Məhkəmə qərarları › İş №2(103)-5078/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5078/2025

30.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5078/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5078/2025 (Açar sözlər: əsassız varlanma nəticəsində əldə edilən pulun qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsassız varlanma nəticəsində əldə edilən pulun qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1666/2025 nömrəli 02 iyul 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 30 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər bacıdırlar. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xahişi ilə sonuncuların Bakı şəhərində yaşayış evi əldə etməsinə kömək məqsədilə 75.000 manat məbləğində pul vəsaiti vermişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 75000 manat pulun, ödənmiş 315 manat dövlət rüsumunun, 350 manat vəkil orderi üçün çəkilən xərcin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü il mart ayının sonlarında bacısı Cavabdeh1 ona müraciət edərək, digər bacısı Cavabdeh2 Bakı şəhərindən ev almaq istədiyini, bunun üçün 75000 manat pula ehtiyacı olduğunu bildirmişdir. Xahiş etmişdir ki, bacısına kömək etsin, 75000 manat pul versin, Cavabdeh2 ev alsınlar, 2- 3 ay ərzində bacısı Cavabdeh2 rayondakı evini sataraq, pulunu geri qaytaracaqlar. Sonra o, digər bacısı Cavabdeh2 ilə də danışmış, o da eyni ilə köməklik etməyini xahiş etmiş və söz vermişdir ki, 2-3 aya rayondakı evini satıb pulunu geri qaytaracaq. O, onlara etibar edib, razı olmuş və Cavabdeh1 75000 manat pul vermişdir. Pulu Cavabdeh1 onun evində - Bakı şəh., Binə qəs., F.Aynulov küç., ev 36-da vermişdir. Pulun verilməsində şahid qismində X2, X5, X3, X6 iştirak etmişlər. Bundan sonra həmin pulla bacısı Cavabdeh2 ünvan 1 ünvanında yerləşən evi almışlar. Hətta evi almaqları şərəfinə qonaqlıq da vermişlər, ancaq, bu günə qədər ona bir qəpik belə pul qaytarmamışlar. Artıq bir il olacaq ki, dəfələrlə tələb etsə də, pulunu geri qaytarmırlar. Cavabdeh2 nə rayondakı evlərini satmaq fikirlərinin, nə də pulunu geri qaytarmaq fikirlərinin olmadığını bildirir. Rayondakı evi kirayə verib ordan da gəlir əldə edirlər. Bu yaxınlarda Cavabdeh2 əri X4 “Ford” markalı maşın da satın alıb. Cavabdeh2 pul verməyini ilk xahiş edən və pulu birbaşa verdiyi Cavabdeh1 isə bildirir ki, o pulla Cavabdeh2 ev almışlar, pulu qaytarmır. Beləliklə, cavabdehlər əsassız olaraq onun hesabına varlanıblar, mülk, əmlak əldə ediblər. O isə hazırda maddi cəhətdən olduqca ziyana düşmüşdür, əgər o, həmin vaxt 75000 manata ev alsaydı indi 95000 manata sata bilərdi. Bu o deməkdir ki, hətta onun minlərlə manat əldən çıxmış faydası var.

4. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 bildirmişdir ki, o, telefon söhbətinə şahid olmuşdur. Həmin vaxt Mehribangilin bağında idi, bacısı Rəna ilə danışırdı. Dedi ki, Radə evi satmaq istəyir, amma Mehriban razılaşmadı. Mehriban təklif elədi ki, pulu borc kimi versin. Telefondakı Şakir bəy idi, borc pul istəyirdi, bildirdi ki, Radəyə nəsə olsa o, cavabdehlik daşıyır. Mehribanın münasibəti Radə ilə soyuq olsa da digərləri bağa gedib gəlirdilər. Radənin uşaqları ilə problemi var idi.

5. Şahid qismində dindirilmiş X10 bildirmişdir ki, Mehriban pulu borc olaraq yox, evi almaq üçün verib. Ailə içində söhbət elədilər, bir dəfə dedilər, o da razılaşdı. 75.000 manat verib həmin evi alıb, sonra niyə problem olduğunu bilmədi.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-1666/2025 nömrəli 02 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia qismən təmin edilmiş, Cavabdeh2 75000 manat pulun, ödənmiş 315 manat dövlət rüsumunun, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 350 manat xərc olmaqla, ümumilikdə 75665 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iş üzrə sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xahişi ilə sonuncuların Bakı şəhərində yaşayış evi əldə etməsinə kömək məqsədilə 75.000 manat məbləğində pul vəsaiti vermişdir. Bu vəsaitin verilməsi faktını tərəflərin izahatları və işdə dindirilmiş şahidlərin ifadələri təsdiqləyir. Cavabdeh1 Səttar qızının izahatı da iddiaçının göstərdiyi hallarla üst-üstə düşür. Belə ki, cavabdeh açıq şəkildə təsdiq etmişdir ki, 75.000 manat pul alınmış və bu vəsaitlə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən ev alınıb. Pulun əvvəlcə ona verildiyini, daha sonra isə bacısı Cavabdeh2 Səttar qızına çatdırıldığını qeyd etmişdir. Bu izahatda göstərilir ki, iddiaçı alqı-satqı prosesində iştirak etməsə də, vəsaitin verilməsi və evin alınması gerçək faktlardır. Eyni zamanda, həmin evin kommunal xidmətlərinə dair sənədlərin onun adında olması, iddiaçı tərəfindən bu əmlakın real istifadəsini təkzib edir. Digər Cavabdeh2 Səttar qızı isə iddianı qəbul etməyərək bildirmişdir ki, əslində rayonda yerləşən evini iddiaçıya satmış, pulu isə bu satışdan almışdır. Bu izahatda qeyd edilir ki, Bakı şəhərindəki ev həmin satış müqabilində alınmış və bu günə qədər də Ağcabədi rayonundakı evi kirayəyə verilərək aylıq 250 manat gəlir gətirir. Lakin, cavabdeh eyni zamanda etiraf edir ki, həmin kirayə gəlirini hal-hazırda özü alır və bu faktla əmlaka sahibliyini təsdiqləmiş olur. Bununla cavabdehin həm mülkiyyətdən istifadə etdiyi, həm də ondan fayda götürdüyü aşkar edilmişdir. İddiaçı tərəfindən pulun borc kimi verildiyi iddiası şahid ifadələri ilə də təsdiqlənmişdir. Eyni zamanda, cavabdehlərin iddiaçının həmin məbləği borc deyil, əvəzsiz və ya əvəzli əmlak alışı məqsədilə verdiyini sübut edə bilməməsi, əksinə, pulun verilməsi, qarşılığında vədin verilməsi, evin alınması və hazırda istifadəsi hallarının təsdiqi iddianın əsassız varlanma tələbi üzrə təmin olunmasını şərtləndirir.

8. Cavabdehlər tərəfindən təqdim edilən “rayondakı evin satışına dair” izahatlar isə sübutlarla təsdiq olunmamış, hər hansı alqı-satqı müqaviləsi, bank köçürməsi və ya notarial təsdiqli sənəd təqdim edilməmişdir. Sadəcə ümumi izah və fərziyyə xarakterli müdafiə mövqeyi nümayiş etdirilmişdir. Cavabdehlərin öz izahatlarında da vəsaitin alındığı, evin bu vəsaitlə alındığı və bu gün həmin əmlakdan istifadə edildiyi aydın şəkildə bəlli olur. Bu isə Mülki Məcəllənin 1091.1-ci maddəsinə uyğun olaraq “əsassız varlanma” anlayışının bütün hüquqi əlamətlərini daşıyır. Bundan əlavə, iddiaçının göstərdiyi kimi, əgər həmin məbləğlə özü ev alsaydı, bir ildən sonra onu baha sataraq əlavə gəlir də əldə edə bilərdi ki, bu da onun faktiki əldən çıxmış faydasını göstərir. Bu baxımdan, iddiaçının vəsaiti borc olaraq verdiyini təsdiq edən şahid ifadələri, tərəflərin öz etirafları və cavabdehlərin ziddiyyətli və sübutsuz müdafiəsi müqabilində iddianın təmin olunması qanuni və əsaslı hesab edilməlidir.

9. Məhkəmə hesab etmişdir ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu tam ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə ki, cavabdehlər məhkəmə iclasında hazırda idiaçıdan 75000,0 manat pul aldıqlarını etiraf etmişlər. Beləliklə, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdehlər tərəfindən etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır.

10. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 iddiaçıdan pulu alıb Cavabdeh2 verməsi işin mübahisəsiz halı olduğundan iddiaçının Cavabdeh1 münasibətdə iddiası təmin edilməməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 445.2, 448.1, 739.1, 739.2, 1091, 1092.1, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 52.2, 76.1, 77.1, 88, 106.1, 217.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, rayonda yerləşən evi iddiaçıya satmışdır, iddiaçı heç bir halda ona borc pul verməmişdir, yəni iddiaçının verdiyi pul rayondakı evi almaq məqsədi daşımışdır. Məhkəmə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

19. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

20. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

21. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

22. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

26. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Qətnamədən Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. İddiaçı və cavabdehlər bacıdırlar.

36. İddiaçı Cavabdeh2 Bakı şəhərində ev almaq üçün 75.000 manat borca pul verdiyini iddia etmiş, sonuncu isə iddiaçı tərəfindən ona hər hansı borc pul verilmədiyini, həmin pulun müqabilində isə iddiaçıya Ağcabədi rayonunda yerləşən evini satdığını bildirmişdir.

37. Tərəflərin izahatları, şahidlərin ifadələri ilə müəyyən edilir ki, iddiaçı cavabdehlərin xahişi ilə sonuncuların Bakı şəhərində yaşayış evi əldə etməsinə kömək məqsədilə 75.000 manat məbləğində pul vəsaiti vermişdir.

38. Göründüyü kimi tərəflər arasında borc münasibətləri olmuş, lakin qanunvericilikdə nəzərdə tutulmuş forma tələblərinə uyğun rəsmiləşdirilməmişdir.

39. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

40. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

41. Tərəflər arasında olan borc münasibətləri nəzərdə tutulmuş formada rəsmiləşdirilmədiyindən etibarsız (əhəmiyyətsiz) əqddir.

42. Belə olan halda, Cavabdeh2 75.000 manat pulu əhəmiyyətsiz əqd üzrə əldə etməklə əsassız varlanmışdır, ona görə də, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əldə etdiklərini qaytarmalıdır.

43. Kollegiya onu da qeyd edir ki, hətta 75.000 manat tərəflər arasında Cavabdeh2 məxsus Ağcabədi rayonunda yerləşən yaşayış evinin alqı-satqına görə verilməsi təsdiq olunsaydı belə, həmin əqd də eyni əsasla (əqdin forma tələblərinə riayət olunmaması) əhəmiyyətsiz hesab olunaraqa restitusiya tətbiq olunmalı idi.

44. Başqa sözlə, hər iki halda (borc və ya alqı-satqı) əqd etibarsızdır və həmin əqd üzrə alınanlar geri qaytarılmalıdır. Hazırki halda isə müəyyən olunur ki, Ağcabədi rayonundakı yaşayış evi Cavabdeh2 istifadə və sahibliyindədir.

45. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1666/2025 nömrəli iş üzrə 02 iyul 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar