Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5092/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativi və Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(006)-2050/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-334/16 nömrəli, xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, X12 2004-cü il tarixdən Cavabdeh2 MTK-nın sədri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən ələ keçirmə məqsədilə, Cavabdeh2 MTK tərəfindən Bakı şəhəri, Yeni Yasamal İİ yaşayış massivində inşa edilən binada ümumi sahəsi 108 kv.m olan 116 nömrəli mənzili 2008-ci il tarixdə X8 60000 ABŞ dolarına satmasında baxmayaraq, həmin mənzili 05 fevral 2014-cü il tarixdə yenidən 58800 manata İddiaçı qanunsuz olaraq satıb, sonuncudan həmin pul vəsaitini MTK-nın ünvan 1 ünvanında yerləşən ofisində alaraq, mənzilin İddiaçı qeyd olunan tarixdə satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri – alğısatqı müqaviləsi, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarşı tərtib edib, imzası və MTK-nın möhürü ilə təsdiq edərək, ona məxsus 58800 manat məbləğində külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş və vəzifə saxtakarlığı törətmişdir. 2.İddiaçı Cavabdeh2 MTK-nın sədri işləmiş X4 cinayət əməli nəticəsində ona maddi və mənəvi zərər dəydiyini iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh1 müştərək qaydada ona məxsus olan 58.800 (əlli səkkiz min səkkiz yüz) manat pulun tutularaq ödənilməsinə, vurulmuş mənəvi zərərə görə 10000 (on min) manat və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 297 (iki yüz doxsan yeddi) manat dövlət rüsumunun tutularaq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yeni tikilmiş binada ev almaq məqsədilə Cavabdeh1 təsisçisi olduğu "xxxx" MTK-nın sədri X9 müraciət etmiş və Bakı şəhəri, Yeni Yasamal İİ yaşayış massivində inşa edilən binada ümumi sahəsi 108 kv.m olan 116 nömrəli mənzilin olmasını bildirmişdir və mənzilin qiyməti 58.800 (əlli səkkiz min səkkiz yüz) manat razılaşdırılmış və həmin vaxt pulu dollarla vermiş, lakin müqavilədə manatla göstərilmişdir. xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivində inşa edilən 16 mərtəbəli yaşayış binasının İ blokunda 15-ci mərtəbədə yerləşən, ümumi sahəsi 108 kv.m olan 3 otaqlı 116 saylı mənzilin ona verilməsi barədə müqavilə bağlanmışdır. 05 fevral 2014-cü il tarixdə 58.800 (əlli səkkiz min səkkiz yüz) manat məbləğində pulu MTK-nın ünvan 2 ünvanında yerləşən ofisində almışlar, mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışını möhürləyərək iddiaçıya vermişlər. Lakin, sonra ona məlum olmuşdur ki, bu mənzil əvvəllər, 2008-ci ildə X8 60.000 ABŞ dollarına satılmışdır. Bundan da aydın olmuşdur ki, cavabdeh tərəfin təsisçisi olduğu MTK öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan məqsədli şəkildə ona məxsus külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədi güdmüş və ona məxsus külli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü ilə Cavabdeh2 MTK-nın sədri X9 Azərbaycan Respublikası CM-nin 178.3.2., 308.2. və 313. maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməklə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Lakin, işə baxılarkən iddiaçı tərəfindən mülki iddia qaldırılmamışdır. İddiaçı qeyd etmişdir ki, cavabdehlərin dələduzluq yolu ilə ona məxsus külli miqdarda pulu ələ keçirməsi nəticəsində o evsiz-eşiksiz qalmış, o həmin puldan istifadə edə bilməmiş və cavabdehlərin əməli nəticəsində o, mənəvi zərərə də məruz qalmışdır. Belə ki, uzun müddət zəhmət hesabına toplayıb əldə etdiyi pul vəsaitindən məhrum olmağı, cavabdehin onu aldatması, sonda pulu qaytarmaması səbəbindən dəfələrlə stress keçirmiş, sağlamlığı pozulmuş və psixikasına ciddi şəkildə təsir etmişdir. Onun həyat yoldaşı uzun müddət bundan qabaq vəfat etmiş, uşaqları təkbaşına böyütmüş, ərindən qalan yeganə evi sataraq mənzil almaq istəyirmiş və dələduzluq nəticəsində dözülməz şərait yaranmışdır. Səhhəti tamamilə pisləşmişdir. Ona görə də cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 10000 (on min) manat məbləğində dəyərləndirmişdir. 5.Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək bildirmişdir ki, o, Şahin Əliyev barəsində cinayət işinə baxılarkən vaxtında mülki iddia verə bilməmişdir. Belə ki, səhhətində olan problemlər ona çətinlik yaratmışdır. Onunla eyni cinayət işi üzrə zərərçəkmiş şəxslər mülki iddiaçı kimi tanınıblar və hazırda Cavabdeh1 məxsus olan əmlak satışa çıxarılıb. Əliyev Şahinə qarşı iddia qaldırmamasının səbəbi odur ki, Şahin Əliyevin heç bir əmlakı yoxdur, amma Cavabdeh1 əmlakı satılıb və əgər onun iddiası təmin olunsa, həmin əmlakın satışından o da pul ala bilər. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. 6.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 06 iyun 2024-cü il tarixli, 2(006)-2050/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Vüsalə Musayeva) iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan: 7.Cavabdeh2 MTK-nın nizamnamə əsasında fəaliyyət göstərən icraçı direktor X12 və İddiaçı arasında xx.xx.2014-cü il tarixində imzalanan müqavilədən görünür ki, MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivində inşa etdiyi 16 mərtəbəli yaşayış və ofis binasının 1-ci blokunda yerləşən, ümumi sahəsi 108 kv.m olan 3 otaqlı 116 nömrəli mənzil 58.800 (əlli səkkiz min səkkiz yüz) manata İddiaçı satılmışdır. 8.Cavabdeh2 MTK-nın xx.xx.2014-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Cavabdeh2 MTK-nın payçısıdır və Yeni Yasamal İİ yaşayış massivi 116 nömrəli mənzilin tam dəyərini 58.800 (əlli səkkiz min səkkiz yüz) manat məbləğində ödəmişdir. 9.Cavabdeh2 MTK üzvlərinin ümumi iclasının xx.xx.2014-cü ilin 02 nömrəli protokolundan çıxarışından görünür ki, İddiaçı kooperativə üzv qəbul olunmaqla, MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivi, 1-ci blok, 15-ci mərtəbədə yerləşən, ümumi sahəsi 108 kv.m olan 3 otaqlı, 116 nömrəli mənzilin payçısı olduğu təsdiq edilmişdir. 10.Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh2 MTK-nın fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktivdir. 11.xx.xx.2024-cü il tarixli 23727 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 297 manat məbləğində dövlət rüsumu ödəmişdir. 12.xx.xx.2000-ci il tarixli, 048852 nömrəli vəsiqədən görünür ki, İddiaçı ümumi xəstəlik səbəbi ilə 2-ci qrup əlildir. 13.Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-334/16 nömrəli, xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, X3 58.800 (əlli səkkiz min səkkiz yüz) manat alınaraq İddiaçı verilməsi hökm edilmişdir. 14.Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Ş.Əliyevdən 58.800 manat alınaraq zərərçəkmiş İddiaçı ödənilməsi hissəsi onun Ş.Əliyevə qarşı mülki iddiası olmadığından ləğv edilmişdir. 15.Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-790/19 nömrəli xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Cavabdeh1 adına rəsmiləşdirilmiş ünvan 3 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə X5 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 nömrəli evin 16-17, 19 nömrəli mənzillərin üzərinə qoyulmuş həbs bərpa edilmiş və zərərçəkmişlərə (mülki iddiaçılara) vurulmuş maddi ziyanın ödənilməsi həmin mənzillərə yönəldilmişdir. 16.Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(102)- 1468/2019 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 17.Məhkəmə iş üzrə mövqeyi belə olmuşdur ki, iddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 334/16 nömrəli, xx.xx.2016-cı il tarixli hökmü ilə təqsirli bilinən X9 münasibətdə zərərçəkmiş şəxs hesab edilmişdir.Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-790/19 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh1 adına rəsmiləşdirilmiş ünvan 4 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin bərpa edilərək zərərçəkmişlərə (mülki iddiaçılara) vurulmuş maddi ziyanın ödənilməsinin həmin əmlaka yönəldilməsi, Cavabdeh1 hazırki iddia tələbi üzrə işə cavabdeh kimi cəlb edilməsinə əsas vermir. Beləliklə məhkəmə mülki işin qeyd edilən halının hüquqi həlli ilə bağlı bildirmişdir ki, iddiaçı düzgün olmayan cavabdehə qarşı iddia qaldırmışdır. Belə ki, nəzərə alınmalıdır ki, zərərin vurulması zamanı səbəbli əlaqənin gözlənilməsi zəruridir. Nəzərə alınmalıdır ki, hazırda iddiaçının hüquqlarının pozulması ilə bağlı delikti törətmiş şəxs Cavabdeh1 və ya Cavabdeh2 MTK deyil, X10r. Məhkəmə yuxarıda qeyd olunanları əsas gətirərək hesab etmişdir ki, iddia tələbi istər maddi ziyanın, istərsə də mənəvi zərərin ödənilməsi hissəsində hazırki iş üzrə cavabdehlərin hər ikisinə münasibətdə əsassız olduğundan təmin edilə bilməz. 18.Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlmişdir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. 19.Məhkəmə öz mövqeyiniAzərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, 1096.2ci;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1, 77.1, 119.1, 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 20.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 21.Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmənin qətnaməsi tamamilə qeyri-qanuni və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi şəraitində çıxarılmışdır və aşağıda göstərilən səbəblərdən ləğv edilməlidir. Qeyd olunmalıdır ki, Cavabdeh1 Cavabdeh2 MTK-nın təsisçisidir, MTK-nın adından isə cavabdeh X12 çıxış etmişdir, qanuni təmsilçisi təyin edilmişdir və MTK ilə bağlı olan məsələlərdə öhdəlik daşıyır. X12 qanuni təmsilçi olduğu üçün cinayət məsuliyyətinə cəlb edilmişdir və cinayət işi üzrə materiallardan aydın olur ki, həmin iş üzrə Cavabdeh1 məxsus əmlakların üzərinə həbs qoyulmuşdur. Həmin iş üzrə zərərçəkmişlərə maddi ziyanın ödənilməsi cavabdehə məxsus əmlaklar hesabına həyata keçirilmişdir və belə olan təqdirdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə uyğun olaraq cavabdehlər mülki hüquq məsuliyyəti daşıyırlar.Cavabdeh1 Cavabdeh2 MTK-nın təsisçisi olması, MTK-nın adından isə X4 çıxış etməsi , qanuni təmsilçisi təyin edilməsi və MTK ilə bağlı olan məsələlərdə öhdəlik daşıması və cinayət işi üzrə Cavabdeh1 məxsus əmlakların üzərinə həbs qoyulması , həmin iş üzrə zərərçəkmişlərə maddi ziyanın ödənilməsinin cavabdehə məxsus əmlaklar hesabına həyata keçirilməsi halları iş üçün mühüm əhəmiyyət kəsb etsə də məhkəmə tərəfindən qiymət verilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 22.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 23.Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. 24.Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 25.Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini xahiş etdi, məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh2 MTK-nın təsisçisi olmadığını, onun əmlaklarına həbs qoyulmasından məlumatlı olmadığını bildirdi. 26.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər Cavabdeh2 MTK-nın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işəcavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 27.Maddə 109.6.Mənzil-tikinti kooperativlərinin yaradılması, idarə edilməsi, yenidən təşkili, ləğvi, fəaliyyəti, həmçinin hüquqi statusu ilə bağlı digər məsələlər bu Məcəllədə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 28.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 29.Maddə 110-3.1. Kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir. 30.Maddə 110-3.2. Kooperativ öz üzvlərinin kooperativin fəaliyyəti ilə əlaqədar götürdükləri öhdəliklərinə və bu Məcəllənin 112.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla başqa öhdəliklərinə (borclarına) görə məsuliyyət daşımır. 31.Maddə 111.1.Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz. 32.Maddə 111.10. Kooperativin idarə heyəti və (və ya) onun sədri kooperativin cari fəaliyyətinə kooperativ üzvlərinin ümumi yığıncaqları arasındakı dövrdə rəhbərlik edir, onun işlərini aparır, kooperativi təmsil edir. Kooperativ üzvlərinin sayı əllidən çox olduqda kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən onun üzvlərindən kooperativin idarə heyəti seçilir. İdarə heyətinə rəhbərliyi kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən seçilən (təyin edilən) sədr həyata keçirir. Kooperativin idarə heyətinin və (və ya) onun sədrinin (təyin edilməsi), onların səlahiyyətləri və səlahiyyət müddəti, idarə heyəti sədrinin kooperativin əmlakına sərəncam vermək hüququ, onun əmək haqqı, məsuliyyəti, habelə vaxtından əvvəl vəzifədən azad edilməsi (istefa verməsi) əsasları və qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. 33.Maddə 111.11. Əgər idarə heyəti yaradılmışdırsa, nizamnamədə sədrin və idarə heyətinin səlahiyyətləri (təkbaşına və kollegial qaydada həyata keçirilən səlahiyyətlər) ayrıca göstərilməlidir. 34.Maddə 110-3.1. Kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir. 35.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 36.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 37.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 38.Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 39.Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 40.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 41.Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 42.Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 43.Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır Apellyasiya baxışının hədləri 44.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 45.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanunililiyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 46.Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətini və iş materiallarını, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh2 MTK-ya qarşı təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 47.Kollegiya işin faktiki hallarını və qanunvericiliyin qeyd olunan müdəəalarına əsasən hesab edir ki, məhkəmə iddia tələbini Cavabdeh2 MTK-ya qarşı olan hissədə düzgün olmayan cavabdehə qarşı yönəlməsi əsası ilə rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir, buna görə də qətnamə həmin hissədə ləğv edilərək, qeyd olunan hissədə yeni qətnamə qəbul edilməlidir. 48.Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-334/16 nömrəli, xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, X12 2004-cü il tarixdən Cavabdeh2 MTK-nın sədri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən ələ keçirmə məqsədilə, Cavabdeh2 MTK tərəfindən Bakı şəhəri, Yeni Yasamal İİ yaşayış massivində inşa edilən binada ümumi sahəsi 108 kv.m olan 116 nömrəli mənzili 2008-ci il tarixdə X8 60000 ABŞ dolarına satmasında baxmayaraq, həmin mənzili 05 fevral 2014-cü il tarixdə yenidən 58800 manata İddiaçı qanunsuz olaraq satıb, sonuncudan həmin pul vəsaitini MTK-nın ünvan 1 ünvanında yerləşən ofisində alaraq, mənzilin İddiaçı qeyd olunan tarixdə satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri – alqısatqı müqaviləsi, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarşı tərtib edib, imzası və MTK-nın möhürü ilə təsdiq edərək, ona məxsus 58800 manat məbləğində külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş və vəzifə saxtakarlığı törətmişdir. 49.Həmin hökmlə X12 qeyd olunan və hökmdə sadalanan digər zərərçəkmişlərə qarşı CM-nin 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilmiş və ona müvafiq cəza təyin edilmişdir. 50.İş materiallarına əlavə edilmiş Cavabdeh2 MTK-nın yaradılmasına dair xx.xx.2004-cü il tarixli Təsis Müqaviləsindən görünür ki, X15, X6, X12, X13 və X11 Cavabdeh2 MTK-nı təsis edirlər, MTKnın eyni tarixli Protokoluna əsasən təsisçilər qərara alırlar ki, Kooperativin sədri vəzifəsinə X12 təyin edilsin.İş üzrə cavabdeh İddiaçı isə MTK-nın təsisçisi sıralarında yoxdur. 51.Beləliklə, işin faktiki halları ondan ibarətdir ki, Cavabdeh2 MTK-nın nizamnamə əsasında fəaliyyət göstərən MTK-nın sədri olan X12 və İddiaçı arasında xx.xx.2014-cü il tarixində imzalanan müqaviləyə əsasən MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivində inşa etdiyi 16 mərtəbəli yaşayış və ofis binasının 1-ci blokunda yerləşən, ümumi sahəsi 108 kv.m olan 3 otaqlı 116 nömrəli mənzil 58.800 (əlli səkkiz min səkkiz yüz) manata İddiaçı satılmış, sonuncu Cavabdeh2 MTK-nın payçısı olmaqla Yeni Yasamal İİ yaşayış massivi 116 nömrəli mənzilin tam dəyərini 58.800 (əlli səkkiz min səkkiz yüz) manat məbləğində pulu MTK-nın ünvan 1 ünvanında yerləşən ofisində ödəmiş, ona MTK-nın möhürü ilə təsdiq olunmuş müqavilə verilmişdir. Cavabdeh2 MTK üzvlərinin ümumi iclasının xx.xx.2014-cü ilin 02 nömrəli protokoluna müqaviq olaraq İddiaçı kooperativə üzv qəbul olunmaqla, MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivi, 1-ci blok, 15-ci mərtəbədə yerləşən, ümumi sahəsi 108 kv.m olan 3 otaqlı 116 nömrəli mənzilin payçısı olduğu təsdiq edilmişdir. Hansıki həmin mənzil 2008-ci il tarixdə X8 60000 ABŞ dolarına satılmışdır. 52.Göründüyü kimi 2004-cü il tarixdən Cavabdeh2 MTK-nın sədri vəzifəsi icra edən, kooperativi təmsil etmək səlahiyyətlərinə malik olan X12 tərəfindən törədilən cinayət nəticəsində iddiaçıya 58800 manat məbləğində maddi ziyan dəymişdir. 53.Kollegiya qeyd edir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyriəmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. 54.Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. 55.Göründüyü kimi, Şahin Əliyev Cavabdeh2 MTK-nın təsisçisi olmaqla, MTK-nın sədri seçilmişdir. Mülki Məcəllənin 111.10-ci maddəsinə əsasən Şahin Əliyev sədr olaraq kooperativin cari fəaliyyətinə kooperativ üzvlərinin ümumi yığıncaqları arasındakı dövrdə rəhbərlik etmiş, onun işlərini aparmış, kooperativi təmsil etmişdir. Onun MTK-nın adından bağladığı müqaviləyə əsasən iddiaçıya zərər vurması işin mübahisəsiz halıdır. 56.Mülki Məcəllənin 110-3.2-ci maddəsinə müvafiq olaraq Cavabdeh2 MTK, kooperativin sədri Şahin Əliyevin kooperitvin binasında kooperativin fəaliyyəti ilə əlaqədar iddiaçı ilə bağladığı müqaviləyə görə götürdüyü öhdəliklə bağlı məsuliyyət daşıyır və bu məsuliyyət təqsirsiz məsuliyyətdir. 57.Belə ki, işəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. 58.Hazırki halda, iddiaçı bu zərəri Şahin Əliyevdən deyil, onun seçiminə görə Cavabdeh2 MTKdan tələb edir. 59.Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında Plenum qeyd etmişdir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. 60.Belə olan halda kollegiya hesab edir ki, iddiaçı Cavabdeh2 MTK-ya hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 61.Kollegiya eyni zamanda qeyd edir ki, digər Cavabdeh1 iddiaçıya dəymiş 58800 manat məbləğində maddi zərər və eyni faktiki əsaslara söykənən mənəvi zərərin yaranmasında hər hansı bir rolu və ya iştirakı müəyyən edilmədiyindən məhkəmə iddia tələbini digər Cavabdeh1 münasibətdə təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. 62.Məhkəmə kollegiyası Cavabdeh2 MTK ilə İddiaçı arasında qanunsuz olaraq bağlanmış xx.xx.2014-cü il tarixili alğı-satqı müqaviləsinə əsasən sonuncuya 58800 manat məbləğində maddi zərər dəyməsinin iş materialları ilə öz təsdiqini tapmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi maddi zərərlə bağlı hissədə Cavabdeh2 MTK ya münasibətdə təmin edilməli, vurulmuş maddi zərərin əvəzi olaraq Cavabdeh2 MTK-dan İddiaçı xeyrinə 58800 manat pul tutulmalıdır. 63.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. 64.Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. 65.Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. 66.Məhkəmə kollegiyası işin faktiki hallarına əsasən hesab edir ki, Cavabdeh2 MTK-nın təqsirli hərəkətləri nəticəsində iddiaçıya 58800 manat məbləğində maddi zərərin dəyməsi, 10 il ərzində həmin vəsaitdən məhrum qalması və bunun nəticəsində mənəvi sarsıntılar keçirməsi işin mübahisəsiz halıdır. 67.Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası mənəvi zərərin məbləği ilə bağlı hissədə iddia tələbini qismən əsaslı hesab edərək qeyd edir ki, iddia tələbi Cavabdeh2 MTK-ya münasibətdə mənəvi zərərlə bağlı hissədə qismən təmin edilməli, mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pul vəsaiti Cavabdeh2 MTK-dan İddiaçı xeyrinə tutulmalıdır. 68.Məhkəmə kolegiyası prosessual qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 297 manat dövlət rüsumunun, təmin edilmiş tələbə mütənasib olaraq 255 manatı Cavabdeh2 MTK-dan iddiaçının xeyrinə tutulmalıdır. 69.Beləliklə qeyd olunan xüsusatları ümumiləşdirərək, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(006)-2050/2024 saylı qətnaməsi iddianın Cavabdeh2 MTK-ya münasibətdə təmin edilməyən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qeyd olunan hissədə qismən təmin edilməli, vurulmuş maddi zərərin əvəzi olaraq Cavabdeh2 MTK-dan İddiaçı xeyrinə 58800 (əlli səkkiz min səkkiz yüz) manat, mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat və dövlət rüsumunun əvəzi olaraq 255 (iki yüz əlli beş) manat olmaqla cəmi 60055 (altmış min əlli beş) manat pul tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 70.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(006)-2050/2024 saylı qətnaməsi iddianın Cavabdeh2 MTK-ya münasibətdə təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qeyd olunan hissədə qismən təmin edilsin. Vurulmuş maddi zərərin əvəzi olaraq Cavabdeh2 MTK-dan İddiaçı xeyrinə 58800 (əlli səkkiz min səkkiz yüz) manat, mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat və dövlət rüsumunun əvəzi olaraq 255 (iki yüz əlli beş) manat olmaqla, cəmi 60055 (altmış min əlli beş) manat pul tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-5092/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5092/2024
06.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver