Məhkəmə qərarları › İş №2(103)-5086/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5086/2022

13.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5086/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı Maqsud Bəgalıyevin, onun nümayəndəsi və vəkili Zakir Kazımovun, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı Юəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli 2(006)-4696/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehin tabeliyində olan Yardımlı rayon Elektrik Şəbəkəsi İdarəsində nəzarətçi mühəndis vəzifəsində işləyərkən xx.xx.2017-ci il tarixdə saat 07.20-də şəxsi təsərrüfatına aid atdan yıxılaraq, bədən xəsarətləri almışdır. İddiaçı uzun müddət müalicə olunmuş, işə çıxa bilməmiş, bununla bağlı ona əmək qabiliyyətinin olmaması vərəqələri verilmiş, onun əlillik vəziyyəti Yardımlı Rayon Mərkəzi Xəstəxanasının 0266003AAFZH nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Sonradan isə işə çıxmalı olduğu halda çıxmamış, bununla bağlı işəgötürənin məsul əməkdaşları tərəfindən müvafiq təqdimatlar verilmiş, akt tərtib edilmiş və nəticədə əmək müqaviləsinin müddəti qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" ASC-nin 13 aprel 2018-ci il tarixli, k/18-01770 saylı əmrinə əsasən Cənub RETSİ Yardımlı NŞ-nin Enerji Satış sahəsinin nəzarətçi mühəndisi İddiaçı əmək müqaviləsinə əmək müqaviləsinin müddəti qurtardığı üçün xx.xx.2018-ci il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir.

2. İddiaçı "xxxx" ASC-yə qarşı «istehsalatda baş vermiş hadisə ilə bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair » iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdə baş vermiş hadisənin təhqiqatının aparılması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması, daha sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etməklə, əlavə olaraq bədbəxt hadisə faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(006)-758/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-9049/2019 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(006)758/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, xx.xx.2017-ci il tarixdə İddiaçı ilə baş vermiş bədbəxt hadisə faktı müəyyən olunmuş, həmin tarixdə baş vermiş hadisənin təhqiqatının aparılması və istehsalatda baş vermiş hadisə ilə bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsi cavabdeh "xxxx" ASCnin üzərinə qoyulmuşdur. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-361/2020 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. Hazırda İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi, sonra isə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, 58040 manat maddi ziyan (27040 manat itirilmiş qazanc + 31000 manat xəstəxana xərcləri), 50000 manat mənəvi ziyan olmaqla, pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən alınaraq ona verilməsi, cavabdeh "xxxx" ASC-nin üzərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 2.10-cu bəndində nəzərdə tutulan yazılı sorğunun iddiaçıya verilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdehin tabeliyində olan Yardımlı rayon Elektrik Şəbəkəsi İdarəsində nəzarətçi-mühəndis işləmişdir. Nəzarətçi işlədiyi ərazi evindən 48 km. məsafədə yerləşmişdir. Region üzrə cəmi 3 ədəd termilla işləmişdir. İşinə həmişə məsuliyyətlə yanaşmış, hər gün işə vaxtında getmiş, heç vaxt işə gecikməmiş və rəhbərlik tərəfindən belə bir irad almamışdır. Rəhbərliklə razılaşmaya əsasən məsafənin uzaq olması ilə əlaqədar nəqliyyat təminatı olmadığından uzun illər şəxsi atından nəqliyyat vasitəsi kimi xidməti əraziyə getmək üçün istifadə etmişdir. 11 aprel 2017-ci ildə həmişəki kimi səhər işə getmiş, «Battaqlı dərə» adlanan yerdən keçərkən atdan yıxılmış, ayağı sınmış və ağır xəsarətlər almışdır. İlkin olaraq, Biləsuvar rayon xəstəxanasına aparılmışdır. Orada əməliyyat olunduqda ayağında 12 yerdə qəlpə olduğu məlum olmuşdur. Hazırda ayağına mil qoyulmuşdur. Sonradan da dəfələrlə müxtəlif cərrahi əməliyyatlara və prosedurlara məruz qalsa da, sağlamlığı bərpa olunmamışdır. Nəticədə ikinci qrup əlillik almışdır. Cavabdeh işdə aldığı xəsarəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmədiyi və baş vermiş bədbəxt hadisə barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə məlumat vermədiyi üçün o, məhkəməyə müraciət etmişdir. Onun həqiqətən də, işdə əmək xəsarəti alması məhkəmə qərarı ilə müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən onun barəsində istehsalatda bədbəxt hadisə baş verməsi haqqında İZ formalı 04/2020 nömrəli akt tərtib edilmişdir. Hazırkı iddia ərizəsində qeyd edilən xəsarətin həqiqiliyi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiqlənir. Cavabdehin təqsiri ondan ibarətdir ki, o, qanunvericiliklə müəyyən edilmiş əməyin mühafizəsi şərtlərini təmin etməmişdir. Onun orta aylıq əmək haqqı 560 manat məbləğində olmuşdur. Ona görə də, qeyd edilən dövr üzrə (xx.xx.2017-xx.xx.2021) sağlamlığa vurulmuş zərərə görə itirilmiş qazancın məbləği 48 ay üçün 26840 manat məbləğindədir. Bundan başqa, o, müxtəlif tibbi cərrahiyyə əməliyyatlarına məruz qalmışdır ki, bunun da məbləği aşağıda göstərilən kimidir: xəstəxana xərcləri (bununla bağlı qidalanma, bununla bağlı gediş-gəliş, cərrahiyyə əməliyyatları) 31000 manat. Mənəvi ziyanla bağlı qeyd edir ki, cavabdeh ona heç bir xəbərdarlıq etmədən əmək müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. İşdə aldığı xəsarətə hüquqi qiymət verməmələri, ona qarşı qanunsuz hərəkətləri və onu əsassız olaraq işdən çıxarmaları ona çox pis təsir etmişdir. Belə vəziyyətə düşməsi, işdən çıxarılması və həmin vaxtdan bəri çəkdiyi xərclər, itirdiyi vaxt ucbatından ciddi mənəvi sarsıntılar keçirir, əsəb və yuxu sistemi də əhəmiyyətli dərəcədə pozulmuşdur. Hesab edir ki, mənəvi zərər kimi ona 50000 manat məbləğində ziyan dəymişdir.

5. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(006)- 4696/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

6. Məhkəmə iş üzrə gəldiyi mövqeyi belə əsaslandırmışdır:

7. İddiaçı işəgötürən tərəfindən əməyin mühafizəsinin hansı qaydalarına əməl olunmadığına görə bədbəxt hadisənin baş verməsini sübut edə bilməmiş, qanuni qüvvəsini almış məhkəmə aktlarında isə cavabdehin sözügedən qaydalara əməl etməməsi faktı müəyyən edilməmişdir. Başqa sözlə, sözügedən məhkəmə aktları ilə iddiaçının yalnız əmək xəsarəti alması faktı tanınmışdır.

8. İddiaçı onun sağlamlığına zərərin vurulmasında işlədiyi "xxxx" ASC-nin təqsirkar olması ilə əlaqələndirsə də, istehsalat xəsarətinin baş verməsinin cavabdeh təşkilatın təqsirli və ya hüquqazidd hərəkətləri nəticəsində baş verməsini sübuta yetirə bilməmiş, habelə maddi ziyanın ödənilməsi tələbinin əsası kimi istinad etdiyi hallara (ona tələb etdiyi miqdarda (məbləğdə) maddi ziyan vurulmasına) dair mötəbər sübutlar təqdim etməmiş, qeyd edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehdən 58040 manat maddi ziyan tutulmasına dair iddia tələbi üzrə irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı üçün əsassız olduğundan rədd edilməlidir.

9. Məhkəmə iddianın vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qeyd olunan hissədə də təmin edilə bilməz. Belə ki, əsas tələb vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı olmaqla, həmin hissədə iddia tələbi rədd edildiyindən, əlavə tələb kimi çıxış edən vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair hissədə də iddia rədd edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 1.1-ci bəndinə görə zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Məhkəmə qeyd edilən normanı tətbiq etməli olduğu halda bu normaya ümumiyyətlə qətnamədə istinad etməmişdir. Zərər onun qəsdi nəticəsində əmələ gəlməmişdir, bu barədə heç bir sübut olmadığı üçün ona dəymiş zərər "xxxx" ASC tərəfindən ödənilməlidir. Hazırki işdə cavabdeh "xxxx" ASC öz təqsirsizliyini sübuta yetirə bilməmişdir, o "xxxx" ASC-nin təqsirliliyini sübuta yetirməyə borclu deyildir və ASC öz təqsirsizliyini sübuta yetirmədiyi halda ona vurulmuş ziyana görə təqsirli hesab edilir. Cavabdeh ASC tərəfindən əməyin mühafizəsi qaydalarına əməl edilməsini təmin etməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Onun aldığı xəsarətlə cavabdehin hərəkət və hərəkətsizliyi arasında əlaqə olmasaydı İZ formalı akt tərtib olunmazdı. Cavabdehin hərəkətsizliyi arasında əlaqə ondan ibarət olmuşdur ki, cavabdeh onun sağlam və təhlükəsiz iş şəraitini təmin etməmişdir. Cavabdeh təhlükəsiz iş prosesini yaratmamışdır, onun 43 kənddə yerləşən işıq sayğaclarını yoxlaması üçün nəqliyyat vasitəsilə təmin etməmiş, əməyin təhlükəsizliyi ilə bağlı təlimat keçməmişdir ki, bu da cavabdehin hərəkətsizliyidir ki, onun xəsarət alması ilə nəticələnmişdir. Baş vermiş istehsalatda bədbəxt hadisə barədə ASC X2 məlumat verməmiş, hadisənin baş vermə faktını gizlətmiş, İZ formalı aktı tərtib etməkdən boyun qaçırmışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri 12.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2021-ci il tarixli, 2(103)-11802/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(006)-4696/2021 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir.

14. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş qətnaməsi ilə baş vermiş bədbəxt hadisə faktı müəyyən olunmuşdur. Baş vermiş hadisənin təhqiqatının aparılması və istehsalatda baş vermiş hadisə ilə bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmuşdur. Belə olan halda qətnaməyə əsasən işəgötürən yuxarıda göstərilən qaydalara uyğun olaraq X2 məlumat verməli, bundan sonra göstərilmiş qaydada komissiya yaradılmalı, təhqiqat aparılmalı, müvafiq qaydada təhqiqat aktı tərtib edilməli idi. Lakin həmin işin materiallarından qətnamənin (icra vərəqəsinin) icra edilməsi üçün İcra şöbəsinə göndərilməsi görünsə də, nəzərdə tutulmuş qaydada icrası müəyyən edilmir.

15. İşəgötürən tərəfindən İZ formalı 04/2020 saylı akt tərtib edilmiş, aktda göstərilmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarixdə saat 07:20-də şəxsi təsərrüfatına aid atdan yıxılaraq bədən xəsarətləri almışdır. Lakin aktda nə əmək qanunvericiliyi pozuntusuna yol vermiş şəxslər göstərməmiş, nə hal şahidləri göstərilməmiş, sadəcə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-361/2020 saylı qərarı və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 9049/2019 saylı qətnaməsi qəbul edilmişdir. d)Kassasiya instansiya məhkəməsindəki icraat

16. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) 26 aprel 2022-ci il tarixli, 2(102)-1938/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-11802/2021 nömrəli qətnaməsi ləğv olunmuş, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

18. Kassasiya instansiya məhkəməsinin qərardında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-361/2020 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-9049/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı istirahətdə olmadığı zaman, xx.xx.2017-ci il tarixdə şəxsi atından istifadə etməklə işəgötürənin mənafeyinə uyğun olaraq, yəni işəgötürənin istehsal edərək satdığı elektrik enerjisinin sayğacdan kənar istifadə edilməməsini təmin etmək, bunun üçün də elektrik enerjisinin uçotunu aparan sayğaclara nəzarəti həyata keçirmək üçün gedərkən, iş vaxtı ərzində, iş yerinə gedən zaman atdan yıxılaraq, bədən xəsarətləri almış və bu barədə müvafiq orqanlara məlumat vermişdir. Hadisənin istehsalatda baş vermiş hadisə olmaması məhkəmə iclasında cavabdeh tərəfindən təkzib edilməmiş və buna dair hər-hansı sübut təqdim edilməmişdir

19. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, Apellyasiya Məhkəməsi iddiaçını yeni mübahisə açmağa, yenidən məhkəmə qarşısında dayanmağa istiqamətləndirmişdir. Belə ki, məhkəmə izah etmişdir ki, iddiaçı qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını tələb etməli, bunun nəticəsindən narazı qaldığı təqdirdə həmin təşkilatın qərarlarından yenidən müvafiq məhkəməyə müraciət etməlidir.

Proses iştirakçılarının izahatı

20. Apellyasiya baxışı zamanı iddiaçı, həmçinin onun nümayəndəsi və vəkili hər biri ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

21. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi məhkəmə iclasında qeyd etmişdir ki, "xxxx" ASC-nin 08 iyul 2022-ci il tarixli əmri ilə istehsalatda əmək vəzifəsini yerinə yetirərkən əlil olmuş Cənub RETSi-nin yardımlı Elektrik şəbəkəsinin nəzarətçi mühəndisi İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 112 manat, Cəmiyyət üzrə işçilərin əmək haqlarının artırılması ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdən etibarə hər ay 135 manat məbləğində müavinət ödənilməsi qərara alınmış, həsablanmış məbləğdən ümumilikdə 7588 manat məbləğində pul vəsaiti birdəfəlik ödənilmiş, orta aylıq əmək haqqı miqdarında müaviətin aylar üzrə ödənilməsi hazırda davam etdirilir. Göründüy kimi mübahisə həmin hissədə öz həllini tapmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.

25. Maddə 1118.2. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.

26. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.

27. Maddə 1119.2. Zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır.

28. Maddə 1119.3. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır.

Azərbaycan Respublikası Əmək Məcəlləsi

29. Maddə 217-nin 1-ci hissəsi. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur.

30. Maddə 217-nin 2-ci hissəsi. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır.

31. Maddə 217-nin 3-cü hissəsi. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır.

32. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyət yaranması üçün vacib hesab edir. Əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər. Qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürənin işçiyə münasibətdə tam maddi məsuliyyəti müəyyən edilmişdir. Qanunvericinin bu yanaşmasına müvafiq olaraq Nazirlər Kabinetinin Qərarının 1.1-ci bəndində müəyyən edilmişdir ki, zərərçəkənin təqsirinin dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa müvafiq olaraq işəgötürənin təqsiri oldugu halda təqsirinin dərəcəsindən asılı olmayaraq, o, tam məsuliyyət daşıyır.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”nın 1.3-cü bəndinə görə aşağıdakı sənədlər olduqda təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi və yaxud ölümü haqqında şəhadətnamə. Qərarının 1.3-cü bəndində göstərilmişdir ki, zərərin ödənilməsi üçün peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi ilə yanaşı, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin qərarı (yəni, hər iki sənəd) olmalıdır. Həmin Qərarın 1.4-cü bəndinə əsasən təqsirkar işəgötürən istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, müvafiq həkim məsləhət komissiyası və ya TSEK-in rəyi əsasında müvəqqəti yüngül işə keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərqi ödəyir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək, əlillik müəyyən edildiyi vaxtadək ödənilməlidir.

34. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 nömrəli Qərarının (hazırda qüvvədən düşmüşdür) 5.2-ci bəndində qeyd edilmişdir ki, əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda, onun müddəti sağlamlığın pozulmasının xarakterindən və reabilitasiya tədbirlərinin səmərəliliyindən asılı olaraq 1(bir) il müəyyənləşdirilir.

35. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı Qərarının 1.7-ci bəndində qeyd edilmişdir ki, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

41. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

42. İddiaçı tərəfindən qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi tələb edildiyi üçün qətnamə tam hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

44. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının aldığı xəsarətlərin məhz əmək vəzifələrinin yerinə yetirilməsi zamanı yarandığı, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə sübuta yetirilmişdir. Hadisənin baş vermə halları artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir.

45. Belə ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-9049/2019 nömrəli qətnaməsi ilə İddiaçı ilə baş vermiş bədbəxt hadisə faktı müəyyən olunmuş, təhqiqatının aparılması və istehsalatda baş vermiş hadisə ilə bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmuşdur. "xxxx" ASC məhkəmənin qətnaməsini icra edərək “İstehsalatda bədbəxt hadisə haqqında” 04/2020 nömrəli, İZ formalı Akt tərtib etmişdir.

46. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə məlumatın surətindən görünür ki, İddiaçı əmək qabiliyyətinin 40% hissəsinin itirildiyi müəyyən edilmiş, ona üçüncü dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddətinin sonu xx.xx.2025-ci il qeyd edilmişdir.

47. "xxxx" ASC tərəfindən tərtib edilmiş 25 may 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı hesablanmış orta aylıq əmək haqqı 280,26 manat müəyyən edilmişdir.

48. "xxxx" ASC tərəfindən tərtib edilmiş 08 iyul 2022-ci il tarixli “Zərərə görə verilən ödənc haqqında” əmrin surətindən görünür ki, istehsalatda əmək vəzifəsini yerinə yetirərkən əlil olmuş Cənub RETSi-nin yardımlı Elektrik şəbəkəsinin nəzarətçi mühəndisi İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 112 manat, Cəmiyyət üzrə işçilərin əmək haqlarının artırılması ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdən etibarən hər ay 135 manat məbləğində müavinət ödənilməsi qərara alınmışdır.

49. İddiaçı adına olan hesab kartı məlumatına əsasən "xxxx" ASC tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hesablanmış 7453 manat birdəfəlik ödəniş məbləği həmin hesaba köçürülmüşdür. xx.xx.2022-ci il tarixdə isə aylıq 135 manat həmin hesaba mədaxil edilmişdir.

50. Apellyasiya baxışı zamanı iddaçı İddiaçı izahatında onun hesabına qeyd edilən məbləğin mədaxil edildiyini bildirmişdir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı iddia ərizəsində 58040 manat maddi ziyan tələbini iki əsasla, 27040 manat hissəsi itirilmiş qazanc, 31000 manat xəstəxana xərcləri kimi tələb etmişdir. Məhkəmə kollegiyası maddi ziyanın itirilmiş qazancla bağlı hissəsinə münasibətdə bildirir ki, hazırda cavabdeh təşkilat tərəfindən istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində iddiaçıya dəymiş zərərin aradan qaldırılması yönündə müvafiq hərəkətlər həyata keçirilmiş, mövcud qanunvericiliyin tələblərinə əsasən iddiaçıya əlillik dərəsinə uyğun olaraq orta əmək haqqı nəzərə alınmaqla müavinət qismində birdəfəlik ödənişlər edilmiş, qalan hissəsinin aylar üzrə ödənilməsi davam etdirilməkdədir. Göründüyü kimi mübahisə artıq həmin hissədə həll edildiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Kollegiya maddi ziyanın xəstəxana xərcləri ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçıya xəstəxana xərclərini təsdiq edən müvafiq sənədlərin təqdim edilməsi dəfələrlə təklif edilsə də, buna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən iddianın həmin hissəsi təmin edilməməlidir.

50. Məhkəmə kollegiyası iddianın “cavabdeh ASC-nin üzərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 2.10-cu bəndində nəzərdə tutulan yazılı sorğunun ona verilməsi vəzifəsinin qoyulması” barədə hissəsinə münasibətdə qeyd edir ki, iddiaçıya artıq üçüncü dərəcəli əlillik dərəcəsi təyin edilərək, bu əsasla ona müavinətin ödənilməsi qərara alındığından mübahisə həmin hissədə həllini tapmış və iddia tələbi qeyd edilən hissədə də təmin edilməməlidir.

51. Məhkəmə kollegiyası iddiaçının istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alması faktının rəsmiləşdirilməsinin gecikdirilməsi və ödənişlərin vaxtında verilməməsi nəticəsində mənəvi zərər çəkməsi barədə dəlillərinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, dəymiş mənəvi zərərə görə ağlabatan və adekvat həddə olan 3000 (üç min) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində «Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir».

53. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.

54. X4 izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.

55. İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir.

56. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir. O, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4696/2021 saylı iş üzrə 01 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən mənəvi zərərə görə 3000 (üç min) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar