Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5091/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı Cavabdeh1 MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi və yenidən qiymətləndirmənin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-727/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi və yenidən qiymətləndirmənin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsində faktiki istifadədə olan 0,03362 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 7 otaqlı, 133,7 kv.m. yaşayış, 31,47 kv.m. köməkçi sahədən ibarət 48 saylı fərdi yaşayış evinin Cavabdeh1 MMC tərəfindən xx.xx.2018-ci il tarixli, 18-392 saylı “X1 Haqqında Hesabat” ilə qiymətləndirilməsi üzrə nəticələrin ləğv edilməsi, yenidən qiymətləndirmə müəyyən olunmaqla hərracın həmin dəyərlərlə keçirilməsinin qiymətləndiriciyə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-727/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rdd edilmiş, X2 “X15” MMC-nin xeyrinə keçirilmiş ekspertiza xərcinin əvəzi kimi 150 manat məbləğində pul tutulmuşdur Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki,məhkəmənin təyin etdiyi etkspertiza tədqiqatı üzrə müəyyən olunmuşdur ki, onun əmlakının dəyəri yerləşmə ərazisi, köhnəlmə əmsalı, bazar dəyəri nəzərə alınmaqla rəydə göstərilən və mübahisələndiriləndən də aşağı dəyərdədir. Bu ekspert rəyi ilə razılaşmaq olar. Lakin bank iddia verərəkən və sonradan icra dövrü qiymət qoyularkən əmlakın dəyəri fərqli müəyyən olunmuşdur. Bu isə öz növbəsində o deməkdir ki, əmlak faktiki ona qoyulan son dəyər əsasında hərraca çıxarılmalıdır. O tələbində hərracın müəyyən olunan son qiymət əsasında keçririlməsini xahiş etsə də hakim dəyərin yuxarı olmaqla keçirilməli olduğunu qəbul edərək mübahisəyə yalnış dəyər vermişdir. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bu barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4046/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə “xxxxxxxxx” ASC və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin qismən cavabdehlərin mənzildən çıxarılmasının təmin edilməməsi hissəsində və cavabdehdən tutulan faiz məbləğinin miqdarı hissəsində ləğv edilmiş, cavabdehlərin mənzildən çıxarılması hissəsində iddia tələbinin təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi, 48 saylı fərdi yaşayış evi satıldıqdan sonra cavabdehlər X9, İddiaçı, X5, X6, X7 və X8 bir aydan gec olmayaraq mənzili tərk etməsə evdə çıxarılmış, cavabdehdən tutulan faiz məbləğinə dair hissədə iddianın qismən təmin edilmiş, cavabdeh “Ramil-A” şirkətindən 10SF saylı, xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən kredit borcu üzrə 8523,64 manat faiz borcu məbləğində pul vəsaitinin alınaraq “xxxxxxxxx” ASC-nə verilməsi, qətnamənin digər hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən həmçinin görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı “xxxxxxxxx” ASC-nin iddiası qismən təmin edilərək, “xxxxxxxxx” ASC ilə cavabdeh “Ramil-A” şirkətinin arasında bağlanmış 10SF saylı, xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh “Ramil- A” şirkətindən 10SF saylı, xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən kredit borcu üzrə cəmi 130.662,40 manat məbləğində pul vəsaitinin alınması və “xxxxxxxxx” ASC-nə verilməsi, tutmanın borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən 48 saylı fərdi yaşayış evinə yönəldilməsi; həmin əmlakın açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaitindən “Ramil-A” şirkətinin “xxxxxxxxx” ASC-yə olan borcunun ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğin İddiaçı qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdeh “Ramil-A” şirkətindən 30 manat məbləğində pul vəsaitinin “xxxxxxxxx” ASC-nin xeyrinə tutulması, məhkəməyə təqdim edilən sənədlərin notarial qaydada təsdiq edilməsi üçün 13 saylı Notariat Kontorunun hesabına ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 manat məbləğində pul vəsaitinin “Ramil-A” şirkətindən alınaraq “xxxxxxxxx” ASC-nə verilməsi qət edilmiş, iddianın qalan hissəsi təmin edilməmişdir. İddiaçı Qurban oğlunun tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən 48 saylı fərdi yaşayış evi 5 il müddətinə ipoteka müqaviləsi üzrə “xxxxxxxxx” ASC-nin xeyrinə yüklü edilmişdir. Cavabdeh1 MMC-nin X1 haqqında xx.xx.2018-ci il tarixli 18-392 saylı hesabata əsasən Bakı şəhəri, Suraxanı rayonu,M.F.Axundov küçəsində istifadədə olan 0,03362 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 165,17 kv.m-dən ibarət 48 saylı fərdi yaşayış evinin dəyəri 60.000 manat qiymətləndirilmişdir. “X3 Mərkəzi” MMC tərəfindən Suraxanı rayon İcra Şöbəsinə, “xxxxxxxxx” ASC-yə və borclulara ünvanlanmış 1584 saylı, xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, Suraxanı rayon icra şöbəsinin 14339/16-18-11 saylı, xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsində 0,03362 ha torpaq sahəsində yerləşən 7 otaqlı, ü/s 165,17 kv.m. olan 48 saylı fərdi yaşayış evi satılmaq üçün açıq hərraca çıxarılmışdır. Əmlakın ilkin satış qiyməti 60000 manatdır. Açıq hərrac xx.xx.2019-cu il tarixdə, saat 11.00-da Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, 44 (Caspian Plaza, 3-cü korpus, 6-cı mərtəbə) ünvanda keçiriləcəkdir. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə əmtəəünaslıq ekspertizasının nəticələrinə dair “X15” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ƏEM/M 59- 599/19 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən 1 mərtəbəli, 7 otaqlı, 133,7 kv.m. yaşayış, 31,47 kv.m. köməkçi sahədən ibarət 48 saylı fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixə bazar dəyəri 46.000 manat təşkil edir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, İddiaçı cavabdehlər tərəfindən onun hüquqlarının pozulmasına və ona məxsus evin dəyərinin az hesablanmasına istinad etsə də, onun qanunla qorunan hüquqlarının pozulmasını sübut edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Kollegiya qeyd edir ki, məhkəməyə təqdim edilmiş ekspert rəyindən də göründüyü kimi mübahisəli evin bazar dəyəri 46.000 manat təşkil edir. Buna baxmayaraq, həmin ev ilkin satış qiyməti 60.000 manat müəyyən edilməklə hərraca çıxarılmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-727/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-5091/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5091/2020
18.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver