Məhkəmə qərarları › İş №2(103)-51/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-51/2025

28.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-51/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə (Açar sözlər: dövlət əmlakının özəlləşdirilməsi, inzibati aktlar, icarə və alqısatqı müqavilələrinin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 28 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən 94.9 kvm qeyri-yaşayış sahəsi İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətindədir.

2. xx.xx.2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən həmin ünvanın zirzəmisində yerləşən 36,3 kv.m qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh1 6 ay müddətinə icarəyə verilmişdir.

3. xx.xx.2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən qeyriyaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh1 8.500 manata satılmışdır.

4. Həmin alqı-satqı müqaviləsinin əsasında qeyri-yaşayış sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və reyestrdən çıxarış verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən ona məxsus 94.9 kv.m qeyri-yaşayış sahəsinin altında yerləşən ümumi sahəsi 38 (36.3) kv.m olan zirzəmi sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 Fariz oğlu arasında bağlanmış 11 yanvar 2018-ci il tarixli «Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında» 10004 nömrəli icarə müqaviləsinin, eyni tərəflər arasında bağlanmış «İcarəyə verilmiş əmlakın» xx.xx.2018-ci il tarixli 6855 nömrəli alqısatqı müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh1 Fariz oğlunun adına həmin zirzəmi sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında Cavabdeh1 Fariz oğlunun adına verilmiş RX seriyalı, № ******* saylı çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan qeyri-yaşayış sahəsinin zirzəmisində yerləşən mübahisəli qeyri-yaşayış sahəsi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmuş və X3 istifadəsinə verilmişdir. X5 xx.xx.2014-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş və həmin qeyri-yaşayış sahəsinə dair Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 71-8 saylı, xx.xx.2012-ci il tarixli razılıq məktubunun iddiaçının adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Göstərilən tarixdən etibarən qeyri-yaşayış sahəsi onun istifadə və sahibliyində olmuşdur. İddiaçı hazırda ərazidə tikinti-quraşdırma işləri aparan tikinti şirkəti ilə danışıqlar apararkən onun istifadəsində olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 Fariz oğlunun mülkiyyətində olduğunu və onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyini öyrənmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 dekabr 2021-ci il tarixli, 2(005)-2459/2021 nömrəli qətnaməsi ilə (hakim: A.N.Novruzova) iddia təmin edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, çoxmənzilli binanın zirzəmisi mənzil fonduna daxildir və binanın kommunikasıya xətlərinin keçdiyi texniki xidmət sahəsi olmaqla ümumi paylı mülkiyyət hüququ ilə binanın tərkib hissəsinin mülkiyyətçilərinə mənsubdur; mənzil fondunun icarəyə verilməsi, yaxud özəlləşdirilməsi isə Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətinə aid edilməmişdir. Məhkəmə iddiaçı tərəfindən sübut kimi təqdim edilmiş "xxxx" MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən müəyyən etmişdir ki, ünvan 2 ünvanında binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin istifadəçisi qismində iddiaçının göstərilməsi, qeyriyaşayış sahəsinin Cavabdeh1 deyil, iddiaçıdan təhvil alınması Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 Fariz oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 6855 №-li icarəyə verilmiş əmlakın alqı-satqısı barədə müqavilənin formal xarakterli olduğunu və həmin müqavilə əsasında verilmiş çıxarışın əsassız olduğunu sübuta yetirir.

9. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 227, 337 və 339-cu maddələrinə, “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 sentyabr 1997-ci il tarixli, 629 nömrəli Fərmanına, «Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 8.1-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.4-cü bəndinə, “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2.1-ci bəndinə istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsi özəlləşdirilərkən Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında və dövlət mülkiyyətində olmuşdur. Adı çəkilən təşkilatlar xx.xx.2018-ci il tarixli, Ə-57 nömrəli məktubla Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edərək göstərilən qeyri-yaşayış sahəsinin boş və istifadəsiz olduğunu və həmin qeyri-yaşayış sahəsinin Cavabdeh1 icarəyə verilməsinə və özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Komitə tərəfindən “İcarə haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 629 nömrəli, xx.xx.1997-ci il tarixli Fərmanına uyğun olaraq, həmin sahənin Cavabdeh1 icarəsinə verilməsi barədə xx.xx.2018-ci il tarixli, 05 nömrəli sərəncam verilmiş və onun əsasında xx.xx.2018-ci il tarixli, 10004 nömrəli icarə müqaviləsi bağlanmışdır. Sözügedən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə Komitə tərəfindən xx.xx.2018ci il tarixli, 19 nömrəli sərəncam verilmiş və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icarəçi Cavabdeh1 ilə Komitə arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 6855 nömrəli alqı-satqı müqaviləsi əsasında özəlləşdirilmişdir. Komitə tərəfindən icarəyə verilmiş əmlak 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə onunla alqısatqı müqaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyərini ödəyir. Göründüyü kimi, qeyd edilən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə əlaqədar dövlət əmlakını özəlləşdirilməsinə dair qanunvericiliyin hər hansı normalarının pozulmasına Komitə tərəfindən yol verilməmişdir. Və iddiaçının həmin qeyri-yaşayış sahəsi üzərində hər hansı hüququ mövcud olmamışdır. Həmçinin, qeyd olunmuşdur ki, məhkəmə qətnaməsində Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmə iclası barədə xəbərdar edilməsi barədə heç bir sübut olmadan əsassız olaraq məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərin lazımi qaydada xəbərdar edildiyi qeyd edilmişdir. Şikayətdə, həmçinin qeyd olunmuşdur ki, mübahisəli əmlakın özəlləşdirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati akt olan sərəncamı əsasında həyata keçirilmiş və həmin inzibati akt qüvvədə qaldığı təqdirdə onun əsasında həyata keçirilmiş özəlləşmənin nəticələrinin etibarsız hesab edilməsi tələbi irəli sürülə bilməzdi. İddiaçı ilkin olaraq inzibati aktın mübahisələndirilməsi ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət edə, inzibati akt ləğv olunduğu təqdirdə onun nəticəsi olan hərrac protokolunun və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsızlığı ilə bağlı iddia ilə ümumi məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçı özəlləşməyə əsas olmuş inzibati akt ləğv olunmadan həmin inzibati aktın nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı iddia irəli sürmüşdür ki, belə bir tələb də təmin edilə bilməzdi.

12. Qətnamədən, həmçinin Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə müvafiq subyektiv hüquqa malik olmamışdır. Belə ki, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi 4 ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 94.9 kv.m olan qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olması həmin ünvandakı mübahisəli sahənin iddiaçıya icarəyə və mülkiyyətinə verilməsi anlamını vermir. Nərimanov Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmuş mübahisəli qeyri-yaşayış sahəsinin X4 verilməsinə dair Birliyinin 71-8 saylı, xx.xx.2012-ci il tarixli razılıq məktubu və X3 həmin məktubun iddiaçının adına keçirilməsinə etiraz etmədiyi barədə Nərimanov Rayon İcra Hakimiyyətinə verdiyi xx.xx.2014-cü il tarixli ərizə, o cümlədən də ünvan 2 ünvanında binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin istifadəçisi qismində iddiaçının adının göstərildiyi, onunla "xxxx" MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə qanunda nəzərdə tutulmuş icarə müqaviləsi deyildir. Mübahisəli qeyri-yaşayış sahəsi qanunla müəyyən edilmiş müqavilə əsasında X4, istərsə də İddiaçı və ya "xxxx" MTK-ya icarəyə verilməmişdir. Həmin şəxslərin sözü gedən qeyri-yaşayış sahəsi üzərində sərəncam, istifadə və mülkiyyət hüquqları yoxdur. Bundan başqa, məhkəmənin gətirdiyi dəlillər bir-biri ilə ziddiyyət təşkil edir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 22 iyul 2022-ci il tarixli, 2(103)-4948/2022 saylı qətnaməsi ilə (hakimlər N.Cəfərov - sədrlik edən və məruzəçi, E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayətləri təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd olunmuşdur.

b) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5593/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Ə.Xalıqova məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırkı iş üzrə iddia təmin olunduğundan və birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər apellyasiya şikayəti verdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Ali Məhkəmə işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında göstərmişdir ki, işə baxmış apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət vermədən, iddiaçının icarə və alqı-satqı müqavilələrinin etibarsızlığını tələb etməklə bağlı subyektiv hüquqa malik olmadığı barədə publik hüquq münasibətlərinə aid məsələni həll etmiş və həmin əsasla iddianı rədd etmişdir. Bununla da məhkəmə tətbiq edilməli olmayan maddi və prosessual hüquq normalarını mübahisəyə tətbiq etmiş, MPMin 88-ci maddəsinin tələblərini pozaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Məhkəmə, həmçinin mübahisənin inzibati məhkəmə icraatı qaydasında qiymət verilməli olan hallarına qiymət verməklə məhkəmə aidiyyəti ilə bağlı qaydaları pozmuşdur.

23. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

24. Baxılan iş üzrə iddianın obyekti dövlət mülkiyyətində olan qeyri-yaşayış sahəsidir.

25. İddiaçı həmin sahənin onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin altında yerləşdiyinə və uzun müddət oraya faktiki sahiblik etdiyinə əsaslanaraq həmin sahənin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh1 adına özəlləşdirilməsi (icarəyə verilməsi, satılması və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) prosesinin etibarsız hesab olunmasını xahiş etmiş və birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmişdir.

26. Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, mübahisəli sahənin ilkin olaraq Cavabdeh1 icarəsinə verilməsi barədə xx.xx.2018-ci il tarixli, 05 nömrəli sərəncam verilmiş və onun əsasında xx.xx.2018ci il tarixli, 10004 nömrəli icarə müqaviləsi bağlanmışdır. Sözügedən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə Komitə tərəfindən xx.xx.2018-ci il tarixli, 19 nömrəli sərəncam verilmiş və icarəçi Cavabdeh1 ilə Komitə arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 6855 nömrəli alqı-satqı müqaviləsi əsasında özəlləşdirilmişdir. Mübahisəli əmlakın özəlləşdirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati akt olan sərəncamı əsasında həyata keçirilmiş və həmin inzibati akt qüvvədə qaldığı təqdirdə onun əsasında həyata keçirilmiş özəlləşmənin nəticələrinin etibarsız hesab edilməsi tələbi irəli sürülə bilməzdi.

27. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 09 oktyabr 2024-cü il tarixli, 9 saylı qərarını rəhbər tutaraq hesab edir ki, mübahisəli qeyriyaşayış sahəsinin Cavabdeh1 icarəyə verilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli, 05 saylı sərəncamı və bu qeyri-yaşayış sahəsinin eyni şəxsə satılması barədə həmin Komitənin xx.xx.2018-ci il tarixli, 19 saylı sərəncamı inzibati akt olduğundan onların mübahisələndirilməsi inzibati məhkəmənin, sonrakı proseslərin, yəni icarə müqaviləsinin, alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh1 Fariz oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın mübahisələndirilməsi isə ümumi məhkəmənin səlahiyyətinə aiddir. Bu baxımdan hazırkı işdə irəli sürülən tələblərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

28. Təkrar apellyasiya baxışı zamanı İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli, 05 saylı və xx.xx.2018-ci il tarixli, 19 saylı sərəncamlarını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirdiyi müəyyən edildiyindən məhkəmə kollegiyası xx.xx.2023-cü il tarixli qərardadla hazırkı işin icraatını həmin inzibati iş həll edilənədək, yəni inzibati iş üzrə çıxarılacaq məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırmışdır. İcraatın dayandırılmasına səbəb olan hal aradan qalxdıqdan sonra hazırkı işin icraatı təzələnmişdir.

29. Məhkəmə kollegiyası inzibati iş üzrə çıxarılmış məhkəmə qərarlarını öyrənərkən müəyyən etdi ki, Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, e-2- 1(112)-7837/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “sərəncamların ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 aprel 2024-cü il tarixli, 2-1(103)- 910/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 2135/2024 saylı qərardadı ilə iddiaçının kassasiya şikayəti mümkün sayılmamışdır.

30. Məhkəmələr iddianın mümkünsüzlüyünə dair nəticəyə gələrkən qeyd etmişlər ki, iddiaçı mübahisə predmeti olan əmlaka dair hər hansı hüququnun mövcudluğu ilə bağlı biri digərini tamamlayan mötəbər dəlillərə (hüquqmüəyyənedici sənədlərə) istinad etməmiş, bu hallar məhkəmə araşdırması zamanı da təsdiqini tapmamış və hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi göstərilənlərə əsasən onun hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olması qənaətinə gəlmək mümkün deyildir.

31. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı hazırkı işdə mülki məhkəmə icraatı qaydasında irəli sürülən tələblər üzrə də hər hansı subyektiv hüququa malik deyil. Belə ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi binada yaşayış sahəsinin mülkiyyətçisi deyil, o, həmin binada yalnız qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir və bu baxımdan mübahisəli qeyri-yaşayış sahəsinin digər paylı mülkiyyətçilərlə yanaşı həm də ona məxsus olması barədə onun dəlili əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 227.1-ci maddəsində “yaşayış binasının tərkib hissəsi mülkiyyətçiləri” deyilərkən yaşayış sahəsinin mülkiyyətçiləri nəzərdə tutulur və bu baxımdan iddiaçının yaşayış binasının zirzəmisinə paylı mülkiyyət hüququ mövcud deyil.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

34. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, apellyasiya şikayətləri əsaslı olduğundan təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd olunmalıdır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayətləri təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı icarə və alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar