Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5082/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının vəkili X5, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi X7 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3000/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən üçüncü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın və onunla əlaqədar verilmiş texniki pasportun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 3 mərtəbəli evə dair Bakı şəhəri Yasamal RİH-in xx.xx.2004-cü il tarixli sərəncamı ilə order verilmiş, onun əsasında xx.xx.2009-cu il tarixdə mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçının həyat yoldaşı X12 xx.xx.2005-ci ildə alqı-satqı müqaviləsinə əsasən 3-cü mərtəbədə 2 otağı X2. Müseyib Qarayev xx.xx.2005-ci ildə həmin 2 otağın birini X1. xx.xx.2009-cu ildə iddiaçı həmin otağı Abbas Xalıqverdiyev ilə rəsmi notarial qaydasında özünə məxsus otaq ilə dəyişmişdir. İddiaçı hesab edir ki, Müseyib Qarayevin adına verilmiş xx.xx.2010-cu il tarixli seriya MA ******* nömrəli çıxarış qanunsuz verilmişdir. Çünki, Müseyib Qarayev 3-cü mərtəbədəki 1 otağı satıb və ona yalnız 1 otaq məxsusdur. O, satılan otağını öz otağı ilə birləşdirib ortadan arakəsmələri özbaşına götürüb və nəticədə həmin 2 otağa çıxarış almışdır. Yəni, satdığı otağı da öz otağına birləşdirmişdir. Qeyd edilənlərə əsasən MA seriyalı ******* nömrəli çıxarışın və onunla əlaqədar verilmiş **********59-05101-093002 nömrəli texniki pasportun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3000/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən narazı qalan üçüncü şəxs X10 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi, ekspert və hakim barəsində xüsusi qərardad çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının kobud pozulması, iddiaçının subyektiv hüququ olmadan qəbul edilmişdir. Onun təqdim etdiyi texniki pasportdakı göstəricilərlə ekspertə təqdim edilən texniki pasportda qeyd edilən göstəricilər arasında kəskin fərqlər mövcuddur. İddiaçının əri Natiq Əliyev 3-cü mərtəbədə yerləşən ona məxsus ümumi sahəsi 131.3 kv.m-dən ibarət 2 otağını Müseyib Qarayevə satmış, sonuncu isə həmin 2 otaqdan ümumi sahəsi 40 kv.m olan 1 otağı Abbas Xalıqverdiyevə satmışdır. Sonuncu isə həmin otağı iddiaçı ilə dəyişdirmişdir. Adi riyazi hesablama əsasında 131.3 kv.m (iki otaqlı mənzilin sahəsi) 40 kv.m (bir otaqlı mənzilin sahəsi) və 91.3 kv.m (Müseyibdə qalan 1 otaqlı mənzilin sahəsi) olduğu aydın olar. İddiaçının iddia etdiyi öz təsdiqini tapmış olsa idi, mübahisəli 40 kv.m sahə ilə bağlı Müseyib Qarayevə verilmiş çıxarışın ləğvini tələb edə bilərdi. Məhkəmə iddia ərizəsini prosessual qanunvericiliyin tələblərinə cavab verməsə də, icraata qəbul etmişdir. Onu üçüncü şəxs qismində cəlb edərək qarşılıqlı iddia vermək hüququndan məhrum olmuşdur. İddiaçının tələbi Müseyib Qarayev tərəfindən Abbas Xalıqverdiyevə məxsus 40 kv.m sahədən ibarət 1 otağın zəbt edilməsi ilə bağlı olsa da, məhkəmə iddia tələbindən kənara çıxmaqla qətnamə qəbul etmişdir. xx.xx.2005-ci ildə tərtib edilmiş texniki pasportda 3-cü mərtəbədə ümumi sahəsi 131.4 kv.m tikili mövcuddur. Həmin tikilidə olan 40 kv.m sahə Müseyib Qarayevin adına tərtib edilmiş 2009-cu il tarixli texniki pasportda öz əksini tapmır. İddiaçı qeyd edir ki, guya həmin tikili Natiq Əliyev tərəfindən 2007-ci ildə sökülmüşdür. İddiaçının iddia qaldırmağa subyektiv hüququ və mübahisəli otaq mövcud olmadığından bu işə məhkəmədə baxılmalı deyildir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1183/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə üçüncü şəxs X6 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-1206/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi,Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1183/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X9 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını hər hansı üzürlü səbəb olmadan təmin etmədiyindən məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli,Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3000/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi iş üzrə icraata xitam verilməklə ləğv edilməlidir. Belə ki, kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənlərlə yanaşı həmçinin mübahisənin məhkəmə aidiyyatı məsələsini də müzakirə etməli, mübahisənin ümumi, yaxud inzibati məhkəməyə aid olmasını müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Belə ki, iddia tələbindən göründüyü kimi, iddiaçı hazırkı tələbində ünvan 1 ünvanda yerləşən 3 mərtəbəli evə dair verilmiş MA seriyalı ******* nömrəli çıxarışın və onunla əlaqədar verilmiş **********59-05101-093002 nömrəli texniki pasportu mübahisələndirir və tələbində həmin sənədlərin ləğv edilməsini göstərmişdir. İddiaçı tələbində həmin sənədlərin verilməsinə əsas olmuş hər hansı bir halı deyil, məhz həmin sənədlərin düzgünlüyünü mübahisələnirir ki, bu barədə sənədlərin ləğvi barədə tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddiaçının tələbinin faktiki əsasını üçüncü şəxs Müseyib Qarayevə daşınmaz əmlakın dövlət reyestrindən hazırda mübahisələndirilən çıxarış və texniki pasport verilərkən həmin sənədlərdə sonuncunun mülkiyyətində olan tikililərin sahəsi ilə bağlı məlumatların texniki pasporta düzgün daxil edilməməsi təşkil edir. Bu tələb də haqlı olaraq həmin qeydiyyatı aparan orqana qarşı yönəldilmiş və tələb düzgün olaraq sənədlərin ləğvi kimi qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 və 139.3-cü madəllərinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə əsasən qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 20 gündən gec olmayaraq daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və dövlət reyestrindən çıxarış verir. Bundan başqa işdən görünür ki, tələbini cavabdeh kimi mübahisəli fərdi yaşayış evinə dair çıxarışı və texniki pasportu verən orqan kimi DƏDRX-yə yönəltmiş və həmin orqan tərəfindən sənədlərin düzgün verilmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almamış mübahisənin ümumi, yaxud inzibati məhkəməyə aid olmasını müzakirə etməmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin qərarın 5.1-ci bəndinə görə, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Kollegiya qeyd edir ki, qanunverici mübahisənin ümumi məhkəməyə və ya inzibati məhkəməyə aid olmasını müəyyən edərkən işdə iştirak edən şəxslərin subyektiv tərkibinin, mübahisənin predmetinin və ya hüquq münasibətlərinin xarakterinin nəzərə alınmasını tələb edir. Fiziki şəxs olan iddiaçının tələbindən müəyyən olunur ki, o, çıxarışın və onunla əlaqədar verilmiş texniki pasportun ləğv edilməsini tələb edir. Bu isə o deməkdir ki, iddia tələbi cavabdeh kimi mübahisəli fərdi yaşayış evinə dair çıxarışı və texniki pasportu verən orqan kimi DƏDRX-yə yönəldiyindən və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti inzibati orqan olduğundan mübahisəyə ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən bu halda iş üzrə icraata xitam verilməlidir. Həmin maddəyə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3000/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi iş üzrə icraata xitam verilməklə ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 384.0.4, 385.1.1, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a aldı: Üçüncü şəxs X6 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3000/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi iş üzrə icraata xitam verilməklə ləğv edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5082/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5082/2020
29.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver