Məhkəmə qərarları › İş №2(103)-5100/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5100/2024

15.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5100/2024 15.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1297/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfındən verilmiş şikayəti nəzərdən keçirib Müəyyən etdi: İddiaçı cavabdehlər “TƏBİB” PHŞ-yə, “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-yə VƏ X3 Xidmətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1297/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər “TƏBİB” PHŞ-yə, “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-yə və X3 Xidmətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin “cavabdeh X3 Xidmətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair” hissəsində iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan narazı qalan İddiaçı verdiyi şikayət Məhkəmənin 25 iyun 2024cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki işin materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün mülki işin materialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 108.1.6-cı maddəsinə əsasən iş üzrə icraatın xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin 5-ci bəndinə görə .........iş üzrə icraatın xitam verilməsi barədə qərardaddan şikayət verilməsinə görə 50 manat dövlət rüsumu ödənilməsi nəzərdə tutulmuşdur. Həmin Qanunun 9-cu maddəsində isə dövlət rüsumundan azad olunan şəxslərin konkret dairəsi göstərilmişdir ki, şikayət verən İddiaçı məhz həmin şəxslər kateqoriyasına aid olması və bu halı təsdiq edəcək hər hansı sənədin iş materiallarına və ya Elektron Məhkəmə İnformasiya Sisteminə əlavə edilməsi müəyyən edilmir.“ Qeyd olunanlara əsasən müəyyən olunur ki, iddiaçı Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1297/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından şikayət verilməsinə görə dövlət rüsumu ödəməli olduğu halda, qanunvericiliyin həmin şərtinə əməl etməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçının şikayəti qanunvericilikdə təsbit olunmuş forma-məzmuna uyğun deyil. Belə ki, iddiaçının qərardaddan şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ilə verilsə də, qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 361ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-də 361-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 363.1.1-1-ci maddədə isə qeyd edilmişdir ki, əgər apellyasiya şikayəti MPM-in 361.1-ci maddəsinin tələblərinə cavab vermirsə, geri qaytarılır. Həmçinin, MPM-in 361.1.4, 361.1.5, 361.1.6-cı maddələrinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Göründüyü kimi iddiaçının şikayəti elektron qaydada verilsə də, qanunvericilikdə nəzərdə tutulmuş MPM-ə 2 saylı Əlavədə göstərilən forma və məzmuna uyğun deyil, yəni, iddiaçı şikayətində məhkəmə aktının düzgün hesab etmədiyi konkret əsaslarını, məhkəmə aktını hansı hissədə mübahisələndirdiyini, məhz MPM-ə 2 saylı Əlavədə göstərilən qrafalar şəklində tərtib etməmişdir. Azərbaycan Respublikası MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, kollegiya hesab edir ki, qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunu ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən və şikayət MPM-ə 2 saylı Əlavədə göstərilən forma və məzmuna uyğun olmadığından hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, qərardaddan verilən şikayətin geri qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 363.1.2, 400 və 405cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1297/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfındən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayətin geri qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Günay Axundova Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar