Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5090/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı prosessual hüquq varisi, eləcə də digər iddia üzrə cavabdeh olan Qanuni nümayəndə, onun nümayəndəsi Vəkil3, digər iddiaçı Şöylə Bayramovanın nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair 2(005)-753/2019 №-li mülki iş üzrə (bundan sonra 1-ci iş) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli qətnaməsindən İddiaçı və iddiaçı Bayramova Şöylə Cahangir qızının cavabdeh X3 və Əli Bayramovun qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələbinə dair 2(007)-483/2021 №-li iş üzrə (bundan sonra 2-ci iş) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı Bayramova Şöylə Cahangir qızının verdiyi apellyasiya şikayətləri üzrə mülki işə baxaraq müəyyən etdi: 1-ci iş üzrə İddiaçı xx.xx.2018-ci il tarixdə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən mağazanın MMC tərəfindən uçurulması ilə bağlı ona vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə 2.000.000 manat, vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 500.000 manat məbləğində pulun cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (hakim G.Əsədova, iş № 2(005)-753/2019) iddia qismən təmin edilmiş, mübahisəli tikilinin uçurulması ilə bağlı dəymiş maddi ziyana görə 561.200 manat və mənəvi ziyana görə 5.000 manat, cəmi 566.200 manat məbləğində pul vəsaitinin cavabdeh MMC-dən alınaraq iddiaçıya ödənilməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 450 manat məbləğində pulun MMC-dən alınaraq "xxxx" MMC-nin xeyrinə, 300 manatın isə "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmiş, qalan hissədə iddia təmin olunmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddiasının tam təmin olunmasını xahiş etmişdir. İddiaçı 01 iyul 2020-ci ildə, yəni iş apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən vəfat etmişdir. 2-ci iş üzrə İddiaçı Şöylə Bayramova mərhum qardaşı İddiaçı vəfatından sonra xx.xx.2020-ci il tarixdə cavabdeh Əli Bayramova və onun qanuni nümayəndəsi (anası), eləcə də İddiaçı hüquqi varisi Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək onun adından etibarnamə əsasında çıxış edən qardaşı (mərhum) İddiaçı ilə sonuncunun övladı Əli Bayramov arasında Nərimanov rayonu, Xətai prospekti ev 29, 2 saylı mənzilin bağışlanmasına dair xx.xx.2014-cü il tarixdə bağlanmış və Bakı şəhəri 15 saylı Notariat Kontoru tərəfindən 4Ə-575 reyestr nömrəsi ilə qeydə alınmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin” etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Əli Bayramovun adına verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* №-li və xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* №-li “Çıxarışların” ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı Şöylə Bayramova apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6728/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov-sədrlik edən və məruzəçi, X.Sarıyev və R.Həsənov, iş № 2(103)-163/21) apellyasiya şikayətləri təmin edilməmiş və hər iki iş üzrə qətnamələr dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixliqərarı ilə (hakimlər Ə.Əliyev-sədrlik edən və məruzəçi, M.Əhmədova və İ.Xəlilov, iş № 2(102)- 2023/22) müstəqil tələb irəli sürən üçüncü şəxs Bayramova Şöylə Cahangir qızının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin halları: 1-ci iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai prospekti, Tələt Şıxəliyev küçəsi və Qarabağ küçəsinin kəsişməsində yerləşən, qapısı Xətai prospektinə açılan mübahisəli daşınmaz əmlak uzun müddətdir ki, iddiaçının ailəsinə məxsusdur. Həmin daşınmaz əmlak əvvəllər yaşayış sahəsi olmuş, lakin 20 ilə yaxındır ki, qeyri-yaşayış sahəsinə çevirilmiş və MMC tərəfindən sökülənədək mağaza kimi fəaliyyət göstərmişdir. Mağaza sahibkarlıq obyekti kimi vergi orqanlarında qeydiyyatdan keçmiş və İddiaçı uzun illərdir ki, dövlət büdcəsinə vergilər və digər məcburi sosial ödənişlər etmişdir. İş üzrə cavabdeh olan MMC, İddiaçı ilə razılaşmadan, onunla hər hansı bir müqavilə bağlamadan xx.xx.2018 tarixdə gecə vaxtı mağazanı uçurtmuşdur. Bununla da, iddiaçıya maddi zərər vurmuşdur. Həmin ərazidə qeyri-yaşayış sahəsinin hər 1 kv.metrinin orta qiyməti təxminən 8.000 manat təşkil edir. Ona görə də müəyyən edilir ki, MMC tərəfindən iddiaçıya 2.000.000 manat məbləğində maddi zərər vurulmuşdur. Bu zərərin əvəzi MMC tərəfindən ödənilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, MMC-nin qanunsuz hərəkəti nəticəsində iddiaçıya mənəvi zərər də dəymişdir. İddiaçı tərəf bu zərəri 500.000 manat məbləğində qiymətləndirir və hesab edir ki, MMC bu zərərin əvəzini də ödəməlidir. Cavabdeh MMC iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, MMC-nin baş vermiş hadisə ilə heç bir əlaqəsi yoxdur. MMC, həmin ərazidə onunla Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə əsasında ərazinin abadlaşdırılması ilə bağlı tikinti işləri aparır və tikilini sökməmişdir. Qeyd edilən müqavilə üzrə işlərin görülməsi ilə bağlı (sifarişçi) MMC ilə (icraçı) fərdi sahibkar X6 (VÖEN: **********) arasında xx.xx.2018-ci il tarixdə “yük daşıma ilə bağlı” müqavilə bağlanmışdır. Müqavilədən daşınma xidmətini yerinə yetirən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azad Əsgərovun üçüncü şəxslər qarşısında cavabdehlik daşıması tam aydın ifadə olunur və sözü gedən məsələdə MMC-nin məsuliyyətini istisna edir. Nəzərə alınsa ki, sökülmüş obyekt qeyri-yaşayış sahəsi kimi deyil, yaşayış sahəsi kimi reyestrdə qeydə alınmışdır, onda müəyyən edilir ki, ödənilməsi tələb edilən məbləğ real deyil. 2-ci iş üzrə iddiaçı Şöylə Bayramova tələbini onunla əsaslandırmışdır ki, mərhum İddiaçı onun qardaşıdır. xx.xx.1999-cu il tarixdə İddiaçı özünün xüsusi mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən mağazasını etibarnamə üzrə nümayəndəsi X1 vasitəsi ilə 50.000 ABŞ dollarına faktiki olaraq ona satmış, 9 saylı Dövlət Notariat Kontorunda həmin alqı-satqı bağışlanma müqaviləsi kimi qeydə alınmışdır. Obyekt mülkiyyət hüququ əsasında ona məxsusdur. Qeyd olunan obyekti həmişə İddiaçı icarəyə verərək işlətmiş, icarə haqqından həm özü xeyir götürmüş, həm də ona xeyir vermişdir. O, 2004-cü ildə həmin mağazanın ətrafını da inşa edərək genişləndirmiş və obyektin ümumi sahəsini faktiki olaraq 232 kv.metrə çatdırmışdır. Onun mülkiyyətində olan həmin kommersiya obyekti 2018-ci ilin axırına kimi fəaliyyət göstərmiş, əsasən də həmin obyektdə divar kağızı və digər müxtəlif növ tikinti materialları satılmışdır. Lakin ona məxsus olan həmin kommersiya obyektinin faktiki ölçüsünə görə hüquqi sənədləri olmadığından o, İddiaçı obyektin mülkiyyət sənədlərini düzəltdirmək məqsədi ilə xx.xx.2012-ci il tarixdə 15 saylı Dövlət Notariat Kontorunda etibarnamə vermişdir. Ancaq bundan sonra İddiaçı ona dəfələrlə bildirmişdir ki, obyektin tikinti aparılmasına dair müvafiq icazə sənədləri olmadığına görə hələlik mülkiyyət sənədlərini almaq mümkün deyil. xx.xx.2018-ci il tarixdə onun xüsusi mülkiyyətində olan həmin obyekt Cavabdeh MMC tərəfindən qanunsuz olaraq sökülmüş və yerində hündürmərtəbəli bina inşa edilmişdir. İddiaçı bundan sonra ona bildirmişdir ki, onun verdiyi etibarnamə əsasında həmin obyektin kompensasiya pulunu alıb ona verəcəkdir. O da inandığından bu işi də İddiaçı tapşırmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə öldükdən sonra, xx.xx.2020-ci il tarixdə onun arvadı- iş üzrə cavabdeh və cavabdeh Əli Bayramovun qanuni nümayəndəsi Qanuni nümayəndə bu barədə ona bildirdikdən sonra ona məlum olmuşdur ki, İddiaçı obyekti xx.xx.2014-cü il tarixdə xəlvəti olaraq, ona heç bir məlumat vermədən azyaşlı oğlu Əli Bayramova qanunsuz və əsassız olaraq bağışlamışdır. Göründüyü kimi, onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Qanuni nümayəndə həm cavabdeh, həm də Əli Bayramovun qanuni nümayəndəsi kimi Şöylə Bayramovanın iddiasına qarşı etirazını onunla əsaslandırmışdır ki, Şöylə Bayramova iddia ərizəsində qardaşı İddiaçı xx.xx.1999-cu il tarixdə ünvan 3 ünvanında yerləşən mağazanı 50.000 ABŞ dollarına satmasını göstərsə də, bunu təsdiq edə biləcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Obyekt 2014-cü ildən etibarən özgəninkiləşdirilmiş və həmin vaxtdan iddiaçının mülkiyyətindən çıxmışdır. Həmin obyekt əvvəldən İddiaçı məxsus olmuş və bir müddət formal olaraq Şöylə Bayramovanın adına rəsmiləşdirilmişdir. Obyektin İddiaçı məxsus olması elə X4 Bayramova verdiyi xx.xx.2012-ci il tarixli etibarnamə ilə də təsdiq edilir. Belə ki, etibarnamə ilə obyektin idarə edilməsi deyil, obyektin özgəninkiləşdirilməsi, hətta əvəzsiz olaraq özgəninkiləşdirilməsi, yəni bağışlanması səlahiyyəti İddiaçı verilmişdir. İddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: 1-ci iş üzrə apellyasiya şikayətinin dəlilləri iddia tələbinin əsasları ilə eynilik təşkil edir və əlavə olaraq göstərilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Qətnamə qəbul edilərkən qeyri-yaşayış sahəsinin real bazar dəyəri, söküntü nəticəsində hal-hazıra kimi itirilmiş gəlirlər, tikili altında olan torpaq sahəsinin dəyəri, çətinliyə görə kompensasiya nəzərə alınmamış, mənəvi kompensasiya olduqca az hesablanmış, nəticədə iddiaçının mülkiyyət hüququ kobud surətdə pozulmuşdur. 2-ci iş üzrə apellyasiya şikayətinin dəlilləri də həmin iş üzrə iddia tələbinin əsasları ilə eynilik təşkil edir və əlavə olaraq qeyd edilir ki, qətnamə qeyri-obyektiv olmaqla, Rayon Məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş, hüququn tətbiq edilməsində səhv buraxılmış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam araşdırılmamış, habelə qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun deyildir, maddi və hüquq normalarının tələbləri pozulmuşdur. 1-ci iş üzrə iddiaçının prosessual hüquqi varisi Qanuni nümayəndə və onun nümayəndəsi (vəkili) Vəkil3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. Onlar eyni zamanda 2-ci iş üzrə iddiaçı Şöylə Bayramovanın apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və Nizami Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. 2-ci iş üzrə iddiaçı Şöylə Bayramovanın nümayəndəsi (vəkili) Vəkil1 təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, Nizami Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. 1-ci iş üzrə cavabdehin nümayəndəsi Y.Yavərzadə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası adı çəkilən normaların tələblərini rəhbər tutaraq hər iki qətnamənin əsaslılığını tam həcmdə yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli və Nizami Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnamələri ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla hər iki tələb rədd olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hər iki tələbin əsaslılığına bir qətnamədə qiymət verilməlidir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Bayramov İddiaçı Şöylə Cahangir qızının qardaşı, X2 isə atasıdır. ünvan 4 ünvanında yerləşən mənzil (bundan sonra – mübahisəli əmlak) mərhum İddiaçı mülkiyyətində olmuşdur. İddiaçı cəzaçəkmə müəssisəsində olarkən həmin daşınmaz əmlakı etibarnamə əsasında bacısı Şöylə Bayramovaya bağışlamışdır. Əmlak Şöylə Bayramovanın adına 29 iyun 1999-cu ildə xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Sözügedən ünvanda İddiaçı tərəfindən idarə olunan mağaza faəliyyət göstərmişdir. xx.xx.2012-ci il tarixli etibarnamə ilə Bayramova Şöylə Cahangir qızı mübahisəli əmlaka dair sərəncam verməyi, satmağı, bağışlamağı və s. hərəkətlər etməyi qardaşı İddiaçı etibar etmişdir. xx.xx.2014-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə İddiaçı bacısı tərəfindən ona verilmiş etibarnamə əsasında mübahisəli əmlakı 2008-ci il doğumlu aşyaşlı oğluna - X3 bağışlamışdır. Əli Bayramovun mülkiyyət hüququ həmin müqavilə əsasında xx.xx.2017-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Mübahisəli əmlak 2018ci ilin noyabr ayında Cavabdeh MMC tərəfindən sökülmüşdür. İddiaçı xx.xx.2020-ci il tarixdə ölmüşdür. Hazırkı işdə iki iddia tələbinə - İddiaçı və Şöylə Bayramovanın iddialarına baxılır. İddiaçı iddiası mübahisəli daşınmaz əmlakın uçurulması ilə bağlı ona vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə 2.000.000 manat, vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 500.000 manat məbləğində pulun cavabdeh MMC-dən onun xeyrinə tutulması barədədir. Şöylə Bayramovanın iddiası isə mübahisəli əmlakın azyaşlı Əli Bayramova bağışlanmasına dair xx.xx.2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi və Əli Bayramovun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədədir. Birinci instansiya məhkəməsi tərəfindən İddiaçı iddiası qismən təmin olunmuş, Şöylə Bayramovanın iddiası isə rədd edilmişdir. Məhkəmə İddiaçı iddiasını qismən təmin edərkən onun mülkiyyətində olan mübahisəli əmlakın Cavabdeh MMC-nin təqsiri üzündən dağıdılmasına və nəticədə onun maddi və mənəvi zərərə məruz qalmasına istinad etmiş, gəldiyi nəticəni Mülki Məcəllənin 1096, 1097.1, 1115-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə Şöylə Bayramovanın iddiasını rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, bağışlama müqaviləsi bağlanan zaman tərəflərə hüquq və vəzifələri izah edilmiş, tərəflər iradə ifadələrini həyata keçirərək sözügedən müqaviləni bağlamışlar. İddiaçı etibarnamə əsasında özü barəsində əqd bağlaması müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 337.1, 337.2, 359.3, 360.1, 390.1- ci, eləcə də MPM-in 14.2, 88-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi hər iki tələb üzrə gəlinən nəticə ilə razılaşaraq birinci instansiya məhkəməsinin qətnamələrini dəyişdirilmədən saxlasa da, Şöylə Bayramovanın kassasiya şikayəti əsasında işə baxan Ali Məhkəmənin Mülki Kollegiyası bununla razılaşmayaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etmiş və işi müvafiq göstərişlərlə yeni apellyasiya baxışına qaytarmışdır. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişlər əsasən aşağıdakılardan ibarətdir: - İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququ olub-olmadığı araşdırılmayıb və qiymət verilməyiv; - X5 Bayramova etibarnamə verərkən hansı əqdləri bağlamasına yönələn iradə ifadəsinin olması məhkəmələr tərəfindən araşdırılmamışdır; məhkəmələr nəzərə almamışdır ki, İddiaçı oğluna bağışladığı kommersiya obyektinə faktiki olaraq sahiblik və istifadə hüququ, o cümlədən, Əli Bayramov azyaşlı olduğuna görə həmin əmlaka sonuncunun adından sərəncam vermək hüququ əldə etmişdir. Apellyasiya instansiyası məhkəməsi İddiaçı mübahisələndirilən bağışlama müqaviləsi ilə özü barəsində əqd bağlayıb-bağlamamasını araşdırmamış və qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşə apelyasiya qaydasında yenidən baxılarkən məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişlərin icrası qaydasında bütün dəlillər üzrə ətraflı araşdırma apardı və aşağıdakıları müəyyən etdi: Məhkəmə kollegiyası ilk növbədə müəyyən etdi ki, İddiaçı öz adından hazırkı iddianı qaldırmağa həqiqətən də subyektiv hüququ yoxdur. Belə ki, işdən göründüyü kimi, Cavabdeh MMC tərəfindən sökülmüş mübahisəli əmlak İddiaçı deyil, onun azyaşlı oğlu Əli Bayramovun mülkiyyətində olmuşdur. Belə olan halda İddiaçı iddinı öz adından deyil, qanuni nümayəndə kimi azyaşlı oğlu Əlinin adından qaldıra bilərdi və dəymiş zərərin əvəzinin özünün deyil, azyaşlı oğlunun xeyrinə tutulmasını tələb edə bilərdi. Lakin iş materiallarından da göründüyü kimi, İddiaçı iddia ərizəsini öz adından vermiş və bununla bağlı sonradan ərizəsinə hər hansı düzəliş etməmişdir. İddiaçı zərərə məruz qalmış mübahisəli əmlakı öz mülkiyyəti kimi təqdim etmiş və zərərin əvəzinin ona ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi də zərərin əvəzinin məhz İddiaçı ödənilməsi barədə qətnamə çıxarmışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən İddiaçı iddiası ilə bağlı Ali Məhkəmənin qərarında şərh olunan göstərişlərlə razılaşır və hesab edir ki, İddiaçı öz adından hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır və ona görə də həmin iddia rədd olunmalıdır. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqe ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən bir daha qeyd edir ki, baxılan iş üzrə İddiaçı öz adından belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmamışdır. İşə apellyasiya qaydasında yenidən baxılarkən kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişlərə uyğun olaraq X5 Bayramova etibarnamə verərkən hansı əqdləri bağlamasına yönələn iradə ifadəsinin olması və İddiaçı mübahisəli əmlakı bağışlamaqla özü üçün əqd bağlayıb-bağlamaması məsələsi də araşdırıldı. Azərbaycan Respublikası Mülki Məcəllənin 359.1-ci maddəsinin tələbinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Hazırkı işdə Şöylə Bayramova iddia ərizəsində göstərir ki, İddiaçı etibarnaməni obyektin idarə olunması və əlavə tikililərin mülkiyyət sənədlərini düzəltdirmək məqsədi ilə vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, adı çəkilən etibarnamədə mübahisəli əmlakın idarə olunması, yaxud əlavə tikililərin sənədlərinin hazırlanması ilə bağlı hər hansı səlahiyyət verilməsi nəzərdə tutulmamışdır. Etibarnamənin məzmununda bu barədə bir kəlmə də yoxdur. X4 Bayramova verdiyi etibarnamənin məzmunundan görünür ki, etibarnamə üzrə verilən səlahiyyətlər aşağıdakılardan ibarət olmuşdur: mənzilin yüklü olmaması barədə və başqa tələb edilən sənədləri aldıqdan sonra ona mənə məxsus olan bütün hissə üzərində sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq, pulunu almaq, buna dair müqaviləni imzalamaq, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək və digər hərəkətlər etmək. Göründüyü kimi, etibarnamədə bağışlama səlahiyəti konkret göstərilib və İddiaçı etibarnamə ilə verilən səlahiyyət həddində hərəkət edərək mübahisəli əmlakın bağışlanması müqaviləsini bağlamış, səlahiyyət həddini aşamamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə etibar olunan İddiaçı etibar edən Şöylə Bayramovanın etibarnamədə ifadə olunan iradəsini zədələyən, onu təhlükə altına alan hər hansı hərəkətə yol verməmişdir. O, etibarnamə ilə verilən səlahiyyətdən kənara çıxmamış, həmin səlahiyyət həddində hərəkət edərək daşınmaz əmlakı azyaşlı Əli Bayramova bağışlamışdır. Etibarnamənin məzmununda əmlakın konkret olaraq kimə bağışlanmalı olması qeyd olunmamış, bununla bağlı təmsil edən üçün hər hansı məhdudiyyət, qadağan nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı mübahisəli əmlakı etibarnamə əsasında azyaşlı oğlu Əli Bayramova bağışlaması onun özü üçün və özü barəsində əqd bağlaması kimi qiymətləndirilə bilməz. Kassasiya məhkəməsinin qərarında şərh olunanlara görə işə baxan məhkəmələr İddiaçı bağışlama müqaviləsi bağlamaqla oğluna bağışladığı kommersiya obyektinə faktiki olaraq sahiblik və istifadə hüququ, o cümlədən, Əli Bayramov azyaşlı olduğuna görə həmin əmlaka sonuncunun adından sərəncam vermək hüququ əldə etməsini nəzərə almamışlar. Məhkəmə kollegiyası qeyd edir ki, uşaqların əmlak hüquqları qanunla qorunur və valideynlər həmin əmlak, eləcə də əmlakdan gələn gəlir üzərində birbaşa sərəncam vermək hüququna malik deyillər. Uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur. Azyaşlı uşağın mülkiyyətində olan daşınmaz əmlak üzərində valideynin (qanuni nümayəndənin) sərəncam verməsi yalnız qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi ilə mümkün ola bilər. Bu baxımdan məhkəmə kollegiyası İddiaçı bağışlama müqaviləsi bağlamaqla oğluna bağışladığı kommersiya obyektinə faktiki olaraq sahiblik və istifadə hüququ, o cümlədən, Əli Bayramov azyaşlı olduğuna görə həmin əmlaka sonuncunun adından sərəncam vermək hüququ əldə etməsinə dair dəlili əsaslı saymır. Məhkəmə kollegiyası qeyd edir ki, uşaqların əmlak hüquqlarının müdafiəsi və qorunması qaydası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55-ci və Mülki Məcəllənin 36-cı maddələrində nəzərdə tutulmuşdur. Ailə Məcəlləsi: Maddə 55. Uşağın əmlak hüquqları 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. 55.4. Uşaq gəlirinə, vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə uşağın vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir. Uşağın mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunur. 55.5. Uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur. 55.6. Uşaqlar valideynlərinin, valideynlər də uşaqların əmlakına mülkiyyət hüququna malik deyillər. Birlikdə yaşayan valideynlər və uşaqlar qarşılıqlı razılıq əsasında bir-birinin əmlakından istifadə edə bilər və ya həmin əmlaka sahiblik edə bilərlər. 55.7 Valideynlərin və uşaqların birgə mülkiyyət hüququ yarandıqda əmlak üzərində sahiblik, sərəncam və ondan istifadə hüququ mülki qanunvericiliklə müəyyən edilir. Mülki Məcəllə: Maddə 36. Qəyyumluqda və himayədə olanın əmlakı barəsində sərəncam verilməsi 36.1. Qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər. 36.2. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. 36.3. Qəyyumun, himayəçinin, onların ərinin (arvadının) və yaxın qohumlarının ixtiyarı yoxdur ki, qəyyumluqda və ya himayədə olana hədiyyə kimi əmlak verilməsi və ya onun əvəzsiz istifadəsinə əmlak verilməsi istisna olmaqla, qəyyumluqda və ya himayədə olanla əqdlər bağlasın, habelə əqdlər bağlanarkən və ya qəyyumluqda və ya himayədə olanla qəyyumun və ya himayəçinin əri (arvadı) və onların yaxın qohumları arasında məhkəmə işləri aparılarkən qəyyumluqda və ya himayədə olanı təmsil etsinlər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı mübahisəli əmlakı etibarnamə əsasında azyaşlı oğluna bağışlaması adı çəkilən qanunvericilik normalarının tələbləri baxımından onun özü üçün və özü barəsində əqd bağlaması kimi qiymətləndirilə bilməz. İşdən göründüyü kimi, mübahisəli əmlakın ilkin mülkiyyətçisi İddiaçı özü olmuş, cəzaçəkmə müəssisəsində olarkən o, həmin əmlakı bacısı Şöylə Bayramovaya bağışlamış, Şöylə Bayramova 2012-ci ildə İddiaçı əmlak üzərində sərəncam verməyi, o cümlədən bağışlama müqaviləsinin bağlanmasını ehtiva edən etibarnamə vermiş və İddiaçı etibarnamə üzrə ona verilən səlahiyyətdən istifadə edərək əmlakı etibar edənin adından azyaşlı oğlu Əliyə bağışlamışdır. Mübahisəli əmlak 2014-cü ildən Əli Bayramovun mülkiyyətindədir və onun mülkiyyət hüququ müdafiə olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (maddə 13.1). Hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (maddə 29.1, 29.2, 29.3, 29.4. ). Azərbaycan Respublikasının Mülki Məcəlləsi müəyyən edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (maddə 324.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Şöylə Bayramovanın əsas dəlillərindən biri də bağışlama müqaviləsi bağlanarkən qardaşı İddiaçı və qardaşı arvadı Qanuni nümayəndə tərəfindən aldadılması, bağışlama müqaviləsinin uzun müddət ondan gizlədilməsi, bu barədə yalnız İddiaçı ölümündən sonra xəbər tutması barədədir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən bu dəlili də əsassız sayır və qeyd edir ki, Şöylə Bayramova mübahisəli əmlak üzərində sərəncam verilməsi barədə etibarnamə verdiyi andan İddiaçı həmin əmlak üzərində sərəncam vermək hüququ yarandığından Şöylə Bayramova özününkü hesab etdiyi əmlakın taleyi ilə maraqlanmalı idi. O, ən azından 2018-ci ildə aparılan söküntüdən sonra bundan xəbər tutmalı idi. Belə ki, söküntüdən xəbəri olduğunu o, iddia ərizəsində özü də etiraf etmişdir. Qanuni nümayəndə məhkəmə kollegiyasının iclasında Şöylə Bayramovanın nümayəndəsinin sualını cavablandırarkən bildirdi ki, mübahisəli daşınmaz əmlakın bağışlanma qaydasında azyaşlı Əli Bayramovun adına keçirilməsini İddiaçı Şöylə Bayramovanın özü məsləhət görmüşdür və müqavilənin bağlanmasından da Şöylə Bayramovanın xəbəri olmuşdur. Belə ki, müqavilə bağlandıqdan sonra Şöylə Bayramova ona zəng edərək “rahat ola bilərsən, obyekt mənim adımdan çıxdı” demişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və eləcə də bağışlama müqaviləsinin bağlanmasından uzun müddət keçdikdən sonra iddia qaldırıldığını nəzərə alaraq hesab edir ki, hazırkı işdə iddiaçı bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı mübahisə açmaq üçün Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddəti (kəsici müddəti) ötürmüşdür. Həmin maddəyə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquqların müdafiəsi üçün qanunvericilik müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. Bunun mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia müddətinin, o cümlədən, “kəsici” müddətin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır və bu, hüquqi müəyyənlik prinsipinə əməl olunması baxımından əhəmiyyətli olmaqla potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur. Eyni fikir Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da ifadə olunmuşdur. Məsələn: “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, bu, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Şöylə Bayramova iddiasında əlavə tikililərin də onun tərəfindən aparıldığını göstərsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Şöylə Bayramova öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası işin müəyyən edilən faktiki hallarını və kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, qətnamələrdə göstərilmiş nəticə işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normaları pozulduğundan qətnamələr ləğv edilməli və hər iki tələbin rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini qismən – qətnamələrin ləğv olunması hissəsində əsaslı sayır. İddia tələblərinin əsaslılığı baxımından isə apellyasiya şikayətləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli və Nizami Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnamələri ləğv olunsun. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı Bayramova Şöylə Cahangir qızının cavabdeh X3 və Əli Bayramovun qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5090/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5090/2022
14.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver