Məhkəmə qərarları › İş №2(103)-5094/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5094/2025

18.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5094/2025 18.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı “bağ sahəsinə müdaxilələrin aradan qaldırılmaqla inşa edilmiş bütün yeraltı və yerüstü qurğu və tikililərin sökülməsi, bağ sahəsinin əvvəlki vəziyyətinə uyğun bərpa edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 yanvar 2025-ci il tarixli qətnamədən İddiaçı və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən mülki işə, İddiaçı özünün və onun vəkili (nümayəndəsi) Vəkil1, Cavabdeh2n vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) İddia tələbi barədə məlumat

1. İddiaçı cavabdeh olaraq əvvəlcə Cavabdeh1, daha sonra isə dəqiqləşdirmə apararaq əsl cavabdehin Cavabdeh1b arvadı Cavabdeh2 olmasını müəyyən edərək, “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1455 nömrəli bağ sahəsinə (hər iki hissəsinə) müdaxilələrin aradan qaldırılmaqla, həmin bağ sahəsinin (yeni “Reyestrdən çıxarışlar” və “Texniki pasportlar” üzrə hər iki girişə münasibətdə) yolunun bağlanmasına səbəb olan, habelə həmin bağ sahəsinin ərazisinə müdaxilə edilməklə orada iddiaçının mülkiyyət hüquqlarını pozan qanunsuz inşa edilmiş bütün yeraltı və yerüstü qurğu və tikililərin Cavabdeh2 hesabına sökülməsi, bağ sahəsinin və ümumi yolun “Texniki pasportda” göstərilən əvvəlki vəziyyətinə uyğun cavabdehin hesabına bərpa edilməsi vəzifəsinin cavabdehə Cavabdeh2 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1455 nömrəli bağ sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Qonşuluqda yerləşən torpaq sahəsinin sahibi olan cavabdeh iddiaçının mülkiyyətində olan sahəyə müdaxilə edərək, həmin sahəyə aid olan yolu bağlamış, ümumi istifadədə olan ərazidə yolda, iddiaçının mülkiyyət hüquqlarını pozan, yeraltı və yerüstü qurğu və tikililər inşa etmişdir. Həmin qanunsuz tikililər iddiaçının mülkiyyət hüquqlarını pozduğuna görə cavabdehin hesabına sökülərək, ərazi “Texniki pasportda” göstərilən əvvəlki vəziyyətinə uyğun bərpa edilməlidir. b) tərəflərin izahatları barədə məlumat

3. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 iddianı müdafiə edərək, Rayon Məhkəməsinə verdiyi izahatında bildirmişdir ki, cavabdeh tərəfindən bağ sahələrinə gedən yolun bir hissəsi zəbt edilmiş və darvaza yerləşdirilmişdir. Həmçinin dalanda cavabdeh tərəfindən qanunsuz olaraq şambo inşa edilmişdir. Bununla da iddiaçıya mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməsinə maneəçilik törədilmişdir. Ona görə də həm darvaza, həmdə kanalizasiya quyusu (şambo) cavabdehin hesabına sökülməli və ərazinin əvvəlki vəziyyəti cavabdehin hesabına bərpa edilmədir.

4. İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, ona məxsus torpaq sahəsi hazırda üç hissəyə bölünmüş və “Daşınmaz əmlakın dövlət reyestrindən” hər hissəyə dair “Çıxarışlar” almışdır. Cavabdeh tərəfindən darvaza qoyulduğundan ayrılmış torpaq sahəsində istifadə edə bilmir. Həmçinin dalanda cavabdeh tərəfindən qanunsuz olaraq şambo inşa edilmişdir. Bununla da iddiaçıya mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməsinə maneəçilik törədilmişdir. Ona görə də həm darvazanın, həmdə kanalizasiya quyusunun sökülməsini tələb edir.

5. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 iddianı tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatında bildirmişdir ki, mübahisə predmetinə daxil olan darvaza iddiaçıya maneələr yaratmır. Həmçinin cavabdehin istifadəsində olan mübahisə predmetinə daxil olan torpaq sahəsi bələdiyyə torpağıdır və həmin torpağın özəninkiləşdirilməsi üçün müraciət etmişdir. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçının mülkiyyətində olan (xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış”) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1455 saylı bağ sahəsinin bir hissəsinin (Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 93-cü Mərdəkan küçəsi, giriş 84 ünvanın) giriş-çıxışına mane olan, dalanda inşa edilmiş tikili və qurğunun (darvaza və darvazanın yerləşdirildiyi yan konstruksiyalar) cavabdehin hesabına sökülməsini, iddiaçıya məxsus həmin bağ sahəsinin giriş-çıxışının bərpa edilməsini, iddianın qalan hissədə təmin edilməməsini, iş üzrə 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsini, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsini qət etmişdir.

7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən inşa edilmiş darvaza həmçinin iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1455 saylı bağ sahəsinin bir hissəsinə (Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 93-cü Mərdəkan küçəsi, giriş 84 ünvana) gedən yolda (dalanda) inşa edilmişdir. Bu hal həm məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən edilmiş hallar, həmdə iş üzrə keçirilmiş ekspertiza tədqiqatı ilə təsdiq edilmişdir. Həmçinin iş üzrə müəyyən edilmiş bu halın əksinə dəlalət edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Rayon Məhkəməsi hesab etmişdir ki, torpaq sahəsində binalar və qurğular ucaltmaq, tikinti işləri aparmaq mülkiyyətçiyə aid olduğundan, eyni zamanda həmin mübahisəli darvazanın tikintisi mülkiyyətçinin qanunla qorunan maraqlarına toxumuşdur. Belə ki, mübahisəli bağ sahəsinə texniki pasport üzrə nəzərdə tutulmuş giriş-çıxış yolu bağlanmış və bunun nəticəsində iddiaçının bağ sahəsindən istifadəsinə manelər yaranmışdır. Həmin darvaza iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1455 saylı bağ sahəsinin bir hissəsinə (Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 93-cü Mərdəkan küçəsi, giriş 84 ünvana) gedən yolun üzərində cavabdeh tərəfindən inşa edildiyindən və bu hal iddiaçının öz mülkiyyətindən istifadə edilməsinə maneə olduğundan, cavabdehin isə həmin darvazanın dalanda inşa etdirməsi üçün hər hansı bir hüquqi əsası olmadığından məhkəmə hesab edir ki, iddiaçının qanunvericilikdə nəzərdə mülkiyyət hüququna mənsub olan sahiblik və istifadə etmək hüquqları cavabdeh tərəfindən pozulmuş və iddiaçının bu hüquqları, ona məxsus torpaq sahəsinə gedən yolda, cavabdeh tərəfindən inşa edilmiş darvaza və darvazanın yerləşdiyi yan konstruksiyalar sökülməklə bərpa edilməlidir. Rayon Məhkəməsi həmçinin cavabdeh tərəfindən inşa edilmiş şambonun (kanalizasiya quyusunun) sökülməsi məsələsinə qiymət verərək qeyd etmişdir ki, iddiaçının torpaq sahəsinə gedən yolda (dalanda) cavabdeh tərəfindən inşa edilmiş şambonun üzəri qapadılmış, örtüyü yerləşdiyi yolun örtüyündən fərqlənmir, hər hansı bir formada çıxıntıları mövcud deyil, keçid üçün maneə törədə biləcək qurğuları yoxdur. Yəni iş üzrə müəyyən olunur ki, həmin kanalizasiya quyusunun bağ sahələrinə giriş-çıxışı üçün maneə törədici xüsusiyyəti mövcud deyil. İddiaçı tərəfindən isə həmin quyunun, ona məxsus bağ sahəsinə giriş-çıxışın məhdudlaşdırması (maneə olması) əsası irəli sürülsə də, bu barədə hər hansı bir sübut təqdim edilməmişdir. Həmin kanalizasiya quyusunun iddiaçıya məxsus torpaq sahəsinə keçidin məhdudlaşdırılması, eyni zamanda həmin quyunun dalanda inşa edilməsi iddiaçının hər hansı bir hüquqlarına zidd olması müəyyən edilmədiyindən məhkəmə, iddia tələbinin bu hissəsini əsassız hesab edir. d) apellyasiya şikayətləri barədə məlumat

8. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin iddianın bir qisminin rədd edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən iddiaçının apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, iddia təmin edilməyən hissədə Rayon Məhkəməsi ümumiyyətlə heç bir araşdırma aparmamış və yalnız cavabdeh tərəfindən ümumi dalanda, yolda qazılmış şambo barədə məsələyə toxunaraq tələbi rədd etmişdir. Rayon Məhkəməsi kanalizasiya quyusunun iddiaçının giriş çıxışına maneələr yaratmadığı barədə qeyd etdiklərini heç bir sübutla əsaslandırmamış, quyunun ümumi yolda inşa edilməsinə müvafiq icazələrin alınmasını, ümumi yolda inşa edilmiş kanalizasiya quyusunun ətrafdakılar üçün hər hansı təhlükə yaratmasını aydınlaşdırmamışdır. İddia təmin edilməyən hissədə maddi hüquq norması tətbiq edilməmiş, heç bir faktiki hal aydınlaşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar müəyyən edilməmişdir.

10. Cavabdeh də öz növbəsində Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam həcmdə rədd edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı məhkəməyə müraciət etdiyi zaman cavabdehin mülkiyyətində olan torpaq sahəsi faktiki olaraq hasardaxili 2.400 kv.m. təşkil edirdi. Lakin, hazırki mülki iş məhkəmədə baxıldığı zaman, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi verildikdən sonra iddiaçı mülkiyyətində olan torpaq sahəsini məqsədyönlü şəkildə bir neçə hissəyə bölmüş, yenidən xx.xx.2024-cü il tarixdə adına “Reyestrdən çıxarışlar” almışdır. Cavabdeh öz qonşuluğunda olan iddiaçıya məxsus torpaq sahəsinə heç bir müdaxilə etməmişdir. Cavabdeh 84 kv.m. olan artıq sahəyə sahiblik etməyə başladıqda iddiaçıya məxsus torpaq sahəsi 2.400 kv.m. təşkil etməklə iki darvazası olmuşdur. Hər iki darvaza vasitəsi ilə həmin torpaq sahəsinə sərbəst giriş qalmışdır. Lakin, iddiaçı mülkiyyətində olan torpaq sahəsini məqsədyönlü şəkildə bir neçə hissəyə bölmüş, xx.xx.2024-cü il tarixdə adına çıxarışlar almış, bununla da iddiaçı qəsdən olaraq öz torpaq sahəsini blok vəziyyətinə salmışdır. Faktiki olaraq iddiaçı süni surətdə özünü hazırda olan vəziyyətinə salmışdır. Bu hal iş materialları ilə tam təsdiq olunur. Rayon Məhkəməsi yuxarıda göstərilən işin hallarını nəzərə almamış, bununla da qəbul etdiyi qətnaməsi ilə xoşagəlməz məhkəmə təcrübəsini yarada bilər. Ona görə ki, gələcəkdə hər bir şəxs öz torpaq sahəsini belə bir üsulla (qəsdən) bölərək qonşunun sahəsindən yol almaq vəziyyətinə gətirib çıxara bilər. Bu hal isə vətəndaşların mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. Eyni zamanda, cavabdeh istifadəsində olan 84 kv.m. olan torpaq sahəsinin adına rəsmiləşdirilməsi ilə bağlı Xəzər rayonu Mərdəkan Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Rayon Məhkəməsi bu halı da nəzərə almamış, bununla da cavabdehin həmin sahəyə sahiblik hüququnu pozmuşdur. Rayon Məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış və onlara düzgün qiymət verməmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iştirak etmiş şəxslərin izahatları barədə məlumat

12. Apellyasiya baxışları iclasında iştirak edən iddiaçı və apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş onun vəkili (nümayəndəsi) Vəkil1 cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, özləri tərəfindən verilmiş apellyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər.

13. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, özləri tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu şikayətinin məzmununa uyğun izahat vermişdir.

14. İş üzrə tərəflərin vəkilləri (nümayəndələri) apellyasiya baxışının sonuncu iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

15. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə vəkillərinin (nümayəndələrin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi

16. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti isə təmin edilməlidir.

17. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdən” görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1455 saylı bağ sahəsi (Yeni qaydalarla: ünvan 1 ünvanında olan 0,24 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə iddiaçının adına **********84 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

18. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsündən” görünür ki, Mərdəkan qəsəbəsi, 1455 saylı bağ sahəsi (Yeni qaydalarla: ünvan 1 ünvanında olan 0,24 ha torpaq sahəsi iddiaçının mülkiyyətidir.

19. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1455 saylı bağ sahəsinin bir hissəsi (Yeni qaydalarla: ünvan 2 ünvanında olan 0,0512 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdə iddiaçının adına **********50 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

20. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsündən” görünür ki, Mərdəkan qəsəbəsi, 1455 saylı bağ sahəsinin bir hissəsi (Yeni qaydalarla: ünvan 2 ünvanında olan 0,0512 ha torpaq sahəsi iddiaçının mülkiyyətidir (********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış).

21. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, Mərdəkan qəsəbəsi, 1455 saylı bağ sahəsi (Yeni qaydalarla: ünvan 3 ünvanında olan 0,0849 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdə iddiaçının adına **********73 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

22. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş çıxarışdan görünür ki, Mərdəkan qəsəbəsi, 1453a saylı bağ sahəsi ünvanında olan 0,12 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə cavabdehin adına qeydiyyata alınmışdır.

23. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 2.400 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yararsız vəziyyətdə olan tikili mövcuddur. Göstərilən 2.400 kv.m torpaq sahəsi **********84 reyestr nömrəsi ilə iddiaçının xüsusi mülkiyyətindədir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3785/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadında göstərilən cavabdeh (cavabdehin əri) Cavabdeh1 faktiki istifadəsində olan və iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahələrinin faktiki vəziyyətdə yerləşməsini əks etdirən izahlı sxem əlavə olunur. Sxemdə göstərildiyi kimi cavabdehin ərinin faktiki istifadəsində olan sahə ilə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi üst-üstə düşmür. Hər iki qonşu sahə arasında mübahisəli yol mövcuddur (koordinatları sxemdə əks olunmuşdur). Belə ki, əvvəllər dalan kimi istifadə olunan sahənin bir hissəsini cavabdehin əri hasara alaraq öz sahəsinə qatmışdır.

24. Həmin rəyə əlavə edilmiş sxemdən görünür ki, mübahisə predmetinə daxil olan və cavabdeh tərəfindən inşa edilmiş darvaza torpaq sahələrinə gedən yolun təxminən ortasında yerləşir, həmin yolun sonu cavabdehin istifadəsində olan torpaq sahəsində bitir. Həmin yolun sağında iddiaçıya məxsus torpaq sahələridir.

25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/4849 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatı üzrə nəticədə yuxarıda qeyd olunan mütəxəssis rəyinə uyğun olmuşdur.

26. Mübahisə predmetinə daxil olan, iddiaçının mülkiyyətində olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1455 saylı bağ sahəsinə gedən yol tərəflərin iştirakı ilə Rayon Məhkəməsinin hakimi tərəfindən yerində müayinə edilmiş və yerinə müayinə zamanı müəyyən edilmişdir ki, mübahisə predmetinə daxil olan tikili 2 hissədən ibarət dəmir darvazadan ibarətdir. Həmin dəmir darvaza dalanda yerləşir. Darvazanın yerləşdiyi dalan, yəni mübahisə predmetinə daxil olan yol, iddiaçıya məxsus torpaq sahəsinə və cavabdehə məxsus, Mərdəkan qəsəbəsi, 1455 saylı bağ sahəsinin bir hissəsinə (Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 93-cü Mərdəkan küçəsi, giriş 84 ünvana) gedən, sağ və sol hissəsi iddiaçıya və başqa şəxsə (hazırki mülki mübahisəyə aidiyyəti olmayan şəxsə) məxsus torpaq sahələrinin hasarları ilə əhatə olunmuş dalandan ibarətdir. Darvazadan içəriyə olan dalanın hissəsi cavabdeh tərəfindən istifadə edilir. İddiaçıya məxsus torpaq sahəsi həmin yerin sonunda sağ tərəfdə yerləşir. Həmçinin hər iki tərəfin bildirdiklərinə əsasən darvazadan sonra yerin altında cavabdeh tərəfindən şambo (kanalizasiya quyusu) inşa edilmişdir. Şambonun üzəri qapadılmış, olduğu yerin və dalanın (yolun) örtüyü çınqıl daşlardan ibarətdir. Şambonun örtüyü, yerləşdiyi yolun örtüyündən fərqlənmir, hər hansı bir formada çıxıntıları mövcud deyil, keçid üçün maneə törədə biləcək qurğuları yoxdur.

27. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçıya məxsus və Mərdəkan qəsəbəsində yerləşən 1455 saylı bağ sahəsi hazırda bir neçə hissəyə ayrılmış və hər bir hissəyə dair iddiaçının adına yeni çıxarışlar, torpaq sahələrinin plan və ölçü sxemləri verilmişdir. Mübahisə predmetinə daxil olan yol, iddiaçının və cavabdehin torpaq sahələrinə gedən, sağ və sol hissəsi iddiaçıya və başqa şəxsə (hazırki mülki mübahisəyə aidiyyəti olmayan şəxsə) məxsus torpaq sahələrinin hasarları ilə əhatə olunmuş dalandan ibarətdir. Dalanın bir hissəsi cavabdeh tərəfindən zəbt olunmuş və zəbt olunmuş hissənin qarşısında dəmir darvaza inşa edilmişdir. Həmçinin həmin dalanda darvazadan sonra cavabdeh tərəfindən inşa edilmiş şambo (kanalizasiya quyusu) yerləşir. Şambonun örtüyü, yerləşdiyi yolun örtüyündən fərqlənmir, hər hansı bir formada çıxıntıları mövcud deyil, keçid üçün maneə törədə biləcək qurğuları yoxdur. Dəmir darvazanın və şambonun cavabdeh tərəfindən inşa edilməsi işin mübahisəsiz halıdır.

28. İşin müəyyən edilmiş halını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (maddə 13.; hissə İ.). Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər (maddə 13.; hissə İİ.). Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz (maddə 13.; hissə İİİ.). Hər kəsin mülkiyyət hüququ vardır (maddə 29.; hissə İ.). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (maddə 29.; hissə İİ.). Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (maddə 29.; hissə İİİ.). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (maddə 29.; hissə İV.).

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.2.). istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (maddə 152.3.). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır (maddə 170.1.). Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır (maddə 170.2.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1.). Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (maddə 180.3.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (maddə 180.4.). Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir (maddə 238.1.).

30. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən inşa edilmiş darvaza iddiaçıya məxsus və Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1455 saylı bağ sahəsinin bir hissəsinə (Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 93-cü Mərdəkan küçəsi, giriş 84 ünvana) gedən yolda (dalanda) inşa edilmişdir. Bu hal həm Rayon Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən edilmiş, həmdə iş üzrə keçirilmiş ekspertiza tədqiqatı ilə təsdiq edilmişdir. Həmçin iş üzrə müəyyən edilmiş bu halın əksinə dəlalət edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

31. Torpaq sahəsində binalar və qurğular ucaltmaq, tikinti işləri aparmaq mülkiyyətçiyə aid olduğundan, eyni zamanda həmin mübahisəli darvazanın tikintisi mülkiyyətçinin qanunla qorunan maraqlarına toxumuşdur. Belə ki, mübahisəli bağ sahəsinə texniki pasport üzrə nəzərdə tutulmuş giriş-çıxış yolu bağlanmış və bunun nəticəsində iddiaçının bağ sahəsindən istifadəsinə maneələr yaranmışdır.

32. Həmin darvaza iddiaçıya məxsus 1455 saylı bağ sahəsinin bir hissəsinə (Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 93-cü Mərdəkan küçəsi, giriş 84 ünvana) gedən yolun üzərində cavabdeh tərəfindən inşa edildiyindən və bu hal iddiaçının öz mülkiyyətindən istifadə edilməsinə maneə olduğundan, cavabdehin isə həmin darvazanın dalanda inşa etdirməsi üçün hər hansı bir hüquqi əsası olmadığından məhkəmə hesab edir ki, iddiaçının qanunvericilikdə nəzərdə mülkiyyət hüququna mənsub olan sahiblik və istifadə etmək hüquqları cavabdeh tərəfindən pozulmuş və iddiaçının bu hüquqları, ona məxsus torpaq sahəsinə gedən yolda, cavabdeh tərəfindən inşa edilmiş darvaza və darvazanın yerləşdiyi yan konstruksiyalar sökülməklə bərpa edilməlidir.

33. Odur ki, iddianın təmin edilməsi hissəsində Rayon Məhkəməsinin gəldiyi nəticə düzgündür. Cavabdehin apellyasiya şikayətin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

34. Rayon Məhkəməsi iddianın cavabdeh tərəfindən inşa edilmiş şambonun (kanalizasiya quyusunun) sökülməsi hissəsini isə əsassız hesab edərək qeyd etmişdir ki, işin hallarından müəyyən edilir ki, həmçinin iddiaçının torpaq sahəsinə gedən yolda (dalanda) cavabdeh tərəfindən inşa edilmiş şambonun (kanalizasiya quyusunun) üzəri qapadılmış, örtüyü yerləşdiyi yolun örtüyündən fərqlənmir, hər hansı bir formada çıxıntıları mövcud deyil, keçid üçün maneə törədə biləcək qurğuları yoxdur. Yəni iş üzrə müəyyən olunur ki, həmin kanalizasiya quyusunun bağ sahələrinə giriş-çıxışı üçün maneətörədici xüsusiyyəti mövcud deyil. İddiaçı tərəfindən isə həmin quyunun, ona məxsus bağ sahəsinə giriş-çıxışın məhdudlaşdırması (maneə olması) əsası irəli sürülsə də, bu barədə hər hansı bir sübut təqdim edilməmişdir. Həmin kanalizasiya quyusunun iddiaçıya məxsus torpaq sahəsinə keçidin məhdudlaşdırılması, eyni zamanda həmin quyunun dalanda inşa edilməsi (mövcudluğu) iddiaçının hər hansı bir hüquqlarına zidd olması müəyyən edilmədiyindən məhkəmə, iddia tələbinin bu hissəsini əsassız hesab edir.

35. Lakin Məhkəmə, Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, cavabdeh şambonun (kanalizasiya quyusunun) özünə aid sahədə tikilməsini sübut edə bilməmişdir. Həmin tikili ümumi gediş-gəliş yolunda inşa edilmişdir və onun inşa edilməsi üçün cavabdeh tərəfindən müvafiq səlahiyyətli quruma müraciət edilməsi və tikintiyə icazənin alınması müəyyən edilmir. Eyni zamanda ümumi yolda özbaşına inşa edilmiş kanalizasiya quyusunun ətrafdakılar üçün təhlükə yaratma ehtimalının mümkün olması ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlili də ağlabatandır.

36. Bu baxımdan şambonun inşa edildiyi ümumi yolun istifadəçisi kimi iddiaçının qanunsuz tikilmiş həmin tikilinin cavabdehin hesabına sökülməsini tələb etmək üçün subyektiv hüququ vardır. Rayon Məhkəməsi əsaslı olan bu tələbi rədd etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinin əsaslı olduğu müəyyən edilir. g) apellyasiya baxışının nəticəsi

37. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi iddianın bir qisminin təmin edilməməsi və məhkəmə xərclərinin bir qisminin iddiaçıya aid edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddianın təmin edilməsi, məhkəmə xərclərinin tam olaraq cavabdehə aid edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

38. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 yanvar 2025-ci il tarixli qətnamə qismən, yəni iddianın bir qisminin təmin edilməməsi və məhkəmə xərclərinin bir qisminin iddiaçıya aid edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilsin. İddiaçı mülkiyyətində olan (xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1455 nömrəli bağ sahəsinin girişinə gedən ümumi yolda qanunsuz inşa edilmiş şambo (kanalizasiya quyusu) Cavabdeh2 hesabına sökülsün və ümumi yol texniki pasportda göstərilən əvvəlki vəziyyətinə uyğun Cavabdeh2 hesabına bərpa edilsin. İş üzrə məhkəmə xərcləri tam olaraq Cavabdeh2 aid edilsin. Bu məqsədlə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat isə Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 14 yanvar 2025-ci il tarixli qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar