Məhkəmə qərarları › İş №2(103)-5082/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5082/2022

27.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5082/2022 27.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili X1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinədair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-856/2021 saylı, 10 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda əks olunan Cavabdeh1 və Cavabdeh2 Rahil oğlundan 37.100 ABŞ dolları (63.070 manat) tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Türkiyədən Azərbaycan Respublikasına aspiratir elektrik cihazı gətirmək məqsədilə gömrük rəsmiləşdirilməsi işini bilən şəxs axtararkən Nəcəfli Azərlə məsləhətləşmiş, Azər ona belə bir tanışının olmasını bildirmiş, onu və onunla bu işdə əməkdaşlıq edən X2 Cavabdeh1 ilə tanış etmişdir. Daha sonra, X4 ilə birlikdə Cavabdeh1 Xətai rayonu ərazisində yerləşən “Ağa center” biznes mərkəzində yerləşən ofisinə gedərək, həmin mərkəzin 7-ci mərtəbəsinin 705 saylı otağında Cavabdeh1 ilə tanış olaraq malların gətirilməsi ilə əlaqədar sifariş vermişlər. Ayrıayrı vaxtlarda Anar 20.000 ABŞ dolları və 18.000 ABŞ dolları məbləğində ödəniş edərək, Cavabdeh1 vasitəsilə Azərbaycana malların gətirilməsini təmin etmişdir. Üçüncü dəfə Anar və İlham gömrüklə bağlı işlərini ona həvalə etdiyi zaman cavabdeh əminliklə, əvvəllər olduğu kimi işi vaxtı-vaxtında, həmçinin köçürmələri də vaxtında edəcəyini və malları rəsmiləşdirərək təhvil verəcəyini vəd etmişdir. X4 13 avqust və 16 avqust 2020-ci il tarixlərdə “Ağa center” biznes mərkəzinə gedərək, həmin mərkəzin 7-ci mərtəbəsinin 705 saylı otağında müvafiq olaraq 20.000 ABŞ dolları və 17.100 ABŞ dolları olmaqla, ümumilikdə 63.000 manat gömrük rəmilədirilməsi üçün Cavabdeh1 ödəniş etmişdir. Həmin məbləği Cavabdeh1 özünün mühasibi kimi təqdim etdiyi Ramilə adlı şəxsə vermişdir. Bununla yanaşı qeyd etmişdir ki, bütün bank köçürmələri Cavabdeh2 Rahil oğlunun Cavabdeh1 verdiyi etibarnamə əsasında edilmişdir. Həmin şəxslə əlaqə saxlandıqda isə həqiqətən Cavabdeh1 etibarnamə verdiyini təsdiqləmişdir. Cavabdeh1 pulu aldıqdan sonra ilkin olaraq bank köçürmələrində problemlər olduğunu bildirmiş, daha sonra telefon zənglərinə cavab verməyərək, atasının ölümünü əsas gətirərək məsələnin yaxın zamanda həll ediləcəyini bildirmişdir. Lakin onun bankla əlaqədar təqdim etdiyi sənədlərin saxta olması, ardıcıl olaraq yalan danışması və daha sonra bütün telefon nömrələrini söndürərək, ünsiyyətdən qaçması ciddi şübhələr yaratmışdır. Bakı şəhəri Xətai rayon Polis İdarəsində aparılan araşdırma zamanı məlum olmuşdur ki, həqiqətən də Cavabdeh1 malların dəyərini ödəmək məqsədilə 37.100 ABŞ dolları məbləğində pul vəsaitini ondan almış, lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ödəniş tapşırığını icra etməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(007)- 856/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 37.100 ABŞ dolları qətnamənin icra edildiyi günə olan manata məzənnəsi ilə tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək qətnaməsini ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, pulun ondan tələb edilməsinin hüquqi əsası yoxdur. Çünki o, iddiaçı qarşısında heç bir öhdəlik götürməmişdir. Həmçinin, iddiaçıya qarşı heç bir qanunsuzluq və cinayət xarakterli hərəkət etməməsi Xətai rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 12 oktyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla təsdiq edilir. Hesab edir ki, məhkəmənin iddianın təmin edilməsi ilə bağlı mövqeyi tamamilə qanunsuz və əsassız olmuşdur. Məhkəmə öz mövqeyini əsaslandırmamış və işin faktiki hallarını nəzərə almamışdır. O, heç bir mülki hüquq pozuntusuna yol verməmişdir. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu olmadığı üçün ondan ziyanın ödənilməsinin tələb edilməsinin hüquqi əsası olmamışdır. Lakin məhkəmə qeyd olunan halı nəzərə almamışdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutları əlaqələndirməmişdir. Həmçinin, apelyator qeyd etmişdir ki, o, İddiaçı tanımamış və onunla malların gətirilməsi ilə bağlı hər hansı bir razılaşması olmamışdır. Eləcə də, Cavabdeh1 guya 13-16 avqust 2021-ci il tarixlərdə 37.100 ABŞ dolları onun bank hesabına köçürməsi, malların pulunun onun bank hesabında sərəncam olması səbəbi ilə vergi borcuna silinməsi və ona görə də İddiaçı pulunun «Kırgın Ankastri» şirkətinin bank hesabına köçürülə bilməməsi ilə bağlı qeyd olunanlar həqiqəti əks etdirmir və məhkəmə bu hissədə araşdırma aparmamışdır. Belə ki, onun 16.08.202-ci ildə dövlət büdcəsinə 10510,60 manat vergi borcu olmuş və həmin məbləğ xx.xx.2020-ci il tarixdə təqdim edilmiş ƏDV bəyənnaməsinə uyğun olaraq aparılmış əvəzləşdirmə əməliyyatı ilə silinmişdir. Bildirir ki, Cavabdeh1 tərəfindən iddiaçıdan alınmış 37.100 ABŞ dolları məbləğində pul vəsaiti onun bank hesabına mədaxil edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi 2(103)-10826/2021 saylı 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh2 kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2162/2022 saylı 05 may 2022-ci il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş; hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10826/2021 saylı 09 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı Cavabdeh2 nümayəndəsi-vəkili şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi-vəkili şikayətə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Günay pulu Rəşadın bank hesabına küçrmüşdür. Lakin bunu təsdiq heç bir sənəd yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq iddiaçı və nümayəndəsi-vəkili məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsivəkili Vəkil1 isə məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə bağlı prosesin təxirə salınmasını xahiş etmişdir. İşin halları, həmçinin, prosesin təxirə salınmasını xahiş edən şəxsin ərizəsində qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də əvvəlki məhkəmə iclasında izahat verildiyi və şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə təsdiq olunur ki, iddiaçı üçün Türkiyə Respublikasından aspirator elektrik cihazlarının gətirilməsi məqsədi ilə fiziki şəxs Cavabdeh2lə “Girgin Ankastre” şirkəti ilə müqavilə bağlanmışdır. Lakin iş materiallarında bu məzmunda müqavilə aşkar edilmir. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021ci il tarixli protokolunda iddiaçının vəkili Vəkil1 tərəfindən satış sözləşməsinin surətinin məhkəmə kollegiyasına təqdim olunması göstərilməsinə baxmayaraq, bu sənəd iş materiallarına əlavə olunmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi bildirmişdir ki, hazırki mübahisə üzrə Cavabdeh1 Cavabdeh2 təmsil etmiş, sonuncunu təmsil edərkən köçürməni təyinatı üzrə icra edə bilməməsi onun təqsirli hərəkəti nəticəsində baş verməmişdir. Lakin iş materiallarında Cavabdeh1 Cavabdeh2 təmsil etməsi barədə sübut yoxdur. Belə ki, əqdlərdə təmsilçilik qaydaları qanunvericiliklə dəqiq tənzimlənir. Ümumi qaydaya görə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər (Mülki Məcəllənin 359.1-ci maddəsi). İddiaçının və birinci instansiya məhkəməsinin sübut kimi istinad etdiyi Cavabdeh1 izahatları, Cavabdeh1 ilə Cavabdeh2 arasında olan münasibətləri kommersiya təmsilçiliyi kimi xarakterizə edir. Mülki Məcəllənin kommersiya təmsilçiliyindən bəhs edən 361-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti sahəsində müqavilələr bağlanarkən sahibkarları daimi və müstəqil surətdə təmsil edən şəxs kommersiya təmsilçisi sayılır. Kommersiya təmsilçiliyi yazılı formada bağlanmış və təmsilçinin səlahiyyətlərinin göstərildiyi müqavilə əsasında, belə göstərişlər olmadıqda isə həmçinin etibarnamə əsasında həyata keçirilir. Mülki Məcəllənin 362.1-ci maddəsində deyilir ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Göründüyü kimi təmsilçiliyi təsdiq edən sübut Cavabdeh2lə Cavabdeh1 arasında yazılı formada bağlanmış və təmsilçinin səlahiyyətlərinin göstərildiyi müqavilə, yaxud etibarnamə ola bilər. Ancaq bu cür sübutlar işdə yoxdur. Bundan başqa, məhkəmələrin iddianı təmin edərkən yekdil olaraq əsaslandıqları faktiki hal ondan ibarət olmuşdur ki, 37100 ABŞ dolları məbləğdə pul İddiaçı tərəfindən Cavabdeh1 vasitəsi ilə Cavabdeh2 hesabına köçürülmüşdür. Bu hal da yalnız iddiaçının izahatı ilə təsdiq olunur. Eyni zamanda məhkəmələr bu xüsusatla bağlı Cavabdeh1 təhqiqat zamanı verdiyi izahatına istinad etmişdir. Məhkəmələr 37100 ABŞ dolları məbləğdə pulun Cavabdeh2 hesabına konkret olaraq hansı tarixdə ödənildiyini müəyyən etməsələr də, iddiaçı dəlillərində bildirmişdir ki, bu məbləğ 13 və 16 avqust 2020-ci il tarixlərdə ödənilmişdir. Lakin cavabdeh onun bank hesablarından 2020-ci ilin avqust ayına dair çıxarışları təqdim etmişdir və həmin çıxarışlarda iddiaçının qeyd etdiyi məbləğ əksini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi həmin sübutlara münasibət bildirməmişdir. İddiaçının sübut kimi təqdim etdiyi “Girgin Ankastre sistemleri San. Dis Tic”.LTD STİ şirkətinin xx.xx.2020-ci il tarixli məktubunda Cavabdeh2 il “Girin Ankastre” şirkəti arasında xx.xx.2020-ci il tarixdə bağlanmış saziş üzrə İddiaçı tərəfindən 37100 ABŞ dolları ödəniş edilməsi qeyd edilmişdir. Lakin həmin məktub kserosurətdir və mülki işin 14-cü səhifəsində olan köçürmə ərizəsi ilə ziddiyyət təşkil edir. Doğrudur ki, köçürmə ərizəsi də təsdiqlənməmişdir və mötəbərliyi araşdırılmalıdır. Lakin iddiaçının təqdim etdiyi bu iki sübut məhkəmələr tərəfindən qəbul edilmiş, mötəbərliyi və ziddiyyətli olması araşdırılmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, cavabdehin bank hesabına pulun ödənilməsini təsdiq edən sənədlər (köçürmə, mədaxil qəbzi və s.) olmadığı halda məhkəmənin pulun ödənilməsi barədə gəldiyi nəticə kifayət qədər mübahisəlidir və buna görə də məhkəmə gəldiyi nəticəni mübahisə doğurmayacaq dərəcədə mötəbər olan sübutlara istinadla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır. MPM-nin 88-ci maddəsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutların qiymətləndirilməsi zamanı ilk addımlardan biri də sübutun özünün mümkünlüyünün araşdırılmasıdır. Sübutların mümkünlüyündən bəhs edən MPM-nin 81-ci maddəsində deyilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan nəzərə alınmalıdır ki, İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Buna görə də iddiaçının və Cavabdeh1 izahatlarında sonuncunun Cavabdeh2 tapşırığı əsasında hərəkət etməsi barədə dəlilləri, habelə pulun bank hesabına ödənilməsi barədə dəlillər başqa mötəbər sübutlarla təsdiq olunmalı idi. Cavabdeh2 apellyasiya şikayətində irəli sürdüyü dəlillərdən biri məhz pulun onun hesabına ödənilməsi barədə iddiaçının və Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsində istinad olunan izahatlarının doğru olmaması barədə idi və cavabdeh bununla bağlı zəruri bildiyi sübut kimi bank hesabından çıxarışı təqdim etmişdi. Lakin həmin sübutlar araşdırılmamış, məhkəmə nəyə görə bu sübutların qəbul edilmədiyini əsaslandırmamışdır...” Nəzərə alınmalıdır ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia təmin olunan hissəsində (Cavabdeh2 aid hissədə) qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı və digər cavabdeh mübahisələndirməmiş, Cavabdeh2 şikayət verməklə iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilərək qətnamə “Cavabdeh2 37.100 ABŞ dolları qətnamənin icra edildiyi günə olan manata məzənnəsi ilə tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilməli və iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı üçün Türkiyə Respublikasından aspirator elektrik cihazlarının gətirilməsi məqsədi ilə fiziki şəxs Cavabdeh2lə “Girgin Ankastre (“Kırğın Ankastri”) şirkəti ilə müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən Cavabdeh2 həmin müqavilə üzrə gətiriləcək mallara görə Türk şirkətinin hesabına 37.100 ABŞ dolları pul köçürülməli olduğundan, həmin məbləğ İddiaçı tərərindən Cavabdeh1 vasitəsi ilə Cavabdeh2 hesabına ödənilmişdir. Daha sonra qeyd olunan məbləğdə pulu türk şirkətinin hesabına köçürmək istəyərkən Cavabdeh2 fiziki şəxs olaraq üzərinə vergi sərəncamı yaranmış və o, bu pulu şirkətə köçürə bilməmişdir. Malın dəyəri sonradan İddiaçı tərəfindən “Girgin Ankastre (“Kırğın Ankastri” ) şirkatinə ödənilmişdir. Hazırda İddiaçı Cavabdeh2 ödənilmiş pul vəsaitini tələb etməkdə haqlı olduğundan iddiaçının iddia tələbi ona münasibətdə təmin edilməli Cavabdeh1 münasibətdə isə təmin edilməməlidir. Belə ki, məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə Cavabdeh1 Cavabdeh2 təmsil etmiş, sonuncunu təmsil edərkən köçürməni təyinatı üzrə icra edə bilməməsi onun təqsirli hərəkəti nəticəsində baş verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsassız hesab edərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Birinci instansiya məhkəməsinin ilk əsaslandırması ondan ibarət olmuşdur ki, İddiaçı üçün Türkiyə Respublikasından aspirator elektrik cihazlarının gətirilməsi məqsədi ilə fiziki şəxs Cavabdeh2lə “Girgin Ankastre (“Kırğın Ankastri”) şirkəti ilə xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmışdır. Lakin iş materiallarında birinci instansiya məhkəməsinin istinad etdiyi müqavilə aşkar olunmamışdır. Təkrar apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkilinin məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli “satış sözləşməsindən” görünür ki, Cavabdeh2lə “Girgin Ankastre (“Kırğın Ankastri”) şirkəti arasında bağlanması ehtimal olunan müqavilə Cavabdeh2 tərəfindən imza edilməmişdir. İddiaçının nümayəndəsi-vəkilinin məhkəməyə təqdim etdiyi yuxarıda qeyd edilən müqavilədə Cavabdeh2 imzasının olmaması, həmin müqavilənin mötəbərliyini sübhə altına alır. Bu müqavilənin ümumiyyətlə sübut qismində istifadə olunması qanunvericiliyin tələbinə ziddir. Birinci instansiya məhkəməsinin digər bir əsası ondan ibarət olmuşdur ki, “hazırki mübahisə üzrə Cavabdeh1 Cavabdeh2 təmsil etmiş, sonuncunu təmsil edərkən köçürməni təyinatı üzrə icra edə bilməməsi onun təqsirli hərəkəti nəticəsində baş verməmişdir”. Bununla bağlı kolegiya qeyd edir ki, iş materiallarında Cavabdeh1 Cavabdeh2 təmsil etməsi barədə sübut yoxdur. Belə ki, əqdlərdə təmsilçilik qaydaları qanunvericiliklə dəqiq tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Bundan başqa birinci instansiya məhkəməsi Cavabdeh1 ilə Cavabdeh2 arasında olan münasibətləri kommersiya təmsilçiliyi kimi xarakterizə etmişdir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin kommersiya təmsilçiliyindən bəhs edən 361-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti sahəsində müqavilələr bağlanarkən sahibkarları daimi və müstəqil surətdə təmsil edən şəxs kommersiya təmsilçisi sayılır. Kommersiya təmsilçiliyi yazılı formada bağlanmış və təmsilçinin səlahiyyətlərinin göstərildiyi müqavilə əsasında, belə göstərişlər olmadıqda isə həmçinin etibarnamə əsasında həyata keçirilir. Mülki Məcəllənin 362.1-ci maddəsində deyilir ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Göründüyü kimi Cavabdeh1 ilə Cavabdeh2 arasında yazılı formada bağlanmış və təmsilçinin səlahiyyətlərinin göstərildiyi müqavilə, yaxud etibarnamə ilə təmsilçiliyi təsdiq edilə bilər. Lakin qeyd edilən sübutlar iş materiallarında mövcud deyildir. Bundan başqa, birinci instansiya məhkəməsinin iddianın Cavabdeh2 aid hissədə təmin edərkən əsaslndığı hal ondan ibarət olmuşdur ki, “37100 ABŞ dolları məbləğdə pul İddiaçı tərəfindən Cavabdeh1 vasitəsi ilə Cavabdeh2 hesabına köçürülmüşdür.” Bununla bağlı kollegiya hesab edir ki, qeyd edilən hal yalnız iddiaçının izahatı ilə təsdiq olunur. Eyni zamanda birinci instansiya məhkəməsi bu xüsusatla bağlı Cavabdeh1 təhqiqat zamanı verdiyi izahatına istinad etmişdir. İş materiallarında 37100 ABŞ dolları məbləğdə pulun Cavabdeh2 hesabına konkret olaraq hansı tarixdə ödənildiyini müəyyən edilməsə də, iddiaçı dəlillərində bildirmişdir ki, bu məbləğ 13 və 16 avqust 2020-ci il tarixlərdə ödənilmişdir. Lakin iş materiallarında olan Cavabdeh2 müxtəlif banklarda olan hesablarından 2020-ci ilin avqust ayına dair çıxarışından görünür ki, həmin tarixdə Cavabdeh2 hesabında iddiaçının qeyd etdiyi məbləğ əksini tapmamışdır. Birinci instansiya məhkəməsini istinad etdiyi iddiaçının sübut kimi təqdim etdiyi “Girgin Ankastre sistemleri San. Dis Tic”.LTD STİ şirkətinin xx.xx.2020-ci il tarixli məktubunda Cavabdeh2 il “Girin Ankastre” şirkəti arasında xx.xx.2020-ci il tarixdə bağlanmış saziş üzrə İddiaçı tərəfindən 37100 ABŞ dolları ödəniş edilməsi qeyd edilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, həmin məktub kserosurətdir və mülki iş materiallarında olan xx.xx.2020-ci il tarixli köçürmə ərizəsi ilə ziddiyyət təşkil edir. Qeyd edilən köçürmə ərizəsi də iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və həmin köçürmə ərizəsi də bank tərəfindən təsdiqlənməmişdir. Yuxarıda qeyd edilən məktubda olan köçürələn məbləğlə, köçürmə ərizəsində olan məbləğ arasında fərq mövcuddur. Bundan başqa köçürmə ərizəsindən görünür ki, Bank VTB Azərbaycan ASC-də olan hesabdan köçürmə həyata keçrilmişdir. Lakin Cavabdeh2 Bank VTB Azərbaycan ASC-də olan hesabdan 2020-ci ilin avqust ayına dair çıxarışından görünür ki, 17 avqust 2020-ci il tarixdəə Cavabdeh2 hesabından hər hansı bir köçürmə həyata keçrilməmişdir. Kollegiyasının qənaətinə görə, Cavabdeh2 bank hesabına pulun ödənilməsini təsdiq edən sənədlər (köçürmə, mədaxil qəbzi və s.) olmadığı halda məhkəmənin pulun ödənilməsi barədə gəldiyi nəticə kifayət qədər mübahisəlidir və buna görə də məhkəmə gəldiyi nəticəni mübahisə doğurmayacaq dərəcədə mötəbər olan sübutlara istinadla əsaslandırılmalı idi. Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutların qiymətləndirilməsi zamanı ilk addımlardan biri də sübutun özünün mümkünlüyünün araşdırılmasıdır. Sübutların mümkünlüyündən bəhs edən MPM-nin 81-ci maddəsində deyilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı pul tələbinə dair iddiası Cavabdeh2 aid hissədə təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-856/2021 saylı 10 avqust 2021-ci il tarixli qətnaməsi “Cavabdeh2 37.100 (otuz yeddi min yüz) ABŞ dolları qətnamənin icra edildiyi günə olan manata məzənnəsi ilə tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilsin və iddia tələbi həmin hissədə təmin edilməsin Ödənilmiş dövlət rüsumları onu ödəmiş tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar