ödənişinin verilməsinin gecikdirilməsi iddiaçının özünün təqsiri üzündən baş vermişdir. Həmçinin nəzərə alınmalıdır ki, öhdəliklərin icrası “Təqsirli pozuntu” nəticəsində olmadığı üçün cavabdeh "xxxx" ASC-dən mövcud olmayan pozuntu üçün məsuliyyət (dəbbə pulu ödənilməsi) müəyyən edilə bilməz. İlk növbədə iddiaçının 2 aya yaxın müddətdə avtomobilinə olan istifadə hüququndan məhrum olması nəticəsində ona maddi və mənəvi zərərin dəyməsində “Xalq Sığorta" ASC-nin heç bir təqsiri yoxdur. Belə ki, sığorta ödənişinin verilməsinin gecikdirilməsi iddiaçının özünün təqsiri üzündən baş vermişdir. Digər tərəfdən iddiaçı taksi fəaliyyəti ilə məşğul olan X7 ilə (Vöen ********** ) bağladığı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ona verilmiş 1280 manat vəsaitin ödənildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Hesab edir ki, təqdim edilmiş müqavilə yalnız görünüş məqsədilə bağlanılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, sürücünün qanunla saxlamaq icazəsi olmayan yerdə saxlaması və hamilə qadının arxa qapını açması nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsilə toqquşma baş vermiş, iddiaçının qarşıdakı insana zərər dəyə biləcək düşüncəsi ilə keçirdiyi mənəvi sarsıntı və iztirablar keçirmişdir. Məhkəmə cavabdehlərin günahı ucbatından iddiaçının çəkməli olduğu taksi xərclərini, keçirdiyi stresləri, iztirabları nəzərə almamış, avtomobilin dəyərinin azalması barədə təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi K.Səfərzadə və digər Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, qətnamədən yalnız iddiaçı apellyasiya şikayəti vermiş və şikayətində qətnaməni faktiki olaraq iddianın təmin olunmayan hissəsində mübahisələndirmişdir. Yəni, hazırkı apellyasiya baxışının predmeti iddianın təmin olunmayan hissəsidir və məhkəmə kollegiyası qətnamənin əsaslılığını yalnız həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi "xxxx" ASC-yə qarşı avtomobilə dəymiş zərərlə bağlı 1512 manat pul tələbinin qismən təmin olunması hissəsində ləğv edilməli, həmin hissədə iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmalı, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin hallarından görünür ki, 4 dekabr 2021-ci il tarixdə saat 19.30 radələrində iddiaçının mülkiyyətində olan “Hyundai Elantra” markalı, 90 PY-886 dövlət qeydiyyat nişanlı avtomobil ilə "xxxx" ASC-də sığortalanmış “Kia Sportage” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisəyə görə Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi (dayanma qaydalarını pozma) ilə inzibati qaydada tənbeh edilərək, 20 manat məbləğində cərimə olunmuşdur. Eyni zamanda həmin hadisə üzrə “Kia Sportage” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sərnişini Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsi (sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulması) ilə inzibati qaydada tənbeh edilərək, 30 manat məbləğində cərimə olunmuşdur. İddiaçı "xxxx" ASCyə sığorta ödənişi ilə bağlı müraciət etmiş, onun müraciətinə "xxxx" ASC tərəfindən cavab olaraq dəymiş zərərin sığortaçı tərəfindən ödənilməmiş hissəsinin zərərvuran sərnişindən məhkəmə qaydasında tələb etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının iddiaçının vəkilinə ünvanladığı 16 fevral 2021-ci il tarixli məktuba əsasən yol-nəqliyyat hadisəsi nəticəsində “Kia” markalı avtomobilə dəymiş zərərə görə müəyyən edilmiş 1512 manat məbləğə mütənasiblik tətbiq edilməklə 756 manat məbləğində sığorta ödənişinin sığorta aktı imzalandıqdan sonra ödəniləcəyi bildirilmişdir. Bu səbəbdən baş vermiş sığorta hadisəsi zamanı Qanunun 58.3-2-ci maddəsinə əsasən sərnişinin də təqsiri müəyyən edildiyindən sığorta ödənişi məbləğinin təqsirin dərəcəsinə mütənasib olaraq ödənilməsi üçün sığortaçıya müraciət edilməsi tövsiyə olunmuşdur. xx.xx.2022-ci il tarixli müqavilədən müəyyən olunur ki, Sifarişçi İddiaçı Kia Sportage markalı avtomobil qəza zamanı çəkilən xərc və ümumi orta bazar qiymətinin müəyyənləşdirilməsi müqabilində icraçıya bu müqavilənin müəyyən etdiyi şərtlər əsasında ƏDV olmaqla minik avtomobilinin qiymətləndirilməsi üçün 150 manat dəyərində məbləğ ödəməyi, icraçı isə müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun xidmətlərin yerinə yetirilməsini və təhvil verilməsini öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin qüsur aktına əsasən Kia Sportage markalı, ** BK ***dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan - görülməli işlərin və xidmət haqqının dəyəri 1512,60 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC-yə 1512,60 manat məbləğində ödəniş edilmişdir. Əmlakın Qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli hesabatdan müəyyən olunur ki, avtomobilin normal vəziyyətə qaytarılması üçün ümumilikdə 2000 (iki min) manat dəyərində xərc tələb olunur və bundan əlavə avtomobil qəza vəziyyətində olduğu üçün ümumi bazar dəyərindən 30% köhnəlmə faizi azaldılaraq orta bazar qiyməti müəyyən edilir. xx.xx.2021-ci il tarixdə İddiaçı taksi xidməti fəaliyyəti ilə məşğul olan X7 (VÖEN **********) ilə müqavilə bağlamış, icraçı sifarişçiyə nəqliyyat xidmətləri göstərməyi sifarişçi isə günlük 32 manat icraçıya haqq ödəməyi qəbul etmişdir. İddiaçı X5 hesabına 1280 manat ödəniş etmişdir. xx.xx.2022-ci il tarixli 139 saylı hüquqi yardımın göstərilməsi barədə müqavilədən və xx.xx.2022-ci il tarixli 20800 nömrəli qəbzdən görünür ki, hüquqi yardımın qiyməti 110 manat müəyyən edilmiş və İddiaçı tərəfindən 110 manat məbləğində ödəniş edilmişdir. İddiaçının tələbi 2 (iki) hissədən ibarətdir. Birinci hissədə tələb "xxxx" ASC-yə, ikinci hissədə isə Cavabdeh2 və Cavabdeh3 qarşı yönəlmişdir. Birinci hissədə tələb avtomobilə dəymiş zərər üçün 1512 manat, hər günü 1 manat 50 qəpik olmaqla ödəniş günü tarixinədək dəbbə pulunun, 1280 manat taksi xidmətinə ödənilən vəsaitin "xxxx" ASC-dən tutulması barədədir. İkinci hissədə tələb isə avtomobilin bazar dəyərindən 30% aşağı düşməsinə görə dəymiş 5250 manat, mənəvi zərərə görə 3000 manat Cavabdeh2 və Cavabdeh3 tutulması barədədir. İddiaçı eyni zamanda məhkəmə xərclərinin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 922, 925, 926, 1096, 1097, 1108-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi iddianı "xxxx" ASC-yə qarşı avtomobilə dəymiş zərərə görə 1512 manat pul tələbinə aid hissədə qismən əsaslı saymış və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı sığorta ödənişinin tam həcmdə cavabdeh "xxxx" ASC tərəfindən ödənilməli olmasını iddia etsə də, həmin tələb qismən təmin edilməli, üçüncü şəxsin məsuliyyəti nəzərə alınmaqla sığorta ödənişi mütənasib şəkildə azaldılaraq cavabdeh "xxxx" ASC-dən 756 manat sığorta ödənişi tutularaq iddiaçıya ödənilməlidir. Sığortaçı sığorta ödənişini iddiaçının təklifi qəbul etməməsi səbəbindən ödəmədiyindən bu hal gecikdirmə kimi qiymətləndirilməməli və iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “1280 manat taksi xidmətinə ödənilən vəsaitin "xxxx" ASC-dən tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, sığorta ödənişi iddiaçının cavabdehin təklifi ilə razılaşmaması səbəbindən ödənilmədiyindən, eləcə də hər kəsin könüllü müqavilə bağlamaq hüququ olduğundan və iddiaçının taksi xidmətindən istifadə ilə bağladığı müqavilə də könüllü xarakter daşıdığından göstərilən məbləğin cavabdeh "xxxx" ASC-dən tələb etməkdə haqlı olmadığı qənaətinə gəlmiş və bu hissədə iddianı təmin etməmişdir. Avtomobilin dəyərinin aşağı düşməsinin birbaşa baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı olması əsaslı deyildir, hər bir halda istismar olunan avtomobilin qiymətinin dəyişməsi mümkün olan vəziyyətdir, avtomobilə dəymiş ziyan da 1512,60 manat məbləğində dəyərləndirilmiş və iddiaçı da bu məbləğlə razılaşmışdır. İddiaçı tərəfindən cavabdehlərin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası "xxxx" ASC-yə qarşı avtomobilə dəymiş zərərə görə 1512 manat pul tələbi istisna olmaqla qalan hissələrdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin hissələrdə işin halları düzgün müəyyən olunmuş və maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, Kollegiya sığortaçının sığorta ödənişini iddiaçının təklifi qəbul etməməsi səbəbindən ödəmədiyini gecikdirmə kimi qiymətləndirmır, dəbbə pulunun tutulması üçün əsas hesab etmir. Həmçinin iddiaçı taksi xidmətindən istifadə ilə bağladığı müqavilə də könüllü xarakter daşıdığından göstərilən məbləği cavabdehdən tələb etməkdə haqlı deyildir. Avtomobilin dəyərinin aşağı düşməsinin birbaşa baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı olması da əsaslı deyildir, hər bir halda istismar olunan avtomobilin qiymətinin dəyişməsi mümkün olan vəziyyətdir, avtomobilə dəymiş ziyan da 1512,60 manat məbləğində dəyərləndirilmiş və iddiaçı da bu məbləğlə razılaşmışdır. İddiaçı tərəfindən cavabdehlərin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından mənəvi zərərin ödənilməsi üçün də əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin "xxxx" ASC-yə qarşı avtomobilə dəymiş zərərə görə 1512 manat pul tələbinin qismən təmin olunması hissəsində gəldiyi nəticəni isə məhkəmə kollegiyası aşağıdakılara görə əsassız sayır və hesab edir ki, qətnamə həmin hissədə ləğv olunmalı və avtomobilə dəymiş zərərə görə 1512 manat pul tələbi tam təmin edilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə işin hallarına uyğun deyil və bu baxımdan həmin hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Qeyd olunan maddənin dispozisiya şərtlərindən göründüyü kimi hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. İş üzrə iddiaçıya zərərin vurulduğu, bu zərərin cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulduğu, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması işin mübahisəsiz və aşkar halıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Həmin Qanunun 58.3-2-ci maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Qanunun tələblərindən göründüyü kimi, üçüncü şəxslərin baş vermiş hadisədə təqsiri müəyyən edilərsə, sığorta ödənişi ödənilərkən onun məbləği mütənasib olaraq azaldılmalıdır. Qanunun mənasından görünür ki, şəxsin sığorta hadisəsi üzrə üçüncü şəxs sayılması üçün aşağıdakı şərtlər olmalıdır: sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri olmamalı, sığorta müqaviləsinin tərəfi olmamalı, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkməli, sığorta ödənişi almaq hüququna malik olmalıdır. Baxılan iş üzrə iddiaçının əmlakına ziyan vurulmasında cavabdehin sığortaladığı şəxsə məxsus avtomobildə olan sərnişin Cavabdeh3 da təqsirli olsa da, həmin şəxs sığorta hadisəsi üzrə zərər çəkən şəxs deyildir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən üçüncü şəxs həmçinin o şəxs hesab edilir ki, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəksin. Belə olan halda sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyən deyildir. Ona görə də “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 58.3-2-ci maddəsinin tətbiqi üçün əsas da yoxdur. Mülki Məcəlləyə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər (maddə 1097.1 və 1097.3). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyinisübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (maddə 1108.1). İş materiallarında olan "xxxx" MMC-nin qüsur aktından görünür ki, Kia Sportage markalı, ** BK ***dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan - görülməli işlərin və xidmət haqqının dəyəri 1512,60 manat təşkil edir. Həmin məbləğ cavabdeh "xxxx" ASC tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına tətbiq etməklə hesab edir ki, iddia tələbi 1512 manat maddi zərərin cavabdeh ASC-dən tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı 1512 manat zərər hissəsində öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli qətnaməsi qismən – "xxxx" ASC-yə qarşı avtomobilə dəymiş zərərə görə 1512 manat pul tələbinin qismən təmin olunması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tam təmin olunsun. Cavabdeh "xxxx" ASC-dən 1512 (min beş yüz on iki) manat sığorta ödənişi tutularaq İddiaçı verilsin. Qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamənin Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinin rədd olunması hissəsindən qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar