Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5093/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı X5nın, Cavabdeh vəkili X2 və tərcüməçi X1 qızının iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-133/2023 saylı, 30 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. X5 ilə Cavabdeh arasında anasının qəbri üzərində xaç formasında qara qranit materialından məzar daşının hazırlanması və quraşdırılması barədə 2019-cu il tarixdə şifahi razılaşma olmuş, razılaşmaya uyğun olaraq məzar daşı hazırlanaraq, Bakı şəhəri birinci Zabrat qəbirstanlığında quraşdırılmış, görülən işə görə (Olqa Kremnovanın iddiasına görə 2700 manat, Cavabdeh etirafına görə isə 2500 manat) ödəniş edilmişdir. Ödənişin bir hissəsi hissə-hissə ödənilmişdir. 2021-ci il tarixdə məzar üzərində olan baş daşı aşaraq sınmış və bundan sonra məzar daşının düzgün quraşdırılmaması ilə bağlı onlar arasında mübahisə yaranmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi barədə iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək anasının məzar daşının sınması nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq 3500 manat, mənəvi zərərin əvəzi olaraq 1000 manat, cəmi 4500 manat, həmçinin 2700 manatın illik 5 faizi məbləğin və ödədiyi 65 manat dövlət rüsumu əvəzinin Cavabdeh alınaraq ona verilməsini xahiş etmişdir.
3. Tələbdə göstərilir ki, iddiaçı 2019-cu il tarixdə mərhum anasına qara qranitdən məzar daşı düzəltdirmək üçün Mikayıl Əliyev prospektində yerləşən qəbiristanlığın həyətində məzar daşları düzəldilən emalatxanaya getmiş, orada bu işlə məşğul olan cavabdehlə görüşmüşdür. Cavabdehə anası üçün qara qranitdən xaç formasında məzar daşı düzəltdirmək istədiyini bildirmiş, məzar daşının keyfiyyətli qara qranitdən düzəldilməsi və yerləşdirilməsini 2700 manata razılaşmışlar. İlkin olaraq ona pulun bir hissəsini ödəmiş, yerdə qalan pulu isə məzar daşı hazır olub, yerləşdirildikdən sonra ödəyəcəyi barədə razılığa gəlmişlər. Cavabdeh məzar daşını hazır edib Zabrat-1 qəbiristanlığında olan anasının məzarı üstə yerləşdirmiş, o, da ona pulun qalan hissəsini ödəmişdir. 2021-ci ilin aprel ayında “COVİD” xəstəliyinə yoluxduğu vaxt qohumu ona zəng edərək məzar daşının yaxşı bərkidilmədiyindən yıxılaraq sındığını bildirmişdir. May ayında bunu özü də gedib görmüşdür. Bundan sonra, dəfələrlə onun təqsirindən baş verdiyi üçün sınmış məzar daşının düzəltməsini bildirsə də, cavabdeh imtina etmişdir. Bu ilin aprel ayında o, Zabrat-1 qəbiristanlığının müdiri, ustası və cavabdeh Zabrat-1 qəbiristanlığına toplaşaraq sınmış məzar daşına baxış keçirərkən usta bildirdi ki, cavabdeh məzar daşını yerləşdirdikdən sonra armaturlara və sementlə bərkidilməyib, məzar daşında və tumbasında dəmir oxlar üçün yer qoyulsa da, dəmir oxlar qoyulmayıb, məzar daşının və güldanın bərkidilməsi üçün mərmər kleyindən və sementdən də istifadə edilməyib. Bunun nəticəsi olaraq məzar daşı aşaraq sınıb. Cavabdehə məzar daşını keyfiyyətli qara qranitdən düzəldib ona təhvil verməli olduğunu dedikdə, cavabdeh bildirmişdir ki, hazırda qiymətlər qalxıb, keyfiyyətli qara qranitdən məzar daşını düzəltmək 5000 manat edəcək. Daha sonra, Ukrayna istehsalı olan qranitdən düzəldəcəyi barədə razılaşsalar da, cavabdeh uzun müddət keçməsinə baxmayaraq məzar daşını hazırlamamışdır. Hazırda həmin məzar daşının düzəldilməsi üçün 3500 manat pul tələb olunur.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-133/2023 saylı, 30 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia ərizəsinin təmin edilməməsi; ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi; 300 manat məbləğində pulun İddiaçı tutularaq "xxxx" MMC-yə (VÖEN: **********, hesab № AZN: AZ77AİİB400600C**********2018, Bank: Kapital Bank ASC Bravo filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 210296; SWİFT kod: AİİBAZ2XXXX) ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, işin məhkəmədə araşdırılması zamanı tərəflər arasında bağlanmış şifahi podrat müqaviləsində məzar daşının rəngi və formasından başqa keyfiyyət dərəcəsi, hansı ölkə istehsalı olması və s. şərtlərlə bağlı konkret razılaşmanın olması müəyyən edilmədi. Tərəflər məzar daşının yalnız xaç formasında qara qranit materialdan hazırlanaraq quraşdırılması barədə razılığa gəlmişlər. Lakin görülmüş işin keyfiyyəti barədə tərəflərin konkret razılaşmasının olmaması podratçını işi qüsursuz görmək vəzifəsindən də azad etmir. Bu zaman podratçının işi hansı keyfiyyətdə yerinə yetiməsi məsələsinə Mülki Məcəllənin 762.2-ci maddəsinin şərtləri tətbiq edilir. Həmin maddədə podratın nəticəsinin qüsursuzluğuna dair 2 meyar nəzərdə tutulmuşdur. Birinci meyara görə podratın nəticəsi əvvəlcədən şərtləşdirilmiş keyfiyyətə uyğun olmalıdır. Belə şərtin tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmaması əvvəldə də qeyd edilmişdir. İkinci meyara görə isə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlıdırsa, bu qüsursuz icra sayılır. Məhkəmənin qənaətinə görə tərəflərin müqavilə münasibətləri üzrə ikinci meyar tətbiq ediləcəkdir. Belə ki, məzar daşının konkret keyfiyyəti barədə tərəflər arasında razılaşmanın olmaması yuxarıda da qeyd edilmişdir. Bu zaman məzar daşının təyinatına uyğun (məzarın üzərinə quraşdırılmaya və razılaşdırılmış formaya uyğun) şəkildə təqdim edilməsi və təqdim edilən zaman iddiaçının onu qəbul etməsi podratın nəticəsinin qüsursuz, yəni keyfiyyətli olması barədə nəticəyə gəlməyə əsas verir, çünki, iddiaçı məzar daşını qəbul edərkən heç bir etirazını bildirməmişdir. Məzar daşının cavabdeh tərəfindən keyfiyyətsiz hazırlanması, habelə onun quraşdırılması qaydasının pozulması isə işin məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “X6 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində iddiaçının anasının məzarı üzərində quraşdırılmış məzar daşının Ukrayna istehsalı olan ən aşağı keyfiyyətli qranitdən hazırlanması, məzar daşının düzgün quraşdırılmaması (qranitin bərkidilməsi üçün nəzərdə tutulan konstruktiv elementin armatur, metal dirək və s. aşkar edilməməsi) və Ukrayna istehsalı olan yaxşı keyfiyyətli qranit daşından olan məzar daşının quraşdırlması üçün 3030 manat vəsaitin tələb edilməsi qeyd edilmişdir. Həmçinin, məhkəmə tərəfindən təyin edilmiş (iş üzrə iki dəfə, tikinti-texniki və materialların məhkəmə ekspertizası təyin olunsa da, bu sahədə mütəxəsislərin olmaması əsası ilə iş geri qaytarılmışdır) "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyində, iddiaçının etirazından sonra isə yenidən təyin edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyində iddiaçının anasının məzarı üzərində quraşdırılmış məzar daşının Çin istehsalı olması, məzar daşının sınmasının onun keyfiyyətsiz materialdan hazırlanması və düzgün quraşdırılmaması nəticəsində deyil, kənar müdaxilə (xarici faktor), yəni kənar şəxslər tərəfindən dağıdılması ilə bağlı olduğu göstərilmişdir. Hər iki rəydə iddiaçının anasının məzarından başqa qəbiristanlıqda quraşdırılan başqa insanlara məxsus məzar daşlarının da dağıdıldığı göstərilmiş və bununla bağlı fotoşəkillər rəyə əlavə edilmişdir. Şərh edilənlərdən, eləcə də, məhkəmə tərəfindən daha mötəbər sübut kimi qəbul edilən "xxxx" MMC-nin və "xxxx" MMC-nin təqdim etdikləri mütəxəsis rəylərindən də göründüyü kimi, iddiaçının anasının məzar daşı nə onun keyfiyyətsiz materialdan hazırlanması, nədə düzgün quraşdırılmaması ilə bağlı olmamış, məzar daşı ehtimal olunur ki, kənar şəxslərin müdaxiləsi nəticəsində dağıdılmışdır. Məzar daşının aşması nəticəsində dağılmasında cavabdehin təqsiri sübuta yetrilmədiyi halda isə, Mülki Məcəllənin 772.1-ci maddəsinə əsasən, məzar daşının təsadüfən məhv olması və ya zədələnməsi riski də onun təhvil verildiyi vaxtdan iddiaçının üzərinə düşmüş olur. İşdə olan mütəxəsis rəylərinin hansının daha mötəbər sübut kimi qəbul edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, həm "xxxx" MMC, həm də "xxxx" MMC tərəfindən tərtib edilmiş rəylərdə məhkəmə tərəfindən qoyulmuş suallara ətraflı cavab verilməsi ilə bərabər, müxtəlif mütəxəsislər tərəfindən müxtəlif vaxtlarda tərtib edilməsinə baxmayaraq, mübahisəli vəziyyətlə bağlı eyni mövqe ifadə edilmişdir. Lakin “X6 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş rəydə, iddiaçı iş üçün əhəmiyyətli olan bu halı məhkəmə iclasında bildirsə də, məzarlıqda digər məzar daşlarının sındırılması ilə bağlı hallar qeyd edilməmişdir. Şərh edilənlər əsasında məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının anasının məzar daşının sınması onun keyfiyyətisiz hazırlanması, düzgün quraşdırılmaması nəticəsində baş vermədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, iddia mənəvi zərərin ödənilməsi və beş faiz hesablanmaqla pulun cavadehdən tutulması hissəsində də təmin edilməməlidir. Belə ki, iddiaçının anasının məzar daşının dağıdılması nəticəsinədə mənəvi sarsıntı keçirməsi, bu hadisənin onun psixologiyasında stress, sarsıntı və emosional gərginlik və s. kimi əlamətlərə səbəb olması mümkündür. Lakin işin şərh edilən hallarından görünür ki, iddiaçının anasının məzar daşının sınmasında cavabdehin təqsiri müəyyən edilməmişdir. Bu səbəbdən onun cavabdehdən mənəvi zərər tələb etməsi əsassızdır. Məhkəmə həmçinin, hesab etmişdir ki, iddiaçının əsas tələbi təmin edilmədiyindən illik 5% məbləğində cavabdehdən pul tələbi də təmin edilə bilməz.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin isə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı, “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsi ilə əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, məhkəmə özəl və mütəxəsis olmayan mütəxəsis rəyinə isdinad etmiş və nəticədə istehlakçının hüquqlarını pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.
7. Cavabdeh vəkili X4 tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş və rayon məhkəməsinin qətnaməsi ilə eyni məzmunda tərtib edilmiş apellyasiya şikayətinə etirazda iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında iddiaçı X5 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmədən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında Cavabdeh vəkili X4 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 772.1. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
18. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iddianı tam rədd etməklə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
19. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə, cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işin faktiki halları yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə qismən uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də tam aradan qalxmadığından iddia qismən haqlı sayılırdı.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin yekun qənaətə gələrkən əsaslandırılması ilə razılaşsa da nəticə tam düzgün olmamışdır. Belə ki, həqiqətən də tərəflər arasında bağlanmış şifahi podrat müqaviləsində məzar daşının rəngi və formasından başqa keyfiyyət dərəcəsi, hansı ölkə istehsalı olması və s. şərtlərlə bağlı konkret razılaşmanın olması müəyyən edilməyib, yalnız məzar daşının xaç formasında qara qranit materialdan hazırlanaraq quraşdırılması barədə razılığa gəlmişlər. Ancaq rayon məhkəməsinin qeyd etdiyi kimi görüləcək işin keyfiyyəti, o cümlədən konkret hansı ölkənin istehsalı olması barədə razılaşmanın olmaması belə podratçını işi qüsursuz görmək vəzifəsindən azad etmir. Çünki, Mülki Məcəllənin 762.2-ci maddəsi podratçıya işi qüsurlu görməyi qadağan edir.
21. Ancaq məzar daşının təyinatına uyğun (məzarın üzərinə quraşdırılmaya və razılaşdırılmış formaya uyğun) şəkildə təqdim edilməsi və təqdim edilən zaman iddiaçının onu qəbul etməsi podratın nəticəsinin qüsursuz, yəni keyfiyyətli olması barədə nəticəyə gəlməyə tam əsas verə bilməz. Hətta məzar daşını qəbul edərkən iddiaçının heç bir etiraz bildirməməsi də, bu işin tam qüsursuz icra edilməsi demək deyildir. Çünki, işin qüsurlu icra olunması icranı qəbul edərkən görünməyə bilər.
22. İddiaçı tərəfindən təqdim edilmiş “X6 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində iddiaçının anasının məzarı üzərində quraşdırılmış məzar daşının Ukrayna istehsalı olan ən aşağı keyfiyyətli qranitdən hazırlanması, məzar daşının düzgün quraşdırılmaması (qranitin bərkidilməsi üçün nəzərdə tutulan konstruktiv elementin armatur, metal dirək və s. aşkar edilməməsi) və Ukrayna istehsalı olan yaxşı keyfiyyətli qranit daşından olan məzar daşının quraşdırlması üçün rəyin verildiyi tarixə, yəni 04 aprel 2023-cü il tarixə 3030 manat vəsaitin tələb edilməsi, lakin 2019-cu ildə ölçüləri və keyfiyyəti nəzərə alınmaqla eynilik təşkil edən məzar daşının quraşdırılması üçün 1830 manat tələb olunduğu qeyd edilmişdir. Hətta məhkəmə tərəfindən alınmış mütəxəssis rəyində məzar daşının Çin istehsalı olduğu qeyd olunmuşdur. Demək, məzar daşının sınması keyfiyyətsiz materialdan hazırlanması və düzgün quraşdırılmaması nəticəsində deyil, kənar təsir nəticəsində baş versə belə cavabdeh iddiaçıdan bu işə görə artıq vəsait almış və onun hesabına aldığı artıq vəsait üzrə üzrə hüquqi əsas olmadan əsassız varlanmışdır.
23. İddiaçı bu işə görə cavabdehə 2700 manat verdiyinə dair mötəbər sübut təqdim etməsə də, cavabdehin gördüyü işə görə iddiaçıdan 2500 manat aldığını etiraf etmişdir. Deməli, məzar daşı quraşdırıldığı vaxt cavabdeh gördüyü işin real dəyərindən artıq, yəni 670(2500-1830=670) manat əldə etmişdir. Buna görə də qeyd olunan məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
24. Məhkəmə tərkibi hesab edir ki, tələbin maddi zərər hissəsi qismən təmin edildiyindən mənəvi zərər tələbi də qismən təmin edilməlidir. Belə k, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının fiziki və mənəvi sarsıntı keçirməsi təkzib olunmur. Yəni, iddiaçının anasının məzar daşının dağılması nəticəsinədə mənəvi sarsıntı keçirməsi, o cümlədən cavabdehin bu işə görə iddiaçını aldadaraq gördüyü işin dəyərindən artıq vəsait əldə etməsi onun psixologiyasında stress, sarsıntı və emosional gərginlik və s. kimi əlamətlərə səbəb olmuşdur. Ona görə də də mənəvi zərər əvəzi də 300 manat məbləğində qismən təmin edilməlidir. Buna baxmayaraq, hazırki iş üzrə 2700 manatın illik 5 faizi məbləği cavabdehdən pul tələbi təmin edilə bilməz.
25. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən, deliktlərdən və əsassız varlanmadan irəli gələn öhdəliklər, həmçinin hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
26. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-133/2023 saylı, 30 may 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilərək maddi ziyana görə 670 manat, mənəvi zərərə görə 300 manat olmaqla, cəmi 970 (doqquz yüz yetmiş) manat Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-133/2023 saylı, 30 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 670(altı yüz yetmiş) manat, mənəvi zərərə görə 300(üç yüz) manat olmaqla, cəmi 970 (doqquz yüz yetmiş) manat alınaraq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.