Məhkəmə qərarları › İş №2(103)-5084/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5084/2022

26.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5084/2022 26.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmaqla) iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5084/2022 (Açar sözlər: Müqavilə bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması) Bakı şəhəri 26 sentyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh MMC-nin vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(006)-3853/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2021-ci il tarixli məktub əsasında cavabdehə müraciət edərək ***-***- **-** mobil nömrəsinin "xxxx" MMC-nin adından çıxarılaraq öz adına keçirilməsi ilə bağlı aidiyyatı şəxslərə göstəriş verilməsini xahiş etmişdir.

2. Lakin, cavabdeh tərəfindən onun müraciətinə hər-hansı bir rəsmi münasibət bildirilməmişdir.

3. İddiaçı tərəfindən müəssisəyə müraciət olunmasının əsaslarından biri ondan ibarət olmuşdur ki, "xxxx" MMC-nin əməkdaşı Orxan Zeynalov tərəfindən email vasitəsi ilə Cavabdeh MMC-yə müraciət olunmuş və ********** mobil nömrəsinin onun adına keçirilməsi xahiş olunmuşdur.

4. İddiaçı nömrənin adına keçirilməsini onunla əsaslandırmışdır ki, o, "xxxx" MMCnin əməkdaşı olmuş və göstərilən mobil nömrə öz vəsaiti hesabına onun tərəfindən alınaraq "xxxx" MMC-nin balansına əlavə olunmuşdur. Hal-hazırda işdən çıxdığı üçün onun vəsaiti hesabına əldə edilmiş mobil nömrənin onun adına, yəni faktiki sahibinin adına keçirilməsi ilə bağlı xahiş olunmuşdur.

5. Cavabdeh MMC email vasitəsi ilə bundan imtina edərək bildirmişdir ki, 211 seriyalı nömrələrin addan-ada keçirilməsinə icazə verilmir.

6. Müraciət və elektron cavab məktubundan görünür ki, İddiaçı ********** mobil nömrəsinin "xxxx" MMC-nin adından çıxarılaraq onun adına keçirilməsinə dair Cavabdeh MMC tərəfindən imtina cavabı verilmişdir.

7. 16 aprel 2014-cü il tarixli 618628 saylı mədaxil qəbzindən görünür ki, "xxxx" tərəfindən ********** mobil nömrəsi üçün "xxxx" MMC-yə 250 manat məbləğində pul ödənilmişdir.

8. 30.04.2021-ci il tarixli, ********* saylı qəbzin sürətindən görünür ki, iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəmişdir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh MMC-yə qarşı «mobil nömrənin addan-ada keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********** mobil nömrəsinin "xxxx" MMC-nin adından çıxarılaraq iddiaçının adına keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 may 2022-ci il tarixli, 2(102)-1934/2022 saylı qərarı ilə (hakimlər İspəndiyar Şəfiyev (sədrlik edən və məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov) kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-9176/2021 saylı qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

11. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli məktub əsasında hazırkı iş üzrə cavabdehə müraciət edərək, ********** mobil nömrəsinin "xxxx" MMC-nin adından çıxarılaraq onun adına keçirilməsi ilə bağlı aidiyyatı şəxslərə göstəriş verilməsini xahiş etsə də, lakin bu günə qədər hər hansı bir rəsmi münasibət bildirilməmişdir. Bundan başqa email vasitəsi ilə "xxxx" MMC-nin əməkdaşı tərəfindən Cavabdeh MMC-yə müraciət olunmuşdur. Lakin cavabdeh tərəfindən 211 seriyalı nömrələrin addan ada keçirilməsinə icazə verilmədiyi əsası ilə imtina verilmişdir. İddiaçı "xxxx" MMC-nin əməkdaşı olduğunu, göstərilən nömrənin öz vəsaiti hesabına alındığını, ödənişlə bağlı qəbzin olduğunu qeyd etmişdir. Cavabdeh qeyd olunan nömrənin addan ada keçirilməsi ilə bağlı imtinanın səbəblərini əsaslandırmamışdır. Hazırda mübahisə predmeti olan möbil nömrə "xxxx" MMC-nin balansındadır və "xxxx" MMC nömrənin iddiaçının adına keçirilməsi ilə bağlı iradə ifadəsinin bildirmişdir. Bundan başqa nömrənin sahibi tərəfindən nömrədən birtərəfli qaydada imtina edilməmiş, müqaviləyə xitam verilməmiş və nömrə üzərində olan hüquqlar məhdudlaşdırılmamışdır.

12. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3853/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, telekommunikasiya xidmətlərinin göstərilməsi operatorla abunəçi arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Lakin işin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmamışdır.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, qeyd olunan tələblərin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı ********** mobil nömrəsinin məhz onun tərəfindən edilmiş ödəniş əsasında "xxxx" MMC tərəfindən əldə olunmasını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və bu halları sübuta yetirə bilməmişdir. Əksinə iş materiallarından olan 16 aprel 2014-cü il tarixli 618628 saylı mədaxil qəbzindən görünür ki, məhz "xxxx" tərəfindən ********** mobil nömrəsi üçün "xxxx" MMC-yə 250 manat məbləğində pul ödənilmişdir.

15. Məhkəmə həmçinin hesab etmişdir ki, şahid X1 ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, şahid iddiaçının iş yoldaşı olmaqla, iddiaçının mənafeyinə uyğun ifadə vermiş, həmçinin məhkəmə tərəfindən şahid ifadəsində ********** mobil nömrəsinin məhz iddiaçı tərəfindən Bakcell MMC-yə ödəniş edilərək əldə olunmasını təsdiq edən mötəbər və əsaslı məlumatlar müəyyən edilməmişdir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 406-cı maddələrinə və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının 14 iyun 2005-ci il tarixli Qanununa istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

17. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3853/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2021-ci il tarixli, 2(103)- 9176/2021 saylı qətnaməsi ilə (hakimlər Vəfaddin İbayev (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova və Rəşad Həsənov) apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin təmin olunması və İddiaçı faktiki istifadəsində olan ********** mobil nömrəsi "xxxx" MMC-nin adından çıxarılaraq iddiaçının adına keçirilməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə olunması qət edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd etmişdir ki, ********** mobil nömrəsi "xxxx" MMC-nin balansında olsa da, onun "xxxx" MMC-nin balansına keçirilməsi üçün vəsaiti iddiaçı ödəmiş və nömrə iddiaçının istifadəsindədir. "xxxx" MMC-nin həmin nömrənin iddiaçının adına keçirilməsinə etirazı yoxdur. Bundan əlavə, iddiaçı nömrədən uzun müddət özününkü kimi istifadə etməklə həmin nömrə ilə ətraf aləmlə ünsiyyət yaratmış, qeyd olunan nömrə onun şəxsi həyatının amillərindən biri kimi çıxış edir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

20. Cavabdeh nümayəndəsi və vəkili kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, işin hallarından göründüyü kimi İddiaçı ilə Cavabdeh MMC arasında nömrədən istifadə edilməsi ilə bağlı müqavilə yoxdur. Eyni zamanda cavabdehin müqavilə bağlamaq barədə öhdəliyi və qanunla nəzərdə tutulmuş müqavilə bağlamaq vəzifəsi də yoxdur. Belə olan halda apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir.

22. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandıraraq hesab etmişdir ki, apellyasiya instansiyası məhəməsinin qətnaməsi ləğv olunmalı və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

23. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə İddiaçı ilə Cavabdeh MMC arasında telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmamışdır. İş materiallarından olan 16 aprel 2014-cü il tarixli 618628 saylı mədaxil qəbzindən görünür ki, məhz "xxxx" tərəfindən ********** mobil nömrəsi üçün "xxxx" MMC-yə 250 manat məbləğində pul ödənilmişdir.

24. Göründüyü kimi baxılan iddia tələbi, abonent olaraq hüquqi şəxsin istifadəsinə verilmiş və onun balansında olan nömrə resursunun başqa abunəçinin iddiaçının istifadəsinə verilməsi barədə abunə müqaviləsi bağlamaq vəzifəsinin operatora, provayderə həvalə olunması barədədir.

25. Apellyasiya instansiyası məhkəməsi nömrənin "xxxx" MMC-nin balansında olduğu halda, həmin abonenti işə cəlb etmədən nömrənin iddiaçının adına keçirilməsi barədə qərara gəlmişdir.

26. İşin bu halı apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır.

27. Məhkəmə kollegiyası bununla yanaşı xatırladır ki, iddianın həlli zamanı aşağıdakı hüquqi hallar əhəmiyyətli ola bilər. Mülki Məcəllə mülki hüquq subyektlərinin bərabərliyini, mülki hüquq subyektlərinin iradə sərbəstliyini və müqavilələr azadlığını mülki qanunvericiliyin prinsipləri kimi müəyyən etmişdir (Mülki Məcəllənin 6.1.1, 6.1.2 və 6.1.5-ci maddələri).

28. Bu prinsiplər xaricində mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər və bunun üçün əsaslar kimi dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri hallar çıxış edir.

29. Mülki hüquq və vəzifələrin yaranma əsasları Mülki Məcəllənin 14-cü maddəsində nəzərdə tutulmuşdur və bu əsaslar ümumən mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən ibarətdir.

30. Müqavilə bağlamaq vəzifəsi Mülki Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (Mülki Məcəllənin 390.3-cü maddəsi).

31. Müqavilə bağlamaq vəzifəsi və tərəfin bundan imtina etdiyi hallarda maraqlı şəxsin müqaviləni bağlamağa məcbur etmək üçün məhkəməyə müraciət etmək hüquqları Mülki Məcəllənin 415.7-ci maddəsində (hərracın nəticələri ilə bağlı) və 956.4-cü maddəsində (bank hesabı müqaviləsinin bağlanmasından bank əsassız boyun qaçırdıqda) müəyyən olunmuşdur.

32. Məhkəmə işə yenidən baxıb, iddia tələbini təmin etmək və ya rədd etmək barədə qətnamə çıxararkən bu normalar baxımından da əsaslandırma aparmalıdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

33. Yeni apellyasiya baxışı zamanı "xxxx" MMC-nin müstəqil tələb irəli sürməyən 3cü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

d) Apellyasiya şikayətinin dəlilləri

34. Birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğuna görə ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli məktub əsasında iş üzrə cavabdhə müraciət olunmuş və ***-***-**-** mobil nömrəsinin "xxxx" MMC-nin adından çıxarılaraq onun adına keçirilməsi ilə bağlı aidiyyatı şəxslərə göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən imtina məktubu göndərilərkən hansı əsasla və hansı normativ-hüquqi aktlara əsasən mobil nömrənin addan-ada keçirilməsinə icazə verilməməsi barədə heç bir məlumat verilməmiş və imtinanın səbəbləri əsaslandırılmamışdır. Email vasitəsi ilə edilmiş imtinanın əsaslarını aydınlaşdırmaq üçün tərəfindən rəsmi qaydada cavabdeh müəssisəyə müraciət olunmuş lakin, həmin məktuba heç bir münasibət bildirilməmişdir. Hesab edir ki, Cavabdeh MMC tərəfindən nömrənin addan-ada keçməsi ilə bağlı email vasitəsi ilə edilmiş imtinası əsassızdır, müraciəti ilə bağlı edilmiş hərəkətsizlik qanunsuzdur və mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.

e) Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

ə) Məhkəmə icraatı iştirakçılarının izahatları

35. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinin və apellyasiya şkayətinin dəlillərinə istinad edərək, tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin vəkili Vəkil iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.

37. Yeni apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MMC-məhkəmə iclası barədə lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

39. 406.1-ci maddəsinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

40. Mülki Məcəllə mülki hüquq subyektlərinin bərabərliyini, mülki hüquq subyektlərinin iradə sərbəstliyini və müqavilələr azadlığını mülki qanunvericiliyin prinsipləri kimi müəyyən etmişdir (Mülki Məcəllənin 6.1.1, 6.1.2 və 6.1.5-ci maddələri).

41. Mülki hüquq və vəzifələrin yaranma əsasları Mülki Məcəllənin 14-cü maddəsində nəzərdə tutulmuşdur və bu əsaslar ümumən mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən ibarətdir.

42. Müqavilə bağlamaq vəzifəsi Mülki Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (Mülki Məcəllənin 390.3-cü maddəsi).

43. Müqavilə bağlamaq vəzifəsi və tərəfin bundan imtina etdiyi hallarda maraqlı şəxsin müqaviləni bağlamağa məcbur etmək üçün məhkəməyə müraciət etmək hüquqları Mülki Məcəllənin 415.7-ci maddəsində (hərracın nəticələri ilə bağlı) və 956.4-cü maddəsində (bank hesabı müqaviləsinin bağlanmasından bank əsassız boyun qaçırdıqda) müəyyən olunmuşdur.

44. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının 14 iyun 2005-ci il tarixli Qanununun: 7.2-ci maddəsinə əsasən istifadəçilərin telekommunikasiya xidmətlərinə olan tələbatını ödəmək üçün nömrə resursu qanunvericiliklə müəyyən olunmuş qaydalarda operatora, provayderə ayrılır.

45. 7.3-cü maddəsinə görə nömrə resursu müvafiq icra hakimiyyəti orqanı ilə operator, provayder arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla müddətli və ya daimi istifadəyə verilir.

46. 40.1-ci maddəsinə əsasən müvafiq telekommunikasiya xidmətlərinin göstərilməsi qanunvericiliyin tələbləri və operator, provayder ilə abunəçi arasında bağlanan müqavilə əsasında həyata keçirilir.

Avropa İnsan Hüquqları Məhkəməsinin:

47. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

48. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

54. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

55. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

56. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

f) Apellyasiya baxışının hədləri

58. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

59. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

g) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

61. Mülki Məcəllə mülki hüquq subyektlərinin bərabərliyini, mülki hüquq subyektlərinin iradə sərbəstliyini və müqavilələr azadlığını mülki qanunvericiliyin prinsipləri kimi müəyyən etmişdir (Mülki Məcəllənin 6.1.1, 6.1.2 və 6.1.5-ci maddələri).

62. Bu prinsiplər xaricində mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər və bunun üçün əsaslar kimi dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri hallar çıxış edir.

63. Mülki hüquq və vəzifələrin yaranma əsasları Mülki Məcəllənin 14-cü maddəsində nəzərdə tutulmuşdur və bu əsaslar ümumən mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən ibarətdir.

64. Müqavilə bağlamaq vəzifəsi Mülki Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (Mülki Məcəllənin 390.3-cü maddəsi).

65. Müqavilə bağlamaq vəzifəsi və tərəfin bundan imtina etdiyi hallarda maraqlı şəxsin müqaviləni bağlamağa məcbur etmək üçün məhkəməyə müraciət etmək hüquqları Mülki Məcəllənin 415.7-ci maddəsində (hərracın nəticələri ilə bağlı) və 956.4-cü maddəsində (bank hesabı müqaviləsinin bağlanmasından bank əsassız boyun qaçırdıqda) müəyyən olunmuşdur.

66. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının 14 iyun 2005-ci il tarixli Qanununun: 7.2-ci maddəsinə əsasən istifadəçilərin telekommunikasiya xidmətlərinə olan tələbatını ödəmək üçün nömrə resursu qanunvericiliklə müəyyən olunmuş qaydalarda operatora, provayderə ayrılır.

67. 7.3-cü maddəsinə görə nömrə resursu müvafiq icra hakimiyyəti orqanı ilə operator, provayder arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla müddətli və ya daimi istifadəyə verilir.

68. 40.1-ci maddəsinə əsasən müvafiq telekommunikasiya xidmətlərinin göstərilməsi qanunvericiliyin tələbləri və operator, provayder ilə abunəçi arasında bağlanan müqavilə əsasında həyata keçirilir.

69. İşin araşdırılan hallarından görünür ki, telekommunikasiya xidmətlərinin göstərilməsi operatorla abunəçi arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Lakin işin hallarından o da görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmamışdır.

70. Kollegiya qeyd edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, yuxarıda qeyd olunan normalar baxımından tələblərin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir.Belə ki, İddiaçı Cavabdeh MMC-yə qarşı ********** mobil nömrəsinin "xxxx" MMC-nin adından çıxarılaraq iddiaçının adına keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələb müqavilə bağlamağa məcburetməyə yol verilməməsini (müqavilə bağlamaq azadlığı) nəzərdə tutan yuxarıda sadalanan hüquq normalarına ziddir.

71. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “mobil nömrənin addan-ada keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür.

72. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.

73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(006)-3853/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar