Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5084/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: maneələrin aradan qaldırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maneələrin aradan qaldırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2357/2023 nömrəli 05 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 782 nömrəli Sərəncamı ilə İddiaçı 14 nəfər ailə üzvü ilə ümumi sahəsi 75,8 kv.m olan evdə yaşadığından ona Binəqədi rayonu, Binəqədi qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır.
2. 06.05.1999-cu ildə iddiaçının adına texniki parpost tərtib olunmuşdur.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-863/2007 nömrəli qətnaməsi ilə ərizə təmin edilməklə X1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 30, 193 saylı evə yaşamaq hüquqlarının tanınması, Binəqədi RPİ-nin Q və ŞVŞ-nə onların həmin ünvanda daimi qeydiyyata götürülməsinin tapşırılması qət edilmişdir. Həmin qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs İddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-192/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, sonuncunun ünvan 3 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinə baxılmış və bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsinin yerini dəqiq tanımadığına, həmçinin sözügedən torpaq sahəsi faktiki istifadəsində olmadığına görə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən texniki baxışın keçirilməsi mümkün olmamışdır.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, sonuncunun ünvan 3 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinə baxılmış və bildirilmişdir ki, sözügedən torpaq sahəsinin coğrafi mövqeyi göstərilən razılaşdırılmış yerləşmə cizgisi sənədlər toplusuna əlavə edilməmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, sonuncunun ünvan 3 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinə baxılmış və bildirilmişdir ki, torpaq sahəsinə texniki baxış keçirmək, çölölçü işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanda yerləşən 600 kv.m torpaq sahəsi üzərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən texniki baxış keçirmək və çöl-ölçü işlərinin aparılmasına cavabdeh tərəfindən göstərilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə etdiyi müraciət əsasında ünvan 4 evə dair torpaq sahəsinin ayrılmasına dair sənədlər, ilkin texniki pasport haqqında məlumatın və surətinin verilməsi təmin edilmişdir. Hazırki ərizəyə əlavə olunmuş ünvan 4 evə dair Binəqədi rayon İcra Hakimiyyətinin 782 saylı xx.xx.1992-ci il tarixli sərəncam və 1996-cı ildə tərib edilmiş texniki pasportun surətindən görünür ki, 600 kv.m torpaq sahəsi onun sahiblik və istifadəsinə verilmişdir. Həmin torpaq sahəsinin dövlət qeydiyyatından keçirilməsi və çıxarışla təmin olunması zəruridir. Yuxarıda göstərilənləri nəzərə alaraq, ünvan 4 evə dair Binəqədi rayon İcra Hakimiyyətinin 782 saylı xx.xx.1992-ci il tarixli sərəncam və 1996-cı ildə tərib edilmiş texniki pasportuna əsasən göstərilən ərazidə yerləşən 600 kv.m torpaq sahəsinin dövlət qeydiyyatına alınmasına və müvafiq çıxarış ilə təmin olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı şəhəri Ərazi İdarəsi xx.xx.2022-ci il tarixində cavab məktubu göndərərək, sözügedən torpaq sahəsinin coğrafi mövqeyi göstərilən razılaşdırılmış yerləşmə cizgisinin sənədlər toplusuna əlavə edilməməsi bildirilmişdir. Yenidən bütün sənədləri göndərərək, ünvan 4 evə dair Binəqədi rayon İcra Hakimiyyətinin 782 saylı xx.xx.1992-ci il tarixli sərəncam və 1996-cı ildə tərib edilmiş texniki pasportuna əsasən göstərilən ərazidə yerləşən 600 kv.m torpaq sahəsinin dövlət qeydiyyatına alınmasına və müvafiq çıxarış ilə təmin olunmasına köməklik göstərilməsini xahiş etmişdir. İddia ərizəsində üçüncü şəxs kimi qeydiyyata alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı şəhəri Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubuna əsasən müraciətə baxılması və torpaq sahəsinə texniki baxış keçirmək və çöl-ölçü işlərinin aparılması üçün idarənin mütəxəssislərinə müvafiq şərait yaradılmaması qeyd edilmişdir. Sözügedən evə dair Binəqədi rayon İcra Hakimiyyətinin 782 saylı xx.xx.1992-ci il tarixli sərəncam və 1996-cı ildə tərib edilmiş texniki pasportun surətindən görünür ki, 600 kv.m torpaq sahəsi onun sahiblik və istifadəsinə verilməsinə baxmayaraq, hazırki iş üzrə Cavabdeh həmin torpaq sahəsini zəbt etmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı şəhəri Ərazi İdarəsnin əməkdaşlarına orada texniki baxış keçirməyə maneçilik törətmişdir. Artıq ikinci dəfədir ki, Cavabdeh onun qanuni sahiblik və istifadəsinə verilmiş torpaq sahəsi üzərində dövlət orqanının qanuni səlahiyyətilərini icra etməyə maneçilik törədir. Cavabdeh qanunsuz hərəkətləri səbəbindən sözügedən torpaq sahəsi üzərində hazırki vaxtadək çıxarış ala bilməmişdir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 05 iyun 2023-cü il tarixli 2(001)-2357/2023 nömrəli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia təmin edilmiş, ünvan 4 ünvanda yerləşən 600 kv.m torpaq sahəsi üzərində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən texniki baxış keçirilməsinə və çöl-ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 782 nömrəli Sərəncamı ilə İddiaçı Binəqədi rayonu, Binəqədi qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsi ünvan 4 ünvanda yerləşir. Hazırki mövcud qanunverciliyə əsasən iddiaçının torpağa mülkiyyət hüququnun əldə olunmasına dair hüquqi gözləntisi var. Ona görə də iddia təmin edilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 139-1.1.8, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəməyə təqdim edilmiş qonşuları tərəfindən tərtib edilmiş aktdan da görünür ki, o və ailə üzvləri 1992-ci ildə bu torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində yaşayır, lakin İddiaçı bu torpaq sahəsindən istifadə etməsi ilə əlaqədar hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. O, İddiaçı adına olan həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair texniki pasportda düzəlişin edilməsi və bu torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar Bakı İnzibati Məhkəməsinə verdiyi iddia ərizəsini məhkəməyə təqdim edərək hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, lakin onun vəsatət şəklində verdiyi həmin ərizəyə ümumiyyətlə hüquqi qiymət verilməmiş və iş üzrə icraat dayandırılmalı olduğu halda, məhkəmə tərəfindən qanunun bu tələbinə əməl edilməmişdir. Onun İddiaçı qarşısında hər hansı bir öhdəlik götürməyisini sübut edən hər hansı bir dəlil və fakt yoxdur. Eyni zamanda həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi uzun müddətdir ki, fasiləsiz olaraq onun istifadəsindədir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
17. Avropa İnsan Hüquqları Məhkəməsinin presenent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (bax: İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-İİ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır (bax: Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Göründüyü kimi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 782 nömrəli Sərəncamı ilə İddiaçı Binəqədi rayonu, Binəqədi qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsi ünvan 4 ünvanda yerləşir.
27. Həmçinin texniki pasport da iddiaçının adına tərtib edilmişdir.
28. Belə olan halda mübahisəli torpaq sahəsinin öz adına qeydiyyata alınması iddiaçının hüququdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən texniki baxış keçirilməsinə və çölölçü işlərinin aparılmasına cavabdeh tərəfindən maneə yaradılması iddiaçının hüquqlarının pozulmasına səbəb olur.
29. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçının torpağa mülkiyyət hüququnun əldə olunmasına dair hüquqi gözləntisi var.
30. Torpaq sahəsi üzərində inşa edilmiş tikililərlə bağlı mübahisə hazırki iddia tələbinin təmin edilməsinə təsir göstərmir.
31. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətində göstərilənlər qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2357/2023 nömrəli iş üzrə 05 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.