Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5082/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Birinci iş üzrə İddiaçı Cavabdeh qarşı, ikinci iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “cehiz əşyaların çıxarılması, evin boşaldılması və ona təhvil verilməsi və evə köçürülmə” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, Cavabdehin (iddiaçının) vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Birinci iş üzrə İddiaçı Cavabdeh qarşı “cehiz əşyaların çıxarılması, evin boşaldılması və ona təhvil verilməsi” tələbinə dair, ikinci iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “uşağı ilə birgə evə köçürülməsi” tələbi barədə iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-154/2025 nömrəli 10 iyun 2025-ci il tarixli qətnaməsindən birinci iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-1170/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Səadət sarayında 798 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, X4 anası Cavabdeh yanında qalmasına və X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 500 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
2. ******* nömrəli Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh cehiz əşyaları olan 1 ədəd tozsoran, 1 ədəd ət çəkən maşın, 1 ədəd ütü və ütü masası, 1 ədəd duxovka, 1 ədəd televizor, 1 ədəd şirəçəkən, 1 dəst yataq mebeli, 1 dəst qonaq mebeli, 1 dəst pərdə, 4 ədəd xalça, 2 ədəd çilçıraq və qab-qacağın İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxararaq, evin boşaldılıb, ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2019-cu ildə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-1170/2023 saylı qətnaməsi ilə onların nikahı pozulmuşdur. Cavabdeh cehiz əşyalarının bir qismi İddiaçı məxsus birgə nikah dövründən əvvəl alınmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qalmışdır, cavabdeh halhazırda evlidir və ailəsi ilə birgə o evdə yaşayır və Cavabdeh əşyalarını evdən çıxarmaqdan imtina edir. Bu isə mülkiyyətçinin istifadə hüquqlarını pozur. Cavabdeh köçürülmək istədiyi sözügedən evdə çox az üst-üstə gələndə təxminən 1 ilədək yaşamışdır, o İddiaçı ilə əsasən Şəmkir rayonunda İddiaçı atasına məxsus evdə və Moskva şəhərində yaşamışlar. Daha sonra isə Cavabdeh atasının yas mərasimi ilə bağlı Moskva şəhərindən Şəmkir rayonuna qayıtdıqdan bu günədək anasıgildə Şəmkir rayonunda yaşayır.
5. Birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X6 il birgə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və ödənilmiş 100 manat rüsumun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə xx.xx.2019-cu ildə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan X6 dünyaya gəlmişdir. Evləndikdən sonra az müddətdə qaynatasına məxsus Şəmkir rayonundakı evdə yaşamışlar. Daha sonra İddiaçı işi ilə bağlı Moskva şəhərinə köçmüş və orda yaşamışlar. 2021-ci ilin mart ayında Bakıya gəlmişlər və 2022-ci ilin avqust ayının sonlarınadək sözügedən evdə yaşamışlar. Daha sonra İddiaçı işi ilə bağlı yenidən Moskva şəhərinə getmişlər, lakin o atasının yas mərasimi ilə əlaqədar olaraq xx.xx.2022-ci ildə Moskva şəhərindən Şəmkir rayonuna qayıtmışdı, bəzi narazılıqlar yarandığı üçün elə həmin tarixdən indiyədək anasıgildə Şəmkir rayonunda yaşayır. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-1170/2023 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Hazırda başqa yaşayış yerinə ehtiyacı vardır.
7. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-3297/2024 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “evə köçürülmə” tələbinə dair e-2(003)- 3297/2024 saylı mülki iş, İddiaçı Cavabdeh qarşı “əşyaların təhvil verilməsi” tələbinə dair e- 2(003)-3095/2024 saylı mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılması qərara alınmışdır.
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-154/2025 nömrəli 10 iyun 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh cehiz əşyaları olan 1 ədəd tozsoran, 1 ədəd ət çəkən maşın, 1 ədəd ütü və ütü masası, 1 ədəd duxovka, 1 ədəd televizor, 1 ədəd şirəçəkən, 1 dəst yataq mebeli, 1 dəst qonaq mebeli, 1 dəst pərdə, 4 ədəd xalça, 2 ədəd çilçıraq və qab-qacağın İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxararaq, evin boşaldılması və evin İddiaçı təhvil verməsi, Cavabdeh “uşağı ilə birgə evə köçürülməsi” iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir (hakim X3).
9. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah xx.xx.2023-cü il tarixdə pozulmuşdur, belə halda Cavabdeh İddiaçı keçmiş ailə üzvü hesab olunur və Cavabdeh hal-hazırda faktiki yaşayış ünvanı olduğu və nikahları pozulduğu üçün onun sözügedən yaşayış sahəsindən istifadə hüququ saxlanmamalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh cehiz əşyaları olan 1 ədəd tozsoran, 1 ədəd ət çəkən maşın, 1 ədəd ütü və ütü masası, 1 ədəd duxovka, 1 ədəd televizor, 1 ədəd şirəçəkən, 1 dəst yataq mebeli, 1 dəst qonaq mebeli, 1 dəst pərdə, 4 ədəd xalça, 2 ədəd çilçıraq və qab-qacağı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarmalı, evi boşaltmalı və İddiaçı təhvil verməlidir. Eyni zamanda, məhkəmədə müəyyən olundu ki, Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən uzunmüddət istifadə etməmiş və 2022-ci ildən bu günədək anasıgildə yaşamışdır. Bununla da məhkəmə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad edərək hesab etmişdir ki, Cavabdeh “uşağı ilə birgə evə köçürülməsi” iddiası əsassız olduğundan rədd edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən birinci iş üzrə Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, birinci iş üzrə iddiaçının iddia tələbinin ədd edilməsi və öz iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Birinci iş üzrə cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Aygün adlı övladının hüquqları, onun inkişafı və təhsilinin yaxşı şəraitdə təmin olunması məqsədilə, onun müvəqqəti olaraq bu evdə yaşamağının təmin edilməsi uşağının hüquqlarına xidmət edəcəkdir. Hazırki real şəraitdə istifadə və yaşamaq hüququ olan bir mənzildən ona məxsus olan əşyların çıxarılması tamamilə qanunsuz bir mövqedir. Hətta bu azmış kimi əmlaklarının siyahısı da düzgün göstərilməmiş, natamam şəkildə siyahı verilmişdir. Baxmayaraq ki, o, birinci instansiya məhkəməsində əmlaklarının siyahısını cavabdeh tərəfindən yararsız hala salınmış əşyalar da daxil olmaqla tam şəkildə təqdim etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ və İİİ hissələrinəəsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
18. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinn: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
e) Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi, birinci iş üzrə iddia tələbinin rədd, öz iddia tələbinin təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
24. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçı ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş, iddiaçının mülkiyyətində olan hazırki mənzildə yaşamağa başlamışdır. Hazırda da, İddiaçı azyaşlı övladı X6 ilə birlikdə yaşayırlar. Göründüyü kimi, tərəflər arasında mübahisəli hüquq münasibətləri yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi vaxtdan, yəni 01 oktyabr 2009-cu il tarixdən sonra yaranmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə tərəflər arasında olan mübahisəli hüquq münasibətləri məhz Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin normaları əsasında həll edilməlidir.
25. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”.
27. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”.
28. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq kollegiya hesab edir ki, cavabdehin mübahisəsi gedən yaşayış sahəsindən istifadə etmək səlahiyyəti ola bilməz, hal-hazırda faktiki yaşayış ünvanı olduğundan məsələyə bu kontekstdən yanaşıldıqda da, cavabdehin həmin mənzildən istifadə hüquqlarının mövcud olmadığı qənaətinə gəlinməli və mülkiyyətçinin tələbi təmin edilməlidir. Göründüyü kimi Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən uzun müddət istifadə etməmiş və 2022-ci ildən bu günədək anasıgildə yaşamışdır. Uşağın da yaşayış yeri qanuni nümayəndəsi olaraq anasının yanında müəyyən edildiyindən onun çıxarıldığı halda onunla birlikdə qalmalıdır.
29. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir və faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-154/2025 nömrəli 10 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.